ÖMÜRDƏN
SÖKÜLƏN BƏND ALAR SÖZDƏ; QALSA, ANCAQ QALAR BƏNDƏLƏR
SÖZDƏ...
MƏN BİR QƏLƏM FƏHLƏSİ
Bir qələm fəhləsi olmaq şərəfim!
Başımın ağası: həzrəti-sözdür!
Şirin əzabımdır dünyada nəfim!
Arzumun vüsalı, həsrəti sözdür!
Ömürdən sökülən bənd alar sözdə;
Qalsa,
ancaq qalar bəndələr sözdə!..
Söz
sözü cilalar, rəndələr sözdə,
Xilqətin ayarı, siqləti sözdür.
Meyvətək
gül açar söz, saplağında;
Dəyər,
yetkinləşər öz saplağında;
Minillərlə
yaşar öz saflığında:
Tanrının
ən sirli neməti sözdür!
Bakı,
13.04.2013.
YERİNDƏ
Eldən
aldığımı geri qaytarsam,
Görəsən, nə qalar sözün yerində?!
Gözün
giləsini çalsalar əgər,
İşartı tapılmaz gözün yerində.
Xalqdan
aldığımız göz işığıdı!
Zülmətin
bağrına bir söz şığıdı!
Hər təşbih
kəlamın yaraşığıdı! –
Bir
şüa iş görər yüzün yerində.
Aldığımız
kəlmə əgər vacibdi,
Min-min
ağlın süzgəcindən keçibdi!
İncədi,
zərifdi, demək: nəcibdi,
Özdən
öz tapılmaz özün yerində!
Gərək
götürdüyün halalın olsun:
Yerinə
düşməsə, ha ləlin olsun!..
Bir sancaq
taxarsan, hal əlin olsun;
Yoxsa kül taparsan közün yerində.
Nə
yaman bozartdın üzünü, qafil;
Azarsan,
yolunu, izini, qafil!
Sən
qurda tapşırdın quzunu, qafil:
Quzun yoxa çıxıb; küzün yerində.
Əməl,
sahibinə aynadı elə:
Sarsıldı
təməllər, oynadı elə...
Dünya,
Nuh gördüyü dünyadı elə:
Əyrini fırladar düzün yerində.
İlham
da, əslində, bir zirək quşdu:
Pərvaz
öyrətdinsə, zirvəyə tuşdu!
Kiminsə
suçundan iqlim qarışdı:
Qış tüğyan elədi yazın yerində.
Məmməd
Aslan, yenə bu, nə gileydi?!
Yetmişində
hələ bostanın göydü:
Hansı
kəlmə qəfil qəlbinə dəydi:
Kövrəldin
qoşmanın həzin yerində...
Sumqayıt,
28.04.2013.
MƏNSİZ O DAĞLAR
Mən sənin
şəninə söz yazdım, dağlar;
Kimdi dəyər verən söz-sava indi?!
Dənsiz
bir dəyirman daş fırlandırır,
Baş açmaq olmur ki, ay tövbə, indi.
Sən nələr
çəkmədin nankor üzündən,
Dəydi ürəyinə güllə sözündən.
Piltə-piltə
haqqın gəlsin gözündən,
Kim haqsız davranır hesaba indi.
Səni
xoş saatda yaratmış Xudam,
Qara
südlü inək, qızılı badam...
Ocağın
özgəni isitdi müdam,
Yanan da sən oldun kösövə indi.
Torpaq
cadar-cadar, göy hönkür-hönkür;
Kahalar
dolusu inkir və minkir...
Allahdan
bixəbər buludlar çökür;
Çətin ayazıya bu hava indi.
Hardan peyda olur dərəbəyilər?!
Zirvələr axnıyar, dərə əyilər.
Dil kəsər,
diş sökər bu bərrayilər,
Dirəndik keçilməz bir gava indi.
“Mübarək”
tanımır dərəsin, düzün,
Ac qurd
qapısını qoruyur küzün...
Hər kəs
natiq olub, lallar müəzzin:
Daha qulaq dözmür vur-haya indi.
Sumqayıt,
28.04.2013.
ƏLÜSTÜ MİSRALAR
Buluddan nəm
çəkənim,
Gül dərib, gül əkənim.
Bağçanızda
gül göstər:
Bir şaxına söykənim.
lll
Şehli-şehli
dərəm səni,
Gözüm üstdə sərəm səni.
Göydən-yerə
enmədin ki:
Bir doyunca
görəm səni...
lll
Gərdişə
bax, gərdişə bax,
Varam,
yoxam... Gör, işə bax!
Gözüm
baxdı, görəmmədim:
Görüşə
bax... görüşə bax!..
lll
Sən indi hardasan, mən indi harda?
Sən
nazü-qəmzədə, mən intizarda...
Bir zaman
dünyanın bəxtəvəriydik:
Sən
indi nəşədə, mən indi zarda...
BU
GECƏ
Fəxri-aləm şairimiz Seyid Məhəmməd
Hüseyn Behcəti-Təbrizi (Şəhriyar) Həzrətlərinin
“Behcətabad xatirəsi” şeirinin yaddaşımda
oyatdığı üzüntülərin təsiri
altında ikinci təəssürat.
Bu gecə,
bu son gecə,
Dərdü-qəm qusan gecə.
Dünyanı
sel apardı:
Gözyaşı leysan gecə.
Bu gecə,
bu son gecə,
Səhəri busan gecə.
Məni
zinhar elədin,
Cövründən usan gecə.
Bu gecə,
bu son gecə,
Qanıma
susan gecə.
Ulduzları
qoparıb,
Məni daşa basan gecə.
Bu gecə,
sərsəm gecə,
Yuxuna girsəm,
gecə:
Pərişan
saçlarını
Çinləyib
hörsəm, gecə...
Bu gecə
uzun gecə,
Hanı
ulduzun gecə?!.
Sən
qara bir qoyun ol,
Mən sənin quzun, gecə.
Bu gecə,
bu son gecə,
Son demək asan, gecə.
Bir atəşdə
qovrulduq:
Mən
gecə; ha sən, gecə...
Bu gecə,
bu zar gecə,
Ahımdan bizar gecə.
Baş
alıb hara qaçdı –
Qorxuram azar gecə.
Bu gecə:
siyah çadır;
Ömrü
gün doğuncadır...
Tutalım:
qaça bildi,
Qaçmaqla hara çatır?!
Bakı,
02.02.2013.
SƏN ZİRVƏ ŞAİRİ
TÜRKÜ–ƏCƏMİN...
Bu
dünyada bizdən qalan bir səsdi;
Bu
karvanın zəngi qalarsa, bəsdi!
lll
Mən
daha ərşi-əla kölgəsitək
başda
tacım var!
Başda
sınmaz sipərim,
Əldə
kütəlməz qılıcım var!
Şəhriyar.
Şəhriyar
təkcə İranın deyil,
bütünlükdə Şərqin fəxridir!
Məliküş
– Şuara
Bahar.
Fars
dilinin fəxri olan bu
Təbrizli
şairin təbinə min alqış!
Seyyid Məhəmməd
Əli
Cəmalzadə.
Mir Abbas Alyasinin Şəhriyarın fotoşəkillərindən
ibarət nəşr etdirdiyi “Təşrifatsız ləhzələr”
(dəvətsiz anlar) foto-albomunda çoxdan-çox son dərəcə
küskün və iztirablı portretlərlə
qarşılaşdım.
Halbuki
Şəhriyar bir fərd olaraq şümşad qamətli,
şəklü-şəmayil cəhətdən Allahın
mükəmməl yaratdığı bir vücud sahibi olub...
Fotolardan üstümə yağan ələmlər
yazdırdı mənə aşağıdakı ağlar
qoşmanı.
Nə
dönük iqbalmış, nə dəli ruzgar;
Donub dalğa-dalğa tufan üzündə.
Bu çərxin
çənbəri nə kökə salıb:
Nə dərin iz qoyub zaman üzündə.
Uçqun
şırımları alnında qışın;
Bağrından
yol salıb qəm qoşun-qoşun...
Xətasız
ötməyib bir çalxanışın:
Lay-lay yatır sirri-sübhan üzündə.
Sənin
şəkillərin nə qədər canlı,
Sən nə
qədər məsum, tale nə qanlı...
Ürək
səksəkədə: dərdli-fəğanlı;
İnlər yar üzündə, yaran üzündə.
Şəklindən
üstümə ələmlər axar,
Min dərdin kölgəsi üzündə qəmxar.
Səninlə
oturar, səninlə qalxar:
Yarı aşkar, yarı pünhan üzündə.
Bürüyüb
hər yandan günah dünyanı,
Daha kim edəcək islah dünyanı?!
Kaş
indi görəsən, ey-vah, dünyanı,
Toxtamaz qasırğa bir an üzündə.
O simsar
üfüqlər öncə utansın!
Təbrizlə yanaşı Gəncə utansın.
Güllər
utanmazsa, qönçə utansın;
Ayələr
oxunsun nuran üzündə!..
Millət
ulusunu göz üstdə bəslər,
Görüb
bu qeyrəti, coşar həvəslər.
Uca
tutulmalı baş olan kəslər!
Allaha yol başlar piran üzündə.
O necə
qəmxarlıq, bu necə məhşər?!
O necə
mürvətdir, bu necə bəşər?!
Fəzilət
dayanıb zavala qənşər;
Ömrün məşəqqəti ayan üzündə.
Dağ
göyün sütunu; söz-sözə dirək!
Sən elə
çağladın, mat qaldı fələk...
Dünya
ki, görməyib, biz çətin görək:
Sənin
kimi şair cahan üzündə!
Sözü
sehrləmək müşkül icatdı!
Şeirin
dil açdıqca səni ucaltdı!
Qartal
çırpınışın hər yana
çatdı:
Turan zəminində, İran üzündə.
Sən
zirvə şairi türkü-əcəmin!
Qələm
dəryazındır, misralar — zəmin!
Əbədiyyət deyə sənin nə qəmin?!
Qalar məhşərəcən
iman üzündə!
Uca cəddin
sənin yerli-yataqlı!
Ulu bir
çinarsan: qollu-budaqlı!
Sözünün
şəhdi var: abi-həyatlı!
Yelkənli
gəmisən ümman üzündə!
Sənsən
fəxri-aləm, Şəhriyarımız!
Ləşkəri-qələmdə
şahsüvarımız!
Ərşə
bülənd olan pür vüqarımız!
Fəhminlə
oxunar Quran üzündə!
İsmin
də, cismin də əmanət bizə!
Hər kəlmən,
hər misran ziqiymət bizə!
Ruha sahib
çıxmaq ta qeyrət bizə!
İnsanam,
deməklə iş bitməz hələ;
Millət
şərəf tapar irfan üzündə!
Bakı,
09.04.2013.
YOXUŞ QURTARINCA
YENƏ DÜZ BAŞLAR...
Ərzurumda fəaliyyət göstərən “Günəş
vəqfi” (xeyriyyə cəmiyyəti) ənənəvi
saz-söz şüləni keçirir.
Bir
neçə il öncə
sazımızın mahir ifaçısı Aşıq Ədalət
Dəlidağlı və sazın-sözün görkəmli
qəmxarı Aşıq Elbrusla birlikdə həmin tədbirdə
iştirak edirdim.
Aşıq
Elbrus Ərzurumlu Əmrahın türk aləmində geniş
yayılmış “Yox-yox” rədifli qoşmasını
böyük ustalıq və həvəslə elə ifa etdi
ki: onun təsirindən Türkmənistanın Xalq
yazıçısı, gərəkli tarixi romanlar müəllifi,
İngiltərənin Oksford Universitet birliklərindən
birisinin rektoru, həm də məşhur iş adamı
Annakulu Nurməmmədov Aşıq Əmrahın
qoşmasına maraqlı bir nəzirə yazdı.
Fürsətdən istifadə edərək həmin
qoşmanı müəllifin iştirakı ilə Azərbaycan
türkcəsinə sərbəst şəkildə
uyğunlaşdırdım.
Annakulu
NURMƏMMƏDOV
YENƏ VAR Kİ!..
Sən
Aşıq Əmrahsan, ya Elbrussan?..
Min kərə
yox desən, Haqq
yenə var ki!
Dağ
qüdrət bürcüdür Dərgah önündə!
Sən
yüz də “yox” desən, dağ yenə var ki!
Türfə
gözəlləri mən amma gördüm!
Hər
biri güc verir ilhama gördüm!
Bəyaz
sinə üstdə şamama gördüm;
Görə
bilməsən də, tağ yenə var ki!
Biz zəvvar
yarandıq; gözəl Kəbədi!
Şair
müştaq zənədxana, ləbədi!
Anarım,
Fikrətim, Nəbim əbədi!
Müjgan
yenə var ki! Ox yenə var ki!
Yoxuş
qurtarınca yenə düz başlar;
Yay buzu əridər,
qışı buz başlar;
Gecənin
sonunda bir gündüz başlar!
Acgözlər
cəhənnəm, tox yenə var ki!
Bir vaxt
qan ağladı düzlər qərənfil;
Yaş
yerinə tökdü gözlər qərənfil;
Ağlar
Məmməd Aslan, sızlar qərənfil...
Ağlar
qərənfillər, bax yenə, var ki!
Getdi
Qoç Koroğlu, qoçaqlar getdi;
Söndü gur tonqallar, ocaqlar getdi.
Bizdən
Əmrah olmaz!.. O çağlar getdi,
Nalə
yenə var, ax yenə var ki!..
Qartalla
öcəşmək dəli həvəsim!
İstədim qıy vuram; gəlmədi səsim.
Getdi Məhdimqulum,
Molla Nəpəsim...
Onları
yaşadan xalq yenə var ki!
Annakulu,
sirrim çözülən deyil;
Həkk
etsəm, qayaya qazılan deyil!
Dünyanın
dəngəsi pozulan deyil:
Min-min yox
tükənə, “yox” yenə var ki!!
Ərzurum
09.03.2010.
QAR
İLƏ
YOĞRULMUŞ YAZI
Fəsil
də mənimlə qocalmış demək:
Sitəmlə keçirdim bu yazı belə.
O qədər
qar yağmış ömrə, ovqata,
Qar ilə yoğruldu bu yazı belə.
Bəxtlə
bacarmadım, nataraz qaldı,
Biçənək
soluxdu, ac dəryaz qaldı...
Gur dəryam
soğuldu, azdan-az qaldı,
Nəyə
məsrəf edim bu azı belə?!.
Vaxt olub
şonqarı sar qırıldadıb,
Zəhərə
bükülmüş zəqqum bal
dadıb,
Korşalan
fəhmimi zənnim aldadıb:
Keçilməz saymışam dayazı belə.
Qurulan
duzağa, busquya bir bax,
Darda
boş yellənən asqıya bir bax!
Gözümü
qorxuzan sısqaya bir bax:
Çırmanıb keçərdim Arazı belə.
Rəzil
xislətiylə bir mərdiməzar
Məni
zinhar etdi, ruhumu bizar;
Kölgəmi
qılınclar, izimi qazar:
Arxamdan əl çəkməz bu tazı belə.
Nə
qatı toranmış gözümə çökən;
Bu toran qalanı tapılmaz sökən.
Soldu
qönçə ikən, tumurcuq ikən
Könlümün ümidi, murazı belə.
Dağıldı
o məclis, getdi o şuxlar;
Daha
yuvasında durmaz “aşıqlar”...
Bu saz nə
sim saxlar, nə pərdə saxlar;
İndi kim kökləyər bu sazı belə?!
Çinarlar
devrildi, kökü qalmadı,
Buludlar
zay oldu: damcı salmadı.
Nə
iqlim yerində, nə fəslin dadı;
Dəyişib dağın da havası belə.
Qulaqlar
qapalı, dil-dodaq qabar,
Allahdan üzülsə, bəndə nə tapar?!
Kökündən
laxladı iman, etibar;
Əhdin bünövrəsi, əsası belə.
İxtiyar
çağında süstləşir adam,
Hava da
çatışmır: doyunca udam.
Bədən
evə çəkir, ruh göyə müdam:
Qəlbimlə ruhumun qovğası belə.
Sapa
söz düzməyi çox asan sanma,
Dörd
yanın alovdu: daş kəsil, yanma!
Şairlik
müqəddəs peşədi, amma:
Qazancı
təsəlli; mayası belə...
Sumqayıt,
27.04.2013.
BİR BAHAR GƏLİRMİŞ
ARXAMCA DEMƏ
İctimai Televiziya və Radio şirkətində bir efir
saatından yorğun çıxmışdım. Şirkətin
əməkdaşı Qorxmaz Tofiqoğlu qoluma girib, məni “20
Yanvar” metro koğuşuna doğru aparırdı.
Xeyli getmişdik. Qəflətən o biri qoluma İctimai
Radionun ədəbi verilişlərdə maraqla
qarşılanan aparıcısı Fəxriyyə Lilpar
xanım girdi. Dərhal da məni elə studiyalarda
olduğu kimi, ciddi sorğu-suala çəkdi:
–
Çox gözəlin arxasınca baxan şairin arxasınca
heç gözəl baxıbmı?
–
Doğrusu, əvvəllər yadımdan çıxıb,
indi isə, necə deyərlər: “Yaş yetmiş,
iş bitmiş...” Dörd il də
artıq...
Bu şux
və dilavər aparıcı xanım cavabıma qane
olmadı:
– Siz
şirkətdən çıxandan burayacan arxanızca gəlmişəm...
Kəsəsini
deyim ki, Fəxriyyə
Lilparın bu kəlməsindən sonra aşağıdakı
qoşmanı yolboyu misra sığalına yatızdırmağa
çalışdım:
Yol-iz
başqalaşdı, aləm dəyişdi,
Bir gözəl gəlirmiş arxamca demə.
Bəxtəvər
günlərim yadıma düşdü:
Bir gözəl gəlirmiş arxamca demə.
Nə
gözəl ovqatmış, nə incə qoxu!
Nə
şirin hüşyarlıq, nə dadlı yuxu!
Bu
hansı iqlimin yazıymış axı:
Bir bahar gəlirmiş arxamca demə.
Dağın
o üzündə qımışsa qönçə,
Onu mən duyardım hamıdan öncə.
O xatirə
həzin; bu mətləb incə;
Bir gözəl gəlirmiş arxamca demə.
Duyğusuz
olmaqdan olmamaq yeydi;
Çiçək bitirmirsə, o nə güneydi?!
Bu olub-bitənlər
qəlbimə dəydi,
Bir gözəl gəlirmiş arxamca demə.
Könlünün
sultanı, həm nurlu şəmi;
Tər
gülün-çiçəyin üst-üstə cəmi;
Novruzlarda
qapı pusanlar kimi
Bir gözəl gəlirmiş arxamca demə.
Üfüqdə
vurnuxan səs elə buymuş!
Ömrün
tənəzzülü bəs elə buymuş...
Dünyada
ünyetməz məsələ buymuş;
Bir bahar gəlirmiş arxamca demə.
Bakı,
01.05.2013.
SULTANLAR SƏFİNDƏ
Türkiyənin
ustad şairi
Bahaəddin
Qaraqoça.
Dinin
bahası o; Bahaəddin o!
İlhamı
gül açıb, gülüstan olmuş!
Sevdalı
dağlara əfsun oxumuş;
Türklüyün
ruhunda bir dastan olmuş!
Nazı
keçərlidi hər yanda onun:
Hər
soydaş yanında, divanda onun!
Nə desə,
hazırdı! – bir anda onun!
Sultanlar səfində
pür sultan olmuş!
Əhsən
bu dağlara, qurğu-büsata!
Bu cənnət
bucağı gərək naz sata!
Şair
evladları boy ata-ata...
Maraş
bu sevgidən bir cahan olmuş!
Göylərdən
nur yağar, sehir ələnər;
Torpağa
qum əksən, söz cilvələnər;
Yerin səcdəsinə
mələklər enər;
Maraş
şairlərə aşiyan olmuş.
Məmmədi
tapşırdım dağlara sirdaş;
Nazlı
bənövşəylə yetər bir göz-qaş!..
Dil
aça biləydim bu yerdə, ey kaş! –
Maraşda dil açan xoşzəban olmuş.
Bakı,
04.05.2013.
TOYUQLARIN HESABINA
(Bir
çocuq şeiri)
Bu həyətdə
toyuq var:
Sərçələr dənə gələr.
Daşdan-kəsəkdən
qorxmaz,
Qovsalar, yenə gələr.
Çörək
gündə töksələr;
Didib
kündə töksələr;
Dəni
hində töksələr,
Birbaşa hinə gələr.
Ac sərçələr
doyunca
Şənlənər qapı-baca.
Nənə
az qalar uça,
İmana-dinə gələr.
Bakı
08.02.2013.
LALƏ ÖYGÜSÜ
Torpağa
yağmış
Bu gülə-gülzara
bax;
Zər
gülə bax!
Gül-zərə
bax!!!
Güldü
bu, işıqdı bu!
Nə əlvan
qurşaqdı bu!
Çəməndə
nə çox belə:
Yaşılı,
qırmızısı!
Bu lalə
kimin sevgilisi;
Bənövşə kimin qızı?!
Nədən
qopub yerə düşmüş
Göyqurşağı, görəsən?!
Bu qəmzəyə,
lətafətə
Min əhsən!
İncə-incə,
qönçə-qönçə açılan;
Alov-alov
püskürən;
Parıl-parıl
saçılan
Bağrım
kimi param-parça
Laləmi bu?!
Çiçək
təbəssümündən sağılmış
Haləmi bu?!
Çiçək-çiçək
üstdən yağdı,
gül-gül üstdən...
Köz-köz
üstdən yandı;
Yandı
gülüstan!..
lll
Bir
zamanlar talesiz bir şairimizin bağrını
parçalayıb çəmənə düşən,
düşüncə də dil açan bir misrası beləcə
alov tonqalına döndərdi çəməni:
“Ürəyim
parçalanır dağda bitən lalə kimi...”
Beləcə
fəryad qopartdı otaylı-butaylı Vətən
gülzarında beş gün
daldalanmağa əl boyda duralğa tapa bilməyən
zavallı Bayraməli Hambal.
Bir lalə
misrası bir lalə tonqalı oldu; oddandı şair!
Onsuz da
alovdan doğulub: oddandı şair!!!
Lalə
bu Vətən mülkünün hər bucağında var!
Bağında-bağçasında;
od-ocağında var!
Burda: bu
Şamaxı torpağında daha çox!
Lalədən
tut, göyə yüksəl; dağa çıx!
Nədən
belə bağrı yanıq bu torpağın!
Bu lalə
tonqalına bir də dönün, bir də baxın!!!
Yer-göy
lalə,
Çəmən
lalə:
Həmən
qızdı,
Həmən
lalə!
Pərdə-pərdə
Açıldı
bir də
Şəfəqlərdə
Çimən lalə.
Kəs
yanımı,
Al
canımı:
Al
qanımı
Əmən
lalə!
Bitdi həsrət,
Birik, əlbət!
Ya mən
dağam,
Ya sən
lalə!..
Bakı,
Bahar, 2013.
HƏM QIN, HƏM QALA
“Tısbağa
qınından çıxdı,
Qınını
bəyənmədi...”
Qədim məsəl.
I
Qının
– Vətənindir, tısbağa, sənin!
Tükənməz borcun var çanağa sənin.
Səni
qınayanı sən qına indi;
Bir zərrə suçun yox qınağa sənin.
Qınından sıyrılıb, hara qaçdın ki?!
Bəyənib yaşarsan özgə evində.
Qınınla
çıxarsan yoxuşu, diki,
Gücü
çatmaz sənə azman divin də!
Qının
– rahat qala! Sən bu qalada!
Sənin nə qorxun var dərdü-bəlada?!
Öləndə
qəbrin də: bu çanaq sənin!
Bəxtəvər
ömrün var: çox fövqəladə!
Allah rəva
qılıb hazır qalanı!
Necə xor görəsən rəva qılanı?!
Qın –
kəfən; qın – evin;
qın
— qalan oldu!
Sənintək bəxtindən yarıyan hanı?!
Nankor yurd
bəyənməz;
səndən min haşa!
Qınına
çəkilib, qorxusuz yaşa!
Yersiz
qınaqları vecinə alma;
Sənin
günahın yox, düşmə təlaşa!
II
Hər
quşun, böcəyin öz yuvası var;
Bağa
qının sevər, insana baxma!
Çanağından
qaçan bağa görməzsən;
Əbəs
zəhmət çəkib dörd yana
baxma!
Hər
bağa qınına o qədər bağlı;
Ömrü
qında keçər əlli-ayaqlı!
Yaşayar
zirehli, səyyar çanaqlı;
İkrahla üz tutub, o qına baxma.
Bağa
öz qınına illah dəlidi!
Çanağa
sevgisi: gəlhagəlidi!
Çanaq
hər bağanın daş heykəlidi!
Həqarətlə ona baxana baxma.
Bakı
21.02.2013.
Məmməd Aslanın
525-ci qəzet.-
2013.- 25 may.- S.28-29.