Poetik etiraflar
İstedadlı telejurnalist, şair
və publisist Telli Pənahqızını
çoxdan, lap çoxdan,
tələbəlik illərindən
tanıyıram. Bu qarayanız, suyuşirin qız öz yaşıdlarından, tələbə
rəfiqələrindən çox fərqli bir ovqat sahibiydi.
Azərbaycan Dövlət Universitetinin
jurnalistika fakültəsinin
müəllimləri də,
tələbə yoldaşları
da ona xüsusi
bir sayğı və sevgi ilə
yanaşırdılar. Yəqin ki, ona olan
bu sevginin, sayğının arxasında
Telli xanımın fitri istedadı dururdu. Çünki əlvan çiçəklərə
bənzəyən tələbə
qızların səfində
o, Telli Arazlı olaraq fərqlənirdi.
Uzun illər bu imza
ilə yazıb-yaradan
Telli xanımı biz mavi ekrandan seyr
etməyə, onun sakit axarlı söz-söhbətini dinləməyə
adət etmişdik.
Biz onu mədəniyyətimizin,
incəsənətimizin təbliğatçısı,
təşviqatçısı, yaradıcılarından biri
kimi tanıyıb sevirdik. Təsadüfi deyildir ki, Telli Pənahqızı bu gün xalqımızın
yaddaşında çoxsaylı
dəyərli verilişlərin
müəllifi kimi əbədi ömür qazanmış tək-tək
jurnalistlərimizdən biridir.
Onun publisistikasında
da, ədəbi-bədii
verilişlərində də
həmişə poetik
bir ovqat sezmişik. Bu da
təsadüfi deyil.
Çünki Telli Pənahqızı
fitrətən şairdir.
O, artıq neçə
şeir kitabının
müəllifidir.
Telli Pənahqızı
şöhrət xatirinə
şeirlər yazmır. O sadəcə
olaraq ifadəsi adi sözlərlə çox çətin olan dəruni hisslərini şeirə çevirir. Onun şeirlərində zərif
ruhlu bir xanımın hislər toplusunun mənzərələrini
seyr edirik:
O gecə əlimi tutmadın, nədən?
Qəmin kəm... sözüm yox, susub gedirəm.
Daha nə fərqin var özgələrindən?
Gözüm nəm... mən səndən küsüb gedirəm.
Ədəbi redaktor kimi Telli
Pənahqızının nəşrə
hazırlanan “Yaddaşım
qaval daşı” kitabının ilk oxucusu olmuşam. Kitabı oxuduqca yaşadığım
hissləri indi də unutmuram. Axı bu misralara
necə biganə qalmaq olar:
Çağlayan ümman gördüm,
Ağlayan duman gördüm.
Gül üstündə qan gördüm,
İçimdə bir çocuq öldü...
“Ömrün qoşa izləri”, “Ayrılıqdan
sonra çəkilmiş
şəkillər”, “Tanrımla
söhbət”, “Səsində
ay işığı var”,
“Səsin xiffəti” və b. kitabların müəllifi Telli Pənahqızının bu
günlərdə “Təhsil”
nəşriyyatında nəfis
tərtibatda nəşr
olunmuş “Yaddaşım
qaval daşı” kitabında yurd həsrətindən, dünyanın
gedişindən, vəfadan,
etibarsızlıqdan, dürüstlükdən,
dönüklükdən, sevincdən,
kədərdən, təklikdən,
tənhalıqdan yaranmış
şeirləri toplanmışdır.
“Yaddaşım qaval
daşı” şeirlər
toplusu Telli Pənahqızının duyğu
və düşüncələrinin,
yaşantılarının ifadəsi, oxucunu düşünməyə sövq
edən etiraflarıdır. Xalq yazıçısı Elçin
Telli Pənahqızının
şeirlərini haqlı
olaraq “Hisslərin poeziyası” adlandırıb:
“Məndən soruşsalar
ki, Telli Pənahqızının poeziyasını
iki sözlə necə xarakterizə edərsən, deyərəm:
hisslərin poeziyası.
Onun poeziyası hisslərə
köklənib və elə buna görə
də həmişə
sirli, üstüörtülü,
bağlı çalarlar
meydana çıxır
və hər şeirdə yeni bir duyğu, təzə bir nüans sezirsən”.
Çox həssas müşahidədir
və əlavə şərhə ehtiyacı
olmayan fikirdir.
Doğrudan da, Telli Pənahqızının
şeirlərindəki yaşantılar
duyar qəlbli hər bir insan
üçün doğmadır. Ona görə
ki, o, bütün şeirlərində səmimidir.
İstər Vətəndən, dünyadan, istərsə sevgidən, vəfadan, vəfasızlıqdan yazsın,
eyni səmimiyyəti görürük. Onun
bir şair olaraq hiss və duyğuları, yaşantıları,
içdən gələn
çarpıntılar, nigarançılıqlar
ruhumuzla həmahəng
olduğu üçün
bizə çox yaxındır. Budur, yurd həsrətiylə çırpınan şairə
tikanlı məftillər,
minalanmış ərazilər
tanımayan “Bəxtəvər
quşlara” müraciətlə
soruşur:
Qoca Qartal, Vediyəmi gedirsən,
Kim boyayıb köksün
altın al qana?
Vətəninə ölməyə gedirsən,
Deyirsən ki, qoy dərs olsun qanana,
Bu şeirdə yurd
həsrətindən göyüm-göyüm
göynəyən şairənin
həyəcanlarını, yaşantılarını duymamaq
mümkün deyil. “Bəxtəvər
quşlar” şeirindəki
ovqat Vətəndən
Vətənə – düşmən
tapdağı altında
inləyən yurd yerlərimizə həsrətlə
baxan, için-için
qovrulan yüz minlərlə soydaşımızın
ağrı-acısının ifadəsidir:
Gözəl quşum, o eldənmi gəlibsən?
Gəl baxım gözünə doyunca barı.
Küçəmizi, evimizi görübsən,
Gözündən boylanım Vətənə
sarı.
Telli Pənahqızı
“Yaddaşım qaval daşı” kitabında bizi düşündürən
çox mətləblərə
toxunub. O, barbarlığa,
ədalətsizliyə, işğala
göz yuman
“Dünyaya” üz tutub, Xocalıya ağı deyib, eyni zamanda “Torpağın
ağısı”nı da
eşidib:
Mən odu söndürüb küllə oynadım,
Çiçək yağışında... güllə oynadım.
Sinəmə sıxıldı güllə... oynadım,
Özüm öz bəxtimin qatili oldum.
Onun lirik qəhrəmanı sevgilisindən var-dövlət ummur, İNSANLIQ, duyarlılıq, həssaslıq umur:
İnsanam... bircə xoş baxışa möhtac,
Dünyadan umduğum gül-çiçəkdən tac.
Qupquru budağam, barsız bir ağac...
Mən sənsizəm, sən də məndən xəbərsiz.
Bəli, həqiqətən qəlbində insanlıq gəzdirən kəslər çox vaxt bir xoş baxışa möhtacdırlar.
Telli Pənahqızının şeirləri pafosdan, hay-küydən çox uzaqdır. Onun şeirlərinin təbii axarı, dilinin poetik ahənginin saflığı dərhal oxucuya sirayət edir.
Mərddim, qova-qova namərd
elədin,
Sinəmdə sözünün göynəyi
qaldı.
Ölən məhəbbətin, bitən sevginin,
Əlimdə bir qanlı köynəyi qaldı.
Yaxud:
Bu öpüşün tamı ayrı, dadı özgədir,
Bu görüşün, bu vüsalın adı özgədir.
Mən ki səni yaddaşımda
dəfn eləmişdim,
Dönüb gələn sən deyilsən, yaddır, özgədir.
Telli Pənahqızının
“Yaddaşım qaval daşı” şeirlər
toplusunda min bir bədii sual, nöqtə-vergül, nida
var.
“Yaddaşım qaval
daşı” kitabının
son səhifəsini oxuyub
fikrə daldım. Qırx ilin
arxasından, Telli Pənahqızı indiki İstiqlal küçəsi
ilə üzü Sabir bağına sarı qayğısız-qayğısız
gedən tələbə
qızların önündə
gəldi gözlərimin
qarşısında. Bu gün SÖZÜ özündən
öndə, adı-ünvanı
dillərdə olan Telli Pənahqızı deyir ki:
Səba
yeli, öp yarımın gözündən,
Məni dərdli gördüyünü
söyləmə.
Qərib
durnam, xeyir xəbərlər apar,
Qəmdən köynək hördüyümü
söyləmə.
Ay işığı, yollarına
nur ələ,
Ey günəşim, sən qəlbinə qor çilə!
Qonşu
qızı, sən də onu tut dilə...
Amma mənim
öldüyümü söyləmə.
Bu cür həssas
şeirlərin müəllifi
heç zaman ölməz, Telli xanım. Yaşa və yarat!
Mustafa Çəmənli
525-ci qəzet.- 2013.- 30 may.- S.7.