Daha nəyin var ki, nəyi verəsən,
Xırda əcəl
Səadətdi doğrudan,
uca amal uğrunda
buğum-buğum doğranmaq,
tonqal içrə kül olmaq,
qumluqdan sızıb ölmək
sonda miskin Məcnunda,
Leylinin
yaxasında
solmayan bir
gül olmaq,
səhərdən axşamadək
arı
kimi əlləşmək;
Xoşdu
şah qapısında
namuslu
bir qul olmaq,
Soyuq
torpaqda yatmaq,
görməmək
yorğan-döşək...
sonra da
şah əmriylə
uzun
boynu vurulmaq!
Bu cür
böyük ölümlər
səadətdi,
səadət –
Böyük
ölümlər üçün
bir qədər
qocayam mən.
Görünür
belə imiş
bəxtimə
düşən qismət,
Görünür
ki, lap xırda
dərddən
öləcəyəm mən.
Bir cocuq
çırtmasından
ruhum
uçacaq göyə,
Göyərçin
qurultusu
cana
verəcək qüsul.
Öləcəyəm
yol üstdə
bir
kol quruyur deyə,
öləcəyəm, görsəm ki,
bir
kasıb köpük qusur.
Barım-barxanam
məlum,
arxayınam
sərvətdən-
Dartıram
külfətimi,
yoxuş-eniş...
ürəyim!
Nə mərddən,
nə namərddən,
xırdadan
xırda dərddən –
tıxacda çatlayacaq
yolu
geniş ürəyim.
Minnətli
bir misqalın
yükü
batmandı mənə,
yaltağın bəslədiyi
hörmətdən
öləcəyəm.
Min illik məhəbbətin
gücü
çatmadı mənə,
Min faiz,
bir dəyyusa
nifrətdən
öləcəyəm.
Halal
südəmmişlərin
buşqağa
məhkum canı,
sürtük fahişələrin
yarımağı
sonumdu.
Yuvasına
dən dartan
qaraca
qarışqanın
ayaq
altda əzilən baş barmağı sonumdu!
Hər kəsin
fəndi yetməz
ucadı
qurduğum taxt
Qatil,
qəfil
vurmağa
gizli
yollar arama.
Mənim
zəif yerimi
qardaşım
bilir ancaq,
Son əcəl
xəncərini
o
soxacaq yarama!
Düşünmürəm
ki, öləm
xəyalı
dərin meydən,
Əli,
Vəli, ya da ki,
Həşim
vuracaq məni.
Ya odun
tükənəcək,
ya
öləcək Gün göydə...
bütün bunlar olmasa,
maşın
vuracaq məni!
2013
Qınağa cavab
Demə
yolu düşmür qardaşıgilə,
demə
ki, yoxlamır bacılarını,
körpə bala kimi şəlləyib belə
vaxt
hanı,
dartıram
acılarımı.
Mənə
soyuq demə,
əl
çək fikrindən –
bilmədim dən qovum,
ya
dam axtarım.
Yalançı
dünyanın gerçək fikrindən
başım ayıldı ki, adam axtarım?
2012
Yaxşı sahib
Yaxşı
arvadın əlində
gül
olmayım, gül olmayım-
əyin-başı şax eləyən
ütü olum ey, ütü!
Yaxşı
ərin qapısının
inəyi,
dəvəsi olmayım,
övladı, nəvəsi olmayım,
iti olum
ey, iti...
2013
Baş hərf
Baş hərflər
meydandı, şahanə taxtdı,
Ucalan yer gəzir enməzdən öncə.
Baş hərf
toparlanmaq, iç artlamaqdı,
boğaz
yaşlamaqdı, dinməzdən öncə.
Baş hərflər
atadı –
ondan
yapışın,
cocuğa
bənzəyir kiçik hərflər.
Böyük
hərflərə çatır şöhrət, şan,
kiçiklər böyümür, min yol təriflə.
Lilipud
kimidi körpə hərflər,
Heç
vaxt boy atmazlar
qocalsalar
da.
Bu dərə
hərflər, təpə hərflər
zirvə
yaradarlar alçalsalar da.
Böyüklər
kiçilsə şər haqqı əyər,
Zay olar kiçiyə çəkilən əmək.
Kiçik
hərf gəlmirsə ardınca əgər
Böyük
hərf züryətsiz, sonsuzdu demək!
Kiçiyi
incidən cəllad, ya lotu...
Görüm Allah versin bəlalarını.
Böyük
hərf anadı,
əlindən
tutub
məktəbə aparır balalarını...
Baş hərf
isti təndir –
fikrin
yükünü
qaynar
divar kimi qorusun gərək.
Balaca hərflə
ANA sözünü,
Balaca hərflə
ATA sözünü,
Balaca hərflə
VƏTƏN sözünü,
balaca hərflə
Allah sözünü,
yazan
barmaq ki, var –
qurusun gərək!
2012
Doğulmaq haqqı
“ Allah
çəkdiyin əziyyətləri
bir də
çəkdirməsin! ”
deyirsən mənə...
Əlbəttə,
istədiyindəndi belə demək.
Belə
deməklə, qardaş,
tərəzinin gözünü
bir
balaca əyirsən...
bir daha
belə demə!
Çünki
mən
bu
möhtəşəm həyata,
bir
qatı kədər, ələm,
bir
qatı şən həyata
artım
xatirinə yox,
könüllü gəlmişəm.
Hər
yerə, hər şeyə vurğun,
hər
kəsə müştaqam mən.
İyirmi
iki yaşında
gül
qoxuyan Diləfruz,
İyirmi
altı yaşında
ərəl boylu
İttifaqam mən.
Ya mən,
ya cin!
Nə yumurta, nə hin?!
Əgər
məni əkməsəydi atamı,
əgər məni doğmasaydı anamı
boğardım,
çəkilib Məryəm bətninə
özüm özümü doğardım...
2013
Atam-anam
Baş
ucum kökümlə tamdı-
Ağacam, bütöv canam.
Qalın
budaqlarım atamdı,
Nazik budaqlarım anam.
Həm vətənəm,
həm qürbətəm,
Həm
sevgiyəm, həm nifrətəm...
İki rəngdən
ibarətəm –
Qara
atamdı, ağ anam.
Ha yanda
bitim, demərəm...
Göylərə
çatım, demərəm...
Özmə
yetim demərəm –
Sol böyür atamdı, sağ anam.
Barmaqlarım
şam-şamdı;
Qəmdən
əridi, damdı...
Orta barmaq
atamdı,
Şəhadət barmaq anam.
San nə üçün, ad nə üçün? –
Hamısı baş qatmaq üçün!
Dırmaşıram
çatmaq üçün-
Zirvə atamdı, dağ anam.
Dənim
çanaqlardan aşır,
Gülüm
qucaqlardan aşır,
Barım
budaqlardan aşır –
Bağban atamdı, bağ anam.
Hər mətləbi
gərək qanam;
Ölən
ölmür, keçir qana...
Qışqıran
hər körpə atam,
Ağlayan
hər uşaq anam...
2012
Yandır çırağı
Alovu
tuşuna tut –
zülmətdə daş uçunur,
bağrımın başına tut
kibritin
baş ucunu,
yandır
çırağı, ay qız.
Bəlli
borcun içində
ömür keçir, gün keçir.
Ötən
bir gün içində
min illik
sürgün keçir –
yandır
çırağı, ay qız.
Tanrı
pərdəsi təkdi –
biz pərdəli
dəliyik.
Pərdə
nəyə gərəkdi
onsuz da
pərdəliyik –
yandır
çırağı, ay qız.
Bəxt
harda dönür daşa,
hardadı zülüm, görüm...
İlan
qolum sarmaşan
belin
hardadı görüm;
yandır
çırağı, ay qız.
Xəncər
dilin doğrasa
heç
olmasa el görsün.
Bülbülün
yarasına
işığı tut, gül görsün –
yandır
çırağı, ay qız.
İşıq
düşməsə gözə
haram
var, haram ola?
Kərəmdən
sonra bizə
sevişmək haram olar –
yandır
çırağı, ay qız.
Bilmədin
ki, qədrimi
boynuna
uşaq düşsün.
Heç
olmasa qəbrimin
içinə işıq düşsün
yandır
çırağı, ay qız...
2012
Aç qapını...
Yanı
yoldaşlısan,
ya
bəlkə təksən,
hər
halda qapını möhkəm bağlama
Diksinmə,
cəftəni nə zaman çəksəm –
dərvişəm, xəyanət gəlməz ağlıma.
Bütün
pərdələrdə deşik var, inan,
Can bir xəzinə
ki,
açan
yeməyib.
Görsən
ki, böyrümdə pişik var,
inan,
o
pişik ömründə siçan yeməyib.
Lap pələnglə
gəlsəm, tutma başını,
bircə
bunu söylə:
– İçəri buyur!
And olsun,
o pələng qanlı dişini
səhər də, axşam da fırçayla yuyur...
Qucağım
gül dolu...
boynu
burulmuş
dəhlizdə durmuşam
görsən
cani tək,
bir banka
su gətir, beli qırılmış,
soluxmuş gülləri dikəldə bilək.
Qorxduğun
nə varsa,
bil ki, saxtadı
–
Cinim sinov gedir salavat üçün.
Əlimdə
sıxdığım bıçaq taxtadı,
qana
boyamışam zarafat üçün.
Görsən
ki, gəlmişəm ayrı qadınla
nə
onu bağışla,
nə
məni əfv et –
yenə
aç qapını, tanrı adına,
yanımızca gələn uşağa rəhm et.
2013
Qollarımız
Ay
ömrüm, ay görüm səni min yaşa,
Xoşbəxtlik oxunsun əlindən sənin.
Yadına
gəlirmi,
gedirdik
qoşa,
Mən də yapışırdım qolundan sənin.
Bu xoş
xatirəyə güləydin bəlkə?-
Ah-ufu
çəkincə düyünə qədər...
Dilimiz uzanıb gileydən bəlkə,
Ya qollar gödəlib çiyinə qədər?
Bir bax
yolumuza boran tökülür,
Neyləyim,
sızlayan
yarandan tutum?
Oranı
tuturam, buran tökülür
Vallah,
heç bilmirəm harandan tutum...
2012
Ahu... Banu
Eşitdik ki, şair qardaşım Umud Rəhimoğlunun
ekiztay qız nəvəsi olub, maşına doluşub getdik
görməsinə. Həmən günün təəssüratından
bu şeir yarandı. Uşaqdan böyüyə kimi
hamımızın ürəyincə olan iki gözəl
qıza həm iki, həm də hardasa tək bir adın
qoyulması idi; Ahu, Banu...
Gözün
aydın Umud baba,
Səndən yaxşı umud hanı?
Tanrı
vermiş topa-topa –
biri Ahu,
biri Banu...
Budaqdan
cüt dərmiş ola –
Kim calamış iki qanı?
Qoşa əllə
vermiş ola?-
biri Ahu,
biri Banu...
Alsın
sizin qadanızı
Leyli,
Şirin, Məhinbanu...
Adlar
qurban adınıza,
Ahu, Banu,
Ahu, Banu!
Beşikləri
yan yanadı –
Hünərin
var, ayır tanı...
Bir mələyin
cüt qanadı –
biri Ahu,
biri Banu...
Görən
deyir bir də görüm,
Bilmir hara qoysun canı.
Heç
düşməsin dərdə görüm;
biri Ahu,
biri Banu...
Baxışları
quzu təki
Hansı baldı, hansı şanı?
Tanrı
təkdi, qızı iki –
biri Ahu,
biri Banu!
2013
Plastik kisələr
Açarı
çıxarıb dəri kisədən
sevincək açıram bağ qapısını;
bədgüman olmuram daha kimsədən...
qəzəbdən içimdə şüşə qab sınır.
Buna nə
ad verim işğaldan özgə –
bağım tora düşüb,
hər
yan kisədi.
Cidanı
nə gizlər çuvaldan özgə;
nar kisə,
tut kisə,
bostan
kisədi...
Hasardan
atdanıb qəfil içəri
Yağı güman edir, çöldür, aparır.
Bağımın
başına torba keçirib
gözüm görə-görə quldur aparır!
Bir vaxt
uçuşardı quşlar güneydə,
baxardıq,
quzeydə
bulud, qar uçur.
Arzular
uçurdu qabaqlar göydə
indi də
plastik
torbalar uçur.
Ona bax,
kisədən şam lopa qoyub
sübhəcən boğulub, ağlayıb alma.
Küknar
ingilisdi,
şlyapa
qoyub,
Alman
kalstuku bağlayıb alma.
Kisə
çıxardanı gorbagor olsun,
kisəni
küçəyə atana lənət!
Kimyagər
dünyanın gözü kor olsun,
ay
külək, sənin də atana lənət!
Söyürəm
dünyanı, çıxarı çoxdu...
Kisə hardan bilsin bu evdi, damdı.
Vallahi,
kisənin günahı yoxdu
Məhləmi bu kökə salan adamdı.
Nə
alsan yarısı atılır indi,
O üzdən
hər tərəf plastik torba!
Plastik
torbada satılır indi
Ürək, qaraciyər, dietik şorba.
Özüm
əkdiyimi özüm dərirdim
buğdam
yelə gedib,
arpa
dərirəm.
Vaxt
vardı tənəkdən üzüm dərirdim,
İndi
salxım-salxım torba dərirəm...
2013
Yaxşı kişinin
nağılı
Kəsdim
mişar-mişar Güzdək dağını
Ev tikdim,
eyvanı
Günəşə baxır.
Tərimlə
yoğurdum üz suvağını –
dedim,
deməsinlər
evsizdi fağır.
Hər
şeydən yuxarı tutdum öyüdü,
anaya qul
oldum,
ta ki
doğuldum.
Dedim,
halal olsun
doğanın südü,
dedim,
deməsinlər
nankor
oğuldu.
Dedim,
deməsinlər
möhtacdı yada,
yada
yalmananlar lakeydi dedim.
Dost
tutdum,
dostsuzlar
madar dünyada
elə
sonsuz kimi bir şeydi dedim.
Bekar
saxlamadım arvadı bir yol –
yataq
aç, yataq yığ... vacib işidi.
Onun da
haqqını ödədim bol-bol,
dedim deməsinlər
zəif kişidi.
Cəddimin
zənciri düşdü ağlıma –
dedim
yaşayıblar yaşatmaq üçün.
Gözümün
nurunu verdim oğluma
özümü babama oxşatmaq üçün.
Çalışdım
anlayım həyat sözünü,
Fikir tonqalının içinə girdim.
Çəkdim
gecə-gündüz sözün nazını –
dedim ki,
desinlər babat şairdi.
Gəzdim
kurortları ömrün payızı,
İfallı
canıma baxdım il boyu.
Dedim deməsinlər
bu nadan qazı
gül
kimi canını nə günə qoyub.
Səd
heyif kimin ki çırağı yanmır –
Çatmışam arxayın yaşıma indi.
Dedim deməsinlər
ocağı yanmır,
odun
toplayıram qışıma indi!
2012
İlan kimi
Qaya-tutub
yenə-yenə,
Yamac enib
sinə-sinə
atılmaq istəyir dibinə –
Dağlar
dərənin
dalınca
sürünür ilan kimi.
Fikir
canı yükə salır,
bəxti
tükdən tükə salır,
qara
saça ləkə salıb
bəyaz
qaranın dalınca
sürünür ilan kimi.
Dimdiyə
dimdik dirəyir,
Gah
çığırır, gah kiriyir...
Baxma ki,
dimdik yeriyir;
Xoruz
fərənin
dalınca
sürünür ilan kimi.
Ağrı
gözü yaşardandı –
kimsə
bilməz daş hardandı...
yarıq
başda huş hardandı?-
Təbib
yaranın dalınca
sürünür ilan kimi.
Üçdə
verəcəyi yoxdusa,
beşdə alacağı yoxdusa,
Lələnin
ağlı çoxdusa
niyə
Kərəmin dalınca
Sürünür ilan kimi?
Səhər
sovur...
axşam
sovur...
diz
qatlama bircə hovur;
adam
müdam tikə qovur –
Allah verənin
dalınca
sürünür ilan kimi.
Çox
ilan yollar qırılıb,
yollar
yarı yolda qalıb...
Göz
yuvasında qıvrılıb
ölüm hərənin dalınca
sürünür ilan kimi.
2012
İlin yağışları
Dekabrda
evləndim
üstündən ötdü bir qış –
oğlum
oldu,
divləndim!
yanvarda
yağma, yağış,
yanvar
doğum vaxtıdı.
Sən
anasan dözümdə
səbrini bas, ötər qış,
yüyrük as göy üzündə...
fevralda
yağma, yağış,
fevral
nağıl vaxtıdı.
Martda
buludgildə qal,
nə
yerə en, nə üşü.
Olmaz
ayrı qalmaqal –
mart
yumurta döyüşü,
şirni,
noğul vaxtıdı.
Arılar
gülü basar,
bal ilə
dolar koğuş.
Sel gəlib
yolu basar
apreldə yağma, yağış,
aprel
yağ-bal vaxtıdı.
El
uçur daxma-daxma,
Bərəkət qanad olur.
mayda,
iyunda yağma,
zəmilər dənə dolur,
tarla,
taxıl vaxtıdı.
Axtarıb
arar səni –
Günəş
ustadı, usta.
Yağsan
gün vurar səni,
Yağma iyul,
avqustda;
Onlar ağıl vaxtıdı.
Yağışlar
axmaq olmaz...
qarışıqdı havalar.
Çölə
də çıxmaq olmaz,
dil
dönməyən üç ay var –
evə
qaxıl vaxtıdı.
Leysanlar səf
bağlasın,
Buludlar versin azan.
Bacılarım
ağlasın,
yağışla dolsun qazan –
körpünün qıl vaxtıdı.
2012
Sonsuz sərvət
Köhnə
nizamını pozma, Allahım,
Rəhm
elə yaşayım
yaşadığım
tək.
Baxma dəvə
dartmaz –
ağırdı
ahım,
qoy onu
daşıyım daşıdığım tək.
Ayrı
sevgi vermə, yaradan, mənə
Nəzərə
al,
yaşım
əlli yeddidi...
Bir qoca
sevgim var –
bənzəyir
dinə
Umud yeri
birdi,
əli
– yeddidi.
Qılınc
vermə mənə,
tapança
vermə,
mənə pul da vermə,
bəsimdi
varım.
Naxışlı
damğalar vurma dərimə,
qoyma ki,
köçəndə günah aparım.
Mənə
körpü vermə, qıl körpüm durur,
mənə qazan vermə,
qazanım
hazır.
Qızıl
saatımı mələklər qurur,
Oturub çiynimdə bəxtimi yazır.
Mənə
milyon gəlir bir xırda qılıq,
At nəyimə gərək, xəyal atımdı.
Anam mərhəmətdi,
atam yaxşılıq,
İnsaf
istəmirəm...
insaf
adımdı.
Şikarı
tükənməz, keçid, bərəsən,
gözə su, saçıma dəni vermisən.
Daha nəyin
var ki, nəyi verəsən
Allahım,
sən mənə məni vermisən!
2013
Divar
Oturmuşam
evimdə...
Dincliyimdi
dörd divar –
məhlədə nə işim var?
Müdirdə
nə işim var,
fəhlədə nə işim var?
Dincliyimdi
dörd divar;
indim
var, keçmişim var...
ekranda nə
işim var,
səhnədə nə işim var?
Dincliyimdi
dörd divar –
dərdi
bölməli kim var?
Meşədə
nə işim var,
Səhrada nə işim var?
Dincliyimdi
dörd divar –
dişim
var, kişmişim var
Üzsün
suda balıqlar
dəryada nə işim var?
Dincliyimdi
dörd divar –
yazım
ötüb, qışım var.
Haqq kişi, məni apar,
dünyada nə işim var?
2012
Şairin özünün özünü poetik təbrikinə
“525-ci qəzet”in kollektivi də qoşulur. Ad gününüz
mübarək,
Vaqif
müəllim!
Vaqif Bəhmənli
525-ci qəzet.-
2013.- 23 may.- S.7.