Unudulmaz maarif fədaisi – Nazlı
xanım Tahirova
XIX yüzilliyin
sonlarında Azərbaycanın ayrılmaz tərkib hissəsi
Naxçıvanda maarifçiliyin formalaşmasında və
inkişafında yüksək demokratik əhval-ruhiyyə
duyulurdu. Naxçıvanda hamı maarifə can
atırdı. 1830-cu ildən sonra yaradılan və
dünyəvi elmləri öyrədən məktəblərin
sayı artmaqda idi. Əslində,
işğalçı dövlətlərin
apardığı müharibələr ötən
yüzilliklərdə maarifçiliyin nizamını
pozmuş və onu “unutdurmuşdu”. Amma
tarixi sənədlər o dövrdə yaşamış
insanların elmi, biliyi, təhsili çox yüksək qiymətləndirdiklərindən
xəbər verir. Naxçıvanlılar
ulu əcdadlarının şanlı ənənələrini
yaşatmaq üçün əllərindən gələni əsirgəmir,
imkanlı şəxslər yaradılan məktəblərə
xeyriyyəçilik edirdilər. Rusiya
imperiyası digər millətlərin kamil təhsil
almasını istəmirdi və bunun üçün hər
cür maneələr yaradırdı. Amma
dağların sinəsindən çağlayan bulaqların
gözünü bağlamaq mümkün olmadığı
kimi, xalqın da təhsilə, elmə vurğunluğunun
qarşısını almaq mümkün deyil. Çar məmurları naxçıvanlıların
təhsilə dərin maraqlarının
qarşısını ala bilmirdilər. Tarixi
izlərlə geriyə qayıdarkən görürük ki,
bu inkişafa, oyanışa əsas səbəb böyük
alim Mirzə Kazımbəyin 26 yanvar 1838-ci ildə çap
etdirdiyi “Müraciət” olmuşdu.
I Ehsan xanın başçılığı ilə
naxçıvanlılar bu “Müraciət”i razılıqla
qarşılamış və həvəslə
maarifçiliyə kömək göstərməyə
başlamışlar. Sonralar onun oğulları məşhur
generallar İsmayıl xan və II Kalbalı xan sədaqətlə
bu missiyanı yerinə yetirmişlər.
XIX yüzillikdə general İsmayıl xan
Naxçıvanın ziyalı, maarifsevər insanlarını
ətrafına toplayaraq Tiflisdəki nüfuzundan istifadə etməklə
babalarının şanlı ənənələrini davam
etdirən müasir məktəblərin açılmasına
çalışırdı. O, Qafqaz Hərbi Dairəsinin
üzvü olduğundan İrəvan quberniyasında onun istəklərinə
mane olan yox idi.
Naxçıvanın maarifçi ziyalılarından
biri də Məmmədhüseyn bəy idi. Özü
çar məmuru olsa da, övladlarını milli ruhda
böyütməyi özünün ən vacib borcu
sayırdı.
Məmmədhüseyn bəy (bəzi sənədlərdə
“Məmməd” yazılıb) Naxçıvanın
sayılıb-seçilən nəsillərindən olan
Tahirovlardan idi.
Tarixi sənədlərin sorağına görə,
onların ulu babası Naxçıvan
xanlığının vəziri olmuşdur. Aparılan tədqiqatlar Tahirovların da Kəngərli
tayfasından olduqlarını təsdiqləməkdədir.
Hələlikdə Məmmədhüseyn bəy
haqqında əldə etdiyimiz məlumatlar azdır. O,
Qarsda, Sürməlidə (indiki İqdırda) və
Üçmüəzzində maliyyə məmuru vəzifəsində
çalışmışdır. Məmmədhüseyn
bəyin Yusif, Tutu, Nazlı, Akif, Bağır adlı
övladları olmuşdur.
Məmmədhüseyn bəyin qızı Nazlı
xanım bu yazımızın əsas qəhrəmanıdır. Qarşımızda bir
qovluq var. Həmin qovluğun üz qabığındakı
yazıları Nazlı xanım özü əli ilə
yazmışdır: “Tahirova (Nəcəfova) Nazlı Məhəmməd
qızının iş qovluğu. 1909-cu ildən
1958-ci ilədək sənədləri”.
Bu qovluqda toplanan sənədlər imkan verir ki, ilk dəfə
olaraq görkəmli maarifçi və ictimai xadim Nazlı
xanım haqqında ətraflı söhbət açaq. Onun
ömür yolu 1890-cı ildən başlayıb 1977-ci ildə
bitir. Maraqlı, mübarizəli, təhlükəli hadisələrlə və
sürgün əzab-əziyyətləri ilə dolu 87 il. Bu
yol Naxçıvandan başlayıb Bakıdan, İrəvandan,
Qazaxıstandan, Göyçaydan keçib... Əziz
oxucular, gəlin arxiv sənədlərinin zəngin mənəvi
xəritəsi ilə qəhrəmanımızla birlikdə xəyalən
o illəri yaşayaq. Necə deyərlər,
yolçu yolunda gərək.
Nazlı xanım 1890-cı ildə Naxçıvan şəhərində
anadan olmuşdur. 1900-cü ildə qardaşı Yusif bəy
Bakıya, onu milyonçu Hacı Zeynalabdin Tağıyevin
açdığı Qızlar Seminariyasına təhsil
almağa aparmışdır. Nazlı
xanım 1907-ci ildə həmin seminariyanı əla qiymətlərlə
bitirmişdir. Qeyd edək ki, o, həmin
seminariyanın ilk məzunlarından biridir. Seminariyanın məzunlarına H.Z.Tağıyev
“Quran” kitabını avtoqrafla bağışlayırdı.
Həmin xatirə kitabını Nazlı
xanımın nəvələri bu gün də qoruyub
saxlayırlar. Öz varidatını millətinin
və xalqının yolunda sərf etməkdən əsirgəməyən
H.Z.Tağıyev hər bir məzuna Nikolayın bir ədəd
qızıl onluğunu da hədiyyə edirdi. Nazlı xanım həmin qızıl onluğu
medalyon kimi düzəltdirib daim öz sinəsində gəzdirirmiş.
Görkəmli rəssam Bəhruz Kəngərlinin
çəkdiyi rəsm əsərində də həmin
medalyon aydınca təsvir edilmişdir.
Seminariya
təhsilindən mənəvi zövq alan
Nazlı xanım həmin illərdə Tiflisdə yaşayan
qardaşı, məşhur hərbçi və xeyriyyəçi
olan polkovnik Yusif bəyin yanına gəlir. O, Tiflisdə
qardaşının dostu, böyük ədib Mirzə Cəlil
Məmmədquluzadə ilə də görüşür. Naxçıvanlı yeniyetmə qızın elmi
dünyagörüşü Mirzə Cəlili çox
sevindirir. Nazlı xanım həmin görüşdə
böyük ustadın dediyi kəlamları ömrüboyu həmişə
təkrarlayırmış: “Qızım, sən təhsil
almısan, qadınların gözünü açmağa
çalış, cəsarətli ol, heç nədən qorxma!..”
Böyük ədibin bu xeyir-duası Nazlı
xanımın həyat kredosuna çevrilir. Atası Məmmədhüseyn
bəy İrəvan mahalında yaşadığından
Nazlı xanım 1909-cu ildə İrəvan Qızlar
Seminariyasında ilk müəllimlik fəaliyyətinə
başlayır. Böyük ruh yüksəkliyi
ilə elmin əsaslarını şagirdlərə öyrədir.
Bu vaxtlar İrəvanda da dini xurafat hökm
sürdüyündən Nazlı xanım hədələrlə
qarşılaşır. Amma o, bunlardan
qorxmurdu. 1912-ci ildə atasıgil
Naxçıvana köçdüklərindən Nazlı
xanım da Naxçıvana qayıdır. O,
Naxçıvan şəhərində qızlar üçün
məktəb açdırır və həmin məktəbdə
dərs deməklə bərabər, həm də məktəbə
müdirlik edir. 1917-ci ildə baş verən
siyasi hadisələrlə əlaqədar məktəbin fəaliyyəti
dayansa da, 1920-ci ildə Naxçıvan Maarif
Komissarlığının nəzdində yaradılan
Qızlar Məktəbində Nazlı xanım fəaliyyətini
davam etdirir. Yeni qurulmuş sovet hökumətinin
qanunları ilə işləməyə başlayan Nazlı
xanım həyatının sərt hadisələri ilə
qarşılaşır. Atası Məmmədhüseyn
bəy kiçik oğlu Bağırla birlikdə İrana
köçmüşdü. Çünki
onun oğlu Yusif bəyi bolşeviklər güllələmişdilər.
Nazlı xanımı da təqib edirdilər.
O, 1919-cu ildə Naxçıvan hümmətçilərindən
olan Nəcəfqulu Nəcəfovla ailə qurduğundan
bolşeviklər onu təqib etməkdən əl çəkdilər.
1937-ci ilədək Nazlı xanım və Nəcəfqulu
Nəcəfov həm də əməl və məslək dostları
idilər. 1920-ci ildən 1936-cı ilədək Nazlı xanım
Naxçıvan şəhər 1 nömrəli orta məktəbin
müdirəsi və müəllimi kimi işləyir. 1937-ci ildə onun həyat yoldaşı maarifçi
və diplomat Nəcəfqulu Nəcəfov həbs olunur və
güllələnir. Bu zaman Nazlı
xanım Naxçıvandakı beynəlmiləl orta məktəbdə
“rus dili” fənnini tədris edirdi. 1940-cı
ilədək Nazlı xanım nəzarətdə ola-ola bu məktəbdə
işləməli olur. Sonralar o, 2 nömrəli
məktəbdə dərs demişdir. Və
1942-ci ildə onu həbs edib Qazaxıstana sürgünə
göndərirlər. Qazaxıstanın
Pavlodar şəhərində 1946-cı ilədək şəhər
məktəblərinin birində ibtidai siniflərə rus
dilini tədris edən Nazlı xanımın
kiçikyaşlı uşaqları Naxçıvanda
böyük qızı Cəmilənin himayəsində
yaşamalı olurlar. Böyük çətinliklər
və məhrumiyyətlər içərisində yaşayan
Nazlı xanım İ.V.Stalinə və M.C.Bağırova
dönə-dönə müraciət məktubları
yazdığından onun günahsız olduğunu bilən
kommunistlər Naxçıvana qayıtmasına icazə verirlər.
1947-ci ildə doğma balalarının yanına
qayıdan Nazlı xanım Naxçıvandakı 2 nömrəli
məktəbdə rus dili müəllimi və
Naxçıvan Müəllimlər İnstitutunda tərbiyəçi
vəzifəsində işləyir. Amma onun bu sevinci uzun
sürmür. Onu yenidən Göyçaya
sürgünə göndərirlər. O, 1949-cu ildən
1954-cü ilədək Göyçayın Qaraməryəm və
Alpout kəndlərində rus dili müəllimi işləmişdir.
Orada işlədiyi illərdə müəllimlik
fəaliyyətinə dair aldığı əmrlər
yuxarıda qeyd etdiyimiz sənədlər qovluğundadır.
Yenə də uşaqlarını özü ilə
aparmağa icazə vermirlər. Sanki tale
onu sınağa çəkir.
İ.V.Stalinin ölümündən sonra
Naxçıvana qayıdan Nazlı xanım Naxçıvan
şəhərindəki orta məktəbdə müəllim
işləyir və ömrünün sonuna qədər
Naxçıvanda yaşayır.
Nazlı xanım Naxçıvan Mərkəzi
İcraiyyə Komitəsi V-VI
çağırışının deputatı olmuşdur.
Nazlı
xanım Tahirova xalq maarifi sahəsində səmərəli fəaliyyətinə
görə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin
1957-ci il 13 noyabr tarixli Fərmanı ilə
“Naxçıvan MSSR-in əməkdar məktəb müəllimi”
adına layiq görülmüşdür. Fərdi
təqaüdçü olsa da, yorulmadan öz biliyini gənc nəslə
öyrədir və onların vətənpərvər ruhda
böyümələri üçün əlindən gələni
əsirgəmirdi.
Yeri gəlmişkən qeyd edək ki, Nazlı
xanımın dərs dediyi şagirdlər Azərbaycanın
görkəmli şəxsiyyətləri olmuşlar. Onlardan filologiya elmləri
doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü, Azərbaycan Respublikasının əməkdar
elm xadimi Məmmədcəfər Cəfərov, fizika-riyaziyyat
elmləri doktoru, professor Zərifə Əliyarova, “SSRİ
xalq həkimi” fəxri adına layiq görülmüş
Mehdi Bağırov xalqımızın hər zaman fəxr
etdiyi şəxsiyyətlərdir.
Nazlı xanım maraqlı, mürəkkəb bir həyat
yolu keçmişdir. O, çox zəngin bir ailədə doğulsa da, həmişə
sadəliyi, səmimiliyi ilə naxçıvanlıların
sevimlisi olmuşdur. Onun xeyriyyəçiliyi,
kimsəsiz uşaqları evə gətirib öz
övladları ilə birgə böyütməsi bu gün də
xatirələrdə yaşayır. 1920-ci il
onun bir çox arzularını məhv etmişdi. Qardaşı atası ilə birlikdə İrana
mühacirət etmiş və Tehranda yaşamışlar.
Sovet rejiminin sərt qanunlarına baxmayaraq, o,
ömrünün sonuna kimi gizlində olsa da,
qardaşının qızlarını – Nərgiz və Mehrəngizi
axtarırmış. Qaçqınlıq
illərində kimsəsiz bir qızı ölümdən
xilas etmiş, evlərinə gətirmiş, özü
böyüdüb saxlamışdı. Zərri
adlı o qızın nəvələri indi də
Naxçıvanda yaşayırlar.
Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi
olan qədim Naxçıvanda maarifçilik
ideyalarının şölələnməsində Nazlı
xanımın da xüsusi rolu vardır. Biz onun
böyük ömür yolundan bəzi səhifələri vərəqlədik.
Bütünlüklə, onun ömür yolu gələcək
nəsillər üçün nümunədir və maraqla
oxunan bir kitabdır.
Musa QULİYEV,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
tarix üzrə fəlsəfə doktoru
525-ci qəzet.-
2013.- 30 may.- S.7.