Bir ailədən üç
sənətçinin işləri “Üç
künc” sərgisində
“Yeni
Gallery” Bakı İncəsənət Mərkəzində
“Üç künc” adlı sərginin
açılışı olub. Sərgidə heykəltəraş
Cəmaləddin Rüstəmovun və qızları – rəssam-dizayner
Nilufər Rüstəmova ilə Zəhra Rüstəm-Osmanovanın
əsərləri nümayiş olunur. Sərginin
açılışında çıxış edən
“Yeni Gallery” Bakı İncəsənət
Mərkəzinin direktoru, sənətşünas Rəfael
Gülməmmədov bildirib ki, bir ailədən üç nəfər
insanın yaradıcılıq işləri ilə
çıxış etməsi təqdirəlayiqdir: “ Cəmaləddin
Rüstəmovun işləri ilə çox insan
tanışdır. Sevindiricidir ki, onun övladları da incəsənətlə
məşğuldurlar və bir ailədən üç
istedadlı insan Azərbaycan incəsənətinə xidmət
edir”.
Azərbaycan
Rəssamlar İttifaqının üzvü Cəmaləddin
Rüstəmov “Üç künc” adlanan layihə barədə
məlumat verərək deyib ki, burada müxtəlif istiqamətlərdə
işlər – heykəltəraşlıq, dekorativ-tətbiqi sənət
nümunələri və fotoşəkillər sərgilənib:
“Özüm əsasən monumental heykəltəraşlıqla
məşğulam. Nizami ilə bağlı tarixi etnoqrafik heykəllərdən
ibarət işlərim var. Monumental heykəltəraşlıqla
bağlı axırıncı işim Şabranda Əfzələddin
Xaqaninin monumental heykəlidir”.
Sərgidə
Cəmaləddin Rüstəmovun 9 heykəltəraşlıq
işi, Nilufər Rüstəmovanın dekorativ janrda 16
yaradıcılıq məhsulu, Zəhra Rüstəm-Osmanovanın
isə qadın gözəlliyini əks etdirən 28 fotosu təqdim
edilib. Maraqlı qadın obrazlarından ibarət fotolarla
çıxış edən Zəhra
Rüstəm-Osmanova Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin rejissorluq fakültəsinin
tələbəsidir. 2010-cu ildən ANS telekanalında
aparıcı kimi çalışır. Həvəskar
fotoqraflığa 2010-cu ildən başladığını
deyən Zəhra bu sahəyə uşaqlıqdan böyük
marağı olduğunu bildirib: “Mənim işlərim əsasən
qadın fiqurlarından qurulmuş şəkillərdir. Həmişə
istəmişəm, şəkillər çəkim, amma rəssamlıq
qabiliyyətim olmadığı üçün qərara gəldim
ki, bu arzumu fotoaparatla həyata keçirim. Kadrları daha
çox yuxularımda görürəm. Çəkdiyim şəkillərin,
demək olar ki, hamısı yuxularımda gördüyüm
şəkillərdir, bunların sonradan eskizlərinin qurub
fotolara köçürmüşəm. Bu, ilk sərgimdir və
inşallah davamı da olacaq. Sərginin “Üç künc”
adlandırılmasının səbəbi isə bir ailədə
üç yaradıcı insanın incəsənətə fərqli
künclərdən baxdığını göstərmək
idi. Hər üçümüz bacardığımız qədər
gözəlliyi tərənnüm etməyə
çalışmışıq”.
Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasının rəngkarlıq
fakültəsində bakalavr dərəcəsinə yiyələnən,
Rəssamlar İttifaqının üzvü olan Nilufər
Rüstəmova bu sənətlə artıq üç ildir məşğul
olduğunu və yaratdığı işlərdə əsasən
parçalar, düymələr, muncuqlardan istifadə etdiyini
deyib. Nilufər Rüstəmova
2009-cu ildə “İki dövlət-bir millət” və
digər sərgilərdə iştirak edib, uğurlar
qazanıb.
Zəhra
Rüstəm-Osmanovanın həyat yoldaşı, istedadlı
teleaparıcı Cavid Osmanov xanımının
yaradıcılığı haqda yüksək fikirdə
olduğunu, onu həm həyatda, həm də
yaradıcılıqda dəstəklədiyini
vurğulayıb: “Bu onun ilk sərgisidir və mənə belə
gəlir ki, bunun davamı da olacaq. Belə bir söz var ki, ilk
iş o qədər də uğurlu olmur, amma biz, deyəsən, bu stereotipi
dağıtdıq. Göründüyü kimi, sərgi
çox uğurlu alınıb”.
GÜNEL
525-ci qəzet.- 2013.- 23 may.- S.8.