“Geniş
baxış” ssenari müsabiqəsinin
qalibləri açıqlanıb
Ötən gün Nizami
Kino Mərkəzində Azərbaycan
Prodüserlər Gildiyasının
(APG) “Geniş baxış”
ssenari müsabiqəsinin
nəticələri elan
olunub. Tədbiri açan APG sədri, “Azərbaycanfilm” kinostudiyasının
direktoru Müşfiq Hətəmov çıxış
edərək
görülən və
görüləcək işlər
barəsində media nümayəndələrini
məlumatlandırıb: “ Bildiyiniz
kimi, Azərbaycan kinosu həmişə incəsənətimizdə ən
sevilən və öndə gedən bir sahə olub.
Məhz bu səbəbdən həmişə
cəmiyyət bu sahəyə həssaslıqla
yanaşıb. Bütün
keçmiş sovetlər
məkanında olduğu
kimi Azərbaycanda da kino öz
böhranlı dövrünü
yaşayırdı, obyektiv
və subyektiv səbəblərdən böyük
çətinliklərlə üzləşirdi. Bunu nəzərə alaraq Prezident İlham Əliyev kinonun inkişafına dair dövlət proqramı imzaladı, bu proqramdan irəli gələrək biz kino işçiləri günün
tələblərinə uyğun
bir çox addımlar atdıq”.
M.Hətəmov Azərbaycanda ilk dəfə
olaraq qalib ssenarini prodüserlərin
özlərinin seçdiyini
qeyd edərək çağdaş dövrdə
kinoda gedən proseslərdən söz açıb: “Kinoindustriya
düzgün qurulmasa,
doğru mexanizmi olmasa, istənilən nəticəni əldə
etmək olmaz. Ona görə də məhz bununla əlaqədar mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevlə
mütəmadi olaraq görüşlər keçiririk,
xarici və yerli mütəxəssislərlə
birlikdə Azərbaycanda
kinoindustriyanın düzgün
qurulması sahəsində
bir çox addımlar atırıq.
Son bir ildə “Kino haqqında qanun”da dəyişikliklər edilməsi
işin xeyrinə olub. Xarici şirkətlərin Azərbaycanda
rahat fəaliyyət göstərməsi üçün
verginin ləğvinə nail olmağa
çalışırıq. Bunun da Azərbaycana həm
böyük yatırımın gəlməsində və
xarici şirkətlərin “Azərbaycanfilm”lə müştərək
işləməsində böyük rolu ola bilər. Xarici
şirkətlərin Azərbaycana gəlməsində ona
görə maraqlıyıq kmi, uzun müddət bizdə
kinonun problemi deyiləndə at, maşın və başqa bu
kimi məsələlər ortaya qoyulurdu. Ancaq bu gün kinonun
problemləri dedikdə qrimyordan tutmuş
işıqçılara qədər, həmçinin kinonun
inkişafında əvəzsiz rol oynayan mütəxəssislərin
azalması, onların bəzilərinin yox dərəcəsində
olması nəzərdə tutulur. Xaricdə kadrların
hazırlanmasında bizə dövlət tərəfindən
də dəstək var. Sadəcə, bunun qanuni bazasını
yaratmaq və bunu daha da stimullaşdırmaq lazımdır. Bu
gün kinoda elementar normativ sənədlərin düzgün
qurulması, qonorar məsələlərində standartların
müəyyənləşdirilməsinə
çalışırıq. Mütəxəssislər
hazırda bunun üzərində işlər aparırlar. Bu
yaxınlarda bu iş başa çatacaq. Biz artıq Avropa Kino
İnkişaf Fonduna məktubla müraciət etmişik. Bura
üzv olarıqsa, bu, Azərbaycan kinosunun inkişafını
daha da sürətləndirər. Rusiya artıq 2011-ci ildən
oranın üzvüdür. Qonşu Gürcüstan da həmçinin.
Bu da filmin yayılmasında əvəzsiz rol oynayır.
Kinomuzda sovet istehsalat sistemindən tədricən müasir
istehsalat prinsiplərinə keçid baş verir. “Azərbaycanfilm”də
artıq bunu tətbiq etmişik. İlk dəfə olaraq Azərbaycan
kinosu tarixində bir ildə 7-yə yaxın film tamamlanıb.
Və bir neçə film də yekunlaşmaq üzrədir.
“Azərbaycanfilm”də bizim gördüyümüz əsas
iş istehsalın düzgün qurulması və filmlərin ərsəyə
gətirilməsi mexanizmlərini düzgün qurmaqdır. Azərbaycanda
özəl şirkətləri birləşdirmək məqsədilə
biz Prodüserlər Gildiyasını təsis etmişik.
Respublikada 18 aparıcı şirkəti birləşdirmişik.
Şükürlər olsun iki, artıq çəkdiyimiz filmlərin
texniki bazası Azərbaycanda olan özəl şirkətlər
tərəfindən təmin olunur. Bununla yanaşı biz
ssenari seçimi mexanizmini də dəyişməyə
çalışdıq. Bilirsiniz ki, bu mexanizm bizdə müəyyən
yaradıcı qruplar tərəfindən təqdim olunurdu.
İlk dəfə olaraq ssenarilərin seçimi məsələsini
Prodüserlər Gildiyası öz üzərinə
götürdü və ilk dəfə olaraq hər bir
prodüser ssenarini maliyyələşdirməyi öhdəsinə
götürdü. Biz artıq ssenarinin seçilmə prosesini
dəyişdik. Yəni ki, bədii şuralar tərəfindən,
dövlət sifarişi ilə olan filmlərlə
yanaşı Azərbaycan özəl şirkətlərinin
inkişafı, yaradıcı adamların daha da çox cəlb
edilməsi üçün bu, əsas rol oynayır.
Keçirdiyimiz “Adari Films” prodakşn şirkəti “Motivlər”
layihəsi ilə qalib olub. Bu, İradə Bağırzadənin
layihəsi idi. İnanıram ki, müsabiqə nəticəsində
seçilən gənclər gələcəkdə uğurlu
tammetrajlı filmlər çəkəcək. Bununla
bağlı nazirimiz Əbülfəs Qarayevə məruzə
edəndə o bunu alqışladı və dövlətimiz tərəfindən
buna hər bir şərait yaradılacağını qeyd
etdi”.
“Azərbaycanfilm”
kinostudiyasının beynəlxalq əlaqələr üzrə
aparıcı mütəxəssisi Orxan Hüseynov layihə
qalibləri haqqında məlumat verib: “ “Motivlər” layihəsi
6 rejissorun çəkəcəyi 6 qısametrajlı filmdən
ibarət kinoalmanaxdır. Layihə çərçivəsində
əlavə olaraq daha iki qısametrajlı film nəzərdə
tutulur. Layihənin maraqlı cəhəti ondadır ki, filmləri çəkmək üçün
rejissor heyəti xaricdə yaşayan və kino təhsili alan
azərbaycanlılardan seçilib. Müsabiqənin qalibləri
Teymur İsmayılov, Anar Abbasov, Cəfər Axundzadə,
Rüfət Həsənov, Vüqar İslamzadə və Elmar
İmanovdur”. O.Hüseynov qaliblərin hər biri haqqında ətraflı
məlumat verib və onlara işlərində uğurlar
arzulayıb.
Sevinc HƏMİDLİ
525-ci qəzet.-
2013.- 30 may.- S.7.