“Azərbaycanda milli siyasət burada
yaşayan xalqların tam hüquq bərabərliyinə əsaslanır”
(davamı)
Müsahibimiz
Mədəniyyət və İncəsənət Universitetinin
sosial- siyasi elmlər kafedrasının müdiri, fəlsəfə
elmləri doktoru, professor Əlikram Tağıyevdir. Söhbətimizin
mövzusunu millətlərin yaranması, təşəkkül
tapması və inkişafında müxtəlif
ideologiyaların, dinin, diaspor və lobbinin rolu, milli birlik məsələləri,
milli mentalitet və buna əsasən millətlərin təsnifatlaşdırılması,
qloballaşma fonunda milliliyin, milli dəyərlərin
qorunması, etnik münaqişələrin yaranma səbəbləri
və problemdən çıxış yolları kimi məsələlər
təşkil edir.
– Sizcə,
milli mentalitetin inkişaf səviyyəsi özünü nədə
büruzə verir?
–Milli
mentalitetin inkişaf səviyyəsi özünü millətin
ideya və baxışlarında, nəhayət onun milli
ideologiyasında göstərir. Demokratik cəmiyyətlərdə
fikir plüralizmi hakim olduğu üçün milli
ideologiyaya ehtiyac olmur. Totalitar və
avtoritar rejimlərdə, keçid dövrü şəraitində,
başqa bir sıra hallarda dövlət tərəfindən dəstəklənən
müəyyən bir ideoloji görüş (məsələn,
doktrina şəklində və sair) ümummilli ideologiya kimi qəbul
oluna bilər. Mentalitet öz
tipologiyasına və quruluşuna görə orijinal təfəkkür
qabiliyyətlərini ifadə edərək milli, sinfi, yüksək,
aşağı, varlı, kasıb və digər qruplara
bölünür. Bundan başqa mentalitet
siyasi-ideoloji xarakter alıb liberal, demokratik, totalitar, proletar,
inqilabi, əksinqilabi və sair formalar ala bilər. Mentalitet bu mənada siyasi şüur və siyasi mədəniyyətlə
qırılmaz surətdə bağlı olur. Mentalitet, xüsusən milli mentalitet haqqında
müxtəlif nöqteyi-nəzərlər mövcuddur. Əksər alimlərin fikrincə, milli mentalitet
xarakterə nisbətən daha geniş anlayış olub onu da
özündə ehtiva edir. Bəzilərinə
görə isə (məsələn, Qumilyov) ümumiyyətlə,
milli xarakter mifdən başqa bir şey deyil. Digərlərinə görə, milli xarakter dəyişkən
xarakter daşıyır və cəmiyyətin dəyişilə
biləcəyi səviyyədə dəyişilir. Milli xarakteri sosial hadisə hesab edirlər. Məsələn, Smirnov yazır ki, milli xarakter təbii
və sosial başlanğıcların məhsuludur. Bütün hallarda milli xarakter milli mentalitetlə
bağlı bir fenomen kimi meydana çıxır.
– Milli
xarakterin, milli şüurun müəyyənləşmə
prosesini necə izah etmək olar?
– Milli
xarakterin xüsusiyyətləri içərisində
aşağıdakılar xüsusilə seçilir: Milli
xarakter milli özünüdərkin əsasında durur; Milli
xarakter irsən, tərbiyə prosesində yaranır; Milli
xarakter özünü kollektiv fəaliyyətdə, xüsusən
milli-etnik proseslərdə göstərir. Milli
(etnik) şüur problemi bir sıra rus və Avropa alimlərinin
əsərlərində müxtəlif səviyyələrdə
və müxtəlif motivlərdən öyrənilib. Rus mütəfəkkirlərindən Çaadayev,
Bulqakov, Frank, Berdyayev, Potebnya, Afanasyev, Buslayev, Müller və
başqaları rus milli xarakterindən, mentalitetindən bəhs
edən xeyli əsərlər yazıblar. Milli
xarakterin sosioloji əsaslarına Qərb alimləri Boduen de
Kurtene, Levi-Laryül, Vund və başqaları böyük
diqqət yetiriblər. “Sosioloji tədqiqatlar”
jurnalı bu istiqamətdə mütəmadi məqalələr
çap edir və diskussiyalar təşkil edir. Milli şüurun sosial başlanğıca malik
olması haqda olan fikirlər də maraqlıdır. Bu fikirlər milli (etnik) şüurun sosial təbiətini
açmaqla onu milli siyasi şüura lap
yaxınlaşdırır.
– Dediklərinizdən
belə anlaşılır ki, milli mentalitet – milli siyasi
şüurun ilkin mərhələsi olmaqla milli xarakter, milli mənlik
şüuru, milli psixologiya, milli qürur hissi, milli maraqlar,
milli təhlükəsizlik problemləri və digər amillərlə
bağlıdır?
– Bəli,
məhz bu sadalanan amillərlə bağlıdır. Siyasət və milli mentalitet daim
qarşılıqlı əlaqədə olan iki müstəqil
fenomendir. Milli problemlər və münasibətlər,
millətdaxili proseslər millətin özünə və
başqalarına olan münasibəti və sair məsələlər
istər-istəməz siyasi xarakter kəsb edir. Müasir müstəqillik hərəkatı və
onun həyata keçirilməsi yolları millətin mentalitetindən
çox asılıdır. Əgər
millətin siyasi mədəniyyəti, siyasi şüur səviyyəsi,
siyasi proseslərə reaksiya vermək qabiliyyəti yüksəkdirsə,
o, azadlıq mübarizəsində minimum qüvvə sərf
etməklə böyük uğurlar qazana bilər. Əksinə
olan halda isə millət öz milli müstəqilliyinə
nail olmaq üçün böyük bir əzablı yol və
iztirablı anlar keçirməli olur. 1990-cı ilin qanlı
yanvar hadisələri, erməni təcavüzü, hakimiyyət
uğrunda mübarizə, klançılıq,
qaçqınlıq, köçkünlük, işsizlik,
sosial ehtiyaclar, siyasi həyatda təkrarlanan xaos və
qanunsuzluq halları XX əsrin son rübündə Azərbaycan
xalqının mentalitetinə ciddi zərbələr vurub. Bu problemlər siyasət və milli mentalitetin
qarşılıqlı əlaqələrini öyrənməyi
zəruri edir. Siyasət mentalitetə ikili təsir edə
bilir: həm pozitiv, həm də neqativ. Bu siyasəti
aparan qüvvələrin mentallıq səviyyəsindən
asılıdır.
– Millətlərin
mentalitetində ümumi cəhətlərlə yanaşı,
fərqli cəhətlər də özünü göstərir
yəqin?
– Bəli,
dediklərim də sübut edir ki, dünya xalqlarında
mentalitet nə qədər yaxın olsa da, onları fərqləndirən
cəhətlər də var. İbtidai xalqların mentalitetini
tədqiq edən fransız alimi Levi Laryül onu “primitiv
mentalitet” adlandırır və sübut edir ki, ilk
insanların düşüncə tərzilə müasir
insanların düşüncə tərzləri prinsip etibarilə
fərqlidir. O yazırdı: “Onlar başqa cür
düşünməzlər. Məsələ təfəkkürün
zəif inkişaf etməsində deyildi, prinsipdə idi”.
Bu problemin tədqiqatçıları antik
dövr, orta əsrlər və müasir dövr
xalqlarının mentalitetindəki fərqləri ortaya
çıxarmış, onların oxşar və fərqli cəhətlərini
araşdırıblar. Məsələn, Yunq Amerika
hindularını tədqiq edərək öz-özündən
soruşurdu: “Qara adamda biz ağlar nə kimi hisslər
doğururuq?” Özü də cavab verərək
yazırdı: “Amerika hindu qəbilələrindən olan
pueblo qəbiləsinin başçısı mənim
dostumdur. Ağ adamlar haqqında söhbət gedərkən o
mənə dedi: “Biz onları başa düşə bilmirik. Onların qeyri-adi sivri burunları, nazik dodaqları,
üzlərinin qəribə cizgiləri var. Biz belə
düşünürük ki, onların hamısı dəlidirlər”.
Antropoloq Frank Bole sübut edib ki, primitiv təfəkkür
tərzilə müasir təfəkkür tərzi
ayrı-ayrı şeylərdir. Pol Raden isə əksinə,
belə hesab edir ki, onlar arasında elə bir əsaslı fərq
yoxdur. Məhz ona görə Amerika
hindularının dillərini tədqiq edərkən məlum
olur ki, onlar abstrakt düşünməyə qadirdirlər.
Beylise görə, Afrika xalqlarının mentalitetinə
xas olan əsas cəhət kooperasiyadır. Afrika
xalqlarının dillərində olan simvollar bunu sübut edir.
Şübhə yoxdur ki, xalqların malik
olduqları müəyyən mentalitet onların
yaşayış tərzlərinin, sosial-iqtisadi həyat şəraitinin,
keçmiş olduqları tarixi inkişaf yolunun, daxili və
xarici amillərin, təbii şəraiti və sair kimi bir qrup
obyektiv və subyektiv amillərin təsiri altında
formalaşıb.
–
Qonşularımızdan rusların milli mentalitetində
hansı cəhətlər özünü daha qabarıq
göstərir?
–
Rusların milli mentalitetindən danışan Losskin qeyd edirdi
ki, rus milli xarakterinin əsasını dinə və çara
bağlılıq təşkil edir. Rus xarakterinə
həmçinin ehtiras, iradə, azadlıqsevərlik, anarxizmə
meyl, xeyirxahlıq, əliaçıqlıq, messianizm, nihilizm,
maksimalizm və sair kimi keyfiyyətlər də xasdır.
Rus xarakterinin messianizm cəhətindən bəhs
edən Rivkin qeyd edir ki, ruslar həmişə yeni-yeni ideyalar
irəli sürürlər. Ancaq onun
ziyanını həmişə qonşu xalqlar çəkməli
olurlar. Akademik Lixaçev rus milli
mentalitetində çatışmayan cəhətlər kimi
onun irəli sürdüyü ideyaları ən qısa
müddətdə gerçəkləşdirməyə tələsməsində
görür. Onun fikrincə, məhz bu da
tez-tez Rusiyanı təhlükəli vəziyyətə
salır. Belə dəyişmələr,
“yenidənqurmalar” Rusiyanı onun bütün tarixi boyu izləyib.
Axırıncı min ildə belə yenidənqurmaların
sayı artıq beşə çatıb: 1) Özünü
Asiyalılıqdan çıxarıb Avropaya
sığınmaq və xristianlığı qəbul etmək;
2) Feodal pərakəndəlikdən əl çəkib Moskva
çarlığı ətrafında birləşməklə
yenidən Asiya despotizminə üz çevirmək; 3) Pyotr
islahatları ilə silahlanıb yenə də Asiyadan Avropaya üz
tutmaq; 4) Oktyabr inqilabını həyata keçirməklə
təzədən Avropadan Asiyaya dönmək; 5) Yeni islahatlarla
bir daha Qərb inkişaf modelini əsas götürmək.
Bu kimi dəyişikliklər hər dəfə köhnə
quruluşun, mənəvi sərvətlərin, illərlə
yığılıb toplanınış və qərarlaşmış
qayda-qanunların, tarixi abidələrin
sökülüb-dağıdılması və yerində
yenilərinin yaradılması ilə nəticələnib.Bu
da insanların alışdıqları köhnə həyat tərzinin
yenisilə əvəz olunmasına səbəb olub. Lakin onlar nə
qədər dəyişikliyə uğrasalar da, yeni adlar
altında inkişaf etsələr də, rus mentaliteti əslində
yaşayıb, yeni qaydalara uyğunlaşıb. Məhz
bu xüsusiyyətlərinə görə Danilevski “Rusiya və
Avropa” kitabında Rusiyanın həm Avropadan, həm də
Asiyadan fərqli bir sivilizasiya yaratdığını, Avropa
ilə Asiya arasında onların hər ikisinin xarakter
xüsusiyyətlərini özündə cəmləşdirən
yeni bir mədəniyyət nümunəsi meydana gətirdiyini
iddia edib. Çaadayev isə rus milli mentalitetinin xüsusiyyətlərini
belə ifadə edirdi: “Əvvəlcə vəhşi
barbarlıq, sonra kobud nadanlıq, daha sonra amansız və təhqiramiz
yadelli əsarəti – bütün bunlardır- sonralar milli
hakimiyyətimizin ruhuna çevrilən gəncliyimizin kədərli
tarixi... Biz o millətlər deyil və guya ona
görə mövcuduq ki, həmişə dünyaya nə isə
ibrət nümunəsi göstərsin. Bəs
biz nə vaxt özümüzü bəşəriyyət
içində görəcəyik? Və
bunu əldə etmək üçün nə qədər əzablardan
keçəcəyik”.
(Ardı var)
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.-
2013.- 23 may.- S.6.