Quranı yenidən düşünərkən...
(Ankara konfransından
qeydlər)
May ayının əvvəllərində Ankarada “Qurani Kərimin
yenidən düşünülməsi” mövzusunda beynəlxalq
konfransda iştirak etdim. Teoloqların, ilahiyyatçıların
sahəsi sayılan bu mövzunu bu dəfə filosoflar
müzakirə etməyi qərara almışdılar. İmanı, ilahi vəhyi sırf düşüncə
prizmasından araşdıracaqdılar. Konfrans
çıxışımı hazırlayanda Quran hikmətlərini
təkrar düşünməyimə baxmayaraq, konfransdan sonra
bu barədə bir daha düşünməli oldum. Və Ankaradan bir çox qaranlıq anlara
işıqla qayıtdım.
Quran və qərblilər
Qərbdə bir çox alimlər, filosoflar var ki,
Quranı, İslam fəlsəfəsini yüksək səviyyədə
araşdırıblar. Yəni bir şərqşünas kimi
onlar öz işlərinin öhdəsindən çox gözəl
gəliblər. Məsələn, Həllac Mənsur deyəndə
elm aləmində ilk yada düşən fransız şərqşünas Louis
Massinyon olur. Yaxud Reynold Nikolsonun, Albert Arberrinin, Annemari
Şimmelin adları, gördükləri işlər İslam
aləmində kimə bəlli deyil ki! Onların əsərləri,
tədqiqatları az qala mənbə qədər
əhəmiyyət qazanıb, çünki öz tədqiqat
obyektlərini sevib, ucalığını dərk ediblər və
bu sevgi onların yazılarını nurlandırıb. Belə tədqiqatlar bu gün də davam edir. Amma mən diqqəti başqa bir məsələyə
yönəltmək istəyirəm və əsas istinadım
konfransda alimlərin müşahidə etdiyim düşüncələri
və mövqeləri olacaq.
Hər
şeydən əvvəl qeyd edim ki, Qərbdə İslam fəlsəfəsini,
Qurani Kərimi araşdıranların çoxu, hətta əksəriyyəti
qeyri-müsəlmandırlar: ya xristian, ya da yəhudi. Bu isə o deməkdir ki, onlar Qurani Kərimin Allahın
kəlamı, ilahi vəhy olmasına inanmırlar. Belə
olan halda, təbii ki, bunu iddia edən müsəlmana bir
inamsızlıq, hətta antipatiya bəsləyənlər də
var. Bununla belə bu, onların müsəlmanlarla Quran həqiqətləri,
İslamın mahiyyəti barədə mübahisələrə
girməsinə mane olmur. Və çox məyusedici
haldır ki, bəzən ya qalib olurlar, ya da ironik bir təbəssümlə
söhbətdən aralanırlar. Əslində
onların belə hazırlıqlı olması normaldır.
Çünki yad bir sahəyə girməyə
iddialıdırlar. Nəticədə, belə
məlum olur ki, bu qeyri-müsəlmanlar müsəlmanların
dinini onların özlərindən daha yaxşı
tanıyırlar. Və məhz buna görə
də müsəlmanın zəif tərəflərini gözəl
bilir və bundan istifadə edirlər.
Digər tərəfdən, mən İslam Şərqindən
hər hansı bir müsəlman tədqiqatçının
Bibliyanı araşdırdığını, məsələn,
xristianlarla xristianlıq haqqında ciddi elmi mübahisəyə
girdiyini görməmişəm. Hər halda belə bir
məşhur alim tanımıram. Bu isə,
o deməkdir ki, müzakirə obyekti, “müharibə
zonası” daha çox İslam və müsəlmandır.
Maraqlıdır ki, konfransda Fəsdən olan bir tələbə
bu sualı pensilvaniyali bir professora verəndə o, sualı
zarafatla təxribat adlandırdı və: “Qurani Kərimdən
fərqli olaraq həm Tövrat, həm də İncil
bütün bəşəriyyət üçün deyil,
yalnız bir xalq və bir qrup insan üçün nəzərdə
tutulub”, – dedi. Dəmir kimi bir məntiq: bizimki bizə, sizinkini
isə bölüşək, paylaşaq. Həqiqətən
də, İslam tək müsəlmanlar deyil, bütün bəşəriyyət
üçün nəzərdə tutulduğuna görə, hər
kəsin ixtiyarı var ona müraciət edib
araşdırsın, öz payını götürsün.
“İman bir yerə gedər, güman min yerə”, – deyiblər. Bizim
gümanımıza da çox şey gəldi.
Birincisi, müsəlman özü özünü
lazımi səviyyədə araşdıra bilmədiyinə,
buna savadı, hazırlığı yetmədiyinə görə,
Qərb bunu onun əvəzinə edir, ona və ümumilikdə
bəşəriyyətə xidmət göstərir. Axı, müsəlman
özü də iddia edir ki, islami həqiqətlər
ümumbəşəridir və hər kəs ondan xəbərdar
olmalıdır. Qərb də belə ali,
universal həqiqətləri dünyaya bəyan etməyi
öz öhdəsinə götürür – bütün qlobal
şeylər onların əlindən, onların şərhində
gəlməlidir axı və biz də yalnız Qərbdən
gələni qəbul edirik axı!
Lakin burada bir məntiqsizlik yaranır. Əgər
islami həqiqətlər, dəyərlər qərbliləri
məhz gözəlliyi, universallığı ilə cəlb
edirsə, yəni onlar bir növ Allahın bütün
insanlara ünvanlandığı hikmətləri mənimsəmək
istəyirlərsə, niyə o
araşdırmaçıların sadəcə barmaqla
sayıla biləcək qədəri İslamı qəbul
edir? Bəlkə bu, İslamın xoş məramından,
tolerantlığından irəli gəlir? Lakin heç də həmişə belə olmur.
Məsələn, konfransda bir holland tədqiqatçı 5 il Quran haqqında dissertasiya yazmağına
baxmayaraq, ona nəinki inanmadığını, heç
hörmət etmədiyini də vurğuladı. “İnansam,
müsəlman olardım, – dedi. Mən azad
insanam və bir kitabın dedikləri ilə özümü məhdudlaşdıra
bilmərəm”. Deməli, məqsəd heç də gözəllikdən
pay almaq deyil. Bu, onlar üçün sadəcə
yüzlərlə tədqiqat mövzularından biridir.
İkinci versiyaya görə, İslam o qədər dərin
və genişdir ki, qərblilər orada yeni söz, yeni
yaradıcılıq mənbəyi tapa bilirlər. Məgər
Hegel demirdimi ki, həqiqəti olduğu kimi,
parçalanmamış şəkildə öyrənmək
istəyirsinizsə, məhəmmədilərə müraciət
edin? Məgər Arberri xəbərdarlıq etmirdimi ki, “günümüzdə
Avropanı qurtaracaq tək şey Mövlananın əsərləridir,
fikirləridir... çünki onlarda
çağımızın xəstəlikləri
üçün ruhani əlac və təsəlli tapmaq
mümkündür”. Hər halda belə düşünmək
olar ki, hələ orta əsrlərdə Qərb təfəkkürünün
təşəkkülü və inkişafı
üçün mənbə ola bilmiş
İslam fəlsəfəsinə bu gün də bir qərblinin
müraciət etməsi məntiqli və təqdir olunası
addımdır. Əcəba, bunu müsəlmanlar
özləri də tapa bilməzlərmi? Birbaşa
bulağın başında oturmuş birisi niyə həmin
suyu başqasının qabından, təqdimatında içməyə
üstünlük verir?
Göstərilən nümunələrdən də
göründüyü kimi, müraciətlər daha çox
İslamın bütün sevgisini, ülvi mahiyyətini
özündə ehtiva edən təsəvvüfə olub. Yəni “Gəl, hər kim olursan ol, gəl. İstər
bütpərəst ol, istər kafir, yetər ki, gəl”, –
çağırışı cavabsız qalmayıb. Belə görünür ki, bütün kəşflərə
imza atan (bu kəşf bəzən heç ona aid olmasa da) Qərb
təsəvvüf vasitəsilə İslamın mahiyyətinə
dalaraq həm bu dünyanın, həm də insanın gizli,
mistik pərdələrini açmaq məsuliyyətini öz
üzərinə götürür. Və
maraqlıdır ki, Mövlananın
çağırışı hərfi qəbul olunur və
İslamı qəbul etmədən də təsəvvüfə
sahib çıxanların sayı artır. Məsələn,
həm İordaniyada (müsəlmanlara məxsus), həm də
İngiltərədə (xristianlara məxsus) İbn Ərəbi
cəmiyyəti var. Birincini tək-tək adamlar
tanıdığı halda, ikinci az qala
İbn Ərəbinin məbədinə çevrilib və ona
üzv olmaq böyük fəxr sayılır... müsəlman
üçün. Bu nədir? Daha məqsədyönlü fəaliyyətin nəticəsi?
Yoxsa müasir dövrün damarını daha
yaxşı tutmaq? Bəlkə layihələrin
düzgün qurulub, maliyyənin daha faydalı
yatırımı?
Suallar çoxdur. Amma bir şey də məlumdur: bütün
çalışmalara, dərindən
araşdırılmağa baxmayaraq, Qərb təfəkküründə
İslama, Məhəmməd peyğəmbərə və
Qurani Kərimə sevgi azdır, hətta bəzən
ümumiyyətlə yoxdur! Eyni obyekti
araşdıran iki tədqiqatçı arasında bu qədər
böyük fərq, hətta ziddiyyət haradan qaynaqlanır?
Baxış bucaqları niyə bu qədər fərqlidir?
Cavab yenə də Qərbdən gəldi, təəssüf
ki. Bir tanınmış yəhudi şərqşünasın
– professor Oliver Leamanın dilindən. O,
konfransda Bibliyada və Qurani Kərimdə peyğəmbərlərin
obrazlarından danışdı. Və o nitqdə
mənə lazım olan cavabı tapdım.
Bir həqiqətə iki baxış
Oliver Leamanın dedikləri sadəcə Bibliyadakı və
Quranı Kərimdəki faktların
çatdırılması idi. Hətta mütəxəssislər
ona irad tutdular ki, müqəddəs kitabları oxuyanlar
bunları bilir, bəs sənin demək istədiklərin nədir?
Onun dediklərini, daha doğrusu, artıq məlum
faktları mən də təkrar edəcəyəm, sadəcə
öz şərhlərimlə və kontekstə uyğun.
Qurani Kərimdən fərqli olaraq Bibliyaya (bura həm
Tövrat, həm də İncil aiddir) görə peyğəmbərlər
saf, Allaha sədaqətli, yüksək humanist duyğulara sahib
şəxsiyyət olmayıblar. Məsələn,
Yaqub peyğəmbər əslində peyğəmbərliyə
sahib olan əkiz qardaşının yerini tutmaq
üçün atasını aldadır, sonra qorxub ölkəsindən
qaçır, daha sonra mələk cildində yerə enən
Tanrı ilə vuruşaraq ondan peyğəmbərlik tələb
edir. Yaqub on iki oğlu ilə bərabər
uzun müddət məskunlaşmağa məkan axtarsa da,
oğullarının xəyanətkar və satqın
xüsusiyyəti üzündən didərgin
düşür. Nəhayət, oğlu
Yusif peyğəmbərin yanına – Misirə
köçür və böyük ərazilərə sahiblənərək
firavan yaşayır.
Yaxud Davud peyğəmbər gözəl bir qadına
sahib olmaq üçün hiylə ilə onun həyat
yoldaşını ölümə göndərir. Ailəsini
düzgün idarə edə bilmir və övladları
arasında tam bir pozğunluq hökm sürür. Və
s. Bir sözlə heç bir peyğəmbər nəinki məsum
və günahsız deyil, əksinə hətta adi insanlardan
daha çox nəfsinə düşkün, daha günahkar,
hiyləgər və var-dövlət hərisidirlər.
Belə
faktları daha çox və daha detallı çatdıran
Oliver Leaman belə bir sual verdi: “Əcəba,
biz (yəni yəhudilər, xristianlar və müsəlmanlar)
eyni insanlardanmı, peyğəmbərlərdənmi
danışırıq? Biz eyni Tanrıyamı səcdə
edirik?” Orada verdiyim sualı və cavabı
indi də verim.
İki müqəddəs kitabda belə prinsipial məsələlərin
– peyğəmbərlərin xarakterinin, şəxsiyyətinin
bu qədər bir-birindən fərqlənməsi ona dəlalət
etmirmi ki, Bibliya həqiqətən müəyyən təhriflərə
məruz qalıb? Bu, açıq-aşkar sübut etmirmi
ki, Bibliya kimlərinsə mövqeyindən yazılıb?
Deməli, Bibliya hansı isə bir insanın qələminin
və düşüncəsinin, baxış
bucağının nəticəsidir, təhrif olunmayan Qurani Kərim
isə Allahın. Düzdür, Leaman mənə
soyuqqanlıqla cavab verdi ki, “əksinə, Tövrata inanan və
səcdə edən din xadimləri tam əmindirlər ki,
Musanın ölümünün təsviri olan son 3-4 ayət
xaric, qalan bütün mətnə ilk gündən bəri
heç bir dəyişiklik edilməyib. Qurani Kərim
isə zaman-zaman kimlərinsə mövqeyinə uyğun olaraq
dəyişdirilib”. Bunun oradakı müsəlmanların
etirazına, hətta qəzəbinə səbəb
olacağını bilə-bilə başqa nə deməliydi
ki! Onun əsas məqsədi Quranın digər
kitablardan fərqləndiyini və təhrifə
uğradığını (!) vurğulamaq idi. Mən
“Kafirun” surəsindəki “Sənin dinin səndə, mənim dinim
məndə,” – deyib mübahisəni uzatmadım. Amma daha bir qaranlıq məsələyə
aydınlıq gəldi.
Hər ümmət öz peyğəmbərinə bənzəməyə,
ondan nümunə götürməyə
çalışır – imanının, dininin bələdçisi
kimi. Düzdür, bir hədisdə deyildiyinə görə,
“Hər doğulan uşaq İslam fitrəti ilə doğulur.
Daha sonra ata-anası onu ya xristian, ya yəhudi, ya
da məcusi edər.” Məlumdur ki,
yalnız valideynlər deyil, cəmiyyət də insanların
tutduqları yola güclü təsir göstərir və
onlar nümunə götürdükləri peyğəmbərə
uyğun olaraq ya yəhudi, ya xristian və s. olurlar. Üstəlik, Qurani Kərim də buyurur ki,
insanların fərqli olması Allahın iradəsindən
asılıdır. Lakin biz diqqəti Allah
Təalanın yaratdığı müxtəlifliyə deyil,
insanın etdiyi təhriflərə yönəltmək istəyirik.
İnandıqları, üz tutduqları peyğəmbərlərdən,
deyilən faktlardan çıxış etsək, belə məlum
olur ki, müsəlmanın digər ümmətlərdən fərqlənməsi
təbiidir. Və müsəlmanın özünün də
inandığı, başqasından da gözlədiyi ilk
keyfiyyət məsumluq və dürüstlük olduğuna
görə, qarşı tərəfin gülüş hədəfinə
çevrilməsi, hətta düşüncələrinin
ciddi qəbul edilməməsi təbiidir. Taleyin qismətinə
bax! Əslində, eyni Tanrıya səcdə etdiyimiz (Qurani Kərim
belə buyurur) halda, tarixin hansı dönəmində isə
bir bəşər övladının şəxsi
marağından irəli gələn bir təhrif ümmətin
düşüncəsini bu qədər dəyişə bilib!
Konfrans zamanı ilahi kitabların müqayisəsində
belə bir incəlik də vurğulandı ki, Tövrat
Tanrını insanlardan təcrid etdi, İncil, əksinə,
onu bəşəriləşdirdi. Zənnimcə, əslində,
insan Tanrısı ilə deyil, öz düşüncəsinin
hüdudları, “mən”i ilə oynadı. O, gah ilahi
bağından, əlaqəsindən xəbəri olmadan kimlərinsə
marağına xidmət etdi, gah da ən ali
nümunəsinin elə özü kimi bir insan olmasına
inandı. Başqa sözlə desək, bir bəşər
övladının şəxsi marağı digərlərinin
düşüncələrini idarə etməyə
başladı və ilahi aləmə – vəhdətə
çatmayan insanların sayı qədər yollar kəsişdi,
toqquşdu, xaos yarandı.
Mümkün ki, bu səbəbdən bu gün bir müsəlmanla
bir xaçpərəst qeyri-şüuri olaraq fərqli dəyərlər
sahibidirlər, fərqli düşünüb, fərqli məqsədlər
uğrunda mübarizə aparırlar. Peyğəmbərlərinin
obrazından irəli gələn bir zərurətlə
müsəlmanlar gözəl, mistik, ülvi duyğuların təsiri
ilə cənnətin, mənəvi dünyanın tərənnümçüsü
olub, son tikələrini belə məmnuniyyətlə
bölüşdükləri halda, Bibliya təbəələri
hətta onlara məxsus olmayan bir şey, məkan uğrunda belə
siyasət işlədir, mübarizə aparır, son nəticədə
onu mütləq əldə edə bilirlər. Yaqub öz
peyğəmbərliyini qazandığı kimi...
Nəhayət, onu da əlavə etmək lazımdır
ki, mənim fərqlər barədəki şərhlərim
bir müsəlmanın şərhidir. Bir qeyri-müsəlman isə
bu fərqlərlə Quranın nə dərəcədə
ilk mənbələrdən (Tövrat və İncildən)
uzaq olduğunu, öz sələflərini necə “təhrif
etdiyini”, real həyatdan necə uzaq olduğunu göstərməyə
çalışır. Əlbəttə, bu
fikir bəzən açıq-aşkar səslənmir, sadəcə
Qurani-Kərim daim Bibliyaya nisbətdə tədqiq edilir,
müqayisələr aparılır, fərqlər aşkar
edilir. Konfransda bir türk professorun qərbli alimlərə
iradla verdiyi: “Axı niyə siz daim Quranın orijinal
olub-olmamasını yoxlamağa
çalışırsınız? Niyə Quranı daim
sorğu-suala çəkirsiniz?” sualına fransız tədqiqatçı:
“Mən yalnız faktları qeyd edirəm”, – cavabını verdi. Haqlı idi. Bunlar bu günün problemi deyil. Bu,
kökü əsrlər əvvələ gedib çıxan
qocaman bir ağacın yalnız bir-iki yarpağıdır.
Yarpaq isə kökün formasından xəbər
versə də, onu nə dəyişmək, nə də ondan
qopmaq iqtidarındadır.
Quran və
ərəb dili
Ərəb dili dünyada mövcud olan minlərlə
dildən biridir. Amma məhz Qurani Kərimin dili olduğuna
görə, tez-tez müzakirə mövzusuna çevrilir.
Maraqlıdır, kimsə, ingilis dilinin Şekspirdən bu yana hansı dəyişikliyə
uğradığından yazmır, yazsa da, geniş müzakirəyə
çıxartmır. Ərəb dili haqqında
isə Amerikadan tutmuş Malayziyaya qədər hərə bir
söz deməyi, bir məsləhət verməyi özünə
borc bilir. Konfransda da belə oldu. Ərəb
dili ən gur mübahisələrin mövzusu oldu, təkliflər
irəli sürüldü və s. Ən maraqlısı və
bütün konfrans boyu müzakirə edilən fikri isə
Pakistan əsilli, Londonda böyümüş, BBC-nin əməkdaşı,
adı bütün dünyanı başına almış bir
müxbir-yazıçı – Ziyaəddin Sərdar söylədi:
“Ərəblər özləri Qurani Kərimi anlamırlar,
çünki danışdıqları dil ədəbi dildən
fərqlidir. Belə olan halda, ərəb dili
lazımdırmı? Bəlkə
Quranın daha yaxşı anlaşılması
üçün onu yalnız yerli dillərdə öyrətsinlər?”
Düzdür, yəmənli professor az qala
üsyancasına qışqırmağa başladı ki,
Quranın möcüzəsi, əsl mahiyyəti onun ərəbcəsindədir.
Amma Sərdarın bu absurd təklifi belə bir
məkanda, həm də müsəlmanların arasında cəsarətlə,
meydan oxuyarcasına səsləndirilmişdi və hər
söhbətin mərkəz mövzusuna çevrilmişdi.
Yazıçının
fikrinə kəskin şəkildə etiraz edənlərdən
biri də nigeriyalı professor oldu: “Uzun illər boyu Qərb
xalqlarının müstəmləkəsi olmuş dövlətlərdə
yerli dil artıq demək olar ki, qalmayıb, onlar yalnız ərəb
dili vasitəsilə özlərini hansı isə
böyük bir dünyanın hissəsi hesab edə bilirlər
və bunu da bizim əlimizdən almaq insafsızlıq olar”. Belə bir nəticə çıxır ki, dil vasitəsilə
insan özünü həmin böyük dünyanın bir
üzvü hesab edə bilir. Lakin burada bir
sıra incə məqamlar da var. Nigeriyalı artıq onun
doğma dilinə çevrilmiş ingilis dili ilə deyil, ərəb
dili ilə özünü böyük dünyanın sakini
hesab edir. Deməli, müstəmləkə
olan bir ölkəyə ingilis dili hər hansı bir hakimiyyət
vermir, sadəcə bu, onun üçün öz sahibi ilə
yalnız ünsiyyət vasitəsi olur. Bununla
yanaşı, ərəb dili kifayət edirmi ki, insanlar vahid
bir dünyanın sakinlərinə çevrilib qardaş
olsunlar? Zənnimcə, problemin kökü
daha dərindir.
Əvvəla, ərəbin, ümumiyyətlə, müsəlmanın
Quranı anlamamasının və birləşə bilməməsinin
səbəbi yalnız dildirmi? Əlbəttə, yox. Maraqlıdır, hər nə qədər
Quranda “Biz Quranı sizin üçün
asanlaşdırdıq” deyilsə də, “heç
düşünmürsünüzmü” xəbərdarlığı
edilsə də, müsəlman əksər vaxtlar mətnin
dilindən, ilk, səthi informasiyadan o yana keçmək istəməyib.
Və İslam aləmində ən böyük
hünər hafizlik – Quranı əzbər və gözəl
qiraətlə oxumağı bacarmaqdır. Belə birisi, yaxud Quran təfsirçisi
İslamın hikmətini, fəlsəfəsini açmaq istəyəndən
daha çox müsəlman hesab olunub.
İkincisi, əcəba, Quranın bütün
möcüzəsi yalnız ərəbcə, orijinalda
oxunmasındadırsa, təfsirlər, hədislər niyə
bu qədər Quranı sıxışdırıb? Vəhy, ilahi
kəlam hər dövr üçün canlıdırsa,
aktualdırsa, nə üçün fərqli dövrlərin
müxtəlif səviyyəli və artıq rəhmətlik
olmuş təfsirçilərin rəyi daha önəmli hesab
edilir? Ümumiyyətlə, müsəlmanın məqsədi
nədir: Quranın hikmətini anlamaq və özünü
inkişaf etdirmək, özünə bir gün ağlamaq,
yoxsa özünü Quran bilicisi kimi göstərib dünyaya
dərs keçmək, ərəb dilinin möcüzələrini
anlatmaq? Yadıma Rabiə əl-Ədəviyyənin
insanları həqiqi imana çağırmaq
üçün cənnəti yandırmaq, cəhənnəmi
söndürmək arzusu düşdü.
Yox, mən qətiyyən ərəb dilinin əleyhinə
deyiləm. Mən sadəcə dil və təfəkkürün
bir-birini tamamlamasının tərəfdarıyam. Bu, xüsusi əhəmiyyətə malik bir məsələdir.
Təbii ki, bunların tarazlığının
pozulan vaxtları da olur. Belə ki, bir var
dil təfəkkürün ifadəçisi olur, bir də var
dil təfəkkürün istiqamətləndiricisi. Əlbəttə, elə sahələr var ki,
xüsusilə dəqiq elmlərdə, dil istər-istəməz
“xidmətçidir”. Lakin humanitar sahədə
eyni şeyi demək çətindir. Təsadüfi
deyil ki, İngiltərənin müstəmləkəçilik
siyasətinin tərkib hissəsindən biri düşüncələrin
ingilisləşdirilməsi olub və bunun əsas vasitəsi
ingilis dilinin tədrisi olub. Bu gün də,
ingilis dilinin yüksək keyfiyyət hesab edildiyi, dövlət
dili olmasa belə, hakim mövqe tutduğu cəmiyyətlərdə
bir ingilis özünü yerli sakindən daha rahat və əmin,
hətta hakim hiss edə bilir. Belə olmasa
idi, nigeriyalı “dövlət dilini” qoyub, ərəb dilini
müdafiə etməzdi.
Maraqlıdır, Şekspirin şeirlərinin gözəlliyini
anlamaq üçün ingiliscənin, Tolstoyu anlamaq
üçün ruscanın əhəmiyyəti
vurğulanırsa, Quranın ərəbcəsi niyə bu qədər
qısqanclıqla qarşılanır? Bir həqiqəti
bütün gözəlliyi ilə yalnız orijinalda dərk
etmək mümkündürsə, Qərb ərəb dilini
Qurani Kərimdən niyə ayırmaq istəyir? Onun ingiliscə təbliği onun mahiyyətinə
müdaxilə deyilmi? Əgər məqsədyönlü
və ya təsadüfi təhriflərə yol verilməzsə,
çox gözəldir, lazımdır. Amma
peşəkarlar üçün, elmi tədqiqat məqsədilə
onun məhz orijinalda oxunması çox vacibdir. Məsələn,
internet səhifələrindən öyrəndiyim bir məlumata
görə, Birləşmiş Ştatlarda hərbi hissələrdə
Qurani Kərim ingilis dillinə tərcümə edilərək
paylanıb – bir neçə prinsipial dəyişikliklərlə!
Görünür, problemin bir də
görünməyən tərəfi var.
Dil haqqında mübahisələri, səslənən
sualları və cavabları saf-çürük etdikcə,
belə qənaətə gəlmək olur ki, bu, İslam dini
ilə yeni, həm də çox təhlükəli
mübarizə üsuludur. Təsəvvüfü
İslam dinindən ayırmaqla sanki onun ruhunu əlindən
almağa çalışdıqları kimi, indi də onun
dilini əlindən almaq istəyirlər. Daha
qorxulu olan isə odur ki, bu silah bəzən müsəlmanın
öz əli ilə istifadə edilir.
Bəli, Quran öz dilindən ayrı salınarsa, zəifləmiş
olar. Ona görə ki, bir çox incə mətləblər
tərcüməyə sığmır. Dil
və mahiyyət bir-birini tamamlamasa, mahiyyət başqa formada
və daha praqmatik şəkildə təqdim olunarsa, bu, ilahi vəhy
yox, müəyyən cəmiyyətə, şəxsi
marağa xidmət edən müddəalar toplusuna, mistik sirlər
dolu rəvayətlər kitabına çevrilər. Yəni Bibliyanın aqibətini yaşayar. Belə bir mühüm cəhət də nəzərə
alınmalıdır ki, nə qədər qəribə səslənsə
də, yalnız Quran ərəb dilinin deyil, ərəb dili də
Quranın qoruyucusudur.
Nəticə
Mənim Ankara konfransındakı
çıxışım Qurani Kərimin hələ tam
reallaşdırılmamış potensialına həsr
edilmişdi. Hər nə qədər məruzəmdə müəyyən
suallara cavab tapmağa çalışsam da, yeni təkliflər
irəli sürsəm də, konfransdan sonra sualların daha da
çoxaldığının fərqinə vardım. Əcəba, biz öz dinimizi düzgünmü
tanıyırıq? İstər onun
yaxşısını deyəndə, istərsə də tənqid
edəndə nə dərəcədə məntiqə və
rasional biliklərə əsaslanırıq? Biz öz dəyərlərimizi təqdim edəndə
qarşıdakının dəyərlər sistemini nəzərə
ala bilirikmi? Qarşıdakının bizi
tanıdığı qədər biz də onu
tanıyırıqmı? Əks təqdirdə,
bizi dinləmirlər, ciddi qəbul etmirlər, bizim dəyərləri
bizə öz təqdimatlarında qəbul etdirib,
düşüncələrimizi, imanımızı idarə
etməyə çalışırlar.
Könül Bünyadzadə,
fəlsəfə elmləri doktoru
525-ci qəzet.- 2013.- 25 may.-
S.24-25.