“Azərbaycanda milli siyasət burada yaşayan xalqların tam hüquq bərabərliyinə əsaslanır” (davamı)

 

Müsahibimiz Mədəniyyət və İncəsənət Universitetinin sosial- siyasi elmlər kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Əlikram Tağıyevdir. Söhbətimizin mövzusunu millətlərin yaranması, təşəkkül tapması və inkişafında müxtəlif ideologiyaların, dinin, diaspor və lobbinin rolu, milli birlik məsələləri, milli mentalitet və buna əsasən millətlərin təsnifatlaşdırılması, qloballaşma fonunda milliliyin, milli dəyərlərin qorunması, etnik münaqişələrin yaranma səbəbləri və problemdən çıxış yolları kimi məsələlər təşkil edir.

– Çoxmillətli dövlətlər milli azlıqların hüquqlarının tanınması, onlar barədə müəyyən güzəştlərin tətbiqi, onların milli mədəni muxtariyyətlərinin tanınması və sair faktlar heç də onları vahid ölkənin vətəndaşı olmaq vəzifəsindən azad etmir, onların separatizminə haqq qazandırmır.

1992-ci ildən milli azlıqların problemilə məşğul olan Beynəlxalq Liqa bu azlıqların hüquq və azadlıqlarının təmin olunmasını heç də onların mütləq ayrılıb əlahiddə bir dövlət olmaları ilə eyniləşdirmir. Əksinə, milli azlıqların iri, çoxmillətli dövlətlərdə digər iri etnoslarla birlikdə yaşaması onların sosial-iqtisadi və mədəni inkişafları üçün əlverişli bir zəmin yaradır.

ABŞ-ın nümayəndəsi, xüsusi səfir Merris Aleram 1993-cü ilin fevral ayının əvvəlində Cenevrədə keçirilən “İnsan hüquqları komissiyasının” BMT-nin və ABŞ-ın rəsmi nöqteyi-nəzərini bəyan edərək bildirib ki, tarixən məlum olan bu ziddiyyətli və mürəkkəb problemin müasir həlli konkret vəziyyətdə suveren dövlətin və millətin mənafelərini nəzərə alınmasını tələb edir. Bununla belə, milli azlıqların hüquqları həll edilərkən, suveren dövlətlərin ərazi bütövlüyünə üstünlük verilməlidir.

– BMT xartiyasında milli müqəddərat hüququ, milli azlıqların vətəndaşlıq və insan hüquqlarının müdafiəsi kimi qiymətləndirilir. Milli azlıqların bu hüquqdan istifadə edərək ərazilərində yaşadıqları dövlətin torpaqlarına milli xüsusiyyətlərə görə göz dikməsi, onları parçalamağa səy göstərməsi qətiyyən yolverilməzdir.

– Tamamilə düz qeyd edirsiniz. Öz müqəddəratını təyin etmək hüququndan istifadə etmək iddiasında olan millətlərin əsas kütləsinin və onların başqa dövlətlərin ərazisində yaşayan etnik icmalarının statuslarının müxtəlif səviyyəsi hamı tərəfindən şərtsiz qəbul edilib. Ona görə də bu icmaların milli və dini əlamətlərə görə ərazi iddiaları ilə çıxış etməyə haqları yoxdur. 1992-ci ildən ATƏT tərkibində fəaliyyət göstərən Minsk Qrupu və onun üzvləri olan ABŞ, Rusiya və Fransa Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunması istiqamətində bir sıra təkliflərlə çıxış ediblər. Lakin bu təkliflərin bəziləri Ermənistan, bir qismi isə Azərbaycan tərəfindən qəbul edilməyib. Ter-Petrosyanın istefa verməsinədək mövcud olan təkliflərlə həm erməni, həm də Azərbaycan tərəfi razı idi. Bu təkliflərə əsasən problem mərhələli həll olunmalı idi. Lakin Ter-Petrosyanın istefası, Ermənistanda baş verən siyasi hadisələr, Köçəryanın yeni prezident seçilməsi bu planları da alt-üst etdi. Daha doğrusu, erməni tərəfi və onun tərəfdarları süni dəyişikliklər edib problemin həllini bilərəkdən uzatdılar. ATƏT tərəfindən axırıncı təklif – Dağlıq Qarabağla Azərbaycanla birlikdə “ümumi dövlət” təşkil etmək təklifi isə birtərəfli qaydada yalnız erməni mənafelərinə xidmət etdiyindən şübhəsiz ki, Azərbaycan tərəfindən qəbul edilmədi. İstər ermənilər, istərsə də bir sıra ermənipərəst beynəlxalq təşkilatlar həlli elə də çətin olmayan bir problemin həllini qəsdən dolaşığa salır və həlli müşkül olan bir problemə çevirirlər.

Müasir dövrdə, daha dəqiq desək, XX əsrin son rübündən başlayaraq bu günə kimi hər tərəfli şəkildə həm nəzəri, həm də praktiki şüurda möhkəm kök salmış qloballaşma anlayışına maraq artıb və onun mahiyyətini əks etdirən proses sürətlə genişlənib. Elə bu dövr üçün xarakterik olan digər cəhətlərdən biri də, bəlkə də ən ağrılısı etnik münaqişələr məsələsidir. Etnoslararası münaqişələr (bunu çox vaxt sadəcə olaraq etnik münaqişələr adlandırırlar) müasir dünyada çox geniş yayılmış hadisələr sırasındadır.

Həmin dövrdə xüsusilə XX əsrin sonuncu on illiyində keçmiş Yuqoslaviya ərazisində xorvatlar, müsəlmanlar, serblər və bosniyalılar arasında münaqişələr güclənib, Ermənistan- Azərbaycan münaqişəsi daha da kəskinləşib, rus ordusunun partizan mücahidlərlə münaqişəsinin getdikcə gərginləşməsi özünü göstərib və sair. Stokholm Beynəlxalq İnstitutunun verdiyi məlumata görə əsrin 90-cı illərində baş verən zorakılıq münaqişənin üçdə iki hissəsi etnik münaqişələrin payına düşüb. SSRİ-nin dağılması da kəskin millətlərarası, etnik münaqişə və gərginləşmələrlə müşaiyət olunub. Bu cür münaqişələrin başa düşülməsi üçün mühüm prinsipial məsələlərdən biri onların etniklik fenomeni ilə əlaqəsi məsələsidir. Onların arasındakı əlaqə əsasdır və yaxud o tam surətdə funksionaldır. Əgər birinci yanaşmanın həqiqi olduğunu etiraf etsək, o zaman inquş və osetinin, ərəb və yəhudinin, erməni və azərbaycanlının “bir araya sığmazlığını” etiraf etmək lazım gələcəkdir. Əgər ikinci yanaşmadan çıxış etsək, belə bir nəticə çıxarmaq lazımdır ki, bu cür münaqişələrin mahiyyətini etniklik təşkil etmir, o sadəcə olaraq etnikliyin təzahürüdür. Münaqişə vəziyyətində olan və etnik əsasda birləşdirilmiş adamlar birliyi onlar arasında mövcud olan ziddiyyətləri çılpaqlaşdırır.

– Əlikram müəllim, bu da faktdır ki, bəzən hansısa radikal qrupun apardığı münaqişə bütövlükdə xalqlar arasındakı münasibətlərə mənfi təsir göstərir.

– Qeyd etmək lazımdır ki, hər bir münaqişə bütün etnosu əhatə etmir, ziddiyyətlərin münaqişə apardığını dərk edən yalnız bir hissəsini, bir qrupunu əhatə edir. Əslində öz mahiyyətinə görə münaqişələr ziddiyyətlərin, problemlərin həll edilməsi üsuludur və müxtəlif ola bilər.

Münaqişənin anlaşılmasına funksional yanaşma etnik münaqişələrə dair mütəxəssislərinin əksəriyyətinə xas olan bir haldır. Tədqiqatçıların bəziləri etnik münaqişənin mülki siyasi və yaxud silahlı qarşıdurma forması olduğunu tərəflərin etnik fərqlərə görə əziyyət çəkdiyini, buna görə də səfərbər olaraq fəaliyyətə başladığını etiraf edir.

Bəzən etnik münaqişələrin mahiyyətini düz başa düşmədiklərindən çox vaxt bu məsələ ətrafında mübahisə gedir. Moldavanlar çox vaxt iddia edirlər ki, onların ruslar ilə heç bir münaqişələri yoxdur. Onlar Dnestryanı bölgədə keçmiş kommunist rejiminin tərəfdarları ilə mübarizə aparırlar. Çeçen hadisələrini də çox vaxt etnik münaqişə hesab etmirlər, mülkiyyətin kriminal bölgüsü ilə əlaqələndirirlər. Bu cür dəyərləndirmə təkcə ayrı-ayrı adamların deyil, bütöv xalqın ləyaqətini alçaldır. Digər tərəfdən bu hansısa qrupa qarşı diskriminasiya olduğunu etiraf etməməyə bərabərdir. Bəzi sosioloqlara görə, milli-azadlıq hərəkatını da millətlərarası münaqişələrin bir forması hesab etmək lazımdır. Lakin bu, sözün həqiqi mənasında mübahisəli məsələdir. Öz təbiətinə görə etnik münaqişələr çoxdur. Əgər etnomədəni tələblər (dil, təhsil və sair) başlıca tələblər kimi nümayiş etdirilirsə, onun arxasınca sosial maraqlar üzə çıxır.

– Kütləvi etnik münaqişələri hansı səbəblər yaradır?

–Kütləvi etnik münaqişələrin səbəbləri maraqlıdır. Alma-Ata (1986), Yakutiya (1986), Sumqayıt (1988) hadisələri də bu qəbildəndir. Axırıncı hadisə erməni millətçilərinin özləri tərəfindən təşkil olunub.Ümumiyyətlə, etnik münaqişələrin səbəbləri kifayət qədərdir. Lakin bu səbəblərin çoxunda həqiqətdən çox uydurma motivləri daha böyük olub. Məsələn, Azərbaycanla-Ermənistan arasında ən böyük ziddiyyət (hətta müharibəni) yaradan səbəblər real, ağlabatan deyildi. Qarabağın erməni əhalisi savadlı idi, öz dilində təhsil alırdı, iqtisadi cəhətdən azərbaycanlılara nisbətən daha çox təmin edilmişdi) ermənilərin torpaq iddiaları ilə əlaqədar olub. Lakin Ermənistandan gələn təbliğatçılar Zori Balayan, Silva Kapitikyan və digərləri onları “Böyük Ermənistan” ideyası ilə zəhərləyərək münaqişəyə münbit şərait yaradıblar. Onlar ermənilərin insan hüquqlarının xüsusilə milli hüquqlarının tapdalandığını ayrı-seçkiliyə məruz qaldıqlarını vurğulayaraq xalqı azərbaycanlılara qarşı düşmənçilik ruhunda tərbiyələndirməyə nail ola biliblər. Əksər etnoərazi mübahisələrin siyasi elita, hökumətlər, hərəkatlar tərəfindən yaradıldığı heç kimdə şübhə doğurmur. Eyni zamanda heç də həmişə bu cür mübahisələr bütövlükdə ayrıca xalqı və yaxud onun mühüm qruplarını əhatə etmir. Ancaq onu da qeyd etmək lazımdır ki, ərazi iddiaları ideyaları etnik səfərbərliyi “təmin edir”. Lakin sonda onu vurğulayım ki, bütün münaqişələr həlledilmə imkanlarına malikdir və onların həll edilməsi olduqca vacibdir.

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2013.- 30 may.- S.6.