Müqəddəslər və
onların söylədikləri
“Xəzər”
in növbəti sayı üçün
hazırladığım bu sirlər dolu mətnin, Xilas Yolunu
tapmaqda bizlərə yardımçı olacağına
inanıram.
Həzrət Həbib Əcəmi
Həzrət Həbib Əcəmi Quran oxunarkən, acı kədərlə ağlayarmış. Adamlar ondan:
– Sən ki, müqəddəs Kitabın yazıldığı dili bilmirsən, nə səbəbə ağlayırsan?.. – soruşanda o:
– İranlı olsam da, qəlbim ərəb qəlbidi... – deyə cavab verib.
Həzrət Mühəmməd Vasi
Vasidən: “Halın necədi?” soruşana o:
– Ömrü gün-gündən qısalanın, günahlarının sayı gün-gündən artanın halı necədisə, elə. – deyə cavab verir.
Həzrət Daud Təyi
– Yeməyi bütöv tikələrlə ağıza qoymaq lazım deyil. Onları suda isladıb udmaq gərəkdi. – Həzrət Təyi deyirdi.
Ondan bunun səbəbini soruşanda:
– Quran ayələrini oxumağa sərf olunacaq vaxt çeynəməyə getməsin. – deyə cavab verir.
lll
Deyilənə görə Təyi uçuq-sökük daxmada yaşayırmış. Adamlar ona:
– Damın çöküb, hər an başına uça bilər. – deyəndə o, cavabında:
– Mənim
dama baxmağa vaxtım yoxdu. Bundan da savayı, bu qərara gəlmişəm
ki, bir də ev tikdirməyim. – deyib.
Təyinin daxmasının damı, deyilənə görə,
o, dünyasını dəyişəndən bir gün sonra
uçub.
lll
Adamlar Təyidən,
onlara ibrətamiz məsləhətlər verməyi xahiş
edəndə, o:
– Bu
dünyadan və onun adamlarından qaçın. – deyib. – Və yadınızda saxlayın ki,
boş söhbətlərə vaxt sərf etmək
öldürücüdür. Əşyalara və
mənzərələrə tamaşa etmək isə
faydasızdır.
Həzrət
Zü-n-Nun Misri
Yaradılmışların sevdiyini Allah sevməz.
lll
Deyilənə görə Zün-n-Nunun cansız bədənini
qəbiristanlığa apararkən, göydə süzən
quşlar qanad açaraq, onun tabutu üzərinə kölgə
salıblar. Tabut məscidin yanından ötəndə isə
minarədən azan səsi eşidilməyə
başlayıb. Bu zaman insanlar Zün-n-Nunun
barmağının göylərə
tuşlandığını görüb onun ölmədiyini
zənn ediblər. Lakin məlum olanda ki, o,
həqiqətən, ölüb, qəbiristanlığa
yollanıblar.
Deyilənə
görə, Zün-n-Nunun barmağı o, qəbrə qoyulanda
və üstü torpaqlananda da göylərə
tuşlanmış vəziyyətdə qalıb...
Həzrət
Cəfər Sadiq
Bir gün Xəlifə Cəfər Sadiqi hüzuruna dəvət
edir. Cəfər Xəlifənin dəvətini qəbul
edib saraya yollanır.
Söhbət zamanı Xəlifə ondan çox razı
olduğunu bildirir və bu razılığın əlaməti
olaraq, Cəfərə qızıl təklif edir. Cəfər
qızılı qəbul etməkdən imtina edir. Onda Xəlifə
Cəfərdən, ürəyi istədiyini ona deməsini
xahiş edir.
Cəfər
Xəlifəyə belə cavab verir:
– Əgər həqiqətən, məndən
razısansa, səndən bircə diləyim var: məni bir də
öz yanına çağırma.
Həzrət
Malik ibn Dinar
Bu dünyanın alçaq (maddi) təbiətini dərk
edəndən sonra, mənə və hərəkətlərimə
verilən qiymətə laqeydəm.
lll
Malik
Dinarın qızı ondan, gecələr
yatmamağının səbəbini soruşanda belə cavab
verir:
– Allahın Öz Rəhmini mənə nə vaxt
göndərəcəyinin dəqiq vaxtını bilmirəm. Qorxuram bu, mən
yuxuda ikən baş verər və Onun göndərdiyi
böyrümdən ötüb keçər. Üstəlik mənə, Allahın nemətlərini
tar-mar edən, İblisə xidmət edən insan olmaq bədbəxtliyi
nəsib olub. Odu ki, sənə deyirəm: əgər bir
gün bir kimsə məscidin qapısından bu
dünyanın ən alçaq və şərəfsiz
adamını səsləsə, bil ki, o, mən olacağam.
Həzrət
Həsən Bəsri
Kim ki, insanlardan uzaq qaçar, özünü tənhalıqda
qoruyar. Kim qəlbinin (hisslərinin) tabeliyindən
çıxar, azadlıq qazanar.
lll
Müdrik o kəsdir ki, bu dünyanın
özülünü dağıdıb, yerində ayrı (əbədi)
dünyanın qalasını ucalda.
lll
Allahı tanıyan bu dünyanı özünə
düşmən bilər. Bu dünyanı sevən
Allahın düşməninə çevrilər.
Həzrət
Füzeyl bir Əyad
...Qiyamət
günü bir çox varlılar ağır cəza çəkəcəklər.
Güclülər isə möhtəşəm vahimə
yaşayacaqlar...
lll
Allah
sevdiyinə əzab göndərir, sevmədiklərinə isə
bu dünyanın nemətlərini bəxş edir...
lll
Cənnətdə göz yaşı axıtmaq
mümkün olmadığı kimi, bu dünyada gülmək
heyrət və təəccüb doğurur. O səbəbdən ki, Cənnət –
göz yaşı, bu dünya gülüş məkanı
deyil...
lll
Otuz ildi,
mənim üzüm gülmür...
lll
Danışırlar
ki, bir gün Füzeyl onun görüşünə gəlmək
istəyən qohumlarına:
–
Özünüzə mənalı bir iş tapmadınız
ki, vaxtınızı belə axmaq işlərə sərf
etmək istəyirsiz? – deyə cavab verib.
Həzrət
Üveys Gerani
Kim ki,
Allahı özünə dost bilir, o kəs bir məxluqla dost
münasibəti qurmur.
lll
Ölümün
qənşərində yat (onu yaxınlığında hiss et), yuxudan ayılarkən isə
düşünmə ki, çox yaşayacaqsan...
lll
Günlərin bir günü bir nəfər Geraniyə
bir neçə quruş təklif edir. Gerani iki dirhəmi
olduğunu bildirib, quruşları qəbul etməkdən
imtina edir.
Həmin adam Geraniyə:
– O miskin
dirhəmlər sənin neçə gününə bəs
edəcək ki?.. – deyəndə,
Gerani ona belə cavab verir:
– Verdiyin
o quruşlardan sonra mənim nə qədər
yaşayacağıma zəmanət verə bilərsən?..
Həzrət
əbu Şəfiq Bəlxi
Allaha xidmətin doqquz payı tənhalıq və qorxu,
bir payı sakitlikdi.
lll
Ölüm gələndə, bir daha çəkilib
getmir. Odu ki, hər an Ona hazır ol.
Həzrət
Həris Mühasibi
Bircə tikə quru çörək kifayətdi ki, dərvişin
könlü açılsın.
lll
Çox yemək – qəlbin aynasını bulandırar.
lll
Susmaq, oruc, tənhalıq – Yolun əsasları
bunlardır.
lll
Təsəvvüf (sufilik) – bütün bəlalardan
keçmək qabiliyyəti və Allaha aid olmayan şeylərdən
imtinadır.
lll
Bu dünyanın işləri ilə məşğulluq
– həqiqəti anlamağa əngəllər yaradır.
lll
Ağla və həyatının sonu barədə
düşün.
lll
Ucalarıdan Ucanın nəzərində bu dünya
ağcaqanaddan dəyərli deyil.
Həzrət
Mühəmməd Səməq
Səməqdən
evlənməməyinin səbəbini soruşanda o:
– Mənim
iki iblislə mübarizə aparmağa gücüm yoxdu. – deyib.
Həzrət
İbrahib bin Ədhəm
Dərviş olana qədər İbrahim Bəlxin
sultanı idi, var-dat içində yaşayırdı. Günlərin bir
günü öz sarayında yatdığı yerdə o,
damda gəzən adamların ayaq səsinə oyanıb
yuxarıdakılara:
– Kimdi
orda, damda gəzir?.. – qışqıranda
yuxarıdan dərhal:
– Sən
tanıdıqların. – cavabı gəlir.
– Biz burda itkin düşmüş dəvəni
axtarırıq.
Sultan heyrət
içində:
– Ey mənim
tanımadığım kəslər, dəvə dama necə
çıxa bilər axı? – deyəndə,
yuxarıdan:
– Sultan
libası geyinib, Allahı axtarmaq ümidi ilə yaşamaq necə
olarsa, elə. – cavabı eşidilir.
Bu cavabdan
sultanın vücudunu Ucalardan Ucanın qorxusu sarır...
Bu hadisədən
bir qədər keçmiş, İbrahim sarayın qəbul
otağında oturarkən, içəri
tanımadığı bir adam daxil olur. Bu adamın əzəmətli görkəmi saray əhlini
heyrətə gətirirsə də, bir kəs ondan
adının nə olduğunu və bura necə gəlib
çıxdığını soruşmağa ürək eləmir.
Yad adam ətrafına nəzər sala-sala
birbaş sultanın taxtına sarı yeriyir.
İbrahim
ondan, buralarda nə axtardığını soruşanda o:
– Bu
karvansarayda münasib yer axtarıram, əyləşim. – deyir.
İbrahim
qəzəb içində:
– Amma bura
karvansaray deyil, mənim sarayımdı!.. –
qışqıranda, yad adam:
– Bu saray əvvəllər
kimin olub? – deyə sultandan soruşur.
– Mənim
atamın. – İbrahim cavab verir.
– Bəs
ona qədər? – yad qonaq sualına davam
edir.
– Mənim
babamın. – Sultan cavab verir.
– Sahiblərinin
qısa müddət ərzində yaşadığı,
onlar gedəndən sonra yerlərini başqaları tutduğu
bir yeri daha necə adlandırmaq olar?.. – yad adam deyir və yoxa çıxır.
Hamı
dağılışandan sonra İbrahim diz çöküb
Allaha yalvarır ki, O, bu adamın kim
olduğunun sirrini ona açsın. Və məlum olur ki, bu adam – Xıdır İlyas imiş. Bunu biləndə,
sultanın vücudunu yenə Allah qorxusu sarır...
Bu hadisədən çox keçməmiş, sultan əyanlarıyla
ova çıxır. Ovçuların gözü qəfildən
ağacların arasıyla gəzişən iri buynuzlu marala
sataşır. Ovçular maralın
ardınca götürüləndə, sultanın atı o
biri atları ötüb, hadisə yerindən uzaqlaşır
və çox keçmir ki, meşənin kimsəsiz dərinliyində
peyda olur.
Bu məqam
qeybdən Allahın sədası gəlir:
– İbrahim!
Nə qədər ki, ölməmisən, ayıl!..
Bu sözlər bir neçə dəfə təkrar
olunur. Sultan heyrət içində donub qalır və
huşunu itirir. Özünə gələndə,
yaxınlıqda dayanan maralı görür. Əlini
yayına atıb oxu buraxmaq istəyəndə, maral
üzünü ona çevrir və insan səsiylə:
– Mən
bu meşəyə səni ovlamaqdan ötrü gəldim, sənin
ovun olmaqdan ötrü yox. – deyir. – Sən
məni öldürə bilməzsən. İndi cavab ver: nə
vaxtsa düşünmüsən ki, Ucalardan Uca səni nədən
ötrü yaradıb?.. Məgər
ondan ötrü yaradıb ki, həyatını eyş-işrət
içində puç edəsən? Özünə
layiqli məşğuliyyət tapa bilmədin?..
Maralın dediyi bu sözləri sultanın hadisə yerinə
yaxınlaşmaqda olan əyanları da eşidir.
İbrahimi
Ucalardan Ucanın cəza alovunun qorxusu bürüyür və
qəlbində, hələ bu vaxta qədər
duymadığı anlaşılmaz hisslər baş
qaldırır... O, maralın
qarşısında dizi üstə düşür, tövbə
edib ağlayır, göz yaşları sultanlıq
libasının yaxalığını isladır...
İbrahiminin həqiqi inama oyanışı belə
baş verir.
Bu hadisədən sonra o, sarayı və
yaxınlarını tərk edib meşəyə çəkilir. Orda sultan
libasını – bu dünyanın bahalı, lakin çirkab və
günah dolu hökmdar geyimini ilahi saflıqdan biçilmiş
maral dərisinə dəyişərək, meşənin dərinliyinə
yollanır. Bütün yolu
günahlarına görə tövbə etməkdən
yorulmadan, dualar oxuyub, göz yaşı tökə-tökə
gedir və nəhayət, təklənə biləcəyi
mağaraya yetişir.
İbrahimin
uzun-uzadı doqquz ili bu tənha mağarada
keçir. Ordan o, yalnız cümə günləri,
o da meşədən odun yığıb bazarda satmaq
üçün çıxır. Əldə
edilən pulu özünə lazım olan ən zəruri
şeylərə və yaxınlıqda məskunlaşan dərvişlərə
xərcləyir.
İbrahimin möminliyi barədə xəbərlər tezliklə bütün məmləkəti bürüyür. O özü isə mağaranı tərk edib Məkkəyə yollanır...
Bu hadisədən bir müddət sonra öz sarayını tərk etmiş şeyx Əbu Səid də, hansı möcüzə iləsə İbrahimin tənha mağarasına gəlib çıxır və deyilənə görə, orda mağaranın havasına hopmuş ecazkar qoxunu – şirin müşk-ənbər ətrini duyur...
lll
...Məkkəyə aparan səhra yollarında İbrahim qumun üstündə üzərlərinə örtük çəkilmiş yetmiş dərvişə rast gəlir. Onlardan altmış doqquzunun bədəninin al qana bürünmüş ölü olduğunu, sonuncu dərvişin isə nəfəsinin hələ də gəldiyini hiss edib, ondan nə baş verdiyini soruşur.
Dərviş İbrahimə söyləyir:
– Kamillik yolu hədsiz çətin yoldu. Bu yolda ehtiyatlı olmaq gərəkdi. Mütləq bir kuzə suyun və başının üstə damın olmalıdı. Gerçəkdən nə çox uzaqda olmalısan, nə də həddən ziyadə onun yaxınına getməlisən. Sayıq olmalısan ki, nə Onun hökmünə riayətdə diqqətsizliyə yol vermiş olasan, nə də ifrat cəsarətinlə həddini aşasan. Ey cavan, bil ki, biz sufilər idik... Allaha, bir kəlmə olsun, danışmadan, susacağımıza, Ondan savayı heç kimdən qorxmayacağımıza, hər addımımızı kamilliyə doğru atacağımıza və Ondan savayı bir kəs və bir şey haqqında fikirləşməyəcəyimizə and içmişdik. Lakin Məkkəyə çatanda, bizi müqəddəs Xıdır İlyas qarşıladı. Biz bundan çox xoşbəxt olduq, onu salamlayıb dedik ki, Allaha minnətdarıq ki, əziyyətlərimiz əbəs getmədi, onunla görüşmək səadətini bizə nəsib elədi. Lakin sözümüz ağzımızdan çıxar-çıxmaz, Allahın qəzəbli Səsini eşitdik.
O: “Siz Mənə verdiyiniz andı pozdunuz!” – dedi. – “İndicə Mənim yaratdığımla həmsöhbət olmaqdan ötrü Məni – onu Yaradanı unudan siz olmadınız?.. Buna görə öləcəksiz.”
İndi ey cavan, gördüyün bu adamlar Ona olan sevginin
alovundan ölənlərdi. Odu ki, İbrahim, bunu indi həll et: bu Yollamı gedəcəksən, yoxsa, evinə
qayıdacaqsan...
İbrahim soruşanda ki, “bəs sənə ölümdən
qurtulub, bu dünyada qalmaq necə nəsib oldu?” Dərviş ancaq:
–
Gördüyün bu canlarını tapşırmış
sufilər Yolun əvvəlində artıq yetişmiş,
kamil insanlar idilər. Mən isə hələ çox gənc
və təcrübəsiz idim... – deyə bildi və
canını tapşırdı...
(ardı gələn şənbə sayında)
Afaq Məsud.
525-ci qəzet.-
2013.- 25 may.- S. 19.