Sözün ülviyyət yağışı

 

SONA VƏLİYEVANIN BİR KİTABI, YAXUD POETİK RUHU HAQQINDA ZƏRİF DUYĞULAR

 

Görkəmli abxaz şairi Fazil İsgəndərin fikrincə, müdriklik vicdana söykənən ağıldır. İnsanın qabiliyyəti səmərəli işə sərf olunanda, zəkaya güc verəndə müdrikliyə yol açılır. Bunun üçünsə daim düşünmək, düşündüklərini dərk etmək, dərk etdiklərini faydalı şəkildə çatdırmağa nail olmaq lazımdır. Şairə, publisist, ictimai xadim Sona Vəliyevada xarakter bütövlüyünə aparan yolda öyrənmək zəhmətinə qatlaşmaq vərdişlərinə yiyələnmək cəhdi Şərurda orta məktəbdə oxuduğu illərdən başlayıb.

Mən də, ötəri olsa belə, həmin məkan və zamana qayıtmaq istəyirəm.

Bir mahnıda deyilir ki, “qonşuda qız sevənin ürəyində yağ olmaz”. Yəni həmişə rahatsızlıq, nigarançılıq, iş görə-görə, dərs oxuya-oxuya baxışları kol-kosdan çəkilmiş çəpərin o biri üzündəki məhlədə ilişib qalan kəsin təbii ki, ürəyində yağ olmaz. Ancaq bu baxış qızılgül ləçəyinin bir damla şehində bərq vuran günəş parıltısı kimi işıqlı baxışlara qovuşanda sevgi hərarəti, duyğu ülviyyəti, “danışan lal” sözlərin mehribanlıq hərarəti təbii şəkildə ürəklərdəki həsrət “yağlarını” əridir. Fikirləşirsən ki, nə yaxşı sevənlərin ürəyində məhəbbət bolluğundan “yağa” yer olmur.

Sona xanımın ilkin şeirləri öz məhlələrində yazılsa da, əksər hallarda çəpərin o biri üzündəki məhləyə ünvanlanıb. Poetik sözlərin emosional təmizliyi gələcək ailənin səadət bünövrəsini qoyub.

Yeddinci sinifdə yazdığı və mətbuatda çap olunan “Ana oğul gözləyir” şeirindən tutmuş, bu günkü kitablarındakı poetik nümunələrə qədər, Sona xanımın fikir dünyasında işıq, ülviyyətə çağırış ruhu üst qatdadır. “Şərur qönçələri” ədəbiyyat dərnəyində kiçik səhnəyə bir qədər cəsarətlə, bir qədər kövrəkliklə sinə gərən çəlimsiz qızın dodaqlarından şeir misraları kəpənək kimi uçurdu. Bu uçuş məktəbli şairənin “içindəki çəhrayı dünyanın” ruhlara aydınlıq yağışı səpmək coşqunluğunun uçuşu idi. Özünə, sözünə, qonşu çəpərin o biri  üzündəki məhəbbətinə qətiyyətli inamın uçuşu idi.

Əksər ailələrdə olduğu kimi, Sona xanımla ömür-gün yoldaşı Əli müəllimin ailəsində də çətinliklər olub. İstər təhsil illərində ayrılıqda, istər həyat yollarında birlikdə kiprikləri ilə od götürdükləri məqamlarda da şəxsiyyət bütövlüyünü, ləyaqət ucalığını, ailə qürurunu, ailə vüqarını həmişə uca tutublar. Bu ləyaqət, bu vüqar, bu ucalıq həmişə qarşılıqlı səmimiyyətdən, ülvi ehtiramdan, munis səadətdən nur içib. Ailənin sıxıntılı günlərində Sona xanım ağrı-acısını dilə gətirməyib. Ağrını da, acını da, qəmi də, kədəri də misralara sıxıb. Həmin misralarda həzin etirafın ülvi təmizliyi, acı dərdin ikilikdəki şirinliyi, kədərin sevincə açılacaq sabaha inam var.

 

Sən bildin, mən bildim, bir də dörd divar,

Başqası duymasın dərdimiz nədir.

Yarıya böldüyün papirosların

Kül yeri, köz yeri ürəyimdədir.

 

Adətən, bir fərdin, xüsusən ziyalının portret cizgilərini onun əməllərinə, amallarına, cəmiyyətdəki mövqeyinə, yaradıcılıqdakı uğurlarına görə hansısa qələm sahibi qabardır, ona poetik tutumla təsvir edir. Sona xanım Vəliyevanın “Zaman xəbərsiz ötdü...” kitabındakı portret cizgiləri səmimi etirafın, həzin pıçıltıların, kövrək xatirələrin və ən əsası, namuslu həyat yolunun ətirli ləçəklərindən çələng hörüb. Şairənin müxtəlif televiziyaların müxtəlif xarakterli verilişlərindəki müsahibələrində bir həlimlik, bir qətiyyət, coşqun bir ürəyin kövrək pıçıltılarının sapa düzümü var.

 

Vətəndə Vətənə varaq,

Yolu yarı yolda qoyaq.

Haqqa üz tütüb yalvaraq,

Çıxaq döyüşdən qəhrəman,

Yol başlayıb gedən karvan.

 

Bir neçə misrasını təqdim etdiyim bu bədii lövhə “Yol başlayıb gedən karvan” adlı şeirdən götürülüb. Həmin şeir bəstəkar Soltan Hacıbəyovun “Karvan” simfonik lövhəsinə ithafdır. Geniş mənada isə bu karvan Vətənə layiqli Vətən övladı olan vətəndaş şairənin yurda, torpağa, xalqa sevgi harayıdır.

Sona xanım bugünkü Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Özünün xatırlamalarından yadıma düşür ki, mən də ona dərs demişəm. Təbii ki, keçmiş tələbə ictimai həyatda, cəmiyyətdə, yaradıcılıqda uğur qazananda bütün müəllimlər deyirlər ki, “tələbəm olub”. Bu, qürurdur, fəxrdir, sevincdir. Ancaq məni daha çox sevindirən Sona Vəliyevanın Xalq rəssamı Əzim Əzimzadənin, Xalq artisti, məşhur opera rejissoru Soltan Dadaşovun yaradıcılıqları, “Molla Nəsrəddin”in milli-mənəvi dəyərlər uğrunda cəhalətlə, rəzalətlə, qəbahətlə çarpışması barədə elmi qənaətlərinin fikir tutumu, məna dəyəridir. Onun təhlillərində fəlsəfi dərinliyə varmaq, psixoloji qatları vərəqləmək bacarığı var. Müraciət etdiyi mövzudan çıxardığı mənanı, gəldiyi qənaətləri ustalıqla elmi-nəzəri təhlil süzgəcindən keçirə bilir.

Kamil şəxsiyyətə həmsöhbət yalnız insan olmur. O, gözəl rəsm əsəri, maraqlı kitab, ləzzətlə gördüyü işlə də həmsöhbət ola bilər. Bu mənada Sona xanımın kitabları oxuculara maraqlı həmsöhbətdir: sevindirir, düşündürür, heyrətləndirir, təəccübləndirir, həyəcanlandırır, duyğuları təzələyir...

Elə şeir yazanlar, elə jurnalistliyə meyl göstərənlər, elə elmlə məşğul olmaq istəyənlər var ki, mətləbin cövhərindən, fikrin mayasından danışa bilməyəndə məntiqsiz cümlələrə sözlərdən bəzək-düzək vurmağa çalışırlar. Sona xanımın yazılarında mövzunun mahiyyəti sözün gücü ilə dəqiq, ifadəli və yığcam şəkildə oxuculara çatdırılır. Onun sözləri “şikəst”, “şil” deyil, qanadlıdır və bu qanadlı kəlmələr ancaq müəllifin arzuladığı səmtə, müəllifin istədiyi ucalıqda uçurlar.

İngilis ədibi Uilyam Tekkereyin müdrik kəlamını xatırlayıram. O, yazır: “Rəftar əksən adət biçərsən; adət əksən xasiyyət biçərsən; xasiyyət əksən tale biçərsən”. Sona xanım insanlarla xoş rəftarı, oxucuları ilə mərhəm dialoqu öz xarakterində adət kimi formalaşdırıb. Buna görə də qələm sahibi kimi, vətəndaş kimi, ictimai xadim kimi, dost kimi taleyinə xoşbəxtlik nəsib olub.

Şair üçün obrazlı düşünmək təfəkkürünün formalaşması vacib və mütləqdir. Onun bədii məntiqi məhz obrazlı düşüncə tərzinə əsaslanır. Sona xanım obrazlı düşünə bilir və bunu gözəl yaradıcılıq vərdişinə çevirib. Həmin yaradıcılıq vərdişi ona emosional duyğuları daha ecazkar forma və məzmunda təsvir etməkdə yardımçı olur.

Onun şeirləri, müxtəlif poetik silsilələri, ayrı-ayrı kitabları barədə fikir söyləyən Fikrət Sadığın, Sabir Rüstəmxanlının, Nizami Cəfərovun, Rüstəm Behrudinin, Vaqif Yusiflinin, Flora Xəlilzadənin və neçə-neçə söz, fikir sərraflarının məqalələrində Sona Vəliyevanın portretinin xarakterik cizgiləri  daha da obrazlı verilib. Bu obrazlılıq sanki şairə xanımın poetik aləminin sehrli xəzinəsinin qapısına “sim-sim” açarıdır.

“Zaman xəbərsiz ötdü...” kitabının bir bölümü Sona Vəliyevanın alimlik və ictimai xadimlik fəaliyyətlərinə həsr olunub. Acı da olsa, etiraf etməliyik ki, cəmiyyətimizdə ictimai-siyasi aləmdə hündür görünmək üçün şərəf və ləyaqətlərini qatlayıb ayaqlarının altına qoyanlar var...

Sona xanım mənəvi-əxlaqi dəyərləri uca tutan, şərəf və ləyaqətinin qüdsiyyətini qətiyyətlə qoruya bilən ictimai xadimdir.

Sona xanım elm çırağının başına pərvanə olan və bakirəliyini ülviyyətlə qoruduğu elmin ona başucalığı gətirdiyi ziyalılardandır.

Sona xanımın Qarabağ harayı budur: “Şuşaya ilk bayraq asan, Könlümə qardaş düşübdür”.

Sona xanım bəzən təfəkkürün, idrakın azlığından giley edir: “Bir az idrak ver Allah, insanı tanımağa, Bir az möhlət ver Allah, dünyanı tanımağa”. Bu qəlb dünyasından Vətən dünyasına, fərd pəncərəsindən həmvətənlərə haraylı, hayqırtılı çağırışdır. Həmin çağırışın fikir zindanı ağır olduğu qədər də ruhları titrədən cingiltilidir.

Sona xanımın hər şeirinin öz rəngi var. Hər rəngin də öz ovqat ətri.

 

Bu ətir gah sentimental duyğular oyadır...

Gah tənhalıqda xəyala dalmağın ləzzətini verir...

Gah ruhumuza Vətən sevgisinin rayihəsini çiləyir...

Gah insanlara bəslədiyimiz sevgimizdə idrakımıza çıraq tutur...

Gah tarıma çəkilmiş əsəblərimizə sığal və tumar çəkir...

 

Ən əsası isə odur ki, bütün məqamlarda şairanə musiqi qəlbimizin sarı simini titrədir. Duyğumuzun alatoran mürgüsünü oyadır.

XIX əsrdə yaşamış fransız ədibi Qustav Flober bəlkə də bu sözləri XXI əsr üçün yazırdı: “Gələcək ədəbiyyat elm və incəsənətin vəhdətidir”. Sona xanımın poeziyasında zərif incəsənət ahəngi, incəsənətə aid publisistik yazılarında güclü poetik ruh var.

İnsana ömrü Tanrı bəxş edir, ata və ana onu dünya cığırına salır. Yaşamaq haqqı isə daxili mətnlik, həyat amalı, vicdan paklığı, iradə qətiyyəti, işgüzarlıq əzmkarlığı ilə qazanılır. Sona xanım bu haqqa inam və ülviyyətlə qovuşub. Onun duyğuları qoşa qanadlıdır: poeziya munisliyi və fəlsəfi kamillik.

 

Şair kimi Sona xanımın iradə azadlığının ənginliyi əsrarəngizdir.

İctimai xadim kimi Sona xanımın fikir saflığı həqiqət meyarıdır.

Sənət adamı kimi Sona xanımın əqidə qətiyyəti ülvi reallığa söykənir.

Vətəndaş kimi Sona xanımın qeyrəti Vətən sevgisindən nur içir.

 

İngilislərin belə bir deyimi var: “Abadlıq adamın öz evindən başlayır”. Sona xanımın ailə qüdsiyyətində, ana məhəbbətində, nəvə sevgisində dupduru paklıq var. Və bu paklıq müxtəlif şəkildə onun yaradıcılığına qəribə bir məhəbbət, ehtiram ahəngi verir.

Alman mütəfəkkiri Hegel vaxtilə yazıb: “ Azadlıq dərk olunmuş zərurətdir”. Sona xanım poetik düşüncələrində, publisistik qənaətlərində fikir dünyasına pəncərəni canına-qanına işləmiş azadlıq ruhundan açır.

Buna görə də Sona xanımın yazdıqlarını birnəfəsə oxumaq olur.

Buna görə də Sona xanımın misralarını su kimi “içmək” həzz və ləzzət verir.

Buna görə də Sona xanımın şeirlərində çılğınlığın yumşaq ahəngi, qərəzsiz sevginin qüdsiyyəti, təmənnasız ehtiramın hüsnü, torpağa bağlılığın təravəti könül oxşayır.

Buna görə də tənha oxucu Sona xanımın şeirlərini oxuyanda özünə həmdərd, həmfikir, sirdaş tapır.

“Zaman xəbərsiz ötdü...” kitabı haqqında çaparaq təəssüratlarımı bitirən məqamda könlümdən keçdi ki, Sona Vəliyevanın mənə avtoqrafla bağışladığı “Arazbarı” şeirlər kitabını bir də vərəqləyim.

Vərəqlədim...

Xoşum gələn xeyli misranın altından şakərim üzrə xətt çəkmişəm. Həmin misraları dönə-dönə oxudum, bir qismini qatara düzdüm...

Qatara düzdüm... və gördüm ki, bu misraların baş hərflərini üstdən aşağı oxuyanda müəllifin öz adı və soyadı alınır.

“Sözümdə nur, süfrəmdə şam”.

“Ovut qəmdən oynayanı”.

“Nifrətlə sevgimin həddi – iki kiprik məsafəsi”.

“Ay ürkək baxışlı körpə çiçəyim”.

“Vətən sərhədidir Vətən bayrağı”.

“Əli çıraqlı anamın, yığışardıq işığına”.

“Leylasız Məcnundur insansız yollar”.

“İçim pardaq-pardaq dərd zəmisidir”.

“Yolların dolayısı tez çatan olur”.

“Eh, mənim arzularım yol gələn məktub”.

“Vətən Səttar qalasıdır, adın tarixin yaddaşı”.

“Ayağım altında daşlar dil açır”.

Həmişə öz adınızın və öz soyadınızın sirli-sehrli, nağıllı-etiraflı nəğmələrini dinləyəsiniz, Sona xanım!

Hörmət və ehtiramla:

 

 

İlham ƏZİZOĞLU

 

525-ci qəzet.- 2013.- 23 may.- S.4.