Orta məktəblər üçün alternativ dərsliklər zamanın tələbidir

 

1998-ci ildən respublikamızda həyata keçirilən təhsil islahatları və bu istiqamətdə qəbul edilən Dövlət proqramlarının reallaşdırılması həm orta, həm də ali təhsilin məzmununa ciddi şəkildə təsir göstərməkdədir. Orta məktəblərimizdə Milli kurikulum anlayışı, ali məktəblərimizdə isə Kredit sistemi artıq təsdiqini tapıb. Ən əsası da odur ki, geniş ictimaiyyət bu proseslərin içindədir, ölkədə aparılan təhsil islahatları və onun məzmunu barədə hər kəsin məlumatı var, əldə edilən nəticələrə və üzə çıxan çatışmazlıqlara biganə qalan, demək olar ki, yoxdur. Təhsil sistemimizin Avropa və dünya təhsil məkanına uğurlu və sürətli inteqrasiyası göz qabağındadır. Bunun nəticəsidir ki, ölkəmizdə reallaşmaqda olan xaricdə təhsil proqramı ilə yanaşı, həm də xarici tələbələrin Azərbaycan ali məktəblərində təhsili üçün imkanlar genişlənir.

Ölkə prezidentinin sərəncamı ilə yeni təhsil nazirinin təyin olunması təhsil sahəsində yeni dövrün başlandığına, yeni yanaşmalar və təhsil texnologiyalarının tətbiqinə işarədir. Bu, ilk növbədə insan faktoru, yeni nəslə mənsub kadrların potensialından, onların müasir və çevik dünyagörüşü və yanaşma prinsiplərindən yetərincə faydalanmaq cəhdi ilə bağlıdır.

Dünya sürətlə dəyişdiyi kimi, onun inkişafını şərtləndirən təhsil də sürətlə dəyişir, yeni təhsil modelləri tətbiq edilir. Bizdə də bu proseslər gedib və gedir. Lakin sürətli dəyişikliklər fonunda itirdiklərimiz və artıq bərpa etmək gücündə olmadığımız dəyərlər də var. Düzdür, subyektiv səbəblərlə yanaşı, burada obyektiv səbəblər də olub və onlar yenə qalmaqdadır...

Bu məqalədə məqsədimiz aparılan və nəticəsi göz qabağında olan islahatlardan danışmaq deyil. Məqalənin mövzusu orta məktəblər üçün dərsliklər problemidir ki, bu sahədə də Azərbaycanda kifayət qədər təcrübə və uğurlar əldə olunub. Orta məktəblər üçün dərsliklərin yazılması və nəşri işində uğurlarımıza kölgə salan bir məqam var ki, bu barədə həm Təhsil Nazirliyində, həm nəşriyyatlarda, həm də müəllif kollektivləri arasında çox danışılır və müzakirələr aparılır, lakin bu günədək köklü dəyişikliklər yoxdur. Söhbət alternativ dərsliklərin mövcudluğundan, tədris standartları, proqramlar, Milli kurikulumun tələbləri əsasında yazılan orta məktəblər üçün bərabərhüquqlu dərsliklərin   istifadəsinə şəraitin yaradılmasından, onların yazılması, nəşri və istifadəsində alternativlik prinsipinin gözlənilməsindən gedir. Məsələnin müsbət həllinin orta təhsil pilləsinə cavabdeh olan Təhsil Nazirliyinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının, məktəbin, fənn müəllimlərinin, ən əsası da şagirdin marağında olmasını əsas götürərək, bu istiqamətdə bəzi mülahizələrimizi bildirmək istərdik. Əslində heç kəsin və heç bir təşkilatın marağına toxunmayan, hansısa yeni və daha məqbul texniki prosedurların gözlənilməsini tələb edən bu məsələnin bu gün bizimçün hansı fəsadlar törətdiyini açıqlamaqla dərsliklərin istehsalında və istifadəsində alternativliyin təmin edilməsindən əldə edə biləcəyimiz faydanı önə çəkmək niyyətindəyik.

Birincisi, dərsliklərin hazırlanmasında və istifadəsində alternativlik yeni mövzu deyil. Bəlkə də, bu gün ölkənin təhsil sisteminin malik olduğu imkanlar əhatəsində məsələni qabartmaq və bir daha gündəmə gətirmək yersizdir. Çünki sosialist sisteminin və təfəkkür tərzinin süquta yetdiyi, analoji təhsil islahatları və proqramları həyata keçirən Şərqi Avropa və MDB ölkələrinin böyük əksəriyyətində bu məsələ çoxdan öz həllini tapıb. Hələ 1998-ci ildə Budapeştdə olarkən ölkənin Təhsil Nazirliyində bizə orta məktəb dərsliklərin hazırlanması, müəllif və nəşriyyat kollektivlərinin, dərsliklərin satış və marketinq şəbəkəsinin işi haqqında məlumat verildiyi zaman aydın oldu ki, 7-ci sinif üçün eyni proqram əsasında hazırlanmış 70 “Cografiya” və 30 “Riyaziyyat” dərsliyi mövcuddur. Müəllif və nəşriyyatlar, məktəb və müəllimlər, valideyn və şagirdlər üçün seçim imkanları, rəqabət meydanı var.

Açığı, məndə olan məlumatlara görə, bu məsələ bizim Təhsil Nazirliyində də dəfələrlə qaldırılıb, tender komissiyasında müəyyən olunmuş bal həddini aşan bəzi dərsliklərə dərs vəsaiti kimi yaşıl işıq da yandırılıb. Lakin texniki şərtlər və tələblər üzündən, yəni satınalmalarla bağlı Dövlət qurumunun bu işə razılığı olmadığından məsələ öz həllini tapa bilməyib. Sadə təhsil işçisi, ömrünü orta və ali təhsil işinə xərcləməkdə olan Azərbaycan vətəndaşı kimi məndə məntiqi bir sual yaranır: orta təhsil üçün bunca elədiklərimizin, gördüyümüz işlərin qarşılığında belə bir natamamlığın və paradoksallığın  kimə nə faydası var? Milli kurikulum əsasında 1 və 5-ci siniflər üçün 40-dan çox dərslik sifariş verildiyi halda, cəmi dörd adda dərslik üzrə tenderin baş tutması bizi narahat etmirmi? Belə bir vəziyyətdə istədiyimiz dərslik komplektlərini əldə edə bilərikmi?

İkincisi, ölkənin bütün regionlarının və məktəblərinin cəlb olunduğu, son illərdə milli təhsil sistemimizdə köklü dəyişikliklər yaradan, yeni tədris texnologiyalarını və pedaqoji-psixoloji yanaşmaları, informasiya-kommunikasiya vasitələrini məktəblərimizə intensiv şəkildə gətirən Milli kurikulum müəllimlər üçün yeni perspektivlər və yaradıcılıq imkanları açıb. İndi ölkədə və xaricdə müvafiq təlim kursları keçən, Təhsil Nazirliyinin xətti ilə xaricdən dəvət olunan ekspert və mütəxəssislərin apardıqları seminar-treninqlərdə iştirak edən, lazımi hazırlıq səviyyəsinə malik yaradıcı müəllimlərimiz yüzlərlədir.

Möhtərəm Prezidentimizin sərəncamı ilə Təhsil Nazirliyi tərəfindən reallaşdırılmış beşillik “İlin ən yaxşı müəllimi” və “İlin ən yaxşı məktəbi” layihələri orta təhsilimizə olduqca böyük fayda verdi, sıravi məktəb və müəllimlərimiz mühüm layihə, axtarış və tədqiqatların müəllifinə çevrildilər.  Növbəti beş ildə də layihənin icrası, yəqin ki, ciddi nəticələrə gətirəcək.

Sual olunur: bu qədər potensialın qarşısında orta məktəblər üçün alternativ dərsliklərin olmaması şəraitinin mövcudluğu hansı məntiqə sığır? Bu, yaradıcı məktəb müəllimlərinin, pedaqoji kollektivlərin marağına cavab verirmi? Ölkəmizdəki multikulturalizm, demokratiya, yaradıcı mühit, təhsilimizə ayrılan külli miqdarda vəsait şəraitində bu vəziyyət bizi qane edə bilərmi? Bu imkanlara malik olduğumuz halda, nə üçün övladlarımıza, məktəb və müəllimlərimizə sərbəst seçim imkanı vermirik? Əgər dərsliklərimiz 100 min nüsxəyə yaxın, bəzən də artıq tirajla dövlət büdcəsi vəsaiti hesabına çap olunursa (təlim rus dilində olan məktəblərdə bu rəqəm 10-12,5 min nüsxə arasındadır), alternativ dərslik istehsalı üçün hansı maneə var? Bəzi qonşularımız kimi burada müəyyən  hədd də qoya bilərik: deyək ki, Dövlət standartı, proqramı və Milli kurikulumun tələbləri əsasında yaradılmış üç ən yaxşı dərslik layihəsinə qrif verilə və dövlət vəsaiti hesabına çap edilə bilər. Alternativ dərslik hüququ qazanmış tədris vəsaitləri nəşriyyatların vəsaiti hesabına da buraxıla bilər.

Üçüncüsü, nəşriyyatların (söhbət ənənəvi olaraq tədris ədəbiyyatları üzrə ixtisaslaşmış nəşriyyatlardan gedir) dərslik çapına könülsüz və ümidsiz qoşulması, öz ətrafına metodist müəllimləri, pedaqoji sahə üzrə mütəxəssis alimləri toplaya bilməməsi faktı da narahatlıq doğurur. Əlbəttə, üç-beş nəşriyyatın belə imkanları var, lakin onların bu sahədə dominant rolu bütövlükdə tam səmərə verə bilməz. Elə həmin o Macarıstan təcrübəsinə müraciət etsək, hələ 90-cı illərin sonunda orada orta məktəb dərslikləri nəşrinə 60-dan artıq nəşriyyat qoşulmuşdu. Eyni sayda əhaliyə və eyni böyüklükdə əraziyə malik Azərbaycan üçün də bu variant məqbuldur. Söhbət nəşriyyat-poliqrafiya sənayesində monopoliyanın mövcudluğundan getmir, məsələnin məğzi daha çox yaradıcı insanların – müəllim və pedaqoq alimlərin, müəllif kollektivlərinin işə cəlb olunmasından gedir. Heç kəsə sirr deyil ki, nəşriyyatlar üçün orta məktəb dərsliklərinin çapı böyük bir stimuldur. Axı məsələ dərslik, müəllim üçün vəsait və iş dəftərinin hazırlanması və çapı ilə bitmir. Nəşriyyatlar dərslik komplektlərindən törəmə dərslik vəsaitlərinin, tədrisə yardımçı materialların çapını da üzərlərinə götürməklə ətraflarında müəllif kollektivləri, ixtisaslı redaktor və korrektorlar, rəssam və dizaynerlər toplayır. Geniş mənada bu həm də müəllimlərin sosial ehtiyaclarının ödənilməsi, kitab bazarının normal formalaşması, şagird və müəllimlərin lazımi ədəbiyyatları əldə etməsi, vergi ödəyicilərinin sayının artması deməkdir.

Dördüncüsü, müşahidələrimizə görə, son illər dərsliklər eyni müəlliflər tərəfindən yazılır, burada daha çox məktəb müəllimləri fəallıq göstərirlər. Biz Zülfiyyə Veysovanın iştirakı ilə ibtidai siniflər üçün yazılan uğurlu dərslikləri qeyd etmək istərdik. Lakin bir müəllifin bu qədər dərslik komplektinə cəlb edilməsini də normal hal hesab etmirik.  Ali məktəbləri təmsil edən metodist və pedaqoq alimlər orta məktəb dərsliklərinin yazılmasına həvəslə qoşulmurlar. Təbii ki, müəlliflərə nəşriyyatlar tərəfindən kifayət qədər qonorar ödənilməməsi problemi var. Xüsusən də rus bölməsi üçün dərsliklərə görə müəlliflər qəpik-quruş alırlar ki, bu da təlim rus dilində olan məktəblər üçün dərsliklərin yazılmasına tək-tük müəllifin həvəs göstərməsinə səbəb olur. Axı tirajın dərslik və müəllimə, vəsait mətni hazırlayan müəllifə nə dəxli var? Nəşriyyatlar bu məqama xüsusi fikir verməlidirlər. Müəllif üçün qonorarın həcmi çap olunacaq dərslik və müəllim üçün vəsaitin tirajı ilə şərtləndirilə bilməz. Nəticədə tələm-tələsik iş görülür (Çap vərəqinə görə müəllif kollektivinə 100-150 manat pul ödənilən dərslikdən nə gözləyəsən?).

Təhsil rus dilində aparılan məktəblər üçün dərslik yaradıcılığında güclü rəqabətə meydan verilməlidir ki, fənn müəllimləri və şagirdlər digər ölkələrin tədris vəsaitlərinə – milli dəyərlər və ideologiyamızla, maraqlarımızla səsləşməyən, həm də istifadəsi normal tədris prosesi üçün sistemsizlik yaradan dərsliklərə  az müraciət etsinlər.

Elə bu məsələdən doğan bir cəhəti də önə çəkmək istərdim: metodika sahəsində orta məktəbin ali məktəbi qabaqlaması, ali məktəb tələbələrinin Milli kurikulumla tanış olmaması dolayısı  yolla bu məsələnin üstünə gəlib çıxır. Məncə, pedaqoji ali məktəblərimizin bütün metodist alimləri, məktəbdə pedaqoji təcrübəyə rəhbərlik edən metodist və pedaqoqlar təcili olaraq Milli kurikulum üzrə kurslarda iştirak etməli, ali məktəblərdə metodikanın tədrisinə münasibət dəyişməlidir.

Aparıcı metodist alimlərin orta məktəb dərsliklərinin yaradılması prosesinə cəlb edilməsinin faydası böyük ola bilər. Əvvəllər dərsliklərin yazılmasına məktəb müəllimlərinin cəlb olunması problemi var idisə, indi əks proses gedir: metodist alimlərimiz özlərini işə vermək istəmirlər.

Əgər Milli kurikulumun tətbiqinin  əsas qayəsi övladlarımıza bilik və bacarıqlar aşılamaqdırsa, metodist alimin elmi-pedaqoji fəaliyyətinin mənası şagird və tələbələr üçün müasir tələblərə cavab verən dərsliklərin, tədris vəsaitlərinin yazılmasında iştirakdır.

Bu problem dərsliklərin qiymətləndirilməsi prosesində də müşahidə olunur. Ayrı-ayrı fənlər üzrə dərslik komponentlərinin qiymətləndirməsində ali məktəblərimizin elmi-pedaqoji potensialından qədərincə yararlanmağa ehtiyac var.

Ali və orta təhsil pillələrinin fəaliyyətinin sıx koordinasiyası, aparıcı universitetlərimizin elmi potensialını və bazasını orta məktəblərə yönəltmək, ərazi üzrə məktəblərin müvafiq universitetlərimizin baza məktəblərinə çevrilməsi və ya sıx əməkdaşlıq mexanizminin qurulması zamanın tələbidir. Bu mənada Bakı Slavyan Universitetinin təcrübəsi maraq doğurur və artıq öz bəhrəsini verir. Universitet Bakı şəhərinin 190 saylı orta məktəbində ali və orta təhsilin koordinasiysı kafedrasını təşkil etmiş, istedadlı və qabiliyyətli uşaqlara qayğının artırılması ilə bağlı Dövlət Proqramının tələbinə uyğun olaraq, öz nəzdində Məktəb-lisey kompleksinin yaradılmasına, 2005-ci ildən başlayaraq ənənəvi olaraq tələbələrin pedaqoji təcrübəsinin qaçqın məktəblərində keçirilməsinə nail olmuş, cari dərs ilinin başlanğıcında Şuşa Rayon Təhsil Şöbəsi ilə əməkdaşlıq müqaviləsi bağlayaraq, müştərək elmi-pedaqoji tədbirləri, o cümlədən Şagird-tələbə elmi konfransını yüksək səviyyədə keçirə bilmişdir.

Beşincisi, orta məktəblər üçün alternativ dərslik və dərs vəsaitləri dedikdə, bizdə, ilk növbədə, orta məktəb dərslikləri və abituriyentlər üçün vəsaitlər arasındakı uyğunsuzluqlarla bağlı fikirlər yaranır. Bunu kütləvi repetitorluğa səbəb olan amillərdən biri kimi qiymətləndirir, dərslik materialları və test bankları arasındakı uyğunsuzluqların mövcudluğunu orta təhsil pilləsi üçün ən ciddi problem hesab edirik.

Prezidentimizin məlum fərmanından sonra bu məsələyə də aydınlıq gətiriləcəyinə, orta məktəb dərslikləri və abituriyentlər üçün vəsaitlərin hazırlanmasına cavabdehlik daşıyan icra orqanlarının tam orta təhsilin bütün pillələrini əhatə edən vahid tədris standartları, fənn proqramları (kurikulumları), dərslik və test vəsaitləri hazırlanması istiqamətində çevik, ciddi və məhsuldar əməkdaşlığına və nəticədə bütün uyğunsuzluqların tam aradan qaldırılacağına ümid edirik.

Gəlin bir reallıqla barışaq ki, son bir neçə il ərzində xüsusən də yuxarı siniflərdə dərslik ikinci dərəcəli vəsaitə çevrilib. Dərslikdən törəmə test proqram və məcmuələrinin dərsliyi – ilkin mənbəni sıxışdırması anormal haldır. Burada istər müvafiq icra orqanlarının, istər məktəblərin, istərsə də valideynlərin üzərinə böyük məsuliyyət düşür. Sinif otaqlarında canlı dərs prosesinin dərslik üzərində deyil, test vəsaitlərinə istinadən qurulması şagirdlərin aşağı siniflərdə qazandıqları şifahi və yazılı nitq vərdişlərini korşaldır və unutdurur.

Fikrimizcə, məktəbdaxili qiymətləndirmədə, müvafiq icra orqanları tərəfindən aparılan ümumiləşdirici və yekunlaşdırıcı monitorinq və yoxlamalarda test tapşırıqları məntiqi sualları, açıq testləri, esse və inşa nümunələrini sıxışdırmamalıdır.

Onu da qeyd edim ki, dərslik müəllifi olaraq mən və mənimlə birgə keçən il tenderə, qiymətləndirmə komissiyasına dərslik layihələri təqdim edən mütəxəssislər bu il heç bir layihə ilə çıxış etmədik. Səbəbi, ilk növbədə, qiymətləndirmə komissiyasında müstəqil mövqeli mütəxəssis və ekspertlərin təmsil olunmaması, digər tərəfdən də, ötənilki tenderdə təmsil etdiyimiz nəşriyyatların maddi və mənəvi  ziyan çəkməsi ilə bağlıdır.

Azərbaycan Respublikasının təhsil naziri cənab Mikayıl Cabbarov ulu öndərin anadan olmasının 90-cı ildönümünə həsr edilmiş məktəblilər arasında Respublika inşa müsabiqəsinin yekun tədbirində geniş pedaqoji ictimaiyyətə üz tutaraq, dərslik yaradıcılığına da münasibət bildirdi. O, dərsliklərin Təhsil Nazirliyində yazılmadığını və bu proses üçün ayrı-ayrı müəlliflərin, müəllif kollektivlərinin, nəşriyyatların və ictimai əsaslarla fəaliyyət göstərən qiymətləndirmə komissiyalarının məsuliyyət daşıdığını vurğuladı.  Bizə elə gəlir ki, bu, olduqca dürüst mövqedir. İnanırıq ki, belə bir yanaşma orta təhsil pilləsi üçün dərslik yaradıcılığına, bu işdə alternativliyə meydan verilməsinə şərait yaradacaq. Orta təhsil verən müəssisələrimizin uğurlu fəaliyyətinə əsas maneə yaradan tədris vəsaitləri problemi Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının birgə səyləri ilə tezliklə aradan qaldırılacaq.

Növbəti dərs ili üçün dərsliklərin (söhbət fənn kurikulumları əsasında yazılan 6-cı sinif dərsliklərindən gedir) hazırlanması üzrə  yaxın günlərdə baş tutacaq tenderdə təklif və fikirlərimizin nəzərə alınacağına böyük ümid bəsləyirik.

 

 

Telman Cəfərov (Vəlixanlı),

filologiya elmləri doktoru, professor

 

525-ci qəzet.- 2013.- 25 may.- S.10-12.