Böyük ədəbiyyatın, böyük sözün keşiyində

 

“Əgər bizi və rizamızı istəyirsənsə, bunun ancaq bir könül  qazanmağa bağlı olduğunu unutma”

 

(Mövlana Cəlaləddin Rumi) 

 

 

Deyəcəklərim ədəbiyyatşünas alimimiz, filologiya üzrə elmlər doktoru, professor Himalay Ənvəroğlunun (Qasımov) “Sənət və sənətkarlıq məsələləri yeni düşüncə müstəvisində” kitabı ilə bağlıdır. Ancaq kitab haqqında düşüncələrim özlüyündə bir sıra məsələləri də deməyi zərurətə çevirdi. Yadıma keçən əsrin yetmişinci illərinin sonu, səksəninci illərinin əvvəllərindəki tələbəlik vaxtlarım düşdü. Birinci kursa təzəcə daxil olmuşduq. “Ədəbiyyatşünaslığın əsasları” fənnindən mühazirə idi. Himalay müəllim içəri daxil oldu və özünəməxsus təmkin, ədəb-ərkanla bizə uğurlar dilədi, tövsiyələrini verdi. Həmin vaxtlar biz ondan və digər müəllimlərimizdən təkcə elmin sirlərini öyrənmədik, həm də o böyük ədəb-ərkanı, mənəviyyat zənginliyini öyrənməyə çalışdıq. Bütün öyrəndiklərim üçün özümü ilk növbədə onlara borclu bilirəm. Platon xüsusi olaraq vurğulayırdı ki, “elm sahiblərini elmlərinin çoxluğu ilə deyil, əməllərinin faydalılığı, əxlaqlarının saflığı və özlərinin xeyirxahlığı ilə sınaqdan keçirt”. Tale elə gətirdi ki, qarşıma həmişə elmlərinin çoxluğu, əməllərinin faydalılığı ilə seçilən, ürəyi xeyirxahlıqlarla dolu olan insanlar çıxdı. Həmin seçilmişlərdən biri də prof. H.Ənvəroğlu oldu. Və bu gün də onun böyüklüyündən, xeyirxahlığından, qayğısından yararlanmaqdayam. Onu da əlavə edim ki, bu təkcə mənim yox, bütünlükdə tələbə yoldaşlarımın, o illərdə mənimlə birgə oxuyanların qənaətləridi. Çünki müəyyən vaxtlarda tələbə yoldaşlarımızla görüşlərimiz olur və söhbətlərimizin mühüm bir hissəsini həmin illərin xatirələri tutur. Hətta bu günə qədər o illərdə yazdığım mühazirələrin mətnləri, mühazirə dəftərlərim kənddəki kasıb evimizdə qorunub saxlanır. Yolum ora düşəndə onlara təkrarən qayıdır, vərəqləyirəm, bir növ onlarla həmin illəri yaşayıram. Özümün də müəyyənləşdirə bilmədiyim bir kövrəklik məni çox-çox uzaqlara aparır. Bir məsələni də xüsusi olaraq vurğulayım ki, mən Himalay müəllimdən o illər öyrəndiklərimlə kifayətlənmədim. Bu gün də onun yanındayam, ondan bir müəllimim, böyüyüm kimi öyrənmədəyəm. Bu dediklərimin arxasında kifayət qədər hadisələr var.  Fikrimcə, bu ədəb-ənkan, mənəviyyat, həyat və ruh yoludur. Bütün insanlığı izləmədədi.

“Sənət və sənətkarlıq məsələləri yeni düşüncə müstəvisində” kitabı da həmin böyüklükdən yoğrulub və özlüyündə son dövrün  elmi – nəzəri uğurları sırasında xüsusi əhəmiyyət kəsb edir. Kitabın əvvəlində ədəbiyyatşünas alimimiz haqqında qısa, lakin olduqca dolğun informativ məlumat verilir. “Himalay Ənvər oğlu Qasımov Naxçıvan şəhərində anadan olmuşdur. 1966-cı ildə ADPU-nun tarix-filologiya fakültəsini bitirdikdən sonra üç il Naxçıvan şəhər 2 saylı orta məktəbində müəllim işləmişdir... 1974-cü ildə “Azərbaycan şeirində süjetli lirika” mövzusunda namizədlik,  1995-ci ildə “Müasir Azərbaycan romanı: janrın poetika və tipologiyası” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1996-cı ildə Azərbaycan və dünya ədəbiyyatı tarixi kafedrasının professoru, 2003-cü ildə müdiri vəzifəsinə seçilmişdir.  2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Himalay Ənvəroğlu ali məktəblərin bakalavr və magistratura təhsil pilləsi üçün ilk dəfə hazırlanan “Ədəbiyyat nəzəriyyəsi”, “Müasir Azərbaycan ədəbiyyatı tarixi” proqramlarının, “Ədəbiyyat nəzəriyyəsindən mühazirələr” (1981), “Bədiiliyin meyarı” (1990), “Müasir Azərbaycan romanı: janrın poetika və tipologiyası” (1994), “Müasir Azərbaycan romanının qaynaqları” (1994),  “Azərbaycan şeirinin poetikası” (1996), “Müasir Azərbaycan ədəbiyyatında yaradıcılıq meylləri” (1998), “Şəhriyarın lirikası və etiqadı” (1999), “Azərbaycan ədəbiyyatının yaradıcılıq problemləri” (2004),  prof. E.Quliyevlə birlikdə “Şəhriyarın poetikası” (2006), S.Vurğunun poetik dünyası” (2006), dos N.Nəcəfovla birlikdə “XX əsr Azərbaycan ədəbiyyatşünaslığı məsələləri” (2007), “H.Cavidin lirikası və dramaturgiyası” (2007), “Azərbaycan romanının inkişaf problemləri” (2008), “Azərbaycan şeirinin poetikası” (2008) və s. dərs vəsaiti və monoqrafiyaların, o cümlədən Azərbaycan ədəbiyyatının yaradıcılıq problemlərini incələyən 100-dən artıq elmi məqalənin müəllifidir”. Bu qısa, lakin olduqca zəngin mətndə böyük bir tarix, yaradıcı şəxsiyyətinin taleyi əksini tapır. Azərbaycan elminin bir növ müasir mənzərəsinin uğurları sərgilənir. Çünki bizim görkəmli alimimizin dedikləri özlüyündə bir istiqamətdə Himalay müəllimin adı ilə bağlanır, ancaq geniş mənada bu bütünlükdə elmimizin bu gününün, sabaha gedən yolunun müəyyənliyidir. Onun haqqında nikbin düşünmə hadisəsidir. Digər bir tərəfi də qeyd edək ki, bu görülən işlərin xatırlanmasıdır. Həmin işlərin mahiyyətdə dayananlar isə daha böyük problemlərin, problematik məsələlərin olduğunu deməyə əsas verir. Burada demək olar, bütünlükdə Azərbaycan ədəbiyyat tarixi özünün əksini tapır. Çünki bir istiqamətdə süjetli lirikanın tədqiqi kimi ağır problem dayanırsa, digər istiqamətdə müasir Azərbaycan romanı ilə bağlı olanlar, onun qaynaqlarının təhlili məsələsinə diqqət yetirilir. Məlum olduğu kimi, türk xalqları düşüncə etibarilə poeziyaya meylli xalqlardandı. Azərbaycan da onun bir qövmü kimi həmişə öz istedadları ilə, nəinki, respublikamızda, hətta onun sərhədlərindən çox-çox uzaqlarda, Şərqdə, bütünlükdə dünyada tanınıb. Bu zənginliyin araşdırılması isə elmimizin qarşısında duran başlıca və ən ümdə vəzifələrdəndir. Ona görə ən ümdə vəzifələrdəndi ki, klassiklərimiz poeziyanı “xalqın ürəyi, bəşəriyyətin qəlbinin tarixi” kimi qiymətləndirmişlər. O ürəyin, bəşər qəlbinin tarixinin öyrənilməsi isə bir növ bəşər oğlunun mənəvi borcudur. Çünki tarix keçilmiş yoldu, onun ibrətamiz dərsləri, gələcək, insanlıq üçün nümunə olması məsələsi var. Ədəbiyyatşünas alimimiz prof. H.Ənvəroğlunun da poeziya kontekstində problemi öyrənməsi məhz bir zərurət kimi görünür. “Şəhriyarın lirikası və etiqadı” (1999), prof. E.Quliyevlə birlikdə “Şəhriyarın poetikası” (2006), S.Vurğunun poetik dünyası” (2006), “H.Cavidin lirikası və dramaturgiyası” (2007), “Azərbaycan şeirinin poetikası” (2008) və s. əsərləri buna nümunədir. Özlüyündə bütünlükdə poeziyanın tarixinə, onun inkişaf istiqamətlərinə, keçib gəldiyi keşməkeşli yola  işıq tutur. Və kifayət qədər də uğurlu təsir bağışlayır.

Bu zənginlikdə digər istiqamət nəsrlə, daha doğrusu, Azərbaycan romanının qaynaqları, inkişaf tarixi ilə bağlı araşdırmalardır. Bir məsələni etiraf edək ki, Azərbaycan romanından yazmaq, onun qaynaqlarını araşdırmaq həm olduqca ağır, həm də kifayət qədər məsuliyyət, ciddi hazırlıq tələb edən məsələdir. Burada bir istiqamətdə Himalay müəllimin köməyinə onun tədqiqatçılıq qabiliyyəti çatıbsa, digər tərəfdən yaradıcı ruhu, bəsirət gözü ona yardımçı olub. “Müasir Azərbaycan romanı: janrın poetika və tipologiyası” (1994), “Müasir Azərbaycan romanının qaynaqları” (1994) kimi ciddi tədqiqatlar həmin sevgidən yoğrulmuşdu. H.Ənvəroğlu həmin gizlinləri məhəbbət yolu ilə ortaya qoymuşdu. “Sənət və sənətkarlıq məsələləri yeni düşüncə müstəvisində” kitabı da bu uğurlu zənginliyin davamıdı. Bu zənginlikdə diqqət yetirilməli bir istiqamət də var. Bu ədəbiyyatşünas alimimizin  kadr hazırlığı, bir professor kimi pedaqoji sahədəki xidmətləri ilə bağlıdır. Azərbaycanımızın elə bir kəndi, qəsəbəsi tapılmaz ki, Himalay müəllimin orada tələbəsi olmasın. Həmin tələbələr H.Ənvəroğlundan təkcə elm öyrənməyiblər, həm də ədəb-ərkan, əxlaq, mənəviyyat zənginliyini mənimsəyiblər. Belə məsələlərdə mənim müəllimim prof.H.Ənvəroğlu özü nümunə olubdu. Bu çox vacib, həm də ciddi keyfiyyətdi. Çünki bütünlükdə məsələləri elmin çoxluğu həll etmir. Burada heç də ondan geri qalmayan müəllim şəxsiyyəti məsələsi də var. Son dövrün hadisələrində və həyatımın müxtəlif anlarında qarşılaşdıqlarımda tam aydınlığı ilə bunları görüb yaşamışam. Və tamlığı ilə dəqiqləşdirmişəm ki, şəxsiyyətin nümunəsi başqa, başlıca olan məsələlərdəndi. Bizim bugünkü cəmiyyətimiz belə bütövlüyə, şəxsiyyət kamilliyinə daha çox ehtiyaclıdı.

“Sənət və sənətkarlıq yeni düşüncə müstəvisində” kitabında problemlər altı fəsildə (“H.Cavid dramaturgiyası”, “Səməd Vurğun dramaturgiyası”, “İ.Əfəndiyev dramaturgiyası”, “Anar dramaturgiyası”, “Çağdaş ədəbi-tənqidi düşüncə çevrəsi”, “Ədəbiyyatşünaslıq görüşlərinə dair bəzi mülahizələr”) ümumiləşdirilir. “Ön söz” adlı başlanğıc yazıda əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Nərgiz Paşayeva kitabla və kitabın müəllifi Himalay Ənvəroğlunun zəngin ədəbiyyatşünas fəaliyyəti ilə bağlı yazır:  “Azərbaycan elmi ictimaiyyətinin ədəbiyyat tarixçisi və nəzəriyyəçisi, çoxsaylı tədqiqatlar müəllifi kimi tanıdığı, filologiya elmləri doktoru, professor Himalay Ənvəroğlu bu kitabında dramaturgiyamızın müxtəlif dövrlərinin yaradıcılıq problemlərini  araşdırma müstəvisinə çıxarmışdır. O həm də Azərbaycan ədəbiyyatının orta çağlar, XIX və XX əsr, müasir və ən yeni dövrləri barədə də maraqlı tədqiqatların müəllifi kimi tanınır. Himalay Ənvəroğlu bu araşdırması ilə Azərbaycan tarixinin ictimai-siyasi, mənəvi-psixoloji təbəddülatlarla zəngin olan müxtəlif dönəmlərinin ədəbiyyatının mürəkkəb yaradıcılıq məsələlərini fərqli baxış bucağından, elmi ədəbiyyatşünaslıq düşüncəsi müstəvisində incələmək kirdarında olan tədqiqatçı olduğunu isbat edir. O, bu monoqrafiyasında dramaturji əsərlərə orijinal tədqiqatçı düşüncəsilə təhlil verməklə yanaşı,  dramaturgiyamızın bəzi yaradıcılıq problemlərini çağdaş ədəbiyyatşünaslıq təfəkkürü əsasında araşdırma probleminə çevirmişdir. H.Cavid, S.Vurğun, İ.Əfəndiyev, Anar dramaturgiyasının konseptual tədqiqi deyilənlərə bariz misaldır” (səh. 3). Təkrar edirik, bu sözlər son dövr ədəbi-nəzəri fikrimizin ən nüfuzlu nümayəndələrindən biri və birincilərdən olan prof.N.Paşayevaya məxsusdur. Və kifayət qədər dəqiq qiymətləndirmədir.

Elə monoqrafiyanı oxuyanda da ədəbiyyatşünas alimimiz H.Ənvəroğlunun problemlərə konseptual yanaşması bütün tərəfləri ilə görünür. Daha çox isə dramaturgiya müstəvisində təhlillər özünə yer alır. Elə monoqrafiyanın altı fəslindən dördü – “H.Cavid dramaturgiyası”, “Səməd Vurğun dramaturgiyası”, “İ.Əfəndiyev dramaturgiyası”, “Anar dramaturgiyası” fəsilləri bunu tam aydınlığı ilə ortaya qoyur. Əlavə edək ki, H.Ənvəroğlunun zəngin tədqiqatlarının dramaturgiya bir hissəsidir. Azərbaycan poeziyasının, nəsrinin  problemlərinə həsr olunmuş bir-birindən maraqlı olan araşdırmaları həmin zənginliyin faktıdır. Göründüyü kimi, burada ədəbiyyatşünas alimimiz sadəcə olaraq dramaturgiya ilə bağlı tədqiqatlarını verməyi qarşısına məqsəd qoyub.

Azərbaycan dramaturgiyası xalq şəbihlərindən, meydan tamaşalarından M.F.Axundova, oradan da müasir çağımıza qədər zəngin inkişaf yolu keçib. Nəinki türk xalqları, bütünlükdə Şərq, dünya ədəbiyyatı səviyyəsində dayana biləcək klassik nümunələrlə zənginləşib. Məhz bunun nəticəsidir ki, bir-birindən rəngarəngliklə fərqlənən tədqiqatlar yazılmaqda, müxtəlif konseptual səviyyədə duracaq araşdırmalar aparılmaqdadır. M.F.Axundovun, N.Vəzirovun, N.Nərimanovun, Ə.Haqverdiyevin, C.Məmmədquluzadənin, H.Cavidin, C.Cabbarlının, S.Vurğunun və bu silsilədən olan digərlərinin yaratdıqları bizim üçün, bütünlükdə ədəbiyyatımız üçün bir örnəkdi. Ona görə də ədəbiyyatşünas alimimiz H.Ənvəroğlunun H.Cavid, S.Vurğun, İ.Əfəndiyev, Anar dramaturgiyasına önəm verməsi və ədəbi düşüncəni dramaturgiya müstəvisində tədqiqata cəlb etməsi çox doğru, həm də təbii səslənir. Prof.N.Paşayeva milli dramaturgiyamızın problemlərini ədəbiyyatşünas H.Ənvəroğlunun tədqiqatları kontekstində vurğulayaraq yazır: “Sənət və sənətkarlıq məsələləri yeni düşüncə müstəvisində” kitabında da milli dramaturgiyamızın  müxtəlif yaradıcılıq məsələlərinə dair araşdırmalar sərgiləmiş, dramaturji sənətin H.Caviddən Anara qədərki inkişaf yolunun müəyyən məqamları geniş təhlil edilmişdir.

Tipoloji təhlillərlə dramaturji sənətin mahiyyətinə varılması, ədəbi irs və varislik kontekstində müasir Azərbaycan dramaturgiyasının inkişaf meyllərinin tarixi düşüncə axarında çözülməsi Himalay Ənvəroğlunun tədqiqatlarının yüksək elmi dəyərindən soraq verir. Çağdaş Azərbaycan dramaturgiyasının yaradıcılıq məsələlərinə konseptual yanaşılması tədqiq obyektinin elmi-nəzəri təhlilinə gerçək zəmin yaratmış, milli dramaturgiyamızın H.Cavid, S.Vurğun, İ.Əfəndiyev və Anar kimi görkəmli simalarının yaradıcılığını tarixilik və müasirlik probleminin tələbləri əsasında incələnməsini mümkün etmişdir” (səh. 4).

Əlbəttə ilk öncə onu vurğulayaq ki, Azərbaycan ədəbiyyatının, bütünlükdə ictimai, siyasi, mədəni mühitinin zənginləşməsində iyirminci əsr birmənalı olaraq böyük zənginliklərlə səciyyələnir. Burada əsrin ilk dörd onilliyinin yeri müstəsnalıqdı. Həmin mərhələ nə qədər gərginliklərlə, siyasi mübarizələrin, ədəbi mübahisələrin çoxluğu, repressiya hadisələrinin baş alıb getməsi ilə səciyyələnsə də bütün müstəvilərdə dahilərin toplaşdığı zaman və məkan kimi daha çox maraq doğurur. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağa oğlu, Məhəmməd Əmin Rəsulzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Hüseyn Cavid, Bəkir Çobanzadə, Salman Mümtaz, Cəfər Cabbarlı, Üzeyir Hacıbəyov, Abdulla Şaiq, Məhəmməd Hadi, Ceyhun bəy Hacıbəyli, Mirzə Bala Məmmədzadə, Əhməd Cəfəroğlu, Hənəfi Zeynallı, Səməd Vurğun və s. kimi böyük milli düşüncə və istedad sahibi olan şəxsiyyətlərin həyat və fəaliyyətləri, apardığı mücadilələr, bütünlükdə etdikləri buna nümunədir. Onların hər birisi öz düşüncələrində və ideallarında millilikdən bəşəriliyə gedən yolları aramış və böyük amal, Azərbaycan, bütünlükdə müqəddəs vətənimiz uğrunda olmazın mücadilələrdən keçmişlər.. Ədəbiyyatşünas alimimz H.Ənvəroğlunun “Sənət və sənətkarlıq məsələləri yeni düşüncə müstəvisində” monoqrafiyası bu mənada daha aktual görünür. Hadisələrə, bütünlükdə yaranan nümunələrə yeni düşüncə müstəvisində baxmağı aktuallaşdırır. Kitabda H.Cavidin dramaturgiyası iki yarımbölmədə (H.Cavidin “Şeyx Sənan” və “Peyğəmbər” pyesləri ədəbi tənqidi düşüncə axarında”, “H.Cavidin “Şeyx Sənan” və “Peyğəmbər” dramları tipoloji təhlil müstəvisində”) araşdırılır. Məlum olduğu kimi, H.Cavid zəngin yaradıcılıq yolu keçib. Onun bir-birindən maraqlı şeirləri, bütünlükdə poeziyası, dram əsərləri milli ruhumuzun, türklük düşüncəmizin hadisəsidi. “Keçmiş günlər”, “Bahar şəbnəmləri”, “Ana”, “Maral”, “Şeyx Sənan”, “Şeyda”, “Uçurum”, “İblis”, “Peyğəmbər”, “Topal Teymur”, “Knyaz”, “Səyavuş”, “Xəyyam”, “İblisin intiqamı” bədii düşüncəmizin hadisəsidi. Onlar məhz bu səbəbdən də yarandığı gündən günümüzə qədər araşdırılır, tədqiqatların probleminə çevrilir, bir-birindən maraqlı qənaətlərin ortaya çıxmasına gətirib çıxarır. Professor H.Ənvəroğlu çox doğru olaraq “H.Cavid dramaturgiyası geniş kontekstli anlayışdır” qənaətinə gəlir. “Peyğəmbər” romantik mənzum dramında dini-tarixi simalara, müqəddəs ruhani dəyərlərə Cavid təəssübkeşliyi  önəmli yer tutur.

H.Cavid  bir şair kimi  zamanın içindən keçir və gördüklərini yazıya gətirib pozulmuş nizamın bərpasına çalışırdı. Onun bütün yaradıcılığı ümumilikdə həmin nizamın bərpası kimi bir amala, ideallara xidmət edir. S.Vurğunda da belədir. Azərbaycan poeziyasının zənginləşməsində əvəzsiz xidmətləri olan S.Vurğun elə ilk qələm təcrübələrindən ədəbi-nəzəri fikrin marağında olmuş və bu gün də marağındadır. Onun zəngin irsi bütün zamanların sözüdür. Ana laylası qədər məlahətli, bayatılarımız qədər həzin və əsrarəngizdi. Kükrəyib coşan ilhamı Azərbaycan poeziyasının, dilinin imkan göstəricisidi. B.Humbolt “xalqın dili onun ruhu, ruhu isə onun dilidir” söyləyirdi. Elə böyük şairimizin dili, ruhu ilə xalqın dili və ruhu arasındakı yaxınlıq heç kəsdə olmayan qədərində görünmür. Onun poeziya dili ilə bütün suallara cavab tapmaq, söhbət eləmək, həmsöhbət olmaq  olur. S.Vurğun özü poeziyadan danışanda xüsusi olaraq vurğulayırdı ki, “yalnız şeirin dili belə danışır, onun hikmətində allahın gücü var”. Etiraf edək ki, onun şeir ruhuna ulu yaradanın gücündən daha çox pay düşübdür. Məhz ədəbiyyatşünas alimimiz H.Ənvəroğlunun yaradıcılığının mühüm bir hissəsini S.Vurğunla bağlı araşdırmaları tutur. “Səməd Vurğunun poetik dünyası” (2006) monoqrafiyası buna nümunədir. “Sənət və sənətkarlıq məsələləri yeni düşüncə müstəvisində” monoqrafiyasında mühüm bir hissəni də S.Vurğunla bağlı hissə tutur. Burada ədəbiyyatşünas alimimiz “Səməd Vurğunun dramaturgiyası” adlı bir fəsil verir. Problem isə üç yarımbölmədə (“Tarixi dramın nəzəri-estetik əsaslarına dair”, “Vaqif” pyesi: tarixilik və müasirlik”, “Səməd Vurğunun dramaturji poetikası”) ümumiləşdirilir. Göründüyü kimi, problem daha çox tarixilik müstəvisində açılma məqsədi daşıyır. Və çox doğru olaraq bir məsələ vurğulanır: “S.Vurğunun “Vaqif” pyesinə qədər yazdığı bir sıra poemaları, o cümlədən “Komsomol” poeması dramaturji müstəviyə keçidin örnəkləri kimi də səciyyələnə bilər. “Vaqif”in  dramaturji qaynaqlarını şairin “Komsomol poeması” və “Şairin ölümü” əsərlərindən götürdüyü haqqında tənqid və ədəbiyyatşünaslıqda akademik M.Arif və digərlərinin müəyyən fikirlər söylədikləri məlumdur” (səh. 64). Burada bir qədər sonra akademik B.Vahabzadənin “Vaqif” əsl xalq dramıdır və pyesin baş qəhrəmanı xalqın özüdür” fikri verilir. Tarixilik, xalqın tarixini ifadə etmək, yazıya gətirmək anlamında bu çox diqqəti cəlb edən məsələdir. Elə əsərin bu qədər sevilməsinin, uğurlu alınmasının da bəlkə də birinci səbəbi budur. Çünki S.Vurğunun sonsuz ilhamı hökmdar və şair məsələsində bütünlükdə xalqı, xalqın tarixini ifadə edirdi. Burada konkret zamanın ifadəsi məsələnin bir tərəfidir. Onun digər tərəfində daha çox alt qatında eposlarımızdan gələn bütün tarixlərin izlərinin görünməsi və görünə bilməsi hadisəsidir. Ədəbiyyatşünaslığın, ədəbi-nəzəri fikrin isə işi həmin gizlinləri, səslənmələri və bağlantıları sənət və zaman müstəvisində müəyyənləşdirməkdi. Onu da məhz ədəbiyyatşünas alimimiz prof. H.Ənvəroğlu özünün möhtəşəm əsərində geniş təhlil obyektinə çevirir.

Monoqrafiyada xüsusi təhlilə ehtiyac doğuran fəsillərdən biri “Çağdaş ədəbi-tənqidi düşüncə çevrəsi”dir. Burada verilən bölmələrin hər birisi mən deyərdim bir tədqiqat əsəri qədər dəyərlidir. Ona görə dəyərlidir ki, özlüyündə həmin yazılar yeni araşdırmalara, daha geniş təhlillərin aparılmasına rəvac verir. Çünki bu məsələlərdə problem aktuallığı var. “Heydərşünaslığa layiqli töhfə”,  “Mir Cəlal müəllimlə unudulmaz görüş”, “Ustad sənətkar, qüdrətli ədəbiyyatşünas, böyük pedaqoq”, “Mir Cəlalın “Yaşıdlarım” romanının tədqiq tarixindən bir məqam”, “İbn Ərəbi fəlsəfi görüşləri və Nəsimi təsəvvüfü”, “İnsan bədii tədqiq obyekti kimi”, “Teymur Kərimlinin “Nizami və tarix” monoqrafiyasında nizamişünaslıq problemləri”, “Çətin problemlərin uğurlu həlli. Gülşən Əliyeva. Çağdaş poeziya və klassik irs”, “Sevinc Muğanna “İsa Muğannanın sənət möcüzəsi”ndə nələri ünvanladı”, “Sevimli müəllimim Əhəd Hüseynovun xatirəsi yaddaşda necə varsa”, “Bəhrəli ömür”,  “İsmayıl Şıxlı yaradıcılığının milli-mənəvi qaynaqları”, “Şərəfli və gərgin yaradıcılıq ömrü” və s. kimi məqalələr özünün rəngarəngliyi aktuallığı, oxunaqlığı ilə diqqəti cəlb edir. Bir qismində sırf nəzəri təhlilər, əbədiyyatımızın aktual problemlərinə münasibət varsa, digər bir qismində xatirə səciyyəsi daha çox üstünlük təşkil edir. Onu da qeyd edək ki, həmin xatirə yazıları prof.H.Ənvəroğlunun qələmində xüsusi olaraq təsirli görünür. Bir növ ədəbiyyatımız, ədəbiyyat adamlarımız haqqında düşüncələri bölüşür. Mir Cəlal, İ.Şıxlı, Ə.Hüseynov, X.Məmmədov, H.Balı, M.Nağı ilə bağlı yazılar buna nümunədi. Onu da qeyd edək ki, “Çağdaş ədəbi-tənqidi düşüncə çevrəsi” sözün həqiqi mənasında rəngarəngliyi, problematikliyi ilə maraq doğurur.

“Sənət və sənətkarlıq məsələləri yeni düşüncə müstəvisində” kitabında fərqliliklə nəzərə çarpan bir fəsil də var. Bu, “Ədəbiyyatşünaslıq görüşlərinə dair bəzi mülahizələr” adlanır. Burada ədəbiyyatşünas alimimiz H.Ənvəroğlunun haqqında yazılmış məqalələr verilib. “Vurğunşunaslıq töhfəsi” (E.Quliyev), “Azərbaycan ədəbiyyatşünaslığının tədqiqi XX əsr hüdudlarında” (E.Quliyev), “Azərbaycan ədəbiyyatının yaradıcılıq problemləri” (T.Salamoğlu), “Silsilənin uğurlu davamı və yaxud “Nəsrin hərəkəti janrın yaddaşında” (T.Salamoğlu), “Cağdaş elmi düşüncə   müstəvisində” (Y.Rzayev), “Şair xalqın böyük şairi haqqında tədqiqat” (T.Rəhimli), “Şəhriyar etiqadı lirika güzgüsündə” (F.Əsgərli) və s. buna nümunədir. Bütün bunlar görkəmli ədəbiyyatşünas alimimiz H.Ənvəroğlunun zəngin düşüncəsindən, ədəbi-nəzəri fikrimizin sabaha gedən yolunun uğurlarından xəbər verir.

 

 

Mahmud Allahmanlı

filologiya elmləri doktoru,

professor

 

525-ci qəzet.- 2013.- 22 may.- S.7.