100
ilin “İşıq”ı: qadın jurnalı kimi yenidən və
hər zaman bizimlə
Bu gün Azərbaycan mətbuatının
sırasında ideya və məqsədini parlaq şəkildə
əks etdirən “İşıq – qadın” jurnalı da
özünün yaşam tarixinə qədəm qoyub. Öncə qeyd etmək istərdik
ki, onun indiyədək dərc olunmuş illik saylarının
hər biri təkrarçılıqdan uzaq olan ideyası, bədii
tərtibatı, forma və məzmunu ilə oxuculara təqdim olunub. Hər
dəfə “Yüz il sonra yenidən sizinlə” və “Dünənlə
bu gün arasında körpü” xatırlaması ilə
görüşümüzə gələn, “İşıq”
qəzetinin jurnal şəklində bərpası qəlbimizə,
düşüncəmizə işıq salır. Bu əzəmətli gəliş təbii ki, oxucunu
düşünməyə, jurnaldakı yazıları diqqətlə
oxumağa sövq edir.
Jurnalı
varaqladıqca onun ruhunda həm də yaxın
keçmişimizdən gələn bir həyatın səsini,
sədasını eşidirik. Qəlbimizdə bu həyatın
da yaşam tarixilə yaxından tanış
olmaq istəyi baş qaldırır. Burda söhbət yüz il əvvəl qaranlıqdan aydınlığa
yol açan “İşıq” qəzetinin az ömürlü həyat
tarixçəsindən gedir. 1911-ci il yanvarın 22-də
savadsızlığın, avamlıq və cəhalətin
hökm sürdüyü bir zamanda dövrünün maarifpərvər
ziyalısı Xədicə xanım Əlibəyovanın
redaktorluğu ilə zülmətdə şəfəq
saçan “İşıq” qəzeti nəşrə
başladı. Qəzet o zaman müsəlman həyatının
ən ağrılı bir sahəsi, qızların təhsilə
cəlb olunmasına səy göstərilməsi,
qadınların öz hüquqlarını dərk etməsi,
anaların övladının tərbiyəsilə ciddi məşğul
olması məqsədindən yaranmışdı. Çünki həmin dövrdə Azərbaycan
qadınlarının şəxsi taleyində, ictimai həyatında
başlıca problem məhz bunlar idi. Həmin vaxtda
qız qardaşlarının fədakarlığını
alqışlayan H.Cavid, Ə.Cavad, M.Hadi kimi şairlər, o
zaman Peterburq, Kiyev, Odessa şəhərlərində təhsil
alan azərbaycanlı gənclər də
“İşıq”ın nəşrə başlaması ilə əlaqədar
öz çıxışlarında sevinc və
razılıqlarını ifadə edir, qadınlara məxsus bir qəzetin
meydana çıxmasının onların maariflənməsinə
böyük təsir göstərəcəyini ifadə edən
məktubları ilə orada çıxış edirdilər.
Cəmi 68 sayı nəşr olunan “İşıq”ın
yaşadığı şərəfli həyat yolu cəhalət
girdabında yaşayan savadsız qadınların həyatında
əhəmiyyətli dəyişikliklərin yaranmasına səbəb
oldu.
“İşıq – qadın” jurnalına məsul olan
düşüncə sahibləri onun meydana gəlməsi, gələcək
fəaliyyəti məsələlərinə aydınlıq gətirmiş,
hər biri öz mövqeyindən nəşrin zəruriliyini,
əhəmiyyətini, mədəni-tarixi ənənələrin
yeni dəyərlərlə inkişafını diqqətə
çatdırmışlar. Jurnalın təsisçisi, Milli
İrsi, Mədəni, Tarixi Araşdırmalar Fondunun
icraçı direktoru Pərviz Əmirov fondun idarə heyəti
tərəfindən təklif olunan “İşıq” qəzetinin
100 il sonra jurnal formasında bərpasından söz
açaraq onun gələcək fəaliyyətinin bəzi məqamları
ilə oxucuları tanış edir. Müəllif yazır: “Bu
jurnal keçmiş tarixini qiymətləndirməklə
yanaşı, gələcəkdə də öz dəst-xəttinə
uyğun olaraq bütün fəaliyyəti ərzində vətənpərvərliyin
təbliğində, mədəniyyətin yayılmasında,
xüsusən də elmin, incəsənətin təbliğində
çox böyük rol oynayacaq. Bu jurnalın vasitəsilə
xalqımızın milli-mənəvi irsinin, mədəniyyətinin,
tarixinin müxtəlif yönləri ilə tanış
olacağıq. Xalqımızın milli-mənəvi
dəyərlərini, istək və arzularını, keşməkeşli
həyatının bütün sahələrini daim öz səhifəsində
əks etdirəcək “İşıq – qadın” jurnalı
çox şərəfli bir yola qədəm qoyur”.
Burada şübhəsiz, mətbuatda böyük səriştəsi,
təcrübəsi olan, bu mənada da meydana gətirdiyi hər
hansı bir mətbu orqanın öz simasını yarada bilən
professor Teymur Əhmədovun, “İşıq – qadın”ın
qurucusu olan ədəbiyyatşünas alimin də zəhməti
böyükdür. T.Əhmədov jurnalın ilk sayında 100 il əvvəl zülmətdə işıq
saçan “İşıq” qəzetinin fəaliyyət
dövrünə ədəbiyyatşünas
baxışları ilə nəzər salır. Qəzetin səhifələrində gedən
yazıların xarakterini açır. “İşıq”ın zamanında
səsləndirdiyi cəsarətli fikirlərə münasibətini
bildirir. Eləcə də müasirləri olan bir sıra maarifpərvər
ziyalıların çıxışlarına həssaslıqla
yanaşır. Nəşrin qurucusu bir baxışla oxucuya
“İşıq”ın bütövlükdə
saylarının milli mətbuatımız tarixində müstəsna
əhəmiyyətini, onun ətrafında yaranan fikirləri,
eləcə də qəzetin daşıdığı
missiyanı, qadınların təhsilə cəlb olunması,
ananın təkcə övladın deyil, cəmiyyətin tərbiyəsində
cavabdeh olmasına diqqət yetirir.
Jurnalın
baş redaktoru Sədaqət xanım Qəhrəmanova ictimai-elmi istiqamətdən
zəngin faktlar və hadisələrlə müşayiət
olunan sözü ilə qadınlara bəxş olunan bu
jurnalın hər sayına istiqamət verir. Qadın
hüquqlarını, qadının cəmiyyətdə
mövqeyini tarixi ardıcıllıqla
işıqlandırır. Bunlar təbii
ki, baş redaktorun uzun illər ictimai həyatın mərkəzində,
qaynar mühitində olması, bu gün bütünlükdə
qadın problemləri sahəsində peşəkarcasına fəaliyyət
göstərməsilə bağlıdır. Bu mənada da qadınların cəmiyyətdə
yerini və mövqeyini görməsi, qazanılan böyük
uğurları müstəviyə gətirməsi jurnalın
uğuruna hesablanır. Elə jurnalın
qayəsi də qadın problemləri ilə yanaşı, bu
gözəl, ülvi varlığın özünün bəşəriyyətə
işıq kimi saçması və həyatı çox
maraqlı və məzmunlu etməsi ilə həmahəngdir.
Mən burda Xədicə xanımla Sədaqət
xanımın arasında bir mənəvi yaxınlıq, ruh
birliyi görürəm. S.Qəhrəmanova
baş redaktor kimi, qatı zülmətin bağrını dələn
“İşıq”ın ideya və məqsədini duyaraqdan bu ənənəni
indiki anlamda və səviyyədə qura bilib.
Əlbəttə, ötən əsrlə müqayisədə
bu gün öz ideyalarını həyata keçirmək
baxımından jurnalın imkanları daha böyükdür. Lakin hər hansı bir mətbuat
orqanını təsis etmək, açmaq, ərsəyə gətirmək
asan olsa da, mövcud imkanlardan peşəkarcasına istifadə
etməklə yanaşı, onun özünəxas
simasını yaratmaq, imicini formalaşdırmaq, elə ilk
sayından ictimai-bəşəri məzmunu ilə seçilmək,
dəst-xəttini qurub-yaradaraq öz axarına salmaq və onu
hər zaman gözdə, əldə saxlamaq indiki mətbuat
bolluğunda çox çətindir. Zənnimizcə,
“İşıq – qadın” jurnalının işıq
üzünə çıxan saylarını gözdən
keçirən, eləcə də onun tarixi, mənəvi-əxlaqi
əhəmiyyət kəsb edən yazıları ilə tanış olan oxucu etiraf edər ki, jurnal
adında ifadə olunmuş dəyəri, ziyası ilə
ictimai şüurumuza, qəlbimizə öz
işığını saça bilib.
Burda insanda inam, xoş təəssürat oyadan
başlıca cəhət odur ki, qadının ailədə,
cəmiyyətdəki yerindən, mövqeyindən söz
açanda müəliflər hamımız üçün
kökü, təməli olan bilgiyə, inam-iman yerimiz olan “Qurani-Kərimin
ayələrinə istinad edir, mövzuyla əlaqəsinə
görə orda ifadə olunmuş hikmətləri
xatırladırlar. “Sizə qadınların hüququna riayət
etməyinizi və bu barədə Allahdan
qorxmağınızı tövsiyə edirəm... qadınlar
sizə Allahın əmanətidir”. Qadının adına,
varlığına, taleyinə belə bir nur qismət edən
Uca Tanrının tapşırdıqlarına ehtiramla
yanaşmaq da hər kəsin düşüncəsində, əməlində
ifadə olunmalıdır.
“İşıq – qadın” yetərincə
çox böyük özəlliklərə malikdir. Jurnal hər
sayında “İşıq” qəzetini müdrikcəsinə yada
salır, zamanında böyük əks-səda doğuran bu məcmuənin
ömrünə sanki yeni bir ömür bəxş edir. Sələfinin yazılarına öz səhifələrində
yer verən “İşıq – qadın” həm də mütləqiyyət
dövrünün mühitini öz aynasında əks etdirir.
Yüz il əvvəl söylənilmiş fikirləri günümüzdə
açıqlamaqla maarifpərvər qadınların
düşüncəsi, arzularının bugünkü
inkişafla bağlılığı maraq doğurur. Şəhrəbanu
xanım Şabanzadə “Oxumaq lazımdır”
(“İşıq” 1911, ¹ 1) məqaləsində yazırdı:
“Əvət, qadınlar bəşəriyyətin anası,
insaniyyətin ruhu olduqları üçün hər kəsdən
əvvəl təhsili-elm etməlidirlər. Halbuki
biz o qaydadan çıxıb millətimizin tənəzzülünə
bais olmuşuz. İştə birinci olaraq bu bəlanı
dəf və izalə etmək üçün biz də
baisi-tərəqqi olan mətbuatımızın tərəqqisi
üçün oxuyalım! Oxutduralım! Oxumağa
çalışalım! Oxumaq lazımdır,
oxumaq!!!”
Şəhrəbanu xanımın arzularının
manifesti kimi səslənən bu
çağırışı maarifpərvər
ziyalının haqq səsi idi. “İşıq –
qadın” ilk sayından sələfinin məqsəd və niyyətinin
aşkar ifadəsi, səsi-sədası olan bu yazılara
öz səhifələrində yer verməklə həm də
qəzetin keçdiyi çətin, ibrətamiz yolu oxuculara
xatırladır. Qəlbi qadın azadlığı ilə
döyünən, avamlığa, cəhalətə
qarşı çıxaraq, qızlarımızın
gözünün açılmasına çalışan,
onları elmə, təhsilə səsləyən
işıqçılar ordusunu –Xədicə xanım Əlibəyova,
Nabat Nərimanova, Sona Axundova, Şəhrəbanu Şabanzadə,
Sara Vəzirova, Şəfiqə Əfəndizadə, Asiyə
Axundzadə, Gövhər Şövqiyə, Xuraman Rəhimbəyova,
Xavər Tahirova, Həyat Çayqıraqlı kimi
aydınların fədakar çalışmalarını yada
salmaq bu münəvvərlərin xatirələrinə
ehtiramdır.
Yüz il əvvəl “İşıq”ın
başına qadınların, qızların təhsil
almaları üçün səy edən, millətin
sabahı olan övladlarımızın düzgün tərbiyə
olunmasından ötrü can yanğısıyla
çalışan maarifpərvər qadınlarımız cəm
olmuşdular. Bu gün də “İşıq –
qadın”ın ətrafında bu ənənələri yeni dəyərlərlə
zənginləşdirməyə çalışan,
valideyn-övlad münasibətlərində həssaslığı
gözləyən, nəcibliyi, xeyirxahlığı bir miras
kimi zənginləşdirməyə çalışan
işıqçılar birləşib. İkncilər
birincilərin yarıda qırılmış ömürlərini,
hələ qönçədəykən xəzana
dönmüş taleyini zülmətin arasından alaraq
aydınlığa aparırlar. “İşıq”la
“İşıq – qadın” jurnalının arasında
çox böyük mənəvi yaxınlıq, ideya birliyi
var. 1912-ci ildə müəllimə Kamilə xanım
Sübhanquluyeva hər bir zinətdən, ləl-cavahiratdan dəyərli
olan övlad tərbiyəsinin zəruriliyindən bəhs
etdiyi yazısında fransızların kübar cəmiyyətindən
aldığı ibrətamiz bir əhvalatı nəql etməklə
fikrini çox yığcam formada açıqlayır: “Həzərat!
Mənim malım, mülküm, daş-qaşım, zər-zivərim
ciyərparəm olan bu iki övladımdır... Daş-qaş və zər-zivər insan
üçün bəzək deyildir. Bəlkə tərbiyəli
övladları onun həmişəlik bəzəyidir!..” Kamilə xanımın qənaətini
yüz il sonra Ağa Hacıbəyli mənəvi-əxlaqi
dəyərlərimizin fonunda sanki davam etdirir: “Tərbiyə
zamanı ana səsi, ana qoxusu və ana davranışı ailədə
böyüyən uşağın hafizəsini bir pətək
kimi hörər. Günlər keçdikcə ailədəki
bu gözəl mühit övladın
dünyagörüşünü təkmilləşdirər
və etiqadının əsasını şəkilləndirər...”
Bu gün “İşıq – qadın” jurnalı cəmiyyətimizdə, mətbuat mühitimizdə hansı nüfuza, təsirə, təlimə malikdir? Jurnal qadın dünyasına xaraktercəsinə yanaşan “Dədə Qorqud” hikmətindən, dahilərin, mütəfəkkirlərin sınağından, həyat fəlsəfəsindən süzülüb gələn fikirlərlə zəngindir. Jurnal meydana hansı bir mövzunu qoyursa, ona müdrikcəsinə, ulucasına yanaşır. “İşıq – qadın”ın saylarında çox xarakterik yazılar yer alıb. Ülvi bir varlıq olan qadın-ana mövzusu isə jurnalın qayəsini təşkil edir. Çünki ana təkcə övladın deyil, bütünlükdə bəşəriyyətin tərbiyəçisidir.
Jurnaldakı yazılarda elmilik, tarixilik, bədii-publisistik üslub məqalələrin maraqla oxunmasına yol açır, oxucuya mənəvi zövq verir. Yazıların ahənginə hopmuş yeni düşüncə, təptəzə yazı manerası “İşıq – qadın”a böyük sevgi qazandırır. Çünki bu jurnal fərqli bir formaya, tərtibə və dilə məxsus bitkin bir dərgidir. Mövzuların ruhunda zəngin tarixi faktlar, həyati yaşamlar, gerçəkliklər öz ifadəsinə tapınır. “İşıq – qadın”ın yazıları öyrədəndir, tərbiyə edəndir.
Maraqlıdır ki, bugünkü işıqçılar sələfləri olan işıqçıların həyatlarını öyrənir, onları gənc nəslə tanıtmağa səy edirlər. “Maarifpərvər pedaqoq: Gövhər Şövqiyə” məqaləsi bu baxımdan diqqəti cəlb edir. Bu yazıda Qərənfil Dünyaminqızı pedaqoqun həyatına, ictimai taleyinə nəzər salır və bu istiqamətdə apardığı araşdırmanı sistemli, elmi-publisistik formada təqdim edir. Müəllif Gövhər Şövqiyənin bir azərbaycanlı qadın olaraq zəmanəsində hökm sürən cahillikdən qorxmadan qızların təhsil alması, təlim-tərbiyəsi yolundakı çalışmalarını, əsl fədakarlığını yeni nəslə çatdırır. Qərənfil xanım qəzetdə çıxış edən qadınların arzu-istəklərinin ifadəsi olan yazılarından, maraqlı həyat tarixçələrindən də bəhs edir.
Qənirə Əmircanova “Tomris xatun”, “Bərdə hökmdarı Nüşabə xatun”, “Alban hökmdarı – Məhinbanu Şəmiran”, “Möminə xatun” kimi yazılarında mövzuları təkcə pedoqoji fəaliyyəti çərçivəsində araşdırmayıb, bu istiqamətdə geniş tədqiqat aparıb. Müəllif tədqiq etdiyi hökmdar qadınların adlarına pafoslu çıxışlardan fərqli olaraq, bu qadınların soykökü, nəsil-nəcabəti, tarixdə daşıdıqları missiyanı – Azərbaycanın taleyində göstərdikləri sücaətləri, cəngavərliyi gələcək nəslə xatırlatmaqla onların tərbiyəsində əhəmiyyət kəsb etməsinə çalışıb.
Ana adı, ana haqqı, sevgisi ilə süslənmiş, övlad tərbiyəsinin incəliyinə varmış Gülarə Munisin insanın ruhunu pak bir sevgi, ecazkar musiqi təki oxşayan fikirləri arzularımızı pərvazlandırır. Bu yazılar qəlbimizə sətirbəsətir süzülür, lirik nəğmələr kimi ruhumuza təravət bəxş edir. Müəllif “Anaların şəfqəti”ndə bulaq suyu təki dumduru fikirlərilə “İşıq – qadın”ın varlığına, simasına bir məlahət, istilik bəxş edir. Ana-övlad məhəbbətinin, nəvaziş və tərbiyəsinin cövhərini yazılarına sanki müşk-ənbər təki çiləyir.
Jurnal yaşadığımız dövrdə bütün ictimai-siyasi hadisələrə həssaslıqla yanaşır, 20 Yanvar faciəsi, Xocalı soyqırımı ilə bağlı yazılara yer verir. Afaq Ağayevanın Vətən sevgisinin dərya dərinliyini yaşadan Xocalı ağrısının, yurd itkisinin qəlbi qanadan xatirəsi, ürək göynədən nisgili varlığımızı tarıma çəkir. “İşıq – qadın”a yazan kişi müəlliflərin yazıları da kəsb etdiyi siqlətilə oxucuya mənəvi zövq verir. Bu mənada işıqçılar ailəsinə öz düşüncəsiylə həmfikirlik, həmrəylik gətirən, təptəzə rəng çalarları əlavə edən Muxtar Cəfərlinin, Şəmil Sadiqin, Ağa Hacıbəylinin baxışlarında qadının ailədəki rolu, şərəf və qürurunun, məğrurluğunun, vəfa-sədaqətinin ucalığı, pak bir sevdaya tən olan türk qadınına ülfəti, məhəbbəti diqqətəlayiqdir. Jurnaldakı yazılar xüsusi seçildiyi kimi, müəlliflər də yazı üslubları, müraciət etdikləri mövzuları ilə seçilir. Mövzulara yanaşma tərzində, üslubunda və ifadəliliyində jurnalın xarakterindən doğan bir özəllik var.
Qadın nəslin bünövrə daşıdır. Bu gün də, sabah da qadın dünyası, onun fədakar çalışmaları, humanizmi, səmimiyyəti, nəcibliyi ilə bağlı bilmədiyimiz, ən azından öyrənməli, xatırlamalı olacağımız böyük mətləblər var ki, heç şübhəsiz, jurnal bu yollara da işıq salacaq.
Şəfəq Nasir,
filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.-
2013.- 31 may.- S.7.