Əli Rza Xələflinin 60 illiyi qeyd olunub

 

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda şair-publisist, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələflinin 60 illik yubileyi keçirilib. Tədbiri giriş sözü ilə açan filologiya elmləri doktoru Nizaməddin Şəmsizadə Əli Rza Xələflinin ədəbiyyatımızda böyük xidmətləri olduğunu bildirib: “Onun şeirləri, poemaları, nəsr əsərləri dəyərli ədəbi nümunələrdir. O, bir çox qələm əhlini “Kredo” qəzetinin ətrafına toplaya bilib. Onun otağı sənət emalatxanası, yazarların görüş yeridir. Məncə, Əli Rzanın mənəvi atası istedad, anası isə zəhmətdi. Mən ondan zəhmətkeş adam tanımıram. O, ədəbiyyatın fədakarıdı. Bu qədər çətinliyin, tıxacın içində o həmişə öz yolunu tapıb”.

Sonra çıxış edən AYB-nin sədri, Xalq yazıçısı Anar yubilyarı təbrik edib, onun haqqında fikirlərini bölüşüb: “Bu gün gözəl bir hadisə ilə əlaqədar bura yığışmışıq. Salona baxanda Əli Rzanın ədəbi ictimaiyyətimiz üçün nə qədər böyük hörmətə malik olması aydın olur. O, iki Azərbaycanın sərhəddində - Cəbrayıl rayonunda dünyaya gəlib. Və buna görə də Əli Rzanın tərcümeyi-halına baxanda  ilk nəzərimə çatan söz körpü oldu. Bilirsiniz ki, Xudafərin iki Azərbaycanı birləşdirən körpülərdən biridir. Əli Rzanın da iki kitabının adında körpü sözü var: “Həsrət körpüsü” və “Karvan körpüdən keçir”. Həmçinin “Kredo” qəzeti də ədəbiyyat və oxucular arasında dəyərli bir körpüdür”.

AYB sədrinin müavini Nazim İbrahimov çıxışında yubilyarın redaktoru olduğuKredo” qəzetinin dəyərindən, bütün çətinliklərə baxmayaraq, qəzetin qorunub saxlanılmasından və inkişafından danışıb.

Tədbirdə digər ədəbiyyat adamları da çıxış ediblər. Tənqidçi Təyyar Salamoğlu yubilyarın yaradıcılığı haqqında məruzə oxuyub. Əməkdar artist, qiraət ustası Ağalar Bayramov yubilyarın şeirlərini səsləndirib.

 

RAMİL

525-ci qəzet.- 2013.- 1 noyabr.- S.7.