“Özünü kəşf etməyənlər
əliboş, üzüqara köçərlər bu
dünyadan... “
ŞAİR
MƏMMƏD İSMAYIL: “Mənim həyatım gözə
görünənlərl görünməyənlərin
qovuşmasından yaranan uzun bir şeirdir”
- Salam,
hörmətli Məmməd müəllim! İcazə
versəniz, Sizə, həyatda olduğu kimi, Məmməd əmi
deyə müraciət edərdim. Məmməd
əmi, çox heyif ki, aramızda olan minlərlə kilometr məsafə
Sizinlə üzbəüz oturub danışmağa imkan
vermir. Keçən il may
bayramında, anam Afaq Şıxlı ilə birgə
Çanaqqalada olduğumuz zamandan bəri gözəl, qonaqpərvər
və səmimi bir insan kimi həyatımda özünüzə
elə bir təkrarolunmaz yer tutmusunuz ki! O gündən bu
günə bir neçə dəfə sizinlə
görüşmüşük, son dəfə elə bu il Novruzda. Doğmalığınız
və istiqanlılığınız ürəyə sirayət
edir. Sizinlə hətta ayaqüstü
görüş belə o qədər müsbət enerji və
qürur verir ki, sanki ibadət etmiş kimi yüngülləşir
və saflaşırsan.Ürəyimdən gələn bir
neçə sualı sizə yazmaq istəyirəm. Bu əlbəttə
ki, müsahibə deyil, çünki sizin kimi ünlü sənət
adamından, mənim
- ədəbiyyat dünyasına hələ yenicə qədəm
qoyan bir gəncin müsahibə alması bir qədər
düzgün olmazdı. Bunu sadəcə
söhbət hesab edək, çox sevdiyim, şəxsiyyətinə
dərin rəğbət bəslədiyim bir insanla söhbət.
Hər kəsə məlumdur ki, siz gözəl
şair, yazıçı, publisist və alimsiniz. Amma hər şeydən öncə siz bir müəllimsiniz.
Müəlllimlik, sizcə, nə deməkdir?
- Gözəl
qızım, səmimi sözlərinçün təşəkkür
edirəm. Sualın cavabına keçmədən onu deyim ki,
anana - gözəl şairimiz Afaq xanıma da, öz
qızım kimi sevdiyim sənə də ayrıca
sayğım var. Bir də qürbətin
uzağı-yaxını, doğması, ögeyi olmur. Bəlkə bizləri bir bu qədər doğma və
yaxın edən elə qürbətdə
yaşamağımızdır. Həm də bu ara uzaqlığının söhbətimizin
canlı olmasına əngəl törədəcəyini
düşünmürəm. Çünki
sözlərinə yükləyib göndərdiyin
güclü enerji buna imkan verməz. Və onu da unutma ki, yazarın
yaşlısı, cavanı olmur, istedadlısı,
istedadlısı olur. Bu mənada biz elə
hardasa sənət yaşıdları kimiyik və mənim sənə
çox istedadlı gənclərimizdən biri kimi
sayğım var.
İndi gələk
verdiyin sualın cavabına! Müəllimlik, bəlkə
də dünyanın ən müqəddəs peşəsidir.
Anadolu türkləri müəllimə “öyrətmən”
deyirlər. Adının hansı dildə necə səslənməsindən
asılı olmayaraq anlamı eynidir-öyrədən adam, yəni işinin ustası! Usta, öyrədən
adam olmaq, buna haqq qazanmaq Tanrının bir
lütfüdür, məncə. Şərq bir
zaman ona görə hər yönüylə dünya gəlişimində
fərqli bir yerə sahibdi ki, usta-çıraq (şagird)
ilişkiləri ayaqda idi. Bu ilişkilər
zəiflədikcə Şərq yavaş-yavaş zəifləməyə,
geriyə çəkilməyə başladı.
- Sizcə,
yalnız müəllimmi tələbəni öyrədir?
Yoxsa bu proses qarşılıqlıdır? Elədirsə,
o zaman müəllimin indiki gənclərdən götürə
biləcəyi və ya onlarla ünsiyyətdən qazana biləcəyi
nələrdir?
-
Maraqlı sualdır. Başqalarını deyə
bilmərəm, amma mən hər dəfə dərslərə
gedəndə çox ehtiyatla gedirəm. Bunun
bir çox səbəbi var. Birincisi,
qarşı-qarşıya gəldiyim tələbələr nə
qədər eyni millət desək də başqa bir mühit
aurasının övladlarıdır. Azacıq
da olsa, dil baryeri var. İkincisi, əgər dərs deməyə
girdiyin sinifdə çox yox, təhsil almağa öyrənmək
və özünü gəlişdirmək üçün gələn
üç-beş öyrənci varsa, günümüz müəlliminin
işi o qədər də asan deyil. Çünki
müəllimin istifadə edə biləcəyi bütün
çağdaş imkanlardan tələbə daha artıq
istifadə etmək imkanlarına sahibdir. Üstəlik
onların gənc ererjisi ilə yaşlı bir adamın
bağdaşması da hardasa imkansızdır. Buna
görə də müəllim öyrətmək istədiyi
mövzunu o dərəcədə mükəmməl bilməlidir
ki, dərs dediyi öyrənciləri heyrətə sala bilsin.O
zaman ki, mən, siniflərə haçansa sevdiyim qızın
görüşünə getdiyimdə keçirdiyim həyəcanla
gedirəm, o gün dərsi bitirib sinifdən çıxanda
özümü qalib ordunun komandanı kimi hiss edirəm,
çünki caladığım calağın tutmuş
olduğu hissi qalır canımda. Hətta bu barədə bir
şeirimdə belə bir bənd vardı:
Bir ayda
neçə yol olar günündə,
Heyrətə salmada gör neçə gənci.
Bəzən
şair olar sinif önündə,
Bəzən dili topuq çalan öyrənci.
Öyrətmən, həm də hardasa öyrənəndir. Ömrün hansı
yaşına çatmasından asılı olmayaraq onun da
davamlı öyrənmək ehtiyacı var. Dünya dediyimiz
yaşamaq yox, elə öyrənmək yeridir hardasa... Etiraf
edim ki, yaradıcı adam üçün
müəllimlikdən gözəl peşə yoxdur.
-
Dünyada ən çox sevdiyiniz, ən çox qorxduğunuz
və ən çox nifrət etdiyiniz şeylər
hansılardır? Buna səbəb olan amillər
varmı?
-
Mübaliğəsiz deyə bilərəm ki, dünyada ən
qarşısıalınmaz şey mənimçün poeziyaya
sevgidir! Qalan hər şey ondan sonra gəlir.
Marina Svetayeva deyirdi ki, şeirlərimiz bizdən
daha yaşlı və daha ömürlüdür, biz gedəcəyik,
bizdən sonra gələnlər də gedəcək. Amma onlar qalacaqlar. Bəlkə
şüuraltı bir düşüncəylə əbədiyyətə
canatımdır şeirə bu sevgim, bilmirəm:
dünyanın əvvəli söz idi, sonu da söz olacaq!
Ən
çox nifrət etdiyim şey isə yalandır, həm də
dövlət səviyyəsinə qaldırılan, toplumun idarəedici
gücünə çevrilən ağ
yalan! Nə qədər ki, milli bəlamız
olan yalan həqiqəti üstələyəcək, uğur
gözləmək ağılsızlıqdır. Bir var mənim həqiqətim, yəni məni təmin
edən həqiqət, bir də var Həqiqətin özü.
Yalanı tərk etmək - siqareti tərk etmək kimi bir
şeydir, gündə bir siqaret az çəksən,
bir də baxıb görəcəksən ki, tüstü bəlasından
canın qurtarıb. Yalan da beləcə.
Amma siqaretin arxasında alışqanlıqdan, kağız və
tütündən başqa bir şey yoxdur, gəl gör ki,
yalanın arxasında nə güclər var:
Yüz dəfə
deməyin xeyri yoxdu ki,
Başından bağlısa, neyləsin bəndə?
Şeytanın
qalmağa yeri yoxdu ki,
Ya səndə yaşayır, ya da ki, məndə.
- Fikrinizcə,
müasir ədəbiyyat hansı ölkədə daha sürətlə
və daha yaxşı inkişaf etmişdir: Azərbaycan,
Rusiya, yoxsa Türkiyə?
-
Böyük rus şairi Yuri Kuznetsova görə, dünyada
üç “oxuyan “ ölkə var:
Çin, Hindistan və Rusiya. Üçündə
də ən çox oxunan və sayğı görən -
şeirdir. Təəssübkeşlikdən
uzaq düşünsək, heç şübhəsiz
Rusyanın adını çəkmək məcburiyyətindəyik.
Çünki böyük coğrafiyaların
böyük də bioenerjisi olur. Ədəbiyyat isə
böyük ehtiras və böyük enerji hadisəsidir!
Moskvanın metrolarında, elektrik qatarlarında boş oturub
vaxt öldürən çox az adama rast gələrsiniz. Hər sərnişinin əlində kitabdan, qəzet,
jurnal, bilgisayar və nəsə oxunası bir şey mütləq
gözə çarpar. Moskvada yaşadığından
bunu hər gün görürsən yəqin ki! Mən elə bilirdim sosialist rejiminin
çöküşündən sonra Rusiyada da durum dəyişəcək,
amma yox, oxu ənənəsi olduğu kimi davam edir.
Ənənəsini qorumayan xalq gec-tez ölümə məhkumdur!
Nə yazıq ki, bomboz həqiqət belədir.
Özəlliklə Azərbaycanda durum daha
acınacaqlıdır. Mənəvi nəzarət
olmadığından kimin canı çəkirsə, şeir
yazır, kitab çap elətdirir. Yamanlar
içində itib batan yaxşıları oxumağa hövsələsi
qalmayan biçarə oxucu səviyyəsiz tele-şoulara, ya da
internet saytlarına özünü qapdırır.
Hardasa bu hal eyniylə (bəlkə bir az
biçimdə) Türkiyədə də təkrarlanır.
- Məmməd
əmi, 2012-ci ilin noyabr ayının 28-də Çanaqqala 18
Mart Universitetində möhtəşəm
“Məmməd İsmayıl günü” keçirildi. Və sizə çoxdan bəri layiq olduğunuz
professor adı, adminstrativ ləngimələrdən dolayı,
yalnız indi verildi. Həmin günlərdən
təəssüratınız? Bir neçə
kəlməylə anlada bilərsinizmi?
-
Qızım, gerçəkdən də o gün şahanə,
heç zaman unudulmayacaq bir gündü. Sanki bu
görüşü görünməz Tanrısal bir əl
idarə edirdi. Daha doğrusu o əl
hamını bir məcraya yönəltmişdi-sevgi məcrasına.
Bildiyin kimi, bu uzun yaşımda dünyanın
çox yerində görüşlərdə olmuşdum.
Amma bir belə duyğu və sevinc seli görməmişdim.
Mən çəkilən çilələrin əvəzinin
gec-tez bir gün çıxılacağına inanan
adamlardanam. Amma o görüş
inamımın da fövqündə bir hadisəydi. Bu qışda torpağın içində qalıb
işıq və yaşamaq növbəsi üçün
yazı gözləyən və yaz gəldiyində kükrəyib
qalxmağa imkan tapan toxum sevinci kimi bir şeydi. Sadəcə o görüş haqqında eşitmək
yox, onun içində olub onu yaşamaq lazımdır. Sürprizlərlə, emosional gözlənilməzliklərlə
dolu bir görüş. Müəllimlər
öyrəncilərə, öyrəncilər müəllimlərlə
sanki ortaq şəkildə məni heyrətləndirmək
yarışına girmişdilər. Finlandiyada
yaşayan qızım Gülzarı Helsinkidən
Çanaqqalaya dəvət edib məndən xəbərsiz
salona gətirdikləri anı və bir də o andan mənim
bir ata kimi keçirdiyim həyəcanları düşün.
O an, o salona gələn nənəsinin adını
daşıyan qızım yox, ölümün o
dünyasından həyatın bu dünyasına anam Gülzar
gəlmişdi sanki. Bax, o zaman orada nələr
baş verdiyini anlarsan.
- Bilirəm
ki, sizin qızlarınızdan üçü xarici ölkədə
yaşayır və yalnız biri Azərbaycanda. Bir ata kimi onların qürbətdə
yaşamaları sizə necə təsir edir? Onların da, müəyyən mənada, sizin kimi qərib
olmalarını yalnız taleyin, qədərin işi saymaq
olarmı?
- Bu mənim
ən yaralı yerimdir, qızım. Ömrü boyu Vətən
sevgisi ilə yaşayan, ömrünü-gününü
gücünün yetdiyi qədər hər cür təhlükəni
gözə alıb o vətənin azadlıq mücadiləsinə
həsr edən, övladlarını da bu yöndə
böyüdən bir ata və o vətən azadlığa
qovuşanda nə o ataya, nə də şablondan uzaq o vətənə
canını verməyə hazır olan övladlara o vətəndə
yer, iş tapılmamasını düşün. Bir
ağacı eyni bağın bir yerindən başqa bir yerinə
köçürəndə o ağacın özünə gəlməsi
ən azı iki-üç il alır. O
ki, qaldı ömrün boyu yaşadığın vətəndən
heç alışmadığın, alışa
bilməyin də müşkül olan qürbət diyarlara bir
parça çörək dalınca getmək ola... Yaxşı, deyək ki, mənim suçum,
günahım vardı kiminsə qarşısında, burada
övladlarımın günahı nəydi axı? Ya onlar talelərinin arxasınca getdilər, ya da tale
özü onları arxasına salıb apardı, bilmirəm.
Bir də ata oğlu üçün qız
seçə bilər, qızı üçün kürəkən
seçmək atanın işi deyil. Nədən
qaçılsa da, bəxtdən qaçılmır. Və kimsə də ayın, ilin rahat vaxtlarında
döşünə döyüb namusdan, qeyrətdən dəm
vurmasın. Əsas olan ekstremal zamanlarda
çıxılmazlığı yönləndirə bilməkdir.
Kimin ağlına gələ bilərdi ki, yetim
böyüyən bir oğlanın övladları özləri
istəməyə-istəməyə tərpətöyün
toxumu kimi dünyaya səpiləcək və özü də
gəlib uluslararası - beynəlmiləl qaynata olacaq. Hələ on doqquz yaşımda kənddə
yaşayanda bir şeir yazmışdım, onun sonluğu beləydi:
Gör nələr
söyləyir o səs, o səda,
Bir anda nələri
gətirdi yada.
Mən hardan biləydim bu gen dünyada,-
Bir qərib
axşamlar,
qərib
axşamlar.
O
şeirin dərcindən sonra radio və televiziyada eyni adlı
proqramlar yaradıldı. Və ürəyimə
damanlar sonunda gerçək oldu. Yalnız özüm
yox, övladlarım da qürbət həyatı
yaşamağa məhkum edildi...
- Siz 53-ə
yaxın əsərin və monoqrafiyanın müəllifisiniz.
Adınız dünyanın müxtəlif
ölkələrindən, konfranslardan, simpoziumlardan gəlir.
Yeni-yeni əsərlərinizin təqdimatı
keçirilir. Bu tükənməz
enerjinin, bu ilham qaynağının mənbəyi nədir?
-
Maraqlı sualdır, Nilufər. Allah hər bir
adama bir missiya yükləyir. Missiyasız
bu dünyaya gələn, ya da belə deyək, göndərilən
tək bircə nəfər də yoxdur. İntəhası
yaşadığı zaman məsafəsində bu missyanı
dərk edənlər və etməyənlər var. Adam var ki,
doqquz aylıq ana bətninin qaynar qaranlığında ona
ayrılan bu missiyanı yer üzünə gəldikdən
sonra unudur, 50-60 il yaşayır, niyə yaşayır, nə
üçün yaşayır heç özü də
bilmir. Özünü kəşf etməyənlər
əliboş, üzüqara köçərlər bu
dünyadan. Dünyaya gəliş məqsədi nəydi,
niyə gəldi, niyə getdi... Bu qonşuya nə
almağa göndərildiyini unudan, gəldiyi qonşu evin həyətində
mısmırığını sallayıb nəyə gəldiyini
xatırlamağa çalışan uşağın durumudur,
bir baxıma. Ən böyük kəşf
insanın öz-özünü kəşf etməsidir.
Kəşf etdimi, ömrü-günü yeni bir
anlam qazanır. Belə insanlara kainatın
özü dəstək olur.Hətta dəstəyin haradan gəldiyini
bəzən adamın heç özü də bilmir. Həqiqətə varmaq və bu dünyaya nə
tapmağa gəldiyini bilmək işləri
asanlaşdırır. İçinə
sadiq qalmaq ən başda gələnlərdən biridir.
Ruslar “daxili səs”, Anadolu türkləri “iç sezi”, ya da
“içimə dolmaq” deyirlər buna, biz isə bu qeyri-adi hadisəyə
“ürəyə dammaq” deyirik.Ürəyə nəsə
damırsa, deməli bu nəsəni bir damızdıran da var.
Və bu damızdırana istər Allah deyək, istər ilham,
fərqi yoxdur, əsas olan odur ki, insanın öz içində
elə öz gözünün qarşısındaca
möcüzə baş verir: Ona başqalarından fərqli nəsə
verilib! Dağdan, xırda bulaqlardan başlayan
suların dənizə ulaşmaq arzusu olmasa aran istilərində
buxarlanıb buluda çevrilərlər. Dənizə
çatmaq inadı, suyu böyük-böyük çaylara
döndərir və bu böyük-böyük çaylar da
gecə-gündüz, daş-qaya demədən, əngəl
tanımadan dənizlərə, okeanlara doğru can atır.
Həm də bilə-bilə ki, dənizdə o
böyük çay adını itirmək. Məncə, Allahdan ilhamı olan adamın enerji
tükənimindən qorxusu yoxdur.
- Məmməd
İsmayıl! Məmməd İsmayıla bir
başqasının gözüylə baxanda onu necə dəyərləndirərdiniz?
-
Sualın birinci hissəsinə cavab verəcək olsaq, adlar xəbərimiz
olmadan bizə verilən əmanətlərdir. Biz
adları deyil, onlar bizi seçir. Məhəmməd və
İsmayıl! Adımda, soyadımda biri peyğəmbər,
biri şair-sərkərdə - iki ilahi güc birləşir.
Hər halda bu, təsadüf deyil, heç
şübhəsiz onlardan bir şeylər keçməli idi mənə,
keçdi də. Adım, soyadım bu iki
enerjidən gələn tarixi enerjinin dünyaya
yayılmasıdır. Yəqin “Adım” şeirimi
oxumusan:
Canım
da adımın ögey Vətəni,
Tükənən günləri bu gün-sabahda.
Mənəm
içinizdə suçunuz, məni,
Unutmaq da çətin, xatırlamaq da.
Bakıdakı tanışlarımdan bəziləri hərdən görüşəndə deyirlər ki, hər adam gəncliyində qarşısına bir zirvə hədəfi qoyur, əlləşib, vuruşub o zivəyə çatır və çatdığı zirvədən dördəlli yapışır ki, yıxılmasın. Amma sən necə adamsan, bir ömürdə bir neçə zirvəyə çıxmış, oralarda qalmaq yerinə yenidən könüllü, ya könülsüz dığırlanıb dərənin dibinə düşmüş və yenidən başqa bir zirvə yolu başlamısan, məgər bundan bezib, usanmadın? Bu haraya qədər, davam edəcək? Nə cavab verəsən hardasa doğruları üzümə söyləyən adamlara? Məgər bu inadlı axtarışlar məndən - Məmməd İsmayılın özündən asılıdır? Bir bizim ömrümüz var, bir də taleyin ömrü. Həm də seçilən bəndədir, seçən Allahdır. Hər halda son olaraq onu deyim ki, Məmməd İsmayıl, tale diqtəsinə boyun əyən və hardasa onu şəxsi canatımlarıyla redaktə etməyə çalışan inadkar bir Allah adamıdır. Ədəbiyyatın sahibi də bir başqası yox, Allahdır.
- Fərqli mövzu və ritmlərdə bir çox şeirlər yazdınız. Bu haqda bir neçə kəlmə deyərsinizmi?
- Həyat bir bulağın çaya dönüşüdür. Hər çay dənizə qovuşmaq istəyir. Amma dənizə gedən yol elə də asan olmur. Mənim həyatım bir neçə rejimi içində yaşadan bir həyatdır. Burada ağlıma gələn iki misranı xatırlamaq istəyirəm:
Gəncliyim şam idi, bədənim şamdan,
Nə varsa əriyib içimə getdi...
Su bulaqdan axıb gedir, bulaq baxa-baxa qalır. Mənim həyatım gözə görünənlərlə görünməyənlərin qovuşmasından yaranan uzun bir şeirdir.
- Türk şeirinə tarixi baxımdan göz gəzdirdiyinizdə dönəmin ədəbiyatını necə dəyərləndirərdiniz?
- Şeirlər yazıldığı məmləkətlərə bənzəyir. Şairlərin yaşadığı coğrafiya, çox zaman onların talelərini və mövzularını müəyyən edir. Azərbaycanla Türkiyədə yazılan şeirləri müqayisə etsək bəzi istisnalarla Azərbaycan şeirinin havası mənə daha yaxındır. Avropanın müxtəlif yerlərindən gələn mücərrəd yansımalar Anadolu türk şeirini az qala yox etmişdir.
- Söhbətimizin sonunda gələcək planlarınızdan bir qədər söz açmanızı rica edir və sizə yaradıcılıq uğurları, uzun ömür, cansağlığı arzulayıram. Doğum gününüz mübarək olsun! Siz Azərbaycanımızın təkrarsız yazarı, könülləri oxşayan misralar müəllifisiniz!
- Çox sağ ol, əziz qızım! Gələcək - yaxşıca unudulmuş, ya da unutdurulmuş keçmişdir. Sənətkarın gələcəyi yox, keçmişi var - deyənlər hardasa yanılmırlar. Zamanın da gələcəyi keçmişidir, bir baxıma. İndiyə qədər yazdıqlarım, yaza bildiklərim mənimdir, sabahın planları isə Allah möhlət versə - sabahın işidir.
Mən də sənə - gələcəyimizin istedadlı balasına cansağlığı, ədəbi uğurlar və bol şanslar diləyirəm!
Nilufər
ŞIXLI
Moskva-Çanaqqala
2013.
525-ci qəzet.-
2013.- 1 noyabr.- S.7.