Məhəmməd Əmin Rəsulzadə-
Əsərləri
Araşdırıb toplayanı, ərəb
əlifbasından latın qrafikasına çevirəni,
ön sözün müəllifi, lüğətin tərtibçisi
Transliterasiya redaktorları: professor
Şamil VƏLİYEV,
elmi işçi Samir MİRZƏYEV
(1917-aprel 1918)
IV cild
Duma seçkiləri
Keçəndə məhəllə
ərzaq komitələrinin seçkiləri vaqe olduqda bu
seçkilərin müvəqqəti olub əsl seçkilərin
bundan sonra olacağı zikr olunmuşdu. Bu
seçkilər tazə qanuna görə təşkil olunacaq
şəhər dumalarının seçkisindən ibarətdir.
Şəhər dumaları diyoruz. Çünki tazə qaidə ilə seçiləcək
duma bir olmayıb bir mərkəzi və bir neçə də
məhəlli dumalarından ibarət olacaq. Bu seçkilərdə hər kəs, hər bir
bakılı, hər bir Bakıda sakin olan adamın həqqi
vardır. Seçkilər ümumidir.
Kimsə mülki, varı və ya elminə fərq
qoyulmayıb hamısı insan olduğu üçün bu
seçkiyə qarışa biləcəkdir.
Fəqət
bu seçki mayın 21-də gördügümüz
seçkilərdən bir az başqa
olacaqdır. Başqalığı bundan ibarət
olacaqdır ki, seçkiyə gələcək adamların əvvəlcə
siyahıları görüləcək, evbəev gəzilib
nüfusları yazılacaq. Yazıldıqdan
sonra siyahılar da elan olunacaq. Bu
siyahıdan qalan, qələmdən düşən adamlara həqq
veriləcək ki, gəlib özlərinin qələmdən
düşdüklərini bildirsinlər.
Məlum işdir ki, müsəlmanlar gərək qəflət
etməsinlər. Gərək qafil adlanmasınlar. Gərək sərvəqt olub özlərini qələmdən
saldırmasınlar. Çünki qələmdən
düşmək seçki həqqindən məhrum olmaq deməkdir.
Çünki seçki həqqindən məhrum
olmaq vətəndaşlıq həqqini itirmək deməkdir.
Çünki bu həqqi itirmək öz güzəran
və məişətinin idarəsinə kənardan baxmaq qəzavü-qədərini
başqalarına tapşırmaq deməkdir.
Eşitdigimizə görə xəlqin siyahısı
tutulmaq üçün şəhər idarəsi təhiyyə
və tədbir görməkdədir. Hətta evləri gəzib
yazacaq adamlar. Bu adamlar üstündə
gözətçilik edəcəklər. Bu
qəbul edilib. Hər növ vərəqələr,
kartoçkalar, dəsturüləməllər belə
hazırlanmışdır. Köhnə
zamanlarda bu kibi işlər əvvəlcə elan olunuyor, xəbərdarlıqla
görülüyordu. İmdi zaman böylədir.
Tələsmək lazım. Fövritlə
iş görmək gərək. Vay o
tövratın halına. Çox güman var ki, bu
gün, sabah yazıçılar o məhələ
dağılalar. Xəlqi yazmaya başlayalar. Müsəlman xəlqinə lazımdır ki, bu
siyahıya başqa siyahılarda olduğu kibi şübhə
ilə baxmasınlar. Bu siyahıdan
özünü qaçıran həm özünə, həm
də cəmaətə zərər vuracaq. Burada başqa bir məqsəd yoxdur. Məqsəd ancaq seçkiləri tərtibə
salmaq üçün şəhərdə nə qədər
seçkiçi olduğunu bilmək üçündür.
Əgər müsəlmanlar özlərini gizlədərlərsə,
o zaman mayın 21-dəki seçki qələbəsini görə
bilməzlər, səsləri azalar. Bu dəfə
olacaq seçkilərin bir cəhəti də vardır ki,
seçkilər nisbətlə olacaq. Yəni seçiləcək
adamlar seçkidə iştirak edən partiyaların rəylərinə
nisbət aza az, çoxa çox tərtiblə
paylanacaq. Əgər özümüzü
siyahılardan qaçırsaq sayımızı düz
göstərməsək, o zaman nisbət qaidəsində
aldanacaq və itirəcəgiz.
Siyahılar hər zaman olduğu kibi müsəlmanlardan
ötrü narəva bir mövsümdə, yay vəqtində
olacaq. Əhalinin əksəri bağlardadır. Yazıçılar gəlib evləri boş görəcək.
Ehtimal ki, bu surətlə çox adamlar qələmdən
düşəcək. Bunun çarəsinə
qalmalıdır. Bağa getmiş
olanları qonşuları da yazdıra bilərlər. Məhəllə komitələri, məhəllənin
bağa köçməmiş olanları bu xüsusda himmət,
həmiyyət göstərməlidir. Qonşularını
yazdırtmalı, siyahıçılara bu barədə
kömək etməlidirlər. Şübhəsiz
ki, bu xüsusda məhəllə komitəsi tərəfindən
də hər növ tədbirlər görülməli, xəlqə
rəhbərlik edilməlidir.
Evdə nə
qədər adam varsa, hamısını
yazdırmalı, qadınları, qızları, anaları,
bacıları da qələmdən düşürməməlidir.
Çünki onlar qələmdən düşərlərsə
səsimiz azalar, əhəmiyyətimiz yox olar.
Müsəlman qadınlarından ötrü əlbəttə
ki, rəylərini vermək üçün xüsusi mənzillər
təhiyə edilməlidir. Böylə olmazsa
onlar öz vətəndaşlıq həqlərini iddia edə
bilməzlər.
Qəzetələrdə görülən bəzi məqalə
və fəqərələrdən anlaşılır ki, bəzi
firqələr çox da bu məsələyə
yaxşı nəzərlə baxmıyorlar. Onlar diyorlar
ki, arvadlara ayrı seçki “torba”sı verilmək lazım
degildir. Burada görünür ki, sözlə
oynuyorlar. “Ayrı seçki kuryası” demək o deməkdir
ki, cəmaətdən bir qismi o biri qismindən ayrılıb
özbaşına öz içindən öz adamlarını
seçə. Necə ki, sabiq zamanda
Qafqasiyadakı rus kuryəsi özbaşına öz tərəfindən
dumaya vəkil göndəriyordu ki, Skoblev onların vəkilidir.
Qadınlar həqqindəki (müsəlman
qadınları deməkdir) böylə bir “kurya” tələbi
vaqe olmamış. Binaənileyh bundan bəhs
etmək istəyənlər görünüyor ki, müsəlman
qadınlarına ayrı seçki mənzilləri vermək
meylində degildirlər. Hətta
özünə ictimaiyyun-amiyyun deyən birisi “İzvestiya” əmələ
qəzetəsində yazdığı bir məqalədə
aşkar olaraq yazmışdı ki, müsəlman
arvadlarına ayrı seçki məclisi verilməsin. Çünki bu qadınlara rəy istəyənlər
həqiqi demokratlar degil, başqa qərəz
adamlarıdır.
Əlbəttə,
müsəlmanlara, müsəlman mühitinə böylə
şübhəli nəzərlə baxan demokratlar çox ola bilər ki, yenə haman nəzərlə
baxa. Bürokratlar kibi bəzi tədbirlər
görərlər. Bu tədbirlər bir
partiyanın, bir məsləkin bugünki faidəsinə bəlkə
də müvafiq olur, fəqət demokratizm, saf, səmimi
demokratizm əsasına müvafiq gəlməz. Birincilər öz qərəzləri
üçün demokratizmi vasitə edərlərsə,
ikincilər də o qərəzlər üçün məqsədləri
və əsasları olan demokratizmi tapdamış olarlar ki,
buna siyasət dilində “jezutizm” deyərlər. “Məqsəd vasitəyə bəraət
qazandırır” düsturu diplomatlara yaraşırsa da
hürriyyətpərvər demokratlara yaraşmaz.
Müsəlmanlar müsəlman xanımlarından
seçki “kurya”sını heç zaman tələb etməmişlər. Böylə
bir tələb başqa tərəfdən vaqe olmuşmu, onu
da biləmiyoruz. Müsəlmanların istədigi
ayrı seçki mənzilləridir ki, bu əsasə degil, məsələnin
sənətinə, texnikasına aiddir. Bunun
əsası budur ki, “müsəlman qadının xüsusi
şərait daxilində yaşadığı nəzərə
alınaraq onun üçün öylə seçki
texnikası əmələ gətirməkdir ki, o sayədə
öz vətəndaşlıq hüququnu azadlıqla ifa edə
bilsin”. Bu həqli tələbləri
üstündə müsəlman durmalı, bu tələblərində
kimsə güzəşt etməməlidir. Bilxassə ki, Zaqafqasiya komissarlığı dəxi
Qafqasiya vilayətlərində məhəlli hökumətlər
təşkili həqqində nəşr eləmiş
olduğu dəsturüləməlində bu əsası qəbul
və elan eləmişdir.
M.Ə.Rəsulzadə
“Açıq
söz”, 6 iyun 1917, ¹490
Dəsturüləməl
– təlimat
Fövr –
tələsik
İyunun
birindəki iğtişaş həqqində
İyunun
birində un kartoçkalarının vəqtində
verilə bilməməsi zəminində iğtişaş
çıxdığı və bu iğtişaşda müsəlman
xəlqinin əksərən arvad və füqəra qisminin
iştirak elədigi məlumdur. Qəzetələrdə
oxunduğuna görə Bakı quberniya ərzaq komitəsinin
son iclasında bu hadisə bəhs olunaraq bəzi natiqlər, əzcümlə
Yakobun, Ter-Qriqoryan, Seleznyov və sairləri demişlər ki,
bu hərəkət qabaqcadan hazırlanmışdır.
Zira un varmış, o günü
buraxılıyormuş da. Buna görə də
unsuzluq üstündə iğtişaş olamazmış.
Buna görə də iğtişaşın səbəbi
daha dərindədir. Bu səbəb isə
demokratik müəssisələr əleyhinə olan
etibarsızlıqdan ibarətdir. Müsəlmanlar
arasında çörək kartoçkası əleyhinə
propağan vardır. Bu isə inqilaba xəyanətdir.
Məsələnin bu şəkildə göstərilməsi
həqiqətin tamamilə xilafındadır. Həqiqət
xilafında olmaqla bərabər fitnəəngizdir.
Çünki hər bir bəlanı, hər bir hərəkəti
sui-qəsdçi “müsəlmanlar”la “burjuylar”a təhmil etmək
surətilə anlatmaq, köhnə üsuli-idarənin hər
bir hərəkəti “yəhudilər”ə və ya “kromolniklər”ə
isnadla aydınlatmasına bənziyor.
İyunun birində vaqe olan iğtişaşın səbəbi,
ərzaqçılar həqiqəti örtməsinlər,
heç şübhəsiz ki, ərzaq komitəsinin
hazırsızlığı üzündən hasil
olmuşdur.
İyunun biri elan olunmuş ki, çörək, un kartoçka ilə veriləcək. O gün
isə kartoçkalar tamamilə paylanmamışdır. Bunun
nəticəsində isə xəlqdən bir qismi çörək
və un ala bilməmiş. Bundan
əlavə zəhmətkeşlər, əmələlər,
əzcümlə hammallar, fəhlələr həqqində
verilən qərardan xəbərləri olmayıb öylə
zənn etmişlər ki, onlara gündə bir girvənkədən
artıq çörək verilməyəcək. Halbuki həqiqət əksinə imiş. Hammal iki girvənkə ala bilərmiş. Fəqət bu həqqini iyunun birində nə
biliyor, nə də ondan istifadə yolu kəndisinə göstəriliyordu.
Heç şübhəsiz ki, hər bir izdiham hərəkətindən
əhli-qərəz istifadə edər. Fəqət
əhli-qərəz heç bir zaman səbəb olmayınca qərəzlərini
işlətə bilməzlər.
Deyilir ki, müsəlman cəmaəti demokratik müəssisələrə
etimad etmiyor. Bütün iğtişaşların da səbəbi
bu imiş. Məntiq icab edərdi ki, bu
demokratik müəssisələr yerli xəlqin
etimadını cəlb edəcək bir halə qoyulsun. Halbuki burasına diqqət edilməyib bugünki
“demokratlar” dünki “bürokratlar”ın dililə
danışıyor. Demokrat müəssisələri
müsəlman xəlqi nəzərində etibarlı edəcək
vəsilələrə yapışmaq əvəzində təhdidə
başlıyor. Qılınc
şaqqırdadıyorlar.
İyunun
birində Bakı qradonaçalniki müsəlman komitəsinə
telefon edib əhalinin iskatı üçün adam
istəmişdi. Bənimlə doktor Məhəmmədrza
Ağa Vəkilov getdik. Əvvəlcə ərzaq
komitəsi ilə görüşdük. Mümkün
degilmi ki, orucluq münasibətilə müstəsna surətdə
müsəlman xəlqi üçün bir tədbir
görülsün, dedik. Stopani bizə rəqəmlər,
hesablar göstərdi. Mümkün
olmadığını anlatdı. Məəmafiə
bir ay daha qəndi 2 girvənkə yarım miqdarında vermək
mümkün olduğunu söylədi. Fəqət bu bəyandan
sonra rəftari-kəlamını dəgişib “bilmiyorum Bakı
əhalisinin nəyə gərək xatiri əziz olsun” dedi. “Halbuki bu xəlq müharibəyə iştirak eləmiyor.
Dər surətki Rusiyanın başqa
böyük şəhərləri çörək
böhranı keçiriyor, aclıq çəkiyorlar, ordu
acdır. Sinqa naxoşluğuna tutuluyor”.
Doktor əfəndi Stopani cənablarının
bu goftarından narazı olduğunu, siyasətdən bəhs
eləmək lazım gələrsə o zaman bu bəhsin daha
uzaqlara çəkəcəgini söylədi.
Sonra xəlqi
sakit edib də məclisə qayıtmış olan Behbud
Ağa Cavanşir soldatların tüfəngləri
patronladığı az qala fəsad və
bədbəxtlik çıxardığını, soldatlara
yalvardığını, onların isə “biz qətiyyən
cəmaətə əl qaldırmayız” dediklərini
söylədi. Əlavə etdi ki, şübhəsiz
burada “biri sizə aid olub da, o biri sizə aid olmayan iki səbəb
vardır”. Sizə aid olmayan səbəbdə
əlbəttə ki, siz günahkar degilsiniz, fəqət sizə
aid olanı həqqində günahkar tapılmalı, cəzaları
verilməlidir. Yox əgər, işi idarədən
acizsiniz isə o zaman istefa verməlisiniz. Xanın öz
nəfsinə söylədigi bu sözü Stopani, Bekzadyan və
sairlərini təkrar danışdırıb bu dəfə
danışıqlar “nahaq qan”, “ştık”, “fəhlə və
soldat vəkilləri” ətrafında dolaşıb mühib
bir şəkil almış, Stopani “xəlq rahət olmazsa o
zaman onunla başqa surətlə danışılır” deyə
bir növ təhdiddə bulunmuşdur.
Buna cavab
olaraq o məclisdə dedim ki, cəmaət ilə rabitənizi
saxlamaq üçün təşkilatınız daxilinə
müsəlman nümayəndələri də salınız
və o zaman artıq iğtişaşı sakit etməgə,
müsəlman nümayəndəsi çağırmağa
ehtiyac qalmaz. Qərarlarınız əvvəlcədən
əhalinin hər qisminə məlum olar. Şikayət
elədiginiz etimadsızlıq da ortadan qalxar. Bizim işin xatiri üçün söylədigimiz
bu təklifə nədənsə təhdidlərlə cavab
verilir. “Nahaq qandan” bəhs olunub da qüvvətdən
bəhs etdilər. Fəqət böylə
rəsmi bir lisan, lisani-təhdid hər halda demokratik bir müəssisəyə
yaraşmaz. Bu dil ilə köhnə
hökumət danışa bilərdi.
Həm həqiqətən də böylədir. Demokratik müəssisələr
bir dəfə bilməlidirlər ki, həqiqi demokratik müəssisə
ola bilmək üçün yerli cəmaətin
mənafeinə, onun əhvali-ruhiyyəsinə,
xüsusiyyatına əhəmiyyət verib o yolda hərəkət
eləsinlər və hər zaman cəmaət və əhali
ilə üzvi (orqaniçeski) münasibətdə bulunsunlar.
Yoxsa nə qədər qüvvətli təşkilat
olsa da, xəlq etimadını qazanmayınca müvəffəq
olamaz.
Günahkarların təhqiq olunub cəzalanması tələb
olunur. Bu şübhəsiz ki, olmalı, fəqət
işin təbii yolda getməsi üçün təhdidata
girişmədən əvvəl əsl demokratik vasitələrə
müraciət eləməli, bunun üçün yerli xəlqin
mənafei ehmal olunmamalıdır.
M.Ə.Rəsulzadə
“Açıq
söz”, 9 iyun 1917, ¹493
İskat
– sakitləşdirmə, susdurma
Təhmil
– yükləmə; vergi, mükəlləfiyyət
Goftar –
söhbət, söz; mövzu
Ehmal – əhəmiyyət
verməmə
Məəmafiə
– təəssüf ki
Tazə
dum seçkiləri münasibətilə
Dumu tazələyəcəklər. Bu tazə dum
seçkiləri üçün imdidən tədbirlər
görülmüşdür. Xəlqi
siyahıya başlamışlar.
Tazə dumun əhəmiyyəti nədir? Bu günlərdə
evlərə paylanan siyahı vərəqlərinə
lazım olan məna və əhəmiyyəti verə bilmək
üçün bu suala aydın bir cavab verməlidir.
Şəhər duması məlum etmişdir ki, bu şəhərin
təmizliginə, abadlığına hər növ tərtibatə
baxmaq üçündür. Ancaq bu vəqtə qədər
Rusiyada olan şəhər dumaları köhnə Rusiyanın
bütün başqa idarələri kibi həqiqi cəmaət
idarəsi, xəlq duması degildi. Burada
oturan qlasnıları cəmaət degil, pullar sahibləri
mülkədarlar, ağalar, xozeynlər seçirdilər.
Məlum işdir ki, bunlar da ancaq özlərinin,
öz taylarının dərdinə qalır. Ancaq şəhərin ağalar oturan məhəllələrini
düşünüyor. Şəhərin
kənar bucaqlarındakı füqəra məhəllələrinin
hayına qalmıyor, mərkəzi küçələr
döşənib, süpürülüb sulandıqda,
onların payı ancaq yazda toz, qışda da palçıq
qalıyordu. Halbuki şəhər vergisinə
gəldikdə cürbəcür qeyri-müstəqim vergilərlə
şəhər xərcinin böyük qismi yenə bu bədbəxt
xəlqdən, bu öz şəhərinin idarəsində səsi
olmayan demokratiyadan alınıyordu. Bunun nəticəsində
idi ki, həmişə dumadan şikayət olunuyor, buna görə
idi ki, daima füqəranın ahu-zarı eşidilirdi.
Böyük Rusiya inqilabı hər şeyi dəgişdirdigi
kibi şəhər idarələrini də dəgişdirdi. Müvəqqəti
hökumətin qərarına görə şəhər
dumaları dəgişib, tazə nizam və qaidə ilə
seçilməlidir. Bu tazə qaydaya
görə artıq duma şəhərin bir qisminə mal
olmayıb əhalinin hamısı əlində olacaq.
İgirmi yaşına çatan nə qədər vətəndaş
varsa, hamısı dumaya adam seçəcək
və özü də seçilə biləcəkdir. Arvad-kişi hamının, hamı millətlərin
həqqi olacaq ki, seçkilərdə iştirak eləsin.
Bundan əvvəl xəlq məcbur idi ki, dum iclaslarında
mütləq rus dilində danışsın, ərizəsini
rusca versin. İmdi böylə olmayıb hər
kəs öz dilində danışa biləcək və ərizəsini
öz dilində verə biləcəkdir.
Demək bundan sonra tazə qaidə ilə qurulacaq şəhər
duması bir növ şəhər xəlq cümhuriyyəti
vücudə gətirib şəhərə aid nə kibi məhəlli
işlər varsa, hamısı onun ixtiyarında olacaq. Şəhərdə
ümumin səhhətinə aid nə kibi müəssisələr
varsa, hamısı onun idarəsində olacaq. Xəlq üçün lazım miqdarda xəstəxanələr,
məktəblər, apteklər açılacaq, bulvarlar, təfərrüçgahlar
yalnız şəhərin ağalar oturan məhəllələrinə
məxsus olmayıb kənar bucaqlar üçün də
düşünüləcəkdir.
Bunlardan başqa şəhərin polis idarəsi imdiki təbirlə
milisiya təşkili şəhər idarəsinin öhdəsində
olub, bu surətlə vücudə gələn demokratik duma
icra komitəsinin işlərini də öz əlinə alacaq
və şəhərin həqiqi sahib və hakimi olacaqdır.
Tazə şəhər dumasının əsası bir
növ ədəmi-mərkəziyyət əsasına
qurulmuşdur.
Şəhərə məxsus mərkəzi duma
və idarə olmaqla bərabər şəhər müəyyən
məhəllələrə bölünəcək, hər məhəllənin
özünəməxsus məhəllə dumaları
olacaqdır ki, bu məhəllə dumaları öz məhəllələrinə
aid olan işlərdə muxtar olacaqlar. Qeyri-ümumi
işlərdə isə mərkəzi şəhər idarəsinə
tabe bulunacaqlardır.
Şəhər əhli arasında sinif
ayrılığından başqa şübhəsiz ki, bu
sinif ayrılığının müxtəlif rəngli mənfəətləri
arasında bəzi qövmi və milli təfavütlər də
vardır. Duma seçkilərindən varlılıq
istehqaqını götürməklə biz sinif ədalətsizligini
bir növ yumşaltmış oluyoruz. Fəqət
qövmiyyət və milliyyət təsiri üzündən
hasil olan ədalətsizligi dəxi qaldırmaq
üçün lazımdır ki, seçkilər nisbət
qaidəsinə mərbut olsun. Bu nisbət qaidəsi
olmazsa, o zaman yaxşı təşkil olunmuş bir firqə
nisbi bir əksəriyyətə malik olursa, bu zaman
bütün şəhər işlərini öz əlinə
ala bilər ki, bu surətlə bir sinif o birisinə və yaxud
bir millət digərinə və yainki bir firqə ikincisinə
qələbə edib də milliyyətin hüquqini paymal edə
bilər.
İştə, bu şeylərin heç birinə imkan
verməmək üçün vətəndaşlara
lazımdır ki, böyük Rusiya vətəndaşlığı
üçün təcrübə meydanı olan şəhər
seçkilərində özlərini göstərsinlər. Seçkilərə
idrakla əlaqədar olduqlarını isbat eləsinlər.
Bundan ötrü hər şeydən əvvəl
lazımdır ki, siyahılara əhəmiyyət verib özlərini
qələmdən saldırmasınlar.
Buna bilxassə müsəlman cəmaəti diqqət etməlidir. Müsəlman
cəmaəti müvəqqəti müsəlman komitəsinin
dəvətini eşidib, əlbəttə, bu siyahılardan
ürkməməlidir. 1913-cü il
siyahısında xəlq arasına fitnəəngiz xəbərlər
nəşr edib ayrı vergi qoyacaqlar, soldat aparacaqlar – deyə
cəmaətimizi qorxutmaq, bunun nəticəsində dəxi bir
çoxları özlərini gizlətmişlərdi. Bu əvamlığın
nəticəsində şəhər müsəlman şəhəri
ikən siyahılarda az
görünmüşlərdi. Haman
yanlış siyahıyı dəstavüz edərək imdi
Bakını heç bir cəhətlə müsəlman
şəhəri görmək istəməyənlər diyorlar
ki, “nə səs-küy salmısınız, burası hardan
müsəlman şəhəri oldu. Budur,
statistika ilə yüzdə 30 ancaq varsınız”.
İştə, vətəndaşlar, ayıq olunuz, bu
siyahılar ancaq duma seçkilərində nə qədər
adamın və kimin həqli olduğunu bilmək
üçündür. Başqa heç bir şey
üçün degildir. Özünüzü
yazdırınız. Yoxsa sonrakı
peşimançılıq faidə verməz. Həqqinizi, buna görə də doğru şəhər
işlərinə qarışmaq səlahiyyətinizi itirərsiniz.
M.Ə.
“Açıq
söz”, 12 iyun 1917, ¹495
Təfərrücgah
– gəzinti yeri, seyrangah
Sosializm həqqində
Sosial demokrat, sosial revolyusioner – iştə, Rusiya
meydani-inqilabında cövlan edən siyasi firqələr ki,
nüfuz bu gün onlardadır. Bu firqələr
sosialistdirlər. Sosialist demək – sosializm
tərəfdarı deməkdir.
Sosializm nədir?
Sosializm ictimai bir məsləkdir. Buna görə
də tərcümədə bu məsləkə ictimaiyyət
və tərəfdarlarına ictimaiyyun denilir.
İctimaiyyun xüsusi mülk qüdsiyyətini münkər
olub bütün istehsal vasitə və alətlərinin, məsələn:
yer, zavod, fabrika, mədən və sairənin xüsusi əllərdən
alınıb da ümumi cəmaət idarəsinə, başqa
sözlə, hökumət əlində olmasına
çalışıyor. İctimaiyyunlarca
dünya bir mübarizədən ibarətdir. Təbiətlə insanlar arasında vaqe olan bu
mübarizə bəşər mədəniyyətini
doğurmuşdur. Mədəniyyət və
mədəniyyət aləmindəki sərvət və saman
insan övladının təbiətə
çaldığı qələbənin səmərəsidir.
Fəqət insan bir tərəfdən təbiətlə
mübarizə elədigi halda, o biri tərəfdən dəxi
bu mübarizə nəticəsində hasil olan sərvətin
bölüşməsi üstündə rəqabət
etmişdir. Yaradılışda daha
qüvvətli olanlar özlərindən daha zəif
olanlarını istifadə edib
çalışdırmış, buna görə də
insanlar siniflərə bölünmüşlərdir. Qədim Hürmüzd ilə Əhrimən əqidəsi,
rəhmən-şeytan təsəvvürü. Adil və zülm binaları həmin bu varlı və
yersiz, qüvvətli-qüvvətsiz, hakim-məhkum, tabe-mətbu
keyfiyyətinin bir növ şairanə rəmzidir. Bu
ictimai mübarizə vəqtilə qulluq və sonra kəndçilər
əsarəti, daha sonra üçüncü silk denilən
burjua məzlumahi, nəhayət – ticarət və sənaye tərəqqi
edib, burjua azad və sərmayədarlıq üsuli paydar olunca
– füqərayi-kasibə (proletari) təzyiqini mucib olmuş,
tainki məzkur sinfin əsli olmaq üzrə sosializm məsləki
zühur etmişdir.
Sosializm insanların məişət və güzəranca
müsavi olmalarından və müsavatə meyl edib də onu
təhsil eləməkdən ibarət ictimai bir məslək
olmaq üzrə bəşəriyyətə çoxdan məlumdur. Dinlərin bir
çoxundakı bəs bədəlmövt və mövtdən
sonra həyati-cavidani babındakı təsəvvürlər
bəşəriyyətin sosializm həqqindəki
düşüncəsindən başqa bir şey degildir.
Bu sosializm əhli-dincə və dünyada bərpa
olacaqsa da, onun bu dünyada bərpa olacağına inanıb da
o yolda cihadlar etmiş, təcrübələr eləmiş qəhrəmanlar
vardır.
Fəqət məşhur Marksa qədər sosializm bir
növ həyatpərvər və hayati binalar üzərinə
qurulu şairanə bir təsəvvür kibi tələqqi
oluna bilər isə də, Marksdan sonra sosializm əqidəsi
elmi bir nəzəriyyə halını almışdır. Marksizm məsləki
bütün sərmayədarlıq üsuli ilə yaşayan məmləkətləri
varlı-varsız sinfindən ibarət bilib bu iki sinif
arasında əbədi bir mübarizə təsəvvür
edər. Bu mübarizə marksizmcə sərmayədarlıq
üsulunda ən böyük amil və mühərrikdir.
Bu mübarizə başqa nə kibi mədəni,
milli, hüquqi, hətta fənni cəhətlər varsa,
hamısına icrayi-təsir ediyor. Ədəbiyyat
özünü bu sinif mübarizəsinin təsiri xaricində
bulunduramıyor.
Kapitalizm (sərmayədarlıq) geri qalmış məmləkətlərdə,
o yerlərdə ki, hələ dərəbəglik (feodalizm)
vardır, tərəqqipərvər bir rola malikdir. Bilnisbə,
hürriyyət istər elm və fənnə tərəfdar
olur, məmləkətin abadlığını, yollar çəkilməsini,
mədəniyyətin irəliləməsini tələb eylər.
Fəqət hər sikkənin iki üzü
olduğu kibi kapitalizmin də ikinci üzü vardır. Bu üz ondan ibarətdir ki, kapitalizm sayəsində
vücuda gələn dövlət və sərvətlə bərabər,
füqəra ilə səfalət də tərəqqi ediyor.
Xırda sərvət sahibləri azalıb
kiçik sənətkarlar əmələligə gediyor, bunun
əvəzində isə sərmayə mərkəzləşib
milyonlar böyüyür. Halbuki milyonlarla
xəlq vardan-yoxdan çıxıb fabrikada
çalışmaq və zəhmətini satmaq məcburiyyətində
qalıyor. Kapitalizm ilə idarə olunan məmləkətlər
zahirdə abad, məmur, xoşbəxt görünüyorlarsa
da, batində təzadlarla dolu səfalətə məhkum, həyatından
naməmnun əmələ sinfi və demokratiyadan ibarətdirlər.
Kapitalizmin tərəqqisi Marksın təsəvvürüncə
bir tərəfdən sərmayənin mərkəzləşməsinə,
digər tərəfdən cəmaətin əmələligə
getməsinə səbəb olub, nəhayət, bu hal bir dərəcəyə
gələcək ki, istehsal aləti xüsusi maliklərin əlindən
çıxıb müstəhsalların öz əlinə
keçəcək. Demək ki, istehsalat cəmaətin öz malı
olub mədəniyyətin səmərəsi xəlq
arasında müsavi surətdə paylanacaq. Böylə
olunca dünyada artıq xüsusi mülk qalmayıb üsuli-məişət
başqa bir əsas üzrə həqiqi qardaşlıq
üstünə bina olunacaq. Xüsusi
mülkün qalxması ilə bugünki ailə, din, milliyyət
və sair məfhumların da hamısı başqa bir məna
və rəng alacaqdır. Bu əsri-səadət
təbii surətdə, sənaye və sərmayədarlığın
təkamülü nəticəsində istər-istəməz
gələcək isə də, bu gəlişi
asanlaşdırmaq zəhmətkeş cəmaətin öz
işi və öz borcudur. Sosialist əmələ
firqələri iştə, bu borcunu ifa etmək
üçün təşkil olunmuşlardır. Bu firqələr bütün dünyanın sərmayədarlıq
üsuli-məişətindən qurtarıb sosializm üsulinə
keçməsinə çalışmaqla bərabər hər
məmləkətdə olduqları yerin iqtizasına görə
siyasi həddi-əql məramnaməsi tərtib edib bu məramnamənin
qövldən-felə gətirilməsinə
çalışıyorlar. Bu məramnamələrin
tətbiqində onlar sinif mübarizəsi tərəfdarı
olub əmələ sinfinin, zəhmətkeş xəlqin mənafeini
gözliyor, onların əhvali-iqtisadilərini
asanlaşdırmağa çalışıyorlar. Bu firqələr təbiətlərinə görə
bir sinif firqəsi isələr də, niyyətlərinə
görə ümumbəşəriyyətə xidmət ediyor
və dünyanın ən böyük əqsai-amalı olan
sosializmə irməklə yalnız zəhmətdəki əmələ
qismini degil, bütün bəşəriyyəti səfalətdən
qurtarmaq istiyorlar. Çünki əmələ
yoxsulluq məşəqqətindən tənkdə isə,
varlı da israf üzündən zəhmətdədir. Birisi toxluq, o birisi də aclıq üzündən
azarlıyor. Hər ikisi də qeyri-təbii
bir hal keçirməkdədir.
İştə, bu gün hər tərəfdən
eşitməkdə olduğumuz “Yaşasın sosializm”
şüarı bu xüsusi mülk tanımayan o dövri-səadəti
qəsd ediyor.
Kapitalizmin gördügümüz bu surətli tərəqqisi
nəticəsində heç şübhəsiz ki, bəşəriyyət
bu böyük səadəti dərk edəcək. Bu dərki-səadət
tezmi olacaq, gecmi olacaq – o bir başqa məsələ. Vazeh olan bir məsələ varsa, o da budur ki, bu
inqilab birdən olmayıb, tədriclə vaqe olacaq və
sosializm tamamilə yetişməyincə bəşəriyyət
ağacından dərilməyəcəkdir.
Dünyanın bir gün gələcək də sosializm
üsuli-ictimaisi üzərinə idarə olunacağına qənaət
yetirməmək bəncə mümkün degildir. Fəqət
bu irişmək yolları müxtəlifdir. Bu ixtilaflı yollar üstündə
danışıq yeri də var. Sosialist partiyalarının
biri-birlərindən ayrılması da iştə, bu yollar
üstündədir.
Sosializm həddi-zalında bir sinif məsləki
olduğundan beynəlmiləldir. Fəqət böylə
olmaqla da bir milliyyəti inkar etməz, ona təhəmmül edər.
Sosialistlər əksərən mərkəziyyətçidirlər.
Bilxassə milli-məhəlli muxtariyyətlərə
hüsni-təvəccöh bəsləmiyorlar. Fəqət bununla bərabər mütəkamil bir
şəkli-idarə olmaq üzrə də federasyon
üsuli-idarəsini, milli-məhəlli muxtariyyətləri qəbul
edən sosialistlər də vardır. Bilxassə rəyi-aləm
üzərinə bir millət özünün
istiqlalını belə istəsə sosialistin ona heç bir
sözü ola bilməz, biləks demokratik
əsaslar nöqteyi-nəzərindən öylə bir qərarı
müdafiə belə edər.
Məişət və mədəniyyətimizin
xüsusiyyəti ilə, sənayeyi-milliyyə ilə əhvali-iqtisadiyyəmizin
xüsusi şərait altında bulunduğuna nəzərən
sosializmin mühitimizdən ötrü ərkən olduğuna
hökm verilə bilərsə də, bu məslək tərəfdarlarının
mənafei-milliyəmiz üçün zərərli
olduğunu kimsə iddia edəməz.
Biz milliyyət və millətin muxtariyyətini iləri
çəkdikdə bəzilərinin düşündügi
kibi sosializmə zidd getmiyoruz. Biləks sosializmi azad
millətlərin azad ittifaqından ibarət bildigimizdən
geniş surətdə tələqqi etdigimiz milliyyətpərvərligi,
bütün millətlərə bir gözlə baxan sosializmi
hazırlaşdıran vasitələrdən birisi və
birincisi ədd ediyoruz.
M.Ə.Rəsulzadə
“Açıq
söz”, 25 iyun 1917, ¹506
Əqsa –
uzaqda olan
(Ardı var)
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.-
2013.- 25 may.- S.26-27.