Elmə, mədəniyyətə təmənnasız
xidmət nümunəsi
Azərbaycan
ədəbiyyatına, ədəbi əlaqələrimizə,
klassiklərimizin həyat və
yaradıcılığına yeni rakursda, milli ədəbi, mədəni,
mənəvi, tarixi dəyərlərimiz müstəvisində
yanaşılması Azərbaycan ədəbiyyatşünaslığının
mühüm vəzifəsidir. Bu vəzifə müasir biblioqrafiyanın tədqiqatçı
funksiyasının qarşısına da yeni tələblər qoyur.
Çünki həsr edildiyi
mövzudan asılı olmayaraq,
mükəmməl tərtib edilmiş hər
hansı biblioqrafik vəsait həm tədqiqat
funksiyasını daşıyır, həm praktiki
əhəmiyyət kəsb edir, həm
də milli mənəvi yaddaş
xəzinəmizi zənginləşdirir. Azərbaycan
Yazıçılar Birliyinin və Azərbaycan
Jurnalistlər Birliyinin üzvü,
filologiya elmləri doktoru,
dosent Ə.T.Əfəndiyev
respublikamızda elmi mühitin
Azərbaycan ədəbiyyatı, ədəbi tənqid və ədəbi
əlaqələr sahəsində çoxsaylı elmi əsərlərin müəllifi və milli biblioqrafiya məktəbimizin
əsasını qoyan peşəkar biblioqraf kimi
tanıyır.
Əmin
Əfəndiyev Qax rayonunun İlisu kəndində müəllim
ailəsində anadan olub. İlisu elm aləminə məşhur
şəxsiyyətlər vermişdir. Həmin şəxsiyyətlərin
sırasına daxil olan Əmin Əfəndiyev də bu kəndin
təbiətinin özü kimi saf, dəyanətli, qürurlu
və zəhmətkeş bir ziyalıdır. Onun həyat
kredosu humanizm, insanlıq duyğusu, zəhmətsevərlik,
xeyirxahlıq, sədaqət, elinə-gününə,
doğmalarına və yaxınlarına, həmkarlarına
olan qayğısı, böyük məhəbbətidir.
1941-1952-cı
illərdə Qax rayon orta məktəbində təhsil
alıb. 1957-ci ildə Azərbaycan Dövlət Universiteti
Filologiya fakültəsinin “Kitabxanaşünas-biblioqraf”
ixtisasını bitirib. Əmək fəaliyyətinə
Universitetin kitabxanasında başlayıb, sonra M.F.Axundov
adına Azərbaycan Respublika Dövlət Kitabxanasında
(1958-1976) baş biblioqraf, məlumat-biblioqrafiya şöbəsinin
müdiri, elmi işlər üzrə direktor müavini vəzifələrində
çalışıb.
1959-cu
ildə müəllifin ilk biblioqrafik oçerki – “Amerika ədəbiyyatı
Azərbaycan dilində” dövri mətbuatda çap olundu.
Bundan sonra Azərbaycan ədəbiyyatının
ayrı-ayrı xalqların dillərində nəşri vəziyyətini
işıqlandıran silsilə biblioqrafik oçerkləri
–”Azərbaycan ədəbiyyatı özbək dilində”, “Azərbaycan-özbək
ədəbi əlaqələri”, “S.Vurğunun əsərləri
SSRİ xalqlarının dillərində”, “M.Ə.Sabir
A.Tukayın tərcüməsində” və s. – mətbuat səhifələrində
dərc edilir.
Ədəbi
əlaqələrin tədqiqatçısı olan
marağı onu 1968-1971-ci illərdə Azərbaycan EA Nizami
adına Ədəbiyyat İnstitutunun aspiranturasına
aparır. 1972-ci ildə “Azərbaycan-latış ədəbi
əlaqələri tarixindən” mövzusunda namizədlik
dissertasiyasını müdafiə edir.
Bu tədqiqat
haqqında Latviya Elmlər Akademiyası Dil və Ədəbiyyat
İnstitutundan göndərilmiş rəydə deyilirdi ki,
“latış–Azərbaycan ədəbi əlaqələri indiyə
kimi heç vaxt bu şəkildə sistemli elmi tədqiqat
üçün obyekt olmayıb...” Ümumiyyətlə, Azərbaycan-latış
ədəbi əlaqələri silsiləsindən dərc
edilmiş elmi məqalələri, araşdırmaları Ə.Əfəndiyevin
yaradıcılığında əsas xətlərdən
birini təşkil edir. Bu mənada “Ədəbiyyatımızın
dostları: Andris Veyan”, “Ernest Birzniek Upit və Azərbaycan”,
“Yan Yaunsudrabın və Azərbaycan”, “Azadlıq və sənət
aşiqi Avqust Arays Bertse” və digər məqalələri bu
silsilədəndir. 1976-1978-ci illərdə Azərbaycan
Ensiklopediyası redaksiyasında “Mətbuat, xalq maarifi və
pedaqoqika” şöbəsində müdir vəzifəsində
çalışdığı illərdə də bir tərəfdən
biblioqrafik göstəricilər tərtib edir, biblioqrafik
oçerklər yazır, digər tərəfdən
kitabxanaların iş təcrübəsini ümumiləşdirib
işıqlandırırdı.
Ə.Əfəndiyev
1973-1984 cü illərdə Azərbaycan dövlət İncəsənət
Universitetində baş müəllim, dosent, kafedra müdiri,
dekan müavini vəzifəsində
çalışmışdır.
Ə.T.Əfəndiyev
1997-ci ildən 2000-ci ilə qədər Azərbaycan Elmlər
Akademiyasının Mərkəzi Elmi Kitabxanasının
direktoru vəzifəsində
çalışmışdır. Rəhbərlik etdiyi illər
ərzində Azərbaycan kitabxanasının fəaliyyətində
böyük dönüş əmələ gəlmiş,
yeni struktur islahatları aparılaraq, “Nadir nəşrlər”,
“Kitabxana proseslərinin avtomatlaşdırılması”, “Elmi
kütləvi informasiya” və s. kimi müasir dövrün tələblərinə
cavab verən şöbələrin yaradılmış və
gənc mütəxəssis kadrları irəli çəkərək
onlara rəhbərlik etmək məsuliyyətini həvalə
etmişdir. O, 2002-ci ilin yanvarından Azərbaycan MEA Nizami
adına Ədəbiyyat İnstitutunun “İnformasiya və
biblioqrafiya” şöbəsinə rəhbərlik edir.
Əmin
Əfəndiyev Beynəlxalq Elmlər Akademiyaları
Assosiasiyasının Kitabxana direktorları
Şurasının, Avroasiya Kitabxanalar Assambleyasının,
Türkdilli Dövlətlərin Kitabxanalarının
Assosiasiyasının, Azərbaycan Kitabxana İşinin
İnkişafı Assosiasiyasının və s. təşkilatların
həm üzvü, həm də fəal
iştirakçısıdır.
Ə.Əfəndiyevin
tərtib etdiyi biblioqrafik göstəricilər onun elmi
yaradıcılığı ilə biblioqrafik fəaliyyətinin
vəhdətindən yaranmış mühüm bir sahəni təşkil
edir. Azərbaycanın ədəbiyyatının, mədəniyyətinin
və tarixinin ən görkəmli simalarına həsr
edilmiş “Nəsimi” (1973), “İlyas Əfəndiyev” (1985),
“Kamal Talıbzadə” (2000), “Ağamusa Axundov” (2002), “Azadə
Rüstəmova”(2003), “Yaşar Qarayev” (2002), , “İlyas Əfəndiyev”
(2005), “Bəkir Nəbiyev” (2005), “Qələmə
sarılmış ömür – İsmayıl Qarayev” (2008), “Həmid
Araslı” (2009), “Yaqub Mikayıl oğlu Mahmudov” (2011), “Anar.
Ömür yolu. Yaradıcılığı” (2011),
“M.F.Axundzadə-200 (2012), çapa hazırlanan “Nizaməddin
Şəmsizadə”, “Həsən Həsənov” və s. şəxsi biblioqrafiyalar
çox dəyərlidir. Əmin Əfəndiyev ədəbi
biblioqrafiya sahəsində şəxsi biblioqrafik vəsaitlərlə
yanaşı sahəvi ümumi və mövzu janrlarda da bilioqrafik
göstəricilər tərtib etmiş və uğurla
qarşılanmışdır. “Azərbaycanın laureat
yazıçıları” bu cəhətdən xarakterikdir.
Dövri ədəbi nəşrlərimizə həsr
edilmiş “Azərbaycan-80. Biblioqrafiya –1923-2004” (2004), “Ədəbi
yaddaşımız “Ədəbiyyat qəzeti. Biblioqrafiya”
(1-ci cild 1934-1964; 2-ci cild 1965-1989, 3-cü cild 1990-2010 (2013)” və
s. vəsaitlər Azərbaycan ədəbiyyatının və
ədəbiyyatşünaslıq elminin biblioqrafik mənbələri
kimi əhəmiyyətlidir.
“İlyas
Əfəndiyevin yaradıcılıq yolu” mövzusunda
doktorluq dissertasiyasını tamamlamış müəllif,
eyni zamanda “İlyas Əfəndiyevin
yaradıcılığı” monoqrafiyasını (2000) nəşr
etdirmişdir. Bundan əvvəl Ə.Əfəndiyevin
“İlyas Əfəndiyev. Biblioqrafik göstərici” (1985),
“İlyas Əfəndiyev. Monoqrafiya-albom” (1996) kitabları nəşr
olunmuşdur.
Ə.Əfəndiyev
hazırda “Əhməd Cavad tərcüməçi kimi”
monoqrafiyası üzərində işini
yekunlaşdırır.
Alimin
daha bir uğuru “Qafqaz əraziləri və xalqlarının təsvirinə
dair materiallar toplusu QƏXTMT /SMOMPK/ izahlı
biblioqrafiya”dır. Ə.Əfəndiyevin üç ildən
çox üzərində işlədiyi bu əsər Azərbaycan
biblioqrafiyasında analoqu olmayan vəsaitdir.
Ə.T.Əfəndiyevin
tərtibçi-müəllifi olduğu “Azərbaycan
tarixçiləri” iki cildlik biblioqrafik göstərici
(2010-2011) Azərbaycan tarixşünaslıq
biblioqrafiyasında sanballı bir tədqiqat işi qədər
dəyərli töhfədir. Alimin Azərbaycan ədəbiyyatına
daha bir xidməti ABŞ səfirliyinin nəzdindəki Tədris
və İnformasyia Mərkəzinin direktoru Sevelina Kolarova ilə
birlikdə müəllifi olduğu “Azərbaycan ədəbiyyatı
antologiyası” CD-dir. Latın qrafikasında ilk elektron nəşr
olan bu resurs “Azərbaycan ədəbiyyatının
qızıl fondu” adı ilə İnternetdə də yerləşdirilmişdir.
Bu qəbildən
Ə.Əfəndiyevin iştirakçısı və tərtibçisi
olduğu digər elektron kitabxana layihələri də
maraqlıdır – bu haqda daha geniş məlumat almaq
üçün www.translit.az
www.gutenberg.aznet.org
www.literature.az – saytlarındakı materiallara diqqət
yetirmək kifayətdir.
2012-ci
ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
“Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi
haqqında” 13 aprel 2010-cu ildə xüsusi sərəncam
imzaladı. “Mirzə Fətəli Axundzadə-200” adlı
fundamental elmi-biblioqrafik göstərici bu qəbildən dahi
mütəfəkkirin yubileyinə və Azərbaycan ədəbiyyatşünaslıq
elminə, biblioqrafiyasına əhəmiyyətli bir töhfə
oldu.
Ömrünün
səkkizinci onilliyinə qədəm qoyan Əmin Əfəndiyev
bu gün də gümrahdır, həyat dolu enerjisi ilə elmi
fəaliyyətini davam etdirir. Şöbə müdiri
olduğu Nizami adına Ədəbiyyat İnstitutunun “Elmi
informasiya” şöbəsinin fəaliyyətindəki
uğurlu nəticələr – Azərbaycanda müdafiə
olunmuş dissertasiyaların məlumat bazasının
yaradılması (həm çap, həm elektron), Ədəbiyyatşünaslıq
sahəsində biblioqrafik tədqiqatların davam etməsi,
İnstitutun saytının tərtibi və daim yeniləşməkdə
olan materiallarla zəngin olması, elmə xidmət edən
elektron resursların hazırlanması və sair işlər
onun tələbkar, məsuliyyətli bir elm təşkilatçısı
olduğunu da təsdiq edir.
Zakirə ƏLİYEVA,
AMEA Nizami adına Ədəbiyyat
İnstitutu,
Elmi informasiya şöbəsinin
müdiri
525-ci qəzet.- 2013.- 22 may.- S.8.