Demokratiya və layiq olanların
hakimiyyəti (davamı)
Demokratiya da təkcə insan
haqlarına, söz və vicdan azadlığına, etiraz etmək
hüququna təminat vermir, həm də insanları xofdan,
qorxudan və çox hallarda ehtiyacdan azad edir.
Demokratiyanın qalib gəldiyi ölkələr nəhəng
inkişaf yoluna qədəm qoymuşlar. Bunu biz Amerika
Birləşmiş Ştatlarının, İngiltərənin,
İkinci Dünya Müharibəsindən məğlub və
viran qalmış şəkildə çıxmış
Yaponiyanın və Almaniyanın, habelə 1948-ci ildə
ağır şəraitdə və yandırılmış
torpağı andıran bir məkanda yenicə öz müstəqil
dövlətini qurmağa başlayan İsrailin timsalında
aydın görürük.
Demokratiyanın
ibrətamiz erkən tarixinə baxış
Hamıya yaxşı məlumdur ki, demokratiyanın
beşliyi qədim Yunanıstandır, daha dəqiq deyilsə,
Afinadır. Afinalıların da taleyində tiraniya dövrü
mövcud olmuşdur. Pisistratın tiran
hakimiyyətindən sonra aristokratlar cəhd etdilər ki,
Afinada özlərinə məxsus oliqarxiya (azlığın
hakimiyyəti) quruluşunu yaratsınlar. İslahatçı
aristokrat Klisfen (ingilis dilli ədəbiyyatda Klisten) həmin
plana qarşı çıxdı və Afina xalqına
arxalanaraq, b.e.ə. 508-ci ildə polisdə (şəhər-dövlətdə)
baş vəzifəni tutmaqla, dövlət quruluşunu islahata
uğratdı. Klisfenin islahatları bu vaxt
Afina demokratiyası üçün bünövrə
yaratdı. Afinanın hər bir azad vətəndaşı,
onun kəndli, sənətkar, tacir və aristokrat olmasından
asılı olmayaraq, bərabər hüquqlar aldı.
Klisfen islahatlarının məqsədi ənənəvi
yerlərin və regionların hakimiyyətini zəiflətmək
idi, çünki onlar aristokratik qüvvənin əsası
kimi çıxış edirdi. O, demosları – Attikanın (Afina
şəhər-dövlətinə daxil olan ərazi) kəndlilərini
və şəhər sakinlərini siyasi həyat
üçün bünövrə olacaq bir birliyə
çevirdi. Bu ənənəvi yerlərin və
regionların həmin vaxta qədər mövcud olan hakimiyyətinə
ağır zərbə vurdu. Bundan iki əsr
əvvəl, Romuldan sonra Romanın ikinci, əfsanəvi
çarı olan Numa Pompili başqa buna bənzər bir bəlanı
aradan götürmək üçün eyni qaydadakı tədbirdən
istifadə etmişdi. Romanın sakinləri
olan yerlilərlə sabinlilər arasında
ayrı-seçkilik, traybalizm əsasında baş verən
münaqişələrin qarşısını almaq
üçün o, adamları sənət növləri
üzrə yaratdığı çox saydakı gildiyalarda
birləşdirilmişdi. Bu gildiyalara həm
əsl romalılar, həm də sabinlilər daxil idilər və
belə vəziyyət onları
tayfaçılığın zərərli hisslərindən
uzaqlaşdırdı.
Klisfen demosun bütün vətəndaşlarını
on tribaya (bunlar “fil” adlanırdı) böldü, onların hər
biri Attika kənd mahallarında, sahil zonalarında və
Afinanın özündə məskunlaşmış sakinlərdən
ibarət idi.
Yerlə zəkalar siyasi quruluşda mühüm rola yiyələndilər. Bu on filin hər biri hər il üçün Beş yüzlər
Şurasına 50 üzv seçirdi. Şura
xarici siyasət və maliyyə işlərinin icrasını
həyata keçirirdi və Məclisə – ecclesia – ya (Xalq
yığıncağına) məsələlər
hazırlayırdı. Bütün kişi
vətəndaşların iştirak etdiyi bu Məclis azad və
açıq müzakirələrdən sonra qanunların qəbul
edilməsində son hakimiyyətə malik idi.
Beləliklə, Klisfenin islahatları Afina siyasi sistemində
vətəndaşların Məclisinin (Xalq
yığıncayının) mərkəzi rolunu gücləndirdi.
Heredot
özünün “Tarix” kitabında Klisfenin Afinadakı
demokratik dəyişikliklərini xüsusi qeyd edir: “Afina, əlbəttə,
əvvəllər də artıq böyük şəhər
idi, indi isə tiranlardan azad olunduqdan sonra daha qüdrətli
olmuşdur. Əvvəllər hüquqsuz olan və
fil tək tanınan ərazi vahidlərinin adını dəyişdi
və sayını artırdı”. Onu da əlavə
edir ki, xalq onu qoruyurdu və ona qarşı olan təhlükəni
aradan qaldıra bilmişdi.
Klisfenin islahatları Afina demokratiyasının əsasını
qoydu.
Sonrakı beşinci əsrdə (b.e.ə) çoxlu dəyişikliklər
baş verəcəkdi, bu vaxt afinalılar özləri sistemi
ifadə etmək üçün “demokratiya” sözündən
istifadə etməyə başladılar (bu, yunan sözü
“demos”-dan “xalq” və “kratia”-dan – “hakimiyyət” əmələ
gəlmişdi). Beləliklə, həmin ifadə
“xalq üçün hakimiyyət” demək idi. B.e.ə. 500-cü ildən Afina əvvəllərdə
olduğundan daha çox birləşmiş idi və
yunanların işlərində mühüm rol oynamağı
öz üzərinə götürməyə
hazırlaşırdı.
B.e.ə. 500-cü ilin ətrafından Makedoniya
çarı II Filippin Yunanıstanı işğal etdiyi
338-ci ilə qədər olan dövr yunan tarixinə klassik
Yunanıstan adı ilə daxil olmuşdur. Həmin əsr
yarımdan çox olan illər parlaq hakimiyyət dövrü
idi. Onun əsas hissəsi isə Afina
demokratiyasının Periklin başçılığı
altında çiçəklənməsi zamanı kimi
tanınır. Yunanların sonrakı
töhfələrinin çoxu bu dövr ərzində baş
vermişdir. Bu era yunan dövlətləri
ilə nəhəng Persiya imperiyasının ciddi
qarşıdurması ilə başlamışdı.
Yunan sivilizasiyası bütün Aralıq dənizi
regionunda genişləndiyindən labüd olaraq şərqdə
Persiya imperiyası ilə qarşılıqlı münasibətdə
olmalı idi.
Böyük yunan dramaturqu Esxil özünün
“Persiyalılar” pyesində yunanların çoxunun özləri
ilə persiyalılar arasında mühüm fərq olduğu
barədə gəldikləri qənaəti təsvir edir.
Pyesdə Persiya çariçası afinalılar haqqında
daha çox məlumat əldə etməyə maraq göstərdiyindən
soruşur: “Onlara kim ağalıq edir?” Ağanın çobanı kimdir?” Bu suallara xor
cavab verir: “Onlar heç kəsə qul deyillər, onlar həm
də təbəə deyillər”. Beləliklə,
yunanların əksəriyyəti görürdü ki,
persiyalılarla mübarizə, azadlıqla quldarlıq
arasındakı rəqabət tək olacaqdır. Yunanlara görə hər bir şəxs dövlətin
vətəndaşı olmaqla, hansısa hökmdarın təbəəsi
deyildir. B.e.ə. 490-cı ildəki Marafon
döyüşündə afinalıların böyük və
güclü Persiya ordusu üzərində parlaq qələbəsi
həm də azad insanların, azadlığın nə
olduğunu bilməyənlər üzərində necə
böyük mənəvi qüdrətə malik olduğunu
nümayiş etdirdi.
Perikl b.e.ə. 450-ci ildən mühüm siyasi rol
oynamağa başladı. Onun rəhbərliyi
altında Afina polisində demokratiyanın genişləndirilməsi
siyasəti aparıldı. Bu vaxt
afinalılar Sparta ilə və sərhədlərindən kənardakı
öz imperiyalarını genişləndirməklə məşğul
idilər. Bu dövr Perikl erası
adlanır, Afina qüdrətinin yüksəlməsi və
sivilizasiya kimi onun çiçəklənməsinin kulminasiya
zamanı hesab olunur. Perikl erası dövründə
afinalılar demokratik sistemə tam nail
olmuşdular. Xalqın hökmranlığı Məclisdə
(ecclesia-da) təcəssüm olunmuşdu, bura 18
yaşından yuxarı olan bütün kişi
cinsindən olan vətəndaşlar daxil idi.
Məclis bütün qanunları qəbul edir və
müharibə barədə, həmçinin xarici siyasət
üzrə sonuncu qərarları verirdi.
Məclisə yardımçı nəzarət
orqanı kimi Beş yüzlər Şurası fəaliyyət
göstərirdi. Şura 50 nəfərdən ibarət on
kiçik qrupa – pritanilərə bölünmüşdü.
Pritanilərin hər biri ilin onda biri dövründə (o
vaxtkı təqvimdə il 10 aydan ibarət
idi) Məclisdən keçən qanunların icrasına nəzarət
etmək vəzifəsini daşıyırdı. Şəhər magistratları (icra üzrə məsul
şəxslər) da adətən, sinif fərqlərinə məhəl
qoyulmadan seçilirdi və yalnız bir illik müddətdə
fəaliyyət göstərirdi. Bu o demək idi ki, kişi cinsindən olan vətəndaşların
çoxu ömürlərinin müəyyən dövründə
hansısa bir ictimai vəzifə tuturdu. Generallar
(strateqlər) adlanan və on qulluqçudan ibarət olan
şura dövlətin işini idarə etmək
üçün ictimai səsvermə ilə seçilirdi və
onların hakimiyyəti məhz qazandıqları nüfuzdan
asılı olurdu. Generallar adətən,
varlı aristokratlar olurdu, buna baxmayaraq, başqa qaydada
seçim etmək məsələsində də xalq tam sərbəst
idi. Perikl on beş dəfə strateq
seçilmişdi. Bu da onun siyasi həyatda
mühüm rol oynamaq qabiliyyəti ilə əlaqədar idi.
Perikl
doğma polisinin dövlət quruluşu barədə deyirdi:
“Bizim konstitusiya demokratiya adlanır. Çünki
hakimiyyət azlığın əlində deyil, bütün
xalqın əlindədir. Məsələlər
özəl debatlarda müzakirə ediləndə hər bir kəs
qanun qarşısında bərabərdir. Çünki
bizim siyasi həyatımız azad və açıqdır.
Bizim hər günkü həyatımız digər
adamlarla, bir-birimizlə münasibətlərdədir. Burada hər bir fərd təkcə öz işləri
üçün deyil, həm də dövlətin işləri
üçün maraqlıdır”. Perikl
dövrünün reallığı, onun dediklərini
bütünlüklə təsdiq edir.
488-ci ildən sonra afinalılar vəzifəli şəxslərin
xalq qarşısında məsuliyyət hissini yüksəltmək
üçün daha yeni bir tədbirdən istifadə etməyə
başladılar. Məclis üzvləri onların
xoşuna gəlməyən, polis üçün daha zərərli
hesab etdikləri şəxslərin adını qırıq
saxsı parçalarında yazmaqla, onun Afinadan sürgün
edilməsinə – ostrakizmə məruz qoymağa səs
verirdilər.
Beləliklə, vəzifə sahibləri təkcə onlara nüfuz bəxş edən səlahiyyətlərdən deyil, həm də müəyyən müddətə Afina vətəndaşlığı hüququndan məhrum olurdular. Çoxluğun neqativ səsini (əgər ən azı altı min nəfər səs vermişdisə) alan şəxs on illiyə polisdən sürgün edilirdi. Ancaq çox hallarda sürgün olunan adama ehtiyac hiss edildikdə, vətəndaşlar onu geri çağırırdılar. Bir sıra görkəmli dövlət xadimləri belə ağır cəzalı taleyi yaşamalı olmuşdular.
Periklə gəldikdə o, afinalıların demokratik idarəçiliyə cəlb edilməsini xeyli genişləndirdi. Hakimiyyət xalqın əlində idi. Perikl həmçinin vəzifə sahiblərinin əvvəlki pulsuz xidmət etmək qaydasını ləğv edib, onlara dövlət maaşı verilməsi qaydasını qoydu. Bu qrupun tərkibinə həmçinin məhkəmələrin jüri üzvü vəzifəsi də daxil idi. Bu o demək idi ki, hətta kasıb vətəndaşlar da ictimai vəzifə tuta bilərdilər və onlar ictimai işlərdə öz iştiraklarına müsbət yanaşacaqdılar. Lakin əhalinin çox hissəsinə həmin siyasi hüquqlar verilməmişdi, belə hüquqlardan məhrum olunanlara qadınlar, qullar və Afinada yaşayan əcnəbi sakinlər – meteklər daxil idi.
Perikl, dövlətinin idarə olunmasına Afina vətəndaşlarının orta və yoxsul təbəqələrini cəlb etməklə, Avropa tarixində ilk dəfə olaraq həqiqi demokratiyanın – xalq hakimiyyətinin meydana çıxmasına səbəb oldu. Onun dövründə Məclis – Xalq yığıncağı ali qanunverici orqanı olmaqla başlıca rol oynayırdı. Burada 315 min nəfər Afina sakinindən 45 min nəfəri iştirak edirdi.
Qədim Afinanı “bəşəriyyətin uşaqlığı” dövrü adlandırırlar. Bu uşaqlıq isə özünün görkəmli nailiyyətləri ilə öyünə bilərdi. Karl Marks qeyd edirdi ki, yunanlar normal uşaqlar idilər və yaşlı adam, əgər uşaqlığı normal olmuşdursa, daim onu məhəbbətlə yad edəcəkdir.
Afina demokratik dövlət quruculuğundan yaranan ideyalar ümumiyyətlə dövlətin necə olması barədə nəzəriyyələrin yaranmasına səbəb oldu.
Böyük yunan filosofları Platon və Aristotel siyasi həyatın təşkili barədə orijinal fikirlər irəli sürdülər.
Platon (b.e.ə. 422-348-ci illər) alimlərin çoxu tərəfindən Qərb sivilizasiyasının ən böyük filosofu hesab edilir. Öz müəllimi Sokratın mühakimə edilməsindən və edamından sonra məyus olan Platon ədalətə əsaslanan dövlət quruluşunun layihəsini hazırlamağa cəhd etdi. Siyasi quruluşun utopik idealını o, özünün “Respublika” dialoqunda yaradır.
Platonun dövlətini filosoflar idarə edir, bu dövlət vətəndaşların mənəvi gücündən qalxır, həm də dəqiq silk bölgüsünə malik olur.
Afinadakı təcrübəsinə əsaslanan Platon fəaliyyət göstərən demokratiyaya münasibətdə, ona inam bəsləməmək mövqeyinə gəlib çıxdı.
Filosofa məlum idi ki, ədalətli və rasional dövlətdə yaşamayan fərdlər etik həyata da nail olmurlar. Öz daxili düşüncəsi onu əhalisinin üç əsas qrupa bölündüyü ideal bir dövləti virtual qaydada qurmağa gətirib çıxardı. Lap yuxarıda yüksək sinif, idarə edən elita, məşhur filosof – çarlar dururdu.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.- 2013.-
25 may.- S.18.