Poeziyamızın  yolları və illəri”

 

Vaqif Yusifli müasir Azərbaycan tənqidinin ən məhsuldar nümayəndələrindən biridir. O, bu sahəyə keçən əsrin 70-ci illərində gəlmiş, həmin vaxtdan keçən qırx il ərzində ədəbi prosesdən aralanmamışdır. Tənqidçiliyin ümumən “çətin peşə” (Q.Xəlilov) olduğunu nəzərə alsaq, ondan əvvəl, onunla bir vaxtda tənqidə gələnlərin böyük bir qisminin indiki halda tənqiddən uzaqlaşdığını da nəzərə alsaq, V.Yusiflinin üzərinə götürdüyü missiyanı vətəndaş fədakarlığı ilə yerinə yetirməkdə olduğunu etiraf etməliyik.

V.Yusifli, heç şübhəsiz ki, öz stixiyası etibarı ilə tənqidçidir. Ancaq təqdir olunası cəhətlərdən biribudur ki, ədəbiyyat tarixi ilə bağlı tədqiqatlarında da o, kifayət qədər məhsuldar görünür. Fikrimizcə, bu tamamilə məntiqi və qanunauyğun haldır. Tənqidlə ədəbiyyatşünaslıq (ədəbiyyat tarixi mənasında) həmişə qarşılıqlı əlaqədə inkişaf edir. Tarixi ədəbi prosesə yetərincə bələd olmadan yaxşı tənqidçi olmaq, müasir ədəbi prosesə obyektiv elmi müdaxilə mümkün deyildir. Bu mənada filologiya üzrə elmlər doktoru Vaqif Yusiflinin “Poeziyanın yolları və illəri (1960-2000-ci illər)” (Bakı, Mütərcim, 2009) monoqrafiyası onun çoxillik ədəbi-elmi fəaliyyətinin qanunauyğun nəticəsi hesab edilməlidir. Tədqiqat predmetinə çevirdiyi mərhələnin ədəbi prosesinin bilavasitə iştirakçısı olmaq, ədəbi prosesi canlı şəkildə izləmək onun araşdırmalarının obyektivliyinə və elmliyinə güclü təkan vermişdir.

Seçilən mövzu aktuallığı, müasirliyielmliyi ilə maraq doğurur. Mövzunun müəyyənləşdirilməsindəki istiqamtələr də dəqiq təyin edilmişdir. Monoqrafiya müəllifinin Azərbaycan poeziyasının keçən əsrin 60-ci illərindən sonrakı mərhələsini araşdırma obyekti kimi götürməsi ənənə və novatorluq problemini önə çəkməsi təqdir olunmalıdır.

50-ci illərin sonu, 60-ci illər Azərbaycan ədəbiyyatında yeni keyfiyyət mərhələsinin başlanğıcıdır. İnsan amilinə, şəxsiyyətin daxili dünyasına artan maraq, ədəbiyyatın sosial-siyasi problemlərin yedəyindən açılıb öz əbədi və əzəli predmetini əks etdirməyə qayıdışı, ayrı-ayrı ədəbi janrların, o cümlədən poeziyanın inkişafına əsaslı təkan vermişdir. 60-cı illərdən başlayaraq ədəbiyyatımızda, xüsusən nəsrdə və poeziyada çox ciddi novator keyfiyyətlər müşahidə olunmağa başlamışdır. Təbii ki, bu novatorluğun əsasında Azərbaycan poeziyasının çoxəsrlik ənənələri dayanmışdır.

Monoqrafiyanın birinci fəslində tədqiqatın əsas ağırlığı ənənə və novatorluq problemini nəzəri cəhətdən izah etməyə istiqamətlənmişdir. Bədii yaradıcılıqda ənənənin rolu, novatorluğun təzahür xüsusiyyətləri haqqında rusAvropa, o cümlədən Azərbaycan alimlərinin elmi-nəzəri fikirlərini tənqid-təhlil süzgəcindən keçirən alim məsələnin mahiyyəti haqqında aydın elmi təsəvvür yaratmağa nail olmuş, ənənə ilə novatorluğun qarşılıqlı vəhdəti, bir-birini tamamlaması, ədəbi prosesin irəliyə doğru hərəkətinin ilk növbədə bununla şərtlənməsini önə çəkmişdir.

Monoqrafiyada ədəbi prosesdə ənənənin, yaxud novatorluğun aparıcı amil olması ilə bağlı elmi ədəbiyyatşünaslıqda o qədər də perspektivli görünməyən mübahisələrə də münasibət bildirilmiş, ədəbi inkişafın təkanverici amili kimi onların hər ikisinin dialektik əlaqəsi əsas götürülmüşdür.

Birinci fəslin “Ənənənin mahiyyəti”, “Azərbaycan poeziyasının başlıca ənənələri”, “Poetik ənənələrin üslubi baxımdan fərqləndirilməsi”, “Novatorluğun mahiyyəti”, “Ənənə və novatorluğun qarşılıqlı əlaqəsi” adlı yarımfəsillərində ənənə və novatorluq probleminə nəzəri baxışla bərabər, ədəbi-tarixi prosesdə ənənə və novatorluğun bədii təcəssüm keyfiyyətlərinin trayektoriyasının cızılmasına da cəhd edilmişdir. Tədqiqatçı 1960-2000-ci illər Azərbaycan poeziyasında ənənə və novatorluğu elmi təhlil müstəvisinə çıxarmaq üçün poeziyamızın bu illərə qədər keçdiyi çoxəsrlik tarixi ənənələrini ümumiləşdirməyi vacib hesab etmişdir Milli poeziya ənənələrinnin tədqiqində V.Yusifli daha çox Azərbaycan poeziyasının qaynaqlarını önə çəkmiş, bu ənənələrin milli mənəviyyat, milli dil və mədəniyyət, folklor qaynaqları əsasında təşəkkül tapan forma və məzmunundakı özünəməxsusluqları aşkarlamağa çalışmış, lakin ədəbiyyatımızın tarixi nailliyyətlərini ümumşərq və ümumtürk kontekstindən ayırmamışdır.

Monoqrafiyanın “Ənənə və novatorluq problemi ədəbi tənqiddə” fəslində alim bu  mübahisələri tədqiqatının predmetinə çevirərək mübahisələrin indiki ədəbiyyatşünaslıq nöqteyi-nəzərindən qəbuledilməz tərəflərini dəqiq müəyyənləşdirmiş, sovet ədəbiyyatşünaslığının, o cümlədən, Azərbaycan sovet ədəbiyyatşünaslığının sonrakı mərhələlərində ənənəyə bu qeyri-sağlam münasibətin tamamilə dəyişdiyini və düzgün elmi-nəzəri istiqamət aldığını önə çəkmişdir.

Monoqrafiyada bu məsələ barədə ilk mülahizələrini söyləyən M.F.Axundzadə başda olmaqla, M.Rəfili, M.Arif, M.C.Cəfərov, M.Hüseyn, M.İbrahimov, Ə.Ağayev, A.Abdullazadə, A.Əfəndiyev, Y.Qarayev kimi görkəmli nəzəriyyəçi və ədəbiyyatşünas alimlərin fikirləri ədəbi-tarixi kontekstdə araşdırılmış, ənənə və novatorluğa məhdud baxışla perspektivli nəzəri yanaşmaların sərhədləri dəqiq müəyyənləşdirilmişdir.

Monoqrafiyanın “Yeni poetik mərhələnin başlanğıcı” fəslində “müharibədən sonrakı dövrün poeziyası” təhlil mərkəzinə çəkilir. Əslində, bu illər tədqiqatın mərkəzinə çəkilən problemin əhatə dairəsinə birbaşa daxil deyil. Lakin düşünürük ki, 60-80-ci illər poeziyasının ideya-mövzu, janr, forma, fərdi üslub baxımından şərhində obyektiv elmi qənaətlərə gəlmək üçün müharibədən sonrakı mərhələnin mənzərəsi haqqında dürüst təsəvvürə malik olmaq nəinki lazımdır, hətta zəruridir. Birincisi, ona görə ki, bütün mərhələ təsnifatları şərtdir. Bu mərhələlər arasında heç birÇin səddi” yoxdur və hər bir yeni mərhələnin doğuluşu əvvəlki mərhələnin “bətn”indən güc alır. Başqa sözlə, 60-80-ci illərin poeziyasının novator keyfiyyətləri poeziyamızın keçdiyi yolun tarixi ənənələri ilə bərabər, özündən əvvəlki mərhələnin təcrübəsinə söykənir.

Nəzəri mülahizələrində “bədii mətnin diktələri”ni əsas götürən, bədii təcrübənin nəticələrini elmi dilə çevrib ifadə etmək iqtidarına malik tədqiqatçı 50-ci illərin ədəbi prosesinə münasibətdə stereotip yanaşmaları rədd edərək, hərəkətin dinamikasını həssaslıqla müşahidə edə və ümumiləşdirə bilir. V.Yusifli ədəbi tənqidin “60-ci illərdə poeziyada insanın daxili aləminə, qəlbinin dərini, intim çalarlarına marağın müstəsna dərəcədə artması prosesi öz başlanğıcını 50-ci illərin ortalarından götürür” (Bax: Y.Qarayev, Ş.Salmanov. Poeziyanın kamilliyi. Bakı, “Yazıçı”, 1985, s.60) tezisini elmi həqiqət kimi qəbul edərkən mərhələnin poetik prosesləri haqqında dürüst müşahidələrini də ortaya qoyur.

V.Yusiflinin hər bir tezisinin, elmi qənaətinin əsasında mərhələnin əsas təmsilçiləri olan sənətkarların əsərlərində, yaxud ədəbi prosesin hadisəsi kimi diqqəti çəkən bədii nümunələrdə müşahidə etdiyi ideya-estetik keyfiyyətlər dayanır. Bu mənada S.Vurğun, S.Rüstəm, R.Rza, B.Vahabzadə, N.Xəzri, Qabil, H.Arif, Ə.Kürçaylı, Ə.Kərim, F.Qocab. sənətkarların yaradıcılığına analitik-elmi yanaşmalar razılıq doğurur.

Monoqrafiya müəllifi “XX əsr Azərbaycan poeziyasının “qızıl dövrü” fəslində R.Rza məktəbinin, intellektual-metaforik poeziyanı yeni bir təmayülə çevirə bilən Ə.Kərimin yaradıcılığı üzərində nisbətən təfsilatlı dayanır. Burda da bir qanunauyğunluq vardır. 60-80-ci illər poeziyasını ənənə və novatorluq problemi kontekstində araşdırmağı hədəf kimi seçən alim həm R.Rza, həm də Ə.Kərim poeziyasında bir-birindən fərqli iki poeziya təmüyülünün meydana çıxdığının fərqinə varır, tarixi ədəbi prosesə başdan-başa novator şairlər kimi daxil olan bu sənətkarların 60-80-ci illər poeziyasında ənənəyə çevrilən novator münasibətlə tədliqçi münasibətlərin sərhədlərini ayırmaq üçün elmi meyarlar tapmağa çalışır və qənaətlərini konkret poetik nümunələrin təhlili ilə əsaslandırır.

“Hər şairin öz dünyası” fəslində V.Yusifli 60-80-ci illər poeziyasında novatorluq axtarışlarını fərdi üslub müstəvisinə çıxarır. Bu illərin şeirində imzası seçilən bir silsilə sənətkarın – F.Qoca, İ.İsmayılzadə, Ə.Salahzadə, V.Səmədoğlu, N.Həsənzadə, T.Bayram, Məstan Əliyev, Sərdar Əsəd, H.Kürdoğlub. yaradıcılığı araşdırma obyektinə çevrilir, onların dünyanı bədii dərk və qiymətləndirməsindəki özünəməxsusluqlar aşkarlanır.

Mövzuproblematika baxımından ənənəyə novator münasibətin 60-80-ci illər poeziyasındakı əlamətdar xüsusiyyətlərinin tədqiqi monoqrafiyanın altıncı fəslində də davam etdirilir. “Poeziyada ənənəvi mövzulara yeni baxış” adlanan bu fəsildə bədii yaradıcılıq üçün, doğrudan da, ənənəvi mövzular sayıla biləcək siyasi, təbiət, sevgi-məhəbbət mövzuları poeziyazaman kontekstinə çıxarılır; zamanın irəliyə doğru hərəkətinin poeziyada dönə-dönə işlənmiş mövzuların yeni məna və məzmun çalarlarının tapılmasında nə kimi rol oynadığı araşdırılır.

Poeziya predmetinə çevrilən ənənəvi mövzuların, o cümlədən siyasi, təbiət, sevgi mövzularının milli düşüncənin intibahına hesablanması, estetik düşüncə ilə ictimai şüurun əlaqəsində bir vəhdətin nəzərə çarpması və hətta estetik düşüncənin daha artıq çeviklik göstərərək milli şüurun hərəkətinə təkan verməsi 60-cı illər poeziyasında novatorluğu şərtləndirən xüsusiyyətlər sırasında yer alır. V.Yusifli B.Vahabzadə, X.Rza, M.Araz, S.Rüstəmxanlının siyasi mövzulara münasibətindəki bu keyfiyyət dəyişmələrini kifayət qədər zəngin bədii material əsasında şərh edə bilmişdir.

Təbiət mənzərələrinin rəsmindən – peyzajdan vətəndaş lirikasına qədər – zamanın sosial və hətta siyasi olaylarının bədii inikasına qədər keçilən yolu ənənəvi təbiət mövzusunun işlənməsində novatorluq kimi mənalandıran tədqiqatçı, həqiqi sənət üçün vacib keyfiyyət olan bu cəhətin varlığını sadəcə qeyd etməklə kifayətlənmir, M.Araz, M.Yaqub, H.Arifb. sənətkarların yaradıcılığına əsaslı nüfuz hesabına elmi həqiqətə çevirir.

MonoqrafiyadaKlassik bədii formaların yeni həyatı” da izlənir; klassik şeir forması kimi qəzəlin, xalq şeiri janrları kimi qoşma və gəraylının müasir poeziyada tutduğu mövqedən bəhs edilir, ənənəyə novator münasibət kontekstində janrların təkamül yolu araşdırılır. Müasir poeziyada qəzəlin təkamülündən çox, klassik poetikanın mühafizəsində, başqa sözlə, ənənənin yaşadılmasında Vahid, daha sonrakı mərhələlərdə isə S.Rüstəmin rolu açıqlanır.

Vaqif Yusiflinin təhlillərində qoşmanın “gizli qalan potensialı”nın üzə çıxarılmasında H.Arifin roluna xüsusi dəyər verilməsi də, B.Vahabzadə, M.Araz, H.Kürdoğlu, M.Yaqub, M.İsmayıl, Z.Yaqub, R.Rövşən kimi şairlərin yaradıcılığında xalq şeiri janrlarının soail-fəlsəfi məzmununun qüvvətlənməsi, vətəndaşlq düşüncəsi ilə zənginləşərək, müasir İnsanın daxili dünyasını ifadə etməyə doğru istiqamətlənməsi haqqında qənaətlər də elmi məntiqi, bədii mətnlərə analitik yanaşmanın dərinliyi ilə bizi inandırır.

Tədqiqatda sərbəst şeirin Azərbaycanın poetik məkana daxil olmasının tarixi, bu zamanın ədəbi mübahisələrinə təfərrüatlı münasibət qarşıya qoyulan problemi elmi həll baxımından o qədər zəruri görünməsə də, alimin bu formanın təkamülündə R.RzaR.Rza şeirinin ənənələrinə yaradıcı münasibət mərhələlərini fərqləndirməsi ciddi arqumentlərə söykənir.

Elmi təhlillərində həmişə ümumiləşdirməyə meyl edən tədqiqatçı “altmışıncı illərdən başlayaraq sərbəst şeirin poeziya məkanımızda tam formalaşmasını,özəllik qazanmasını sübut edən” qənaətlərini də tezislər şəklinə salıb sıralayır. F.Qoca, V.Səmədoğlu, Ə.Salahzadə, İ.İsmayılzadə, V.Cəbrayılzadə, Ç.Əlioğlunun bu formanın tematik məzmununun genişlənməsi və dərinləşməsində,məcazlar sisteminin zənginləşməsində nümayiş etdirdikləri özəllikləri araşdıran tədqiqatçı tez-tez onların yaradıcılığını R.Rza və Ə.Kərim poeziyası ilə müqayisə müstəvisinə çıxararaq ənənəyə yaradıcı münasibətin mənzərəsini yaratmağa nail olur.

Monoqrafiyanın son fəsillərində təhlil predmeti kimi müstəqillik dövrünün poeziyası önə çəkilir və milli realist şeir təmayülünün dəyişən zamandakı – sovet siyasi rejiminin çöküşündən sonrakı illərdə mövzuproblematika baxımından yeniləşməsi – milli azadlıq düşüncəsinin önə keçməsi, Qarabağ və 20 Yanvar mövzularının bədii-estetik təcəssüm xüsusiyyətləri araşdrılır. Bununla belə, doğru olaraq poetik zamanlar arasında “süni sədlər” axtarılmır, müstəqillik dövrünün bədii-poetik düşüncəsinin, xüsusilə 60-80-ci illər poeziyası ilə irs-varislik əlaqəsindəki sıxlığa xüsusi diqqət yetirilir.

Monoqrafiyada “Şeirdə ənənə və novatorluğun yeni meyltendensiyalarla təzahürü” probleminin qoyuluşu, fikrimizcə, daha çox, tənqidçi stixiyası ilə müasir ədəbi prosesdə poetik təsərrüfatın mənzərəsini yaratmaq cəhdindən qidalanır.

Şübhəsiz, 2000-ci illərin poetik təsərrüfatı çağdaş dünya ədəbiyyatında gedən proseslərlə daha sıx bağlıdır. Dünya ədəbi prosesi üçün çox vaxt keçilmiş mərhələ sayılan təmayüllər milli ədəbi prosesdə novatorluq hadisəsi kimi dərk olunur. Milli poeziyada modernpostmodern şeir kimi xarakterizə edilə bilən təmayüllər yaranır. Tədqiqatda bir qismi səksən, bir qismi doxsanıncı illərdə şeirə gələn, daha çox doxsanıncı illərin sonu, yeni əsrin başlanğıcında uğurluuğursuz eksperimentləri ilə oxucu yaddaşında iz salmağı bacaran şairlərin yaradıcılığı tənqid və təhlil süzgəcindən keçirilir. Adil Mirseyid, Salam kimi şairlərin poetik nəfəslərindəki təravətə, Ş.Ağayar, R.Qaraca, S.Pərvanə, Əli Əkbər və b. şairlərin bədii sözü ucuzlaşdıran, dəyərdən salan şeirlərinə xüsusi diqqət yetirilir, yeni əsrin başlanğıcında ənənəyə novator münasibətin bir çox hallarda avantürist münasibətlə əvəzlənməsi narahatçılıq hissi ilə qeyd olunur. Ədəbi prosesin hərəkətini, ziqzaqlı poetik təsərrüfatı elmi süzgəcdən keçirərəkən tədqiqatçının səriştəli və səbrli yanaşmaları, çağdaş dünyadakı poetik proseslərin Azərbaycandakı əks-sədalarını obyektiv dəyərləndirmək cəhdi, bu proseslərdən baş çıxarmaq, əyrinin və düzün mahiyyətinə vara bilmək bacarığı təqdir olunmalıdır.

“Poeziyanın yolları və illəri” monoqrafiyası 1960-2000-ci illər poeziyası haqqında ciddi və səriştəli ədəbiyyatşünas-tənqidçi Sözüdür. BuSözün professional ədəbiyyatşünas və tənqidçilər, eləcə də bütün ədəbiyyatsevərlər üçün maraqlı olacağını düşünürük.

 

Təyyar Salamoğlu

 

525-ci qəzet.- 2013.- 25 may.- S.30.