“Azərbaycanda milli siyasət burada yaşayan xalqların
tam hüquq bərabərliyinə əsaslanır” (davamı)
Müsahibimiz
Mədəniyyət və İncəsənət Universitetinin
sosial- siyasi elmlər kafedrasının müdiri, fəlsəfə
elmləri doktoru, professor Əlikram Tağıyevdir. Söhbətimizin
mövzusunu millətlərin yaranması, təşəkkül
tapması və inkişafında müxtəlif
ideologiyaların, dinin, diaspor və lobbinin rolu, milli birlik məsələləri,
milli mentalitet və buna əsasən millətlərin təsnifatlaşdırılması,
qloballaşma fonunda milliliyin, milli dəyərlərin
qorunması, etnik münaqişələrin yaranma səbəbləri
və problemdən çıxış yolları kimi məsələlər
təşkil edir
– Bu halda
“ideologiyalar millətin və dövlətin inkişafında
başlıca rol oynayır” deyə bilərikmi?
– Mütləq
belədir. Milli ideya və milli ideologiya özünü
müxtəlif xalqlarda müxtəlif şəkildə
büruzə verir. Əgər bizdə bu, milli müstəqilliyə
xidmət edirsə, ermənilərdə əksinə,
torpaqlarımızın işğalına və ilhaqına əsaslanır.
Erməni milli ideologiyasının əsasında erməniçilik,
şovinizm və irqçilik, böyük dövlətçilik
və başqa xalqlara, xüsusilə də bizə
qarşı nifrət hissləri durur. Ermənilər
arasında milli qəhrəman səviyyəsinə yüksəlmək
çox asandır. Bununçün türkləri söymək
kifayətdir. Erməni milli ideologiyasının tərkib hissəsi
vahid ideya naminə hər şeyin qurban verilməsidir. Bu yolda
bütün vasitələrdən istifadə olunur:
alçaqlıq, əxlaqsızlıq, fahişəlik,
vandalizm, cinayətkarlıq, terror... “Dənizdən-dənizə
böyük Ermənistan” yaratmaq ideyası erməniliyin əsasını
təşkil edir. Onlara görə, bu yoldan nə mane olursa,
aradan qaldırılmalı, qonşu xalqlar öldürülməli,
məhv edilməlidir. “Türkə ölüm”
şüarı bu ideyanın leytmotivini təşkil edir.
Yaxud
ruslara nəzər salaq. Rusların milli ideyasında
pravoslavlıq, rus dövlətçiliyi və Rusiya ərazisi
başlıca amildir. Rus milli ideyası getdikcə daha çox
rusçuluqdan Rusiya ideyasına doğru gedir. Bu da şübhəsiz
ki, burada yaşayan xalqların mənafeyinə diametrik şəkildə
əkslik təşkil edir.
ABŞ
milli ideyasında dövlətçilik, din və prezident
xüsusi yer tutur. Demokratiya milli ideologiyanın guşə
daşı zənn edilir.
Böyük
Britaniyanın milli ideologiyasında kral, din, parlament və
ölkə ərazisi əsas sayılır.
Yaxud
qardaş Türkiyənin tarixinə baxaq. Osmanlı
imperiyasında əvvəl osmançılıq, sonra
islamçılıq və daha sonra türkçülük
ideyalarının yaranıb inkişaf etməsi nəhayətdə
bu imperiyanın süquta uğraması ilə nəticələndi.
Osmançılıq islam əhalisinin, islamçılıq
xristianların, türkçülük isə ölkənin
qeyri-türk əhalisinin narazılığı ilə
qarşılandı. Fələstinə muxtariyyət tələb
edən yəhudi masonları buna nail olmadıqda bütün
vasitələrlə imperiyanı çökdürməyə
çalışdılar və ölkə əhalisi
arasında çaşqınlıq yaratmaq üçün həm
Avropada, həm də Türkiyədə adları yuxarıda
göstərilən ideya cərəyanlarını, xüsusən
də islamçılıq və
türkçülüyü yayanları maliyyələşdirməyə
başladılar. Onlar bu yolla bir növ öz qisaslarını
alır, həm də bunu öz məqsədlərinə
çatmağın yolu kimi görürdülər. Deməli,
imperiyanın dağılmasında həm daxili, həm də
xarici amillər mühüm rol oynadılar. Burada
başlıca rolun kimə məxsusluğu mübahisəlidir
və onun haqqında birmənalı rəy yox dərəcəsindədir.
Ancaq o məlumdur ki, imperiyanın süqutu Qərb ölkələrinin
və eləcə də yəhudi masonlarının
maraqlarına tam uyğun idi.
İslamçılığın
və sonra da türkçülüyün yaranmasında
qeyri-rus xalqlarının bütün Rusiyanı
bürümüş milli hərəkat dalğası da
müəyyən rol oynadı. Hətta belə bir fikir də
formalaşıb ki, islam-türk xalqlarının ən
çox istismar olunduğu Rusiya istər panislamizmin, istərsə
də pantürkizmin vətənidir. Deməli, islamizmin və
türkizmin yaranmasında üç mühüm xarici amil –
Rusiya, Avropa və yəhudilər xüsusi rol
oynamışlar. Amma əksər tədqiqatçılar
islamizmin və türkizmin Vətəninin Türkiyə
olduğunu iddia edirlər. Bu iddiaları da onunla əsaslandırırlar
ki, Türkiyə o zamanlar bu hərəkata rəhbərlik edə
biləcək yeganə islam-türk dövləti idi. Həm də
Qərb islam dünyasını tutmaq üçün ən əvvəl
Türkiyəni dağıtmalı idi. Türkiyə də
öz növbəsində Qərbin təcavüzü qarşısında davam
gətirmək
üçün bu ideoloji cərəyanlardan istifadə
etməyə çalışırdı. Paradoksal vəziyyət
alınırdı. Bu ideyalardan Türkiyə özünü
qorumaq üçün Qərb, Rusiya və yəhudilər isə
Türkiyəni parçalamaq üçün istifadə
edirdilər. Yaranmış tarixi şərait isə heç
də imperiyanın xeyrinə deyildi. Hətta Türkiyənin
öz daxilində sultan hakimiyyətindən narazı olan
qeyri-türklərlə yanaşı türklərin
özü də bu imperiyanın
çürüdüyünü, nə ilə isə əvəz
olunmalı olacağını dərk edirdilər.
O ki
qaldı yerli türk burjuaziyasına, onun da maraqları
imperiyanın saxlanılmasının xeyrinə deyildi.
Çünki Karl Marksın çox haqlı olaraq göstərdiyi
kimi, onları bu imperiyada hakim sinif kimi tanımırdılar.
“Burada bütün millətlərə yer vardı, o cümlədən
türklərə də” – Rene Pinonun fikridir bu. Siyasi
elitanın əsasını fanaroitlər (əsasən,
yunanlar, ermənilər və yarıtürkləşmiş
Balkan slavyanları) təşkil edirdilər. Onlar Türkiyədə
mövcud olan bütün maddi və mənəvi rifah
ehtiyatlarından lazımınca yararlansalar da daim imperiyanı
arxadan vurmağa hazır idilər. Sadə adamları qəsdən
incidir və ölkədə narazılıq
yaradırdılar. Türklər isə Anadolunun sadə zəhmət
adamlarından ibarət idilər və hər an onların
hüquqları pozulur, mənlikləri tapdalanırdı.
Sarayda və elmi-mədəni dairələrdə
danışılan osmanlı dili isə ölkə əhalisinə
yad bir dil idi. Çünki ərəb-fars və türk
sözlərinin konqlomerasiyasından ibarət olan bu dil surroqat
bir şeydi və əksəriyyət tərəfindən
anlaşılmaz idi. Belə bir mürəkkəb tarixi şəraiti
olan ölkə şübhə yox idi ki, dağılmaq ərəfəsində
idi və dağıldı da. Marağı olan bütün
siyasi tərəflər isə bu süqutdan öz tələbatlarını
ödəməyə tələsdilər. Üç qitənin
mərkəzində ən gözəl və ən əlverişli
coğrafi şəraitə malik olan imperiya ərazisi dərhal
bölüşdürülüb pay-püş edildi. Deyəsən,
heç türklərin özlərini nəzərə alan
yox idi. Lakin onlar bu işə kənardan bir seyrci kimi
baxmağı özlərinə sığışdıra bilməzdilər.
Onların cəngavər, döyüşçü və
passionar ruhu buna qətiyyən tab gətirə bilməzdi. Ona
görə də onlar ayağa qalxdılar ki, öz
haqlarını tələb etsinlər.
Amma
bütün bu söylənilənlərdən sonra deməliyik
ki, dövrümüzün ümumi məzmunu milli
ideyaların demokratiya və ümumbəşəri dəyərlərə
söykənməsi zərurətini yaradıb.
Bizə gəldikdə
isə, göründüyü kimi “türkləşmək,
islamlaşmaq və yeniləşmək” yeni bir “azərbaycanlaşmaq”
şüarını da əhatə etmək zərurəti
yaranır. Buna istər Azərbaycanda, istərsə də azərbaycanlıların
kompakt halında yaşadıqları digər regionlarda ehtiyac
hiss olunur. İstər türkçülük, istərsə
də islamçılıq milli ideya kimi təklikdə
hazırki Azərbaycanın tələbatını ödəmək
gücündə deyil. Onlara mütləq əlavə bir
qüvvə də lazımdır ki, bu qüvvənin də azərbaycançılıqdan
başqa bir ideya olacağına heç şübhə
yoxdur.
– Deməli,
milli birliyimizin qorunmasında azərbaycançılığın
müstəsna rolunu xüsusilə
vurğulayırsınız?
– Azərbaycançılıq
evin içini, yəni, daxili siyasəti nizamlayan bir vasitədir
və onu əldən buraxmaq olmaz. Ziya Göyalp da vaxtilə
türkçülüklə turançılığın
və türkiyəçiliyin qarşılıqlı əlaqəsindən
danışarkən birinci yerə türkiyəçiliyi
qoyurdu. Bu günkü azərbaycançılıq bizdə,
türkiyəçiliyin Türkiyədə
oynadığı rolu oynaya bilər. Azərbaycançılıq
– Azərbaycan dilinin, mədəniyyətinin və Vətəninin
keşiyində durmaq deməkdir. Ölkənin müstəqilliyi,
təhlükəsizliyi, milli maraqları bütün vasitələrlə
azərbaycançılığın inkişaf etdirilməsini
tələb edir. Çünki o, sadəcə bir ideya olmaqdan
ibarət deyil, həm də məqsəddir, müəyyən
bir məqsədin həyata keçirilməsi vasitəsidir. Azərbaycançılıq
inkişaf edərək artıq bir siyasi ideologiya halına gəlib
və onun beşiyi başında ümummilli lider Heydər Əliyev
dayanırdı. Azərbaycançılıq, başda
Prezident İlham Əliyev olmaqla, hazırki iqtidar tərəfindən
də dəstəklənir və inkişaf etdirilir.
– Qeyd
etdiyiniz amillərlə yanaşı, islam dininin də milli
birliyimizin formalaşmasında böyük rolu olub. Bu barədə
nə deyə bilərsiniz?
– Məlumdur
ki, sosializm şəraitində Azərbaycanda və digər
müsəlman sovet respublikalarında düzgün olmayaraq
islamın tarixi rolu ancaq birtərəfli, çox halda qərəzli
mövqedən izah olunub, islama yalnız “Xalq üçün
tiryək” mövqeyindən yanaşılıb, onun
zorakılıq, “qılınc gücünə”
yayılması ideyası geniş təbliğ olunub. Digər
dinlər kimi islama da tarixən qanunauyğun surətdə
meydana çıxan, insanların sosial-mənəvi və
ruhi-psixoloji tələbatının ödənilməsi zərurətindən
doğan sosial-mənəvi fenomen kimi münasibət bəslənməyib.
Digər dinlər kimi islama da mənəvi tənəzzül
amili kimi münasibət göstərilib, ona “cəhalət”,
“avamlıq mənbəyi” kimi sosial-siyasi və mənəvi tərəqqiyə
“əngəl olan mühafizəkarlıq qüvvəsi” kimi
baxılıb. Sovet hakimiyyəti illərində sözdə
vicdan azadlığı elan olunsa da, işdə ona əməl
olunmayıb, müsəlman ruhaniləri və möhkəm əqidəli
dindarlar təqib olunaraq, onlar repressiyaya məruz qalıb, məscidlərin
bir qismi dağıdılıb, bir hissəsindən isə
anbar, idarə, muzey və başqa məqsədlərlə
istifadə olunub.
(Ardı var)
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2013.- 21 may.- S.6.