Ucalığın adamı
Çoxdan yazmaq istəyirdim bu yazını. Onun yumşaq,
həlim təbiəti, insanlara olan sevgisi, xüsusi ədəb-ərkanı,
yaşının ahıl çağında üzündə
gəzib-dolaşan uşaq təbəssümü və
mehribanlığı, bir də özünəməxsus
şairliyi mənə nədən başlamağın çətinliyini
yaşadırdı.
Qış
vaxtı yuxumun bəzən göylərə çəkilib,
gözümdən qaçaq düşdüyü
çağlarda üzümü pəncərəyə
söykəyib küçəyə baxmaqdan savayı əlimdən
heç nə gəlmir. Canımda gəzişən
ağrılar ilhamımın da qol-qanadını yanına
salır. Nə yazmaq, nə oxumaq istəyirəm.
Sadəcə küçəyə baxıram.
Səhərin toranı yavaş-yavaş yerə
doğru irəliləyir. Adamların seyrək vədəsində
yarıqaranlığı çiyninə salıb
küçəmizdən o biri küçəyə – avtobus
dayanacağına bir adam yol gedir. Addımbaşı çəliyinə söykənib
dayanır, gah irəliyə, gah da geriyə baxır. Mənə elə gəlir ki, bu insan irəlidən
daha çox geriyə baxır. İrəlidə
arzuladıqlarının, ümid edəcəklərinin
çoxusu arxada qalıbdı. Bir dəfə mənə
“Nə qaldı – dünəndə qaldı” demişdi...
Şair üçün “Nə qaldı – dünəndə
qaldı” deyiminin özündə təəssüfdən
çox bir təəccüb var. Bizdən uzaqlaşan zaman və
vaxt deyilən anlayış ondan ötrü xatirədən
öncə bədii təəssüratdır. Bu, Ağasən Bədəlzadə
yaradıcılığında həm də bir vasitə, bir
təqdimatdır:
Ovutmur
könlümü daha çöl-çəmən,
Ürək həmən-həmən, dərd həmən-həmən.
Hansı
xoşbaxtlığı görmüşəm ki, mən
Deyim xoşbaxtlığım yarımçıq
qalıb?
Saat
doqquzda başlayacaq iş vaxtı onun üçün səhər
saat yeddidən də tez başlayır. Geriyə baxa-baxa irəliyə
getmək üçün ona ən azı iki saat vaxt
lazımdır. Çalışdığı
Asiya Universitetində mühazirə deyəcəyi tələbələri
onu gözləyirlər. Bir dəfə ömür
yoldaşım “İndi Ağasən qardaşa bəlkə də
dünyada ən çox yaxın olan bir şey varsa da, o da
çəliyidir” dedi.
Gözlənilən
insan! Həyatda belələrinə çox az
təsadüf olunur. Şair, filologiya üzrə
fəlsəfə doktoru Ağasən Bədəlzadə,
inanmıram ki, ömründə bircə dəfə də
olsun onu gözləmədikləri yerdə
görünsün, yaxud kimsənisə incidib narahat etsin.
Amma dəqiq bilirəm ki, onu incidib, küsdürənlər
olub...Könül ki bir şüşədir...
Ağasən Bədəlzadə oxuduğum şairlərdən,
hörmət bəslədiyim insanlardandır. İyirmi
üç ildir bir binada yaşayırıq. İyirmi
üç ildir ki, bütün qonşular ona “yaxşı adam” deyirlər. İyirmi üç ildir o,
daxili-mənəvi öz iç dünyasını
yaşadır.
Bir neçə kitab müəllifidir. Masamın
üstündə onun son üç ildə nəşr
etdirdiyi iki kitabı var – “Qorxuram bu dünya sevgisiz qala”
(Bakı, “Elm və təhsil”, 2011), bir də “Bu
dünyanın hər üzünü görmüşəm”
kitabı, yenə də (Bakı, “Elm və təhsil”, 2012).
Şeirləri bir-birindən isti və bir-birindən
maraqlı. Fikir də, poetik yozum da, bədii
təsvir də, bir sözlə, əsl poeziyaya nə
lazımdırsa, hamısı yerli-yerində. Şairin kitablarından biri “Fikrin də bir hüdudu
var” adlı şeirlə açılır. İki bəndlik
bu şeirdə fikir haqqında səlis və dürüst
fikir var:
Fikir eylədikcə,
fikir çoxalır,
Fikir qoşun-qoşun, qatar-qatardır.
Fikir ki
bir yerdə dirənib qalır,
Deyirəm, fikrin də hüdudu vardır.
Əsl şair fikrinin qurtardığı yerdə fikin
hüdudu başlayır. Amma hüdudun həddi varmı? Əbəs
yerə deməyiblər ki, fikir bütün vasitələrdən
sürətlidir və daşı da dəlib keçir:
İnsan
düşüncədən yorulan zaman
Sonsuzluq özü də dönüb hədd olur.
Ağasən Bədəlzadə maraqlı bir həyat
yolu keçib.
1940-cı ildə, avqust ayının 25-də
İsmayıllı rayonunun Pirəbilqasım kəndində
kolxozçu ailəsində doğulub. Əvvəlcə
kəndlərindəki yeddiillik məktəbi, sonra isə
İsmayıllının rayon mərkəzində
İ.V.Stalin adına 1 saylı orta məktəbi
bitirib. 1959-1961-ci illərdə M.Ə.Sabir adına
Pedaqoji Texnikumun rus dili şöbəsində təhsil alaraq
İsmayıllı məktəblərində müəllimlik
etmişdir.
Şairin
ömür yoluna qayıdış etməkdə məqsədim
var. O, kitablarının birində oxucularla
bölüşdüyü ömürlüyündə
oxuduğu Stalin adına 1 saylı
İsmayıllı şəhər orta məktəbinin
adını xüsusi olaraq çəkir. Məhz Stalin adına məktəbində oxuduğunu
yazır.
O, bir
insan, bir şair kimi ömrünün dünəninə,
keçmişinə sədaqətlidir. Oxuduğu,
böyüdüyü, təhsil aldığı, uğrunda
doğmalarının qurban getdiyi SSRİ-ni, artıq
çoxdan tarixə çevrilmiş bir sistemi hörmətlə
yad edir. Şairin “Bir dövran var idi”
şeiri dediklərimi təsdiq edər. Onun
əyilməzliyi, dəyişməz xarakteri qibtə
olunandır. Həmin şeiri Ağasən Bədəlzadə
2005-ci ildə yazıb və “Ölməz Leninə” ithaf
edibdi:
Arı pətəyindən
arı dağıldı,
Yarı
oğurlandı, yarı dağıldı,
Böyük
bir ölkənin varı dağıldı,
Düşdü
bir dilənçi gününə dünya!
Kimlərsə şairi mövqeyinə görə məzəmmət
edə bilərlər. Amma dəyişməyən, dünən
elə, bu gün də belə deməyən, amalına və
əqidəsinə sadiqlərdəndir Ağasən Bədəlzadə.
Əgər onu mövqeyinə görə qınamaq fikrinə düşsəniz,
əvvəlcə şairin taleyinə bələd olub, sonra nəticə
çıxarsanız yaxşı olar.
Ağasən Bədəlzadənin sakit təbiətində
bir tufan, bir fırtına, əbədi şair
narahatlığı yaşayır. Gün olub, bəzən
iki-üç şeir yazıb. Müxtəlif
mövzular və problemlər şair qəlbindən
süzülərək şeirə çevrilibdir. Bununla içindəki mənəvi yükdən
qurtulmaq, bir qədər azad nəfəs almaq istəyib. Amma bu mümkün olmayıb. O, şairdir və
bu şair narahatlığı ilə ömrün yetmişini
arxada qoyubdur.
Şairin iti müşahidə qabiliyyəti var. Cəmiyyətdə
baş verənlərə biganə qalmaq ona yaddır. Ağasən
Bədəlzadənin gözü əsl sərraf gözü,
sözü əsl şair sözüdür. O, müxtəlif
mövzularda eyni cür əqidə nümayiş etdirir. Təkəbbürlülüklə, yalan və hiylə
ilə yaşayanlara şairin saf və təmiz
dünyasında yer yoxdur. Ədalətdən
danışıb ədalətsiz olanlar, saflıqdan
danışıb natəmiz həyat sürənlər onun
şair nifrətinə tuş gələnlərdir:
Nifrətsiz
məhəbbət müqəddəs deyil,
Vətən
bir tanrıdır, adi səs deyil,
Vətənçün
can verib ölmək bəs deyil,
Vətənçün
can alıb yaşamaq gərək.
Ağasən Bədəlzadənin şeirləri quru
sözçülükdən, ritorikadan uzaqdır. O, pafosu sevmir, söz xatirinə
yox, sözə can və qan vermək naminə yazır. Şairin şeirləri sırasında “Xırda
görünəndən qorxuram yaman” adlı bir şeiri də
var. Naqislər, ikiüzlülülər olduğu kimi
görünməyənlər haqqında ədəbiyyatımızda
çox yazılıb. Görünür, bu mövzu
poeziyamızın əzəli və əbədi
mövzularından olaraq qalacaqdı:
Xırdalar
iynənin gözündən keçər,
Ötər,
qarışqanın izindən keçər,
Darıtək
dizinin altına qoysan,
Görməsən, sivişib dizindən keçər.
Kiçikdən,
xırdadan aman, əl-aman,
Xırda görünəndən qorxuram yaman.
Bir neçə bənddən ibarət şeirin hər
bəndində, hər misrasında şair poetik fikir, iti
müşahidə yürüdür. “Bir milçək çatdadıb
şiri öldürər, nəhəngi vecsizin biri
öldürər” fikri oxucuya tanış
səslənə bilər. Çünki burada
xalqdan, onun ağız ədəbiyyatından gələn bir
bənzərlik də var. Amma təzə deyim və ifadə
şairin özünündür. Xırdaların
əlinə meydan düşəndə, onların necə at
çapdırdıqlarının şahidi olubdur. Əbəs yerə deməyiblər ki, keçmə
namərd körpüsündən, qoy aparsın sellər səni.
Şairin xırdalardan qorxması, xırda
ürək sahiblərindən ehtiyat etməsi təkcə bir
fərdin qorxusu kimi yox, mənim, sənin, bütövlükdə
cəmiyyətin üzləşə biləcəyi bir bəla
kimi təqdim olunur.
Könül,
nə qalıb ki daha bu bağda,
Şirin badam, püstə, iydə qalmayıb.
Meyin hərarəti
qalır dodaqda,
Dodağın
nəşəsi meydə qalmayıb, –
deyir
Ağasən Bədəlzadə. Onun hər
şeirində özünəməxsus bir gözəllik, bir
ruh var. Bilmirsən hansına diqqət ayırasan, onun bədii
məziyyətlərini oxucu ilə bölüşəsən.
Şairin dörd misradan ibarət şeirlərində
hər şey var – uzunçuluqdan və quru
sözçülükdən savayı. Belə şeirlərindən
biri “Sən öldünsə” adlanır:
Allah sənin
özündədir, ey insan,
Yerdən yapış, öz xalqına yaxın ol.
Sən
öldünsə, Allahdan çox uzaqsan,
Sağlığında
Allahına yaxın ol!
Ağasən Bədəlzadə ədəbiyyata gəldiyi
ilk illərdə belə, onun poeziyası həm oxucuların,
həm də qüdrətli şairlərimizin diqqətini
özünə çəkə bilibdi. 1968-ci ildə
Xalq şairi Bəxtiyar Vahabzadə, az sonra isə Xalq şairi
Rəsul Rza şairin yaradıcılığı haqqında
xoş sözlər söylədi. Ustad sənətkarlarımızın
xeyir-duası bir tərəfdən onu sevindirib yeni-yeni
uğurlara səsləsə də, digər tərəfdən
o, öz çiynində ustad zəmanətinin məsuliyyətini
duyub, qiymətləndirdi. Şairin dili sadə
olduğu qədər, həm də zəngin və rəvandır.
Ana dilimizin bütün imkanlarından ustalıqla bəhrələnən
şairin hər şeirində bir gözəllik var.
Kənddən yazır, kəndi heyranlıqla vəsf
edir. Sevgidən yazır, böyük Füzuli ənənəsinə
sadiq qalır. Torpaqdan, məhəbbətdən,
sevgidən yazır, öz qəlbinin
çırpıntılarını dilə gətirir.
O, ədəbiyyatımızın, poeziyamızın
böyük təəssübkeşidir. Görkəmli
şair və yazıçılarımıza ithaf etdiyi
şeirlərdə bir minnətdarlıq və təşəkkür
nəzərə çarpmaqdadır.
Yayları doğma kəndi Pirəbilqasımda
keçirir. Mən görməmişəm bu kəndi. Bir
dostum dedi ki, nəhəng ağacların hər biri neçə-neçə
qartalların məskənidir. Ağır yeriyən,
ağır oturub-duran insanın dağ kəndinin gecələrində
qartallarla söhbəti nədən düşür görəsən?
Yəqin ki, ucalıqdan. Ucalığın
adamıdır Ağasən Bədəlzadə. Qəlbi, aydın təbiəti, bir də gözəl
poeziyasıyla.
Taleh Həmid
525-ci qəzet.-
2013.- 28 may.- S.7.