Din elmlərinin məzmun və
mahiyyətinə müfəssəl baxış
Həqiqi mənada din sosiologiyasının
qurucusu qəbul edilən M.Veber “Protestant əxlaqı və kapitalizmin ruhu” başlıqlı əsərində
din, cəmiyyət və
iqtisadiyyat mövzularına
üstünlük vermişdir. Eksperimentlərində konfusyanizm, taoizm, hinduizm, yəhudilik və xristianlığı
tədqiq edən Veber islamiyyətə yetərli qədər yer verməmişdir.
Onun din sosiologiyası
ilə bağlı çalışmalarında başlıca
məsələ dinlərin
doğruluğu, yaxud yanlışlığı deyil,
müxtəlif tarixi şəraitdə meydana çıxan dinlərin gündəlik həyatdakı,
yəni siyasi, inzibati, iqtisadi və əxlaqi davranışlar üzərindəki
təsiridir. Bununla yanaşı Veber
sosial quruluşun dini həyatın formalaşmasında olduqca
mühüm təsirə
malik olduğunu irəli sürmüşdür.
Sosial dəyişmə və tərəqqidə dinin oynadığı rol üzərində dayanan Veber kapitalizmin əmələ gəlməsində
və cəmiyyətin
təşkilatlanmasında protestantlığın
yerinə yetirdiyi funksiyaları ortaya qoymuşdur. Onun fikrinə görə
protestant əxlaqının Avropada yaratdığı
yeni dəyərlər
və iş əxlaqı kapital yığınını sürətləndirmiş,
intizamlı iş və məslək adamını formalaşdırmışdır.
E. Troelts Veberin
çatışmazlığını tamamlayaraq bütün çalışmalarını xrisrtianlığın tarixi
sosiologiyasına həsr
etmiş, ortodoks olanlar və olmayanlar arasındakı inanc ziddiyyətlərindən
kənar xristianlığın
daxili fərqliliklərini
pozitiv plan çərçivəsində
işləmiş, özəl
din sosiologiyasının bir
örnəyini vermişdir.
XX əsrdə din sosiologiyası sahəsində
əhəmiyyətli araşdırmalar
aparmış Qavriel Löbra “Tanrılar qədər onlara tapınanlara da diqqət edək” deyərək sosioloqların
diqqətini inanclara və onların dini davranışlara olan təsirinə yönəltmiş, bu məqsədlə müqayisəli
metoddan istifadə etmişdir. Ümumiyyətlə, Qərb sosioloqlarının
dinə ilahi bir həqiqət kimi deyil, daha
çox sosial bir fenomen olaraq
baxdıqlarını qeyd
etmək olar. Onların mülahizələrinə görə,
dinin haqq, batil, yaxud təhrifə
uğraması önəmli
deyildir, önəmli olan dinin cəmiyyətin
dinamikasındakı roludur.
Din sosiologiyası ilə
bağlı tədqiqatlar
Belçika, Hollandiya,
İtaliya, Kanada, Amerika Birləşmiş Ştatları və Yaponiyada geniş yayılmışdır. Son zamanlarda müstəqil din
sosiologiyası, katoliklik
və protestantlıq sosiologiyası konqresləri
və simpoziumları keçirilməyə başlanmışdır.
Qərb ölkələrində yəhudilik,
xristianlıq, Uzaq Şərq dinləri və ibtidai dinlər haqqında sosioloji çalışmaların
olmasına baxmayaraq, yaxın zamanlara qədər islamiyyəti araşdırma mövzusu edən sosioloji tədqiqatlar yoxdur. Yalnız
XX əsrin otuzuncu illərində Luis Masiqnon
mövzu ilə maraqlanmağa başlamış
və onu daha sonra Ruben Levi, A.R.Qibb, A.Bel, Luis Karde, Con Esposito kimi sosioloqlar onun ardıcılları olmuşdurlar.
Fransada fərqli bir metodla müsəlman
cəmiyyətlərin problemlərini
tədqiq edən Jak Berqenin “Məğrib
sosiologiyasının yüz
iyirmi beş
ili” (1957), “Müasir İslamda normalar və dəyərlər”
(1966), “Məğrib - tarix
və cəmiyyət”
(1974) adlı əsərləri
islam sosiologiyasının
təşəkkül tapmasında
mühüm rol oynamışdır.
Müsəlman sosioloqlar da həm metod, həm də mahiyyət etibarilə islam sosiologiyası
sahəsində mühüm
araşdırmalara girişmişdilər.
Misirli Əli Əbdülvahid Vafi sosiologiyanı yerli mədəniyyəti qorumaqda bir vasitə
şəklində dəyərləndirmiş
və bununla bağlı bir sıra önəmli əsərlər yazmışdır.
İbn Xəldunun “Müqəddimə”sini də
nəşr edən Vafi müasir sosiologiyanı islam
mədəniyyəti daxilində
uyğun bir zəminə yerləşdirməyə
səy etmişdir. Vafinin çalışmaları
Misirdə islam
sosiologiyasına dair silsilə əsərlərin
yazılmasına öncüllük
etmişdir. Tədqiqatçı
Mahmud İsmayıl “İslam
düşüncəsində sosiologiya” (I-IV, Kasablanka,1980)
adlı əsərində
Qərbin sosioloji yanaşma və nəzəriyyələrinin müsəlman
cəmiyyətindəki hadisələri
izah etməkdə aciz olduğunu söyləyərək əsərində
islam cəmiyyətlərindəki
sosioloji düşüncəni
araşdırmışdır.
Elmu-l-kəlam
İslam dininin əsas prinsiplərindən bəhs
edən bir elm kimi kəlam “bir fikri tam şəkildə
izah edən söz” deməkdir. İfadə
formalarına görə
kəlam “ləfz”, “qövl”, “xətt”, “kitabət”, “rəmz” və ya “rəsm”
adlanır. Bu termin Allahın sübuti və kamal sifətlərindən
olub Allahın zatı ilə qaimdir. Allah səslərə,
söz və cümlələrə ehtiyac
duymadan xitab edər. Belə ki, O, həm peyğəmbərlərinə kitab nazil etmiş,
həm də bəzi peyğəmbərlərlə
danışmışdır: “Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı” (əl-Əraf,
7/143). Quran Allah kəlamıdır
və məxluq deyildir. Kəlam nəfsi və ləfzi olmaqla ikiyə bölünür:
Nəfsi kəlam Allahın Zatı ilə sabit olan, mahiyyətini dərk edə bilmədiyimiz əzəli
bir sifətdir. Ləfzi kəlam isə nəfsi kəlama dəlalət edən səs və hərflərdən ibarət
Quranın ləfzidir.
Ləfzi
kəlam əzəli olmayıb, sonra yaranandır (hadisdir).
Kəlama müxtəlif təriflər
verilmişdir. Mövzusuna görə
verilən təriflərin
bir qismi Allahı və nübüvvəti, bir qismi də axirəti
əhatə etmiş9, digər
qismi isə imanın üç təməl əsasını
da diqqətdə saxlamışdır. Buna görə kəlam Allahın zatından və sifətlərindən,
nübüvvət mövzularından,
başlanğıc və
son etibarilə kainatın
vəziyyətlərindən bəhs edən bir elmdir. Kəlama verilən təriflər içərisində Əbu
Nəsr əl-Fərabi
və Adududdin əl-İcinin tərifləri
qəbul olunmuşdur.
Fərabinin tərifi belədir: “Kəlam sənəti din qurucusunun açıqca bildirdiyi müəyyən düşüncə
və davranışları
dəstəkləyib bunlara
zidd olan hər şeyin yanlışlığını sözlə göstərmə
gücü və mübahisə qabiliyyətidir”.
Fərabi bu tərifində
kəlam sahəsinə
sadəcə inancları
deyil, davranışlarla
bağlı təməl
dini prinsipləri də daxil etmiş
və kəlamın ümumi çərçivədə
dini qorumaq məqsədi güdən
bir elm sahəsi olduğunu vurğulamışdır.
Adududdin əl-İcinin
tərifi də bir növ Fərabinin
tərifi ilə paralellik təşkil edir: “Kəlam qəti dəlillər gətirməklə qarşı
fikirləri puça çıxarmaq tərzində
dini inancları əsaslandıran bir elmdir”. İstər mövzusu, istərsə də məqsədi önə çıxarılaraq
verilən təriflərdə
kəlam müəyyən
bir məktəbi deyil, bütün kəlam məktəblərini
əhatə edən bir elm sahəsi olaraq qəbul edildiyi halda, Qəzali kəlamı əhli-sünnə inancını
qoruyan və əhli-bidətin tənqidi
qarşısında onu
müdafiə edən
bir elm kimi qəbul etmiş13, əhli-sünnənin
dinin təməl əsasları ilə ağlın prinsiplərini
uzlaşdırmağa nail olduğunu
söyləmiş, haşviyyə
və ifrat mötəzilə kimi iki ifrat nöqtədə
olan firqələrin bu funksiyanı icra edən metodlardan məhrum olduğunu irəli sürmüşdür. İbn Xəldun
da kəlamı “inanc əsaslarını əqli dəlillərlə
müzakirə edən
və əqaid sahəsində sələf
və əhli-sünnə
yolundan üz çevirən bidətçiləri
rədd etməyə dair bilgiləri ehtiva edən elm” - deyə tərif etmişdir. Təbii ki, Qəzalinin
və İbn Xəldunun bu fikirləri ilə razılaşmaq olmaz.
Amma son dövr kəlamçıları
bu yanaşmanın tutarlı olmadığını,
sünni metoda bağlı olub-olmamasından
asılı olmayaraq dinin birbaşa etiqadi, dolayısilə də əməli hökmlərini əqli dəlillərlə əsaslandırmağa
yönəlik bütün
fəaliyyətlərin kəlamın
əhatəsinə daxil
edilməsinin zəruriliyini
söyləmişdirlər. Əsasən
İslamın ana prinsiplərini uğurla müdafiə edən mötəzilə və şiə kəlamçıları
tərəfindən kəlama
dair bir sıra əsərlər qələmə alınmışdır. Qeyd etmək lazımdır ki, fiqh və
əxlaq kimi islami elmlərlə yanaşı bir çox sosial elmin funksiyasını kəlama yükləmək
anlamına gələn yanaşmaları
doğru hesab etmək o qədər də mümkün görünmür.
Kəlam bütövlükdə İslam dininə qarşı yönələn tənqidlərə cavab verməyə çalışan bir elm sahəsi olduğuna görə, təkcə inanc əsaslarını hədəf almamış, qlobal səviyyədə bir dünyəviləşmənin təsiri ilə İslamiyyətin davranışlarla bağlı prinsiplərini müdafiəyə qalxmışdır. Buna görə kəlam “İslam dininin inanc və davranışlara dair prinsiplərini naslardan (ehkamlardan) çıxış etməklə müəyyənləşdirən və əqli metodlarla əsaslandırıb dəstəkləyən bir elm” - deyə tərif edilə bilər. Fərabi və Əbu Həyyan ət-Tövhidi kimi mütəfəkkirlərin oxşar şəkildə verdikləri bu tərifin zamanımızda da keçərliliyini qoruduğu görünür. Kəlam hər nə qədər inkarçılar tərəfindən irəli sürülən fikirləri rədd edib İslam dinini müdafiə edən bir elm sahəsidirsə də, onun funksiyası yalnız müdafiə etmək deyil, bununla yanaşı islami prinsiplərin doğruluğunu həm əqli metodlara istinad edərək, həm də əlaqəli olduğu nöqtələrdə sosial və təbiət elmlərinin faktlarından faydalanaraq əsaslandırmaqdır. Bu elmə kəlam adı ilə yanaşı “tövhid, üsuli-d-din, əl-fiqhu-l-əkbər, əqaid, nəzər və istidlal elmi” kimi müxtəlif adlar verilsə də, kəlam adı daha geniş yayılmışdır.
İslam düşüncəsinin inkişafı ilə paralellik təşkil edən dəyişikliklərin ilk dövründə kəlamın mövzusunu Allahın birliyi, sifətlərinin üstünlüyü, qidəmi, yaxud hüdusu, təkfir və qədər məsələləri təşkil edirdi. Peyğəmbərlik, axirətə iman, imamət mövzuları ikinci sırada yer tuturdu. Şiə kəlamında isə imamət dinin əsl hökmləri qəbul edilmiş və digər xüsuslar onunla əlaqələndirilmişdir. Qəti ehkamlarla sabit olan inanc əsasları hər dövrdə kəlamın dəyişməyən mövzularıdır (məsail). Bunların açıqlanması və əsaslandırılması ətrafında baş vurulan sosial, humanitar və pozitiv elmlərdən əldə edilən yardımçı bilgilər isə (vəsail) bu elmlərin inkişafına paralel olaraq dəyişir.
(Ardı var)
İdris ABBASOV
525-ci qəzet.-
2013.- 1 noyabr.- S.6.