Rəfail Tağızadənin “Gecə
xəyalları” Yazıçılar Birliyində təqdim olundu
Azərbaycan Yazıçılar Birliyinin
(AYB) “Natəvan” klubunda
çağdaş ədəbiyyatımızın
dəyərli nümayəndələrindən
olan şair və publisist, Rəsul Rza Mükafatı laureatı Rəfail Tağızadənin
“Gecə xəyalları”
kitabının təqdimatı
keçirilib.
Tədbiri AYB-nin katibi,
“525-ci qəzet”in baş
redaktoru Rəşad Məcid açaraq bildirib ki, kitaba
şairin son illərdə
yazdığı, əsasən
Qarabağ mövzusu, insan hisslərinin, duyğularının ən
dərin qatlarını
əks etdirən, vətən həsrəti
ilə qələmə
alınmış şeirləri
daxil edilib. Şairin kitaba daxil olunan şeirləri
arasında saf sevgini, qadın gözəlliyini tərənüm
edən şeirlərin
də yer aldığını vurğulayan
Rəşad Məcid deyib ki, Rəfail
Tağızadə yaradıcılığı,
şeirləri haqqında
bir çox ədiblər, tənqidçilər
dəyərli fikirlər
söyləyiblər: “Onun
şeirləri barədə
hələ çox illər öncə bizim dəyərli şairimiz Famil Mehdi öz fikirlərini
bildirib. Bundan başqa, tanınmış
alimlərimizdən Rafiq
Əliyevin, Cahangir Məmmədlinin, Vaqif Yusiflinin də onunla bağlı maraqlı fikirləri var. Rəfail müəllimin şeirləri bu yaxınlarda polyak, italyan dillərinə tərcümə olunub. O özü də zaman-zaman polyak poeziyasından dəyərli
tərcümələr edərək
tərcümə ədəbiyyatımıza
töhfələrini verir”.
AYB-nin birinci katibi,
Xalq şairi Fikrət Qoca bildirib ki, Rəfail
Tağızadə sözləri
hisslərinin süzgəcindən
keçirərək yazan
şairdir: “Mən Rəfailin şeirlərindən
onunla tanış idim, ancaq bu
kitabı oxuyandan sonra mən onu daha da
yaxından tanıdım.
Şair hisslərlə yaşayır.
Rəfailin şeirlərində də o yaşantı duyulur. Heç kimi dahi adlandırmaq olmaz. Hər bir şairin zəif şeiri də olur, güclü
şeiri də. Ümumiyyətlə, mən hər
bir şairin ən yaxşı şeirini sevirəm.
Rəfailin də yaxşı
şeirləri çoxdur”.
Tənqidçi Vaqif Yusifli müəllifin yaradıcılığı haqqında geniş danışıb, şairin şeirlərini təhlil edib: “Mən Rəfail Tağızadənin poeziyasına xeyli bələdəm. Bu şairin ictimai kədəri məni də yandırır. Yeddi “Qarabağnamə” var və mənə elə gəlir ki, Rəfailin Qarabağ haqqında olan şeirlərini cəmləsək, yeni bir “Qarabağnamə” görərik qarşımızda. O öz qələmi ilə sağalmamış Qarabağ yarasının, dərdinin carçısıdır. Onun bu dərdi bu gün işığına toplaşdığımız “Gecə xəyalları” kitabında daha aydın şəkildə hər kəsə çatdırılır. Rəfail dərdin bədii ifadəsində dilimizin siqlətini özündə daşıyan ən kədərli leksika, ən qəmli sintaksisdən bəhrələnir, onun oxucunu duyğulandıran lirik üslubu var. “Şəhid məktubları”, “Qazi toyu” şeirlərində bu dərdi xüsusilə dərindən yaşayırıq”.
Şair Qulu Ağsəs Rəfail Tağızadənin şeirlərinin qəhrəmanlarının real insanlar olduğunu və onun əsərlərində kifayət qədər gerçək həyat elementlərinin əks etdirildiyini diqqətə çatdırıb.
Ədəbiyyatşünas və tərcüməçi Seyfəddin Hüseynli, Qarabağ qazisi, publisist Rey Kərimoğlu, şairə Narıngül Babayeva, publisist Şamil Sabiroğlu, Qarabağ qazisi Etimad Əsədov, “MHS poliqraf”ın nəşriyyat direktoru Vasif Qurbanzadə və başqaları da müəllifin yaradıcılığındakı mühüm cəhətləri vurğulayıblar.
Əməkdar artist Azad Şükürov, sənətşünas Zülfiyyə Eldarqızı, qirətçi Səməd Hətəmov şairin kitaba daxil edilən şeirlərindən bir neçəsini səsləndiriblər.
Sonda çıxış edən Rəfail Tağızadə kitabın nəşrində və təqdimatın təşkilində əməyi olanlara, tədbir iştirakçılarına, həmçinin “Gecə xəyalları”nın redaktoru və ön söz müəllifi Adil Mirseyidə təşəkkürünü bildirib.
GÜNEL.
525-ci qəzet.- 2013.- 25 may.- S. 17.