Təzəpir məscidi: dini-ruhani
ocaq, milli mənəviyyat abidəsi və parlaq memarlıq əsəri
kimi (davamı)
1929-1937-ci illərdə respublikada bağlanmış
çoxsaylı məscidlərdən əksər hallarda məktəb,
klub və ya anbar kimi istifadə edilirdi. 30-cu illərin
sonlarında Azərbaycanda 20 məscid formal fəaliyyət
göstərirdi ki, onların bəziləri müharibədən
sonrakı illərdə də açıq idi. Bu illərdə
Bakıda Bibiheybət məscidi, Əmircanda Murtuza Muxtarov məscidi,
Əjdərbəy məscidi, İçərişəhərdə
Cümə məscidi bağlanmış, Suraxanı Atəşgah
Məbədi baxımsız qalmışdı. Şərqdə
məşhur olan Bibiheybət məscidinin taleyi də
acınacaqlı oldu. Şərq
memarlığının incilərindən biri olan bu məscid
1934-cü ilin sentyabrında partladıldı.
1934-1938-ci
illərdə Azərbaycanda 27458 nəfər repressiyaya məruz
qalmışdı ki, onların arasında din xadimləri də
az deyildi. Repressiyaya məruz
qalan və güllələnənlər arasında Quranı
Azərbaycan dilinə ilk tərcümə edənlərdən
biri 83 yaşlı Bakı qazisi Mir Məhəmməd Kərim
ağa da var idi. O, Nargin adasında qətlə yetirildi.
Sovet dönəmində Təzəpir məscidinin ən
ağır və məşəqqətli günləri
başladı.
Yalnız xoşbəxt təsadüf
üzündən Təzəpir məscidi
dağıdılaraq məhv edilmədi. Müxtəlif
illərdə Təzəpir məscidi çay fabrikinə, yay
kinoteatrına və mağaza anbarına çevrilsə də
özünü qoruyub saxlaya bildi.
Azərbaycan Respublikası Dövlət Arxivində Təzəpirlə
bağlı maraqlı bir sənəd diqqəti cəlb edir. Sənəddə
1934-cü ilin sonlarına qədər Bakıda və Azərbaycanın
qəzalarında müsadirə olunan, mədəni-maarif
müəssisələrinə çevrilən və məhv
edilən məscidlərin və kilsələrin sayı
haqqında Moskvaya məlumat verilmişdir. Bibiheybət məscidi,
Aleksandr Nevski kilsəsi və onlarla başqa dini məbədlərin
“zəhmətkeş əhalinin xahişi ilə” məhv edilməsi
əsaslandırıldıqdan sonra Təzəpir məscidinin,
rus provaslav kilsəsinin və erməni kilsəsinin təyinatının
dəyişdirilərək onların saxlanılması məqsədəuyğun
hesab olunurdu. Təzəpirlə bağlı qeyd
olunur ki, tarixən bu ərazidə məscid tikilməmişdən
əvvəl müsəlmanların ziyarət etdiyi pir
mövcud olmuşdur. Şəhərin
qatı dindar əhalisinin evləri ilə əhatə olunan bu
məscidin sökülməsi ciddi narazılıqlar doğura
bilər. Ona görə də yaxın gələcəkdə
bu binanın sovet fəhlələrinin mədəni istirahət
yerlərindən birinə çevrilməsinə
razılıq verilməsi tövsiyə olunurdu. Bu sənəddən görünür ki, o zamankı
Azərbaycan rəhbərliyi Təzəpirin sökülməsinin
tərəfdarı olmamışdır.
Beləliklə,
20-ci illərin əvvəllərində Sovet hakimiyyətinin
“təntənəli” surətdə elan etdiyi vicdan və din
azadlığı işdə heçə endirilirdi və bu,
mahiyyət etibarilə, əslində, xalqı öz mənəvi
kökləri və ənənələrindən ayırmaq cəhdindən
başqa bir şey deyildi. Lakin xalqı öz mənəvi
köklərindən ayırmaq cəhdi baş tutmadı.
Azərbaycan xalqı özünün tarixinə, mənəviyyatına
bağlılığı sayəsində bu illərin
ağır sınağından çıxa, “ideoloji” məngənəsindən
xilas ola bildi.
1941-1945-ci
illər sovet-alman müharibəsinə bütün sovet xalqı kimi
Azərbaycan xalqı da səfərbər olundu. 1944-cü ildə sovet rəhbərliyi faşizm
üzərində qələbəni təmin etmək
üçün dini təbliğata yer verməyi qərara
aldı. Bu məqsədlə SSRİ Ali Soveti Rəyasət
Heyətinin 14 aprel 1944-cü il 17 saylı
qərarı ilə 24 ildən sonra Zaqafqaziya Müsəlmanları
Ruhani İdarəsi bərpa olundu. 1944-cü ilin
mayında Zaqafqaziya müsəlmanlarının birinci
qurultayı keçirildi. Axund Ağa Əlizadə
ikinci dəfə Ruhani İdarəsinin sədri seçildi.
Din xadimləri xalqı vətənə sədaqətlə
xidmət etməyə və faşist cəlladlarına
qarşı qəhrəmanlıq göstərməyə
çağırırdılar. Beləliklə,
Ruhani İdarəsinin yenidən təşkil olunması ilə
Təzəpir məscidi də öz fəaliyyətini davam
etdirməyə başladı.
60-cı illərin sonu – 70-ci illərin əvvəllərində
Təzəpir məscidi sovet ideologiyasına sinə gərərək
gündəlik həyatını yaşayırdı. Məscid daha
çox məhərrəmlik günlərində hökumətin
diqqətini cəlb edirdi. Bütün sərt
tədbirlərə baxmayaraq, təziyə günlərində
məscidlərə gələn insanların
qarşısını almaq mümkün olmurdu.
Milli-azadlıq
mübarizəsi və Təzəpir məscidi
1978-ci ildə Allahşükür Paşazadə Təzəpir
məscidinin axundu təyin olundu. Qısa vaxt ərzində
Təzəpirin axundu Bakıda və Abşeronun kəndlərində,
Azərbaycanın digər bölgələrində bilikli,
hövsələli, başqalarının fikrinə hörmətlə
yanaşan din xadimi kimi şöhrət qazandı. Azərbaycanın ən böyük məscidinin 29
yaşlı axundunun mühakimələri, islamın
saflığı məsələlərinə prinsipial
münasibəti ölkəni ziyarət edən xarici qonaqlarda
xoş təəssürat yaradırdı.
80-ci illərin sonlarına yaxın Azərbaycan
torpaqları hesabına “böyük Ermənistan” yaratmaq
planlarını həyata keçirmək üçün
başda “Daşnaksütyun” partiyası olmaqla bütün millətçi
erməni təşkilatları və komitələri fəaliyyətlərini
genişləndirdilər. Moskvadan asılı
olan Azərbaycan rəhbərliyi respublikanın suveren
hüquqlarını müdafiə etmək əvəzinə
xalqın diqqətini taleyüklü məsələlərdən
yayındırmaq siyasəti yürüdürdü. Respublika rəhbərliyinin öz xalqına
qarşı həyata keçirdiyi bu antimilli siyasət
1990-cı ilin yanvarında Sovet rəhbərliyinin Azərbaycan
xalqına qarşı qanlı təcavüzünə gətirib
çıxardı. Bu qanlı günlərdə
Azərbaycanın dini rəhbərliyi və Təzəpir məscidi
insanların ümid yerinə çevrildi.
1990-cı
il yanvarın 19-dan 20-nə keçən
gecə Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin
və daxili qoşunların iri kontıngentinin Bakı şəhərini
zəbt etməsi xüsusi qəddarlıq və misli
görünməmiş vəhşiliklərlə
müşayiət olunmuşdu. Sovet qoşun birləşmələrinin
qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın
rayonlarında 131 nəfər öldürülmüş, 744
nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs
olunmuşdu. Səhərin gözü
açılmamış Bakının küçələrində
öldürülmüş insanların cənazələri Təzəpir
məscidinin həyətinə daşınmağa
başlandı. Təzəpir məscidi
1918-ci ilin mart soyqırımından sonra birinci dəfə idi
ki, bu qədər meyit və bu meyitlərin üzərində
göz yaşı tökən insan görürdü. Meyitlər “Təcili yardım”
maşınlarında, hətta minik avtomobillərində məscidlərə
çatdırılırdı. Çoxunun
qohum-əqrabası, yaxınları əzizlərinin həlak
olmasından xəbərsiz idi. Bu
dağılmış-didilmiş insan cəsədlərini
sonuncu güman yerinə–Allah evinin həyətinə
daşıyanlar özlərini ölənlərin ən
yaxın adamı kimi aparırdılar. Meyitləri gətirən
maşınların sükanı arxasında oturanlar ürəklərinin
hökmü ilə şəhərə çıxıb
sovet əsgərinin gülləsinə tuş gələrək
qanına qəltan olan insanları Təzəpir məscidinin həyətinə
daşımağı
özlərinə borc bilirdilər. Bütün
insanların güvənc yeri Təzəpirin həyəti idi.
Başsız qalan respublikanın ümid bəslədiyi
şəxs isə Hacı Allahşükür Paşazadə
idi. Tarix təkrar olunurdu. 1918-ci ilin martında da erməni-daşnak qüvvələrinin
soyqırımına məruz qalan insanlar Təzəpir məscidinə
sığınmış və ümidlərini məscidin
axundu Ağa Əlizadəyə bağlamışdılar.
İndi də sovet ordusunun amansız hərəkətlərinin
şahidi olan əliyalın Bakı əhalisi Təzəpirin
həyətinə yığışaraq Şeyxülislam
Allahşükür Paşazadədən imdad istəyirdilər.
Şeyxülislam həzrətləri bir-bir
tabutlara yaxınlaşır, göz yaşlarını zorla
boğaraq öldürülənlərin yaxınlarına təskinlik
verirdi. 1918-ci ilin martında da cəsədlərin
yığılmasında və cəmbərəkənddə
dəfn olunmasında Təzəpir məscidinə ən
böyük köməyi Əjdərbəy məscidi
etmişdi. İndi də Şeyxülislam göstəriş
verdi ki, Əjdərbəy məscidinin
qapıları taybatay açılsın, cəsədlər qəbul
edilsin, yuyulsun, kəfənlənsin, şəhidlərin
siyahısı tutulsun, ünvanları təcili müəyyənləşdirilsin,
ailələrinə ərzaq və pul yardımı edilsin.
Şeyxülislam daha bir göstəriş verdi:
“Həlak olanların qanlı paltarları
yığılsın. Gün gələcək
ki, cəlladların dilini kəsmək üçün
bütün dünyaya göstərəcəyik”.
Təzəpir məscidi bir tarixi qərarın da
şahidi oldu.
Sovet ordusu tərəfindən gülləbaran
edilən insanların cənazələrinin 1918-ci ilin mart
qırğını şəhidlərinin dəfn olunduğu
yerdə torpağa tapşırılması qərara
alındı. Bu tarixi qərar Şeyxülislamın
iştirakı ilə Təzəpir məscidində
çıxarıldı. Qətlə
yetirilənlərin meyitlərinin çoxu Şeyxin iqamətgahının
yerləşdiyi Təzəpir məscidində yuyulurdu. Şeyx burada cənazə namazı qılanların
önündə durur, Qurani-Kərimdən surələr
oxuyur, adamlara Allahdan səbr diləyir, ürək-dirək
verirdi. Onu tez-tez Dağüstü parkda
şəhidlərin məzarları arasında dərin
hüznlə dolaşan görmək olurdu.
20 Yanvar
faciəsi ilə bağlı Moskvada, Azərbaycan SSR-in daimi
nümayəndəliyinin konfrans zalında İttifaq əhəmiyyətli
fərdi pensiyaçı Heydər Əlirza oğlu Əliyev
toplaşanlara müraciətlə deyirdi: “Mən baş
vermiş hadisələr haqqında dünən xəbər
tutmuşam və təbiidir ki, bu hadisəyə laqeyd qala bilməzdim.
Buraya ən əvvəl ona görə gəlmişəm
ki, Azərbaycanın Moskvada kiçik parçası olan daimi
nümayəndəliyində böyük itkilərə səbəb
olmuş faciə ilə bağlı bütün Azərbaycan
xalqına başsağlığı verim. İkinci tərəfdən,bu məsələyə öz münasibətimi
bildirmək istəyirəm. Azərbaycanın Moskvadakı
daimi nümayəndəsi Söhrab İbrahimovdan xahiş edirəm
ki, mənim sözlərimi, kədərimi,
başsağlığımı Azərbaycan xalqına
çatdırsın...”
(Ardı var)
Anar İSGƏNDƏROV,
Tarix elmləri doktoru, professor
525-ci qəzet.-
2013.- 25 may.- S.22.