Yüz
gözəl sevgi şeiri-
“... desəm artıqdır, ÖZün
bilirsən!”
PƏRVİNin təqdimatında
Ən bəsit sevgi mətnlərindən tutmuş,
melodramlara, lap elə şedevr romanlara qədər hamısında gülüşün
hisslərə, münasibətlərə
təsirindən hansısa
şəkildə söz
açılır. Yəni toqquşmaq,
qovuşmaq və ömürlük belə yaşamaq üçün
gülüş bu qədərmi vacibdir?
Əlbəttə... Axı 1-2 dəqiqə
ünsiyyətdə olduğumuz
satıcıdan da xoş münasibət, təbəssüm umuruqsa,
ömür sərf etdiyimiz Yarımızın
şirin davranışını
niyə arzulamayaq?!
Yaxud tanımadığımız,
yad hesab etdiyimiz adamlara nəzakət xatirinə mehriban münasibət göstəririksə, bunu bizdən gözləyən və bəzən də dərman kimi, həb kimi qəbul
edib şəfa, rahatlıq tapan sevdiyimizdən niyə əsirgəyək?! Şübhəsiz,
əsl, uzunömürlü
sevgi yaşamaq və yaşatmaq niyyətimiz varsa... Doğrusu, “quru bəy”lərin qupquru, səssiz-sözsüz
“məhəbbət”inə bir
qədər skeptik yanaşıram. Axı
necə ola
bilər ki, sevdiyinə iki kəlmə xoş sözü, isti münasibəti çox görəsən... Və ömrün
hansısa mərhələsində
sinənə döyüb
“mən də sevə bilirəm” deyəsən.
...Sevgi həm də iti, düzgün,
həssas reaksiyadı,
sözlü, ya da sözsüz dialoqdu. Və bu dialoqa eyni
hadisələrə heyrətlənmək,
eyni musiqilərdən
zövq almaq, eyni əsərlərdən
kövrəlmək, baş-başa
verib bəlkə çox-çox uzaq gələcəkdə ola biləcək faciəyə, itkiyə ağlamaq, adi adamlara kənardan çox mənasız görünən nələrəsə
qəhqəhə çəkib
gülmək daxildi...
Onu deyirdim, gülmək.
Məncə, Qadın sevdiyinin
yumorunu hara qədər başa düşə bilirsə,
ora qədər sevir. Və bu mənada
təbəssümü, gülüşü
ürəyin xəbərçisi
hesab eləmək olar. Düzü, qınayan olmasaydı,
gülüşü sevgi
iliksiri, enerji içkisi də adlandırardım. Çünki
əslində müasir
zamanda indikilərin dilinin əzbəri olan “pozitiv enerji”
məhfumu səmimi təbəssümdən, təbii,
içdən gülüşdən
başqa bir şey deyil...
Mikayıl Müşfiq o iliksirin də, içkinin də dadını duyub və aldığı
zövqün təsvirini
bütün incəliyi
və gözəlliyi
ilə “Sənin gülüşlərin” şeirində
verib. Şübhəsiz ki, Müşfiq
kimi böyük sənətkar hisslərini
ən zərif poetik üsullarla, yollarla ifadə edir. Bu öz yerində! Amma mənə görə
şeirin əsas gözəlliyi aşiqin sevdiyi Xanımın gülüşünə heyranlığını
və ən vacib məqam, ondan asılılığını
tam, bütöv halda göstərməsidi. Bu gülüşlərdən Müşfiqin
şeirinin ahəngi, ruhunun işığı,
canlanan baharı, axan suları, gül açan arzuları və daha nələri, nələri asılıdı.
Məhz asılı! Bu mənada, şeirdən
çıxan məntiqlə
gülüşü asılılıq
yaradan “maddə”lər
siyahısına da aid
eləmək olar.
Çünki onun varlığı nə qədər sevindirirsə,
qanadlandırırsa, ucaldırsa,
kasadlığı beş
o qədər bədbəxt
edir... Və Sən də Müşfiq kimi... günlərin birində o
gülüşsüz nəfəsinin
kəsildiyini, qala bilmədiyini görəndə
təəccüblənmə... Belə olur! Sən də GÜL!
Mikayıl Müşfiq: “Sən
güldüyün zaman
bu şad günümdə...”
Qarşımda nazlanıb yenə
gülürsən,
Bilsən gülüşlərin nəyə
bənzəyir?
Mən desəm artıqdır, özün
bilirsən,
Lalə yarpağında şehə
bənzəyir.
Sənin gülüşlərin
bir rüzgar kimi
Əsərkən arzumun gülü
açılır.
Gülsə dodaqların ulduzlar kimi
Ruhuma bir sərin işıq saçılır.
Söylə, gözəllərin dodaqlarından
Bu oynaq gülüşlər
umulmuşmudur?
Sənin hər qəhqəhən ay kənarından
Keçən buludmudur, uçan quşmudur?
Sənin gülüşlərin
yaz səhərindən
Hissimə, fikrimə sanki rəng alır.
Gül ki, şeirlərim
gülüşlərindən
Qırılmaq bilməyən bir
ahəng alır.
Sən güldüyün zaman bu şad
günümdə
Açılır qarşımda,
canlanır bahar,
Bəzən baş ucumda, bəzən önümdə
Şimşəklərim çaxar,
sularım axar.
Cahan ki, solmayan
bir bağça-bağdır,
Burda rəvamıdır gülmədən ölmək!
Yazıq o şəxsə
ki, qaraqabaqdır,
Nə qədər yaraşır insana gülmək!
PƏRVİN
525-ci qəzet.- 2013.- 25 may.- S.21.