Müharibə silsiləsindən
MƏLƏKLƏRƏ ATILAN MƏRMİLƏR...
Toplardan,
təyyarələrdən
doğan uşaqlar
yerdə bələklərdən
çıxırdı.
uşaqların yerdə
batan səsləri
göydə mələklərdən
çıxırdı.
Analar saxlaya bilmirdi
bombaları
uşaqlar qaça
bilmirdi
bombalardan.
hara qaçsalar da
bombalar tuturdu uşaqları.
şəhər bombalanarkən
itirmişdi
altıaylıq körpəsini.
qoparmışdı
əllərindən mərmilər.
bir qolu balasında
biri özündə
qalmışdı ananın...
itkin qoluna yalvarıb,
itkin balasını tapşırırdı ana:
“yaxşı
bax balama
ağlayanda
əllərindən tut,
bir az güldür.
qulağı üşüyəndi
qulağını yaxşı
ört”.
Balasıyla itən
qolunu günahlandırıb,
geri qayıtmayan
əlinə ağlayırdı.
itirdiyi qolunun
yerinə baxıb
yarasını danlayırdı,
ana.
bu dağılmış
şəhərin
hər daşını
qaldırıb,
axtarırdı yavrusunu.
daş qaldırmaqdan
daşa dönmüşdü
təklənmiş əli.
ancaq bala vermirdi
daşlar...
on altı il keçsə
də
ana balasını axtarırdı
altı aylıq körpələr arasında.
SAĞ QALAN VARMI?!...
Əsgər
sinəsi axtarır
isinməyə
fevral şaxtasından
üşüyən güllə.
hər əsgər tabutu
bir ağ gəlinliklə köçər...
əsgər deyil,
sevən qızın
arzularını
götürüb gedər
hər atılan güllə.
soba yanında
gecə yarısı bir qız
məktub yazır
səngərə.
anasının yarıyuxulu
“qızım yatmamısan?”
sualına
diksinib
“üşüyürəm,
ana
odun atıram sobaya” ...
Daha
gecələri oyaq qalmağa
soba yanında
məktub yazmağa,
yalandan üşüməyə
sobaya odun atmağa
ehtiyac yoxdu...
tağım komandirinin
səngərdən qıvrıla-qıvrıla
boğuq səsi
gəlir:
kimsə sağdı?!
AYAĞIM ÖZÜMDƏN QEYRƏTLİ
ÇIXDI
çiçək açırdı
torpağa basdırılan
minalar
toxunanda ayaqlar.
çiçəklər yara açırdı
yaralar
anaların yuxusuna qaçırdı.
yuxular qara xəbərin
ardınca qaçırdı.
Qəlbinə qara xal düşən qızların
gözünün altından
öpüş yerini
səhər eşitdiyi
xəbərlər yuyar.
evli xanımlar
yatağında yox,
torpaqda
əriyçün dərin
yer salar.
...O da cəbhədəydi
mərmilər qucaqlamışdı
sağ ayağının
addımını.
arxada can verən
addım səsinə
qayıdıb
itmiş ayağını
aldı əlinə.
Bir vaxt sevgilisinə
gül verən əllər
bugün nə aparacaqdı?!
cəbhədə qalan sağ ayağının
təqaüdünü də
sol ayağı alıb xərcləyir!
danlayır özünü
hər səhər-axşam
əlini başına,
dizinə çırpır:
o qaldı cəbhədə,
mənsə qayıtdım
ayağım özümdən
qeyrətli çıxdı.
başdaşları
utandırdı məni
Şəhid məzarlarını
mərmərə bükdük,
daş qoyduq başlarına
qalxa bilməsinlər
üzümüzə tüpürməyə.
Bu yaşıma görə
Şəhidlər Xiyabanında
18 yaşlı
baş daşları
utandırdı məni.
məndən kiçikdi
hələ
məndən öncə
doğulanlar
əmi deyib
üstümə qaçır
başdaşları
bir əsgərin ölüm günü
başdaşının doğum
günüymüş.
can qoydular
nə düşdü
paylarına
sağ qalanlar
daşladılar
torpağının başını.
Şəhid məzarlarını
mərmərə bükdük,
daş qoyduq başlarına
qalxa bilməsinlər
üzümüzə tüpürməyə.
İTİRİLMİŞ ƏLLƏR
Görüşəndə
Sevgilisinin əlində
gözü axtarardı
ona veriləcək gülləri.
İndi
kitabları arasında
qurutduğu
Gül ləçəklərində axtarır
Sevgilisinin cəbhədə itirdiyi əlləri.
ATƏŞKƏS
İyirmi
illik
köhnəlmiş sözlərlə
başladı
televiziya
xəbər başlıqları:
atəskəs pozulub...
düşmən susduruldu.
mərmilərə
atılan
Ana fəryadıyla.
Emin Piri
525-ci qəzet.- 2013.- 24 may.- S.7.