“Tez –tez,
qaldır məni, deyirdi”- Məşhurların
xanımları
“MƏNƏ ELƏ BAXIRDI Kİ, SANKİ
SURƏTİMİ GÖZLƏRİNƏ HƏKK EDİB
ÖZÜ İLƏ APARMAQ İSTƏYİRDİ...”
Müsahibimiz Azərbaycanın böyük
şairi Əli Kərimin həyat yoldaşı Elza xanım Kərimovadır.
Tabutuma
Bir az kağız
qoyun,
bir dənə də qələm
Hayıf,
bu yaşda
heç nə
heç nə deməmişəm...
(Əli Kərim)
–Elza xanım, Əli Kərim haqda danışmazdan əvvəl, hansı ailədə böyüdüyünüz,
hansı universitetdə
təhsil aldığınız
barədə söhbət
edək..
–Bakıda ziyalı ailəsində doğulub,
boya-başa çatmışam.
Atam da ,anam da
təhsilli, dünyagörüşlü
insanlar idi. Ailədə
iki uşaq olmuşuq- bacım və mən. Məktəbi qızıl medalla
bitirmişəm.Təhsilimi universitetdə davam etdirmişəm. Uzun müddət
redaktor işləmişəm.
Ədəbiyyata böyük marağım
olub. Əli Kərimin şeirləri ilə tanış
olmazdan əvvəl, şeir də yazırdım. On doqquz yaşım olanda,Əli
Kərimlə ailə
qurmuşam, üç
övladımız oldu:
Paşa, Azər və Orxan. Cəmi on bir ildən sonra həyat yoladaşımı itirdim.
– Necə oldu ki, Əli Kərimlə
rastlaşdınız?
–Əlinin dostu, şair İlyas Tapdıqla biz qonşu idik. Əli onlara gəlib getdikcə görüb məni, onda mənim yaşım az idi. Rus dilini çox yaxşı bilirdim. Bir gün İlyas Tapdıq atama deyər ki, “rus dilindən tərcümə ediləsi sənəd var, olarmı Elza onu tərcümə etməkdə mənə kömək etsin?”. Atam da razılıq verər. Tərcümə prosesində bir sözün tərcüməsini tapa bilmədim. İlyas müəllim təklif etdi ki, bir dostum var zəng edim, ondan soruşaq. Zəng etdi, xəttin o başındakı adam da bilmədi, çünki bioloji termin idi. Sözü dostuna aydın demək üçün telefonu mənə verdi. O adam mənə söylədi ki, telefon nömrəsini verin, sözün tərcüməsini öyrənib deyərəm. O adam Əli imiş. Sən demə bütün bunlar qurma imiş. Elə bu hadisədən sonra zənglərin ardı- arası kəsilmədi. Və bizim tanışlığımız başladı. Vaxt keçdikcə gördüm ki, Əli ağıllı, təvazökar, tərbiyəli bir insandır. Bir dəfə mən onu küçəmizdə gördüm, durub həyətimizə tərəf baxırdı. Dedim ki, “gəlmə buralara, qonşulardan utanıram”. Əli də cavabında : “mən şair Lermontovu sevirəm, bura sənə görə gəlməmişəm onun adını daşıyan küçədə dayanmaq üçün gəlmişəm” dedi.
–Yaradıcı insan ilə ailə qurmaq, sizin düşüncələrinizdə, həyata baxışınızda hansısa fərqlilik, reformasiya edə bildimi?
– Kənddə böyümüş, valideynləri əlifbanı bilməyən bir gənc elə səviyyədə, intellektdə idi ki, mən yazdıqlarımdan, düşündüklərimdən utandım. Evliliyimizdən əvvəl yazırdım, evlilikdən sonra Əlinin yazdıqlarını, tövsiyə etdiklərini oxumaqla kifayətləndim. O qədər mütaliə edirdi ki, gecəsi, gündüzü, kitab oxumaqla keçirdi. Mən onu oxuyan gördüm, ay qızım, yazan görmədim. Dünya ədəbiyyatı ilə yaxından maraqlanırdı. Əlbəttə mənim Elza Kərimova olmağımda onun əvəzsiz köməyi, dəstəyi olub. Kasıb idi , içirdi, tez –tez aramızda söz- söhbət olurdu, amma mən çox xoşbəxt idim. Onun balalarına, qadınına qarşı olan sadiqliyi, sevgisi, anlayışı hər nəyə desən dəyərdi. O qədər mehriban ata idi ki... Uşaqları özü yedizdirər, onlara qayğı göstərərdi. Onun yaxşı şair olub-olmadığını zaman bilər, tarix dəyərləndirər, amma əvəzedilməz həyat yoldaşı idi. Küçədən iyirmi səkkiz pillə aşağıda, dərin bir zirzəmidə yaşayırdıq. Bir göz havasız otağımız var idi. Əli o zirzəmidə ailə qurdu, orada yaşadı, elə oradan da həyatdan köçdü...
–Elza xanım, Azərbaycanı həm də şairlər ölkəsi adlandırırlar. Təbii ki, Əli Kərimin vaxtında da belə idi. Şairlər içində şair olmaq çətin deyildi ki?
–Əli ilk növbədə, azad şair idi, talantlı idi, öncəgörən idi və özünəməxsus yazı üslubu var idi. Atasına o qədər bağlı idi ki, onun ölümü Əlinin həyatını, düşüncələrini tam dəyişdi. Hələ bizim tanışlığımızdan əvvəl, Əli Moskvada oxuyanda atası rəhmətə gedib. Ata şeiri ədəbiyyatımıza Əlinin yaradıcılığı ilə gəlib. Kasıb kəndçi ailəsində doğulsa da, ən ziyalı ailələrdən çıxmış alimlər qədər intellektual səviyyəsi var idi. Əli 9 ildən sonra dünyaya gəlib. Qaynanam deyərdi ki, “Əli torpaqdan yaranıb”. Onun dünyaya gəlməsi üçün, o qədər pirlər, ocaqlar gəzmişdim, torpağını yemişdim ki... Mən düşünürəm ki, onun qeyri- adiliyinin çox hissəsi də məhz bu məqamlardan irəli gəlirdi.
– Elza xanım, sizcə Əli Kərim bu qısa ömrünə istədiklərini, xəyalında tutduqlarını yerləşdirə bildimi? Yaşadıqlarını yaza, yarada bildimi?
– Xəstəliyə aid o qədər şeir yazıb ki, Əli Kərimin şeirlərini oxuyan oxucu elə hesab edə bilər ki, Əli uzun müddət xəstə olub, yataqda qalıb, xəstəxanada yatıb. Amma xətəxanada cəmi bir gecə olub,sadəcə elə yazıb ki,sanki illərlə yataqda olub. O, öz şeirlərində nəinki xəstəliyini, ölümünü, hətta ölümündən sonra mənim, balalarının həyatını təsvir edib. İnanılmaz olduğunu bilirəm, amma bu ona Allahın vergisi idi. Bir gün evə gəldi, “Sol qolum ağrıyır” dedi. Türkəçarə etdik, həkimə getdik, bir çarəsi olmadı. Amma Əlidən bərk incimişəm , bu vaxtacan soyumayıb. Ölürmüş. Amma mənə demədi ölürəm.Məni onlu həyata öyrətdi, onsuz qoyub getdi. Gecəydi bir Əli, bir mən. Körpə uşağımı anamın yanında qoyub xəstəxanaya getdik. Palatada ikimizdən başqa kimsə yox idi. Ağrıları o qədər artmışdı ki, dayana bilmirdi. Gah o başa gah bu başa, elə hey yerində fırlanırdı. Tez –tez “Qaldır məni, yerimi dəyiş” : deyirdi. Heç onu qaldırmağa gücüm çatmırdı, nəinki itirməyə... Çox ağır gecə idi. Elə baxırdı ki, mənə, sanki surətimi gözlərinə həkk edib özü ilə aparmaq istəyirdi. Həkim otağa girəndə, Əli artıq həyatdan köçübmüş. Mənim də bundan xəbərim yox... Həkim tibb bacısından xahiş etdi ki, Əlinin gözlərini bağlasın. Onda hər şeyi anladım, tibb bacısına icazə vermədim, gözlərini özüm qapadım...
– Həyat yoldaşını itirmək olduqca ağrılı bir
dərddir... Amma Elza xanım, bundan sonra da
həyat davam
edirdimi sizin üçün?
–Nə həyat gözümdə idi, nə gələcək, nə uşaq... Çox ağır
günlər yaşayırdım.
Mən Əlini tək həyat yoldaşı kimi görmürdüm, onu böyüyüm, ailəmizin dayağı kimi görürdüm.
Ölümündən sonra
təsəvvür etmirdim
ki, Əlisiz necə yaşamaq , necə həyatda
qalmaq olar. Küçədə yol gedəndə bir insanın üzünün
güldüyünü görəndə
ürəyimdə “o niyə
gülür, Əli ölüb, axı, Əli yoxdu axı...”: deyirdim.
Çox
dəhşətli hisslər
keçirirdim. Əlidən
gileyliydim ki, mənə heç nə demədən çıxıb getdi.Elə
oldu ki, bir gün yuxuma
girdi, bütün gileylərimi, acılarımı
yuxuda özünə
dedim. Mənə bir xeyli baxandan
sonra, “Orxandan muğayat ol” : dedi. O yuxunun təsiri məni yenidən həyata qaytardı. Uşaqlarım,
Əliyə olan məhəbbətim, ona
aid olan məqalələrin,
yazıların çıxmağı,
əsərlərinin çap
edilməsi və buna bənzər bir çox şey, məni həyata bağladı, yaşamağa sövq etdi... Əlidən mənə,mənim uşaqlarıma ağıl,
savad miras qalıb. Onun şeirləri nəinki
bizə, xalqımıza
ən dəyərli mirasdır. Üstün zəkası da
övladlarına qalıb.
Elə Əlinin sayəsində oğullarımız indi güclü elm xadimləridir.
Gecələr onun şeirlərini
yığırdım, toplayırdım.
Lap ahıl yaşlarımda
anladım ki, bütün bunların hamısı sevgidən irəli gəlirmiş.Sevgi
budur qızım, sevgi qol-qola gəzmək
demək deyil. Bu mənim
vəzifəmdir. Rəhmətə gedəndən sonra, dövlət orqanlarından
gəldilər və Əlinin əlyazmalarını
arxivə aparmaq istədiklərini dedilər. Bütün yazıların üzünü
köçürəndən sonra dövlətə təhfil verdim.Ölümündən
sonra çox kitabları çıxıb,
onun kitablarının
bir xüsusiyyəti də ondadır ki,
satışda qalmır,
alınır. Kitab yazmağı,
kitab çıxarmağı
hardan bilirdim ki, ay qızım. Əhməd Cəmil yoldaşı ilə birlikdə bizə gəlirdi, mənə kitab yazmağı öyrədirdi.
Tale elə gətirdi
ki, Əhməd Cəmil rəhmətə
gedəndən sonra, mən də gedib onun həyat
yoldaşına kitab tərtib etməyi öyrətdim.
–Əli Kərimin
dəfnində yanınızda
olan, sizə dayaq duran dostları
oldumu?
– Əli artıq
44 ildir ki, yoxdur. Sağ adamların,
Əlinin dostları qədər dostu yoxdu. Öldüyü gün nəsə
elə də yadımda qalmayıb.
Çünki başımı tamam itirmişdim. Bilmirdim Əlinin dərdin çəkim, yoxsa üç balamızın,
üç oğlumuzun.
Şükür ki Əlinin
qabağında xəcalətli
qalmadım. Amma o vaxta
gəlincə, xatirimdə
bir o qalıb ki, yazıçıların,
şairlərin çoxu
orda idi. Bir ara başımı
qaldıranda, rəhmətlik
Məmməd Arazın
üzündən yağan
ağrını hiss etdim
və başa düşdüm ki, şairlər doğurdan da qardaşdılar . Dəhşətli anlar idi. Rəsul Rza Əli üçün çox işlər görüb.
Tək sağlığında deyil,
Əlinin yoxluğunda
da, onun üçün çox işlər görüb.
İki cildlik kitabını çap etdirib, Əlinin dəfnində,
qəbrinin götürülməsində,
adının əbədiləşməsində
əvəzsiz köməklik
göstərib. Ən vəfalı
dostlarından biri də Əhmət Cəmil idi. Uşaqların təhsil almasında,
əlindən gələn
köməkliyi göstərirdi.
Dostlarının çoxluğu Əli
Kərimin ən böyük xoşbəxtliyidi.
–Əli Kərimin yoxluğunda onun varlığına ehtiyac duyduğunuz anlar olubmu?
– Qızım, nəfəsim
gəlincə, İlham
Əliyevə dua edəcəm. Kiçik oğlum Orxanı,
işdə səhv anlaşılmaya görə
həbs etmişdilər.
Özümü o qədər çarəsiz,
tənha hiss edirdim ki, neyləyəcəyimi bilmirdim. Bir gün Əlinin
şəklinin qabağında
dayandım, başladım
onu danlamağa.
“Niyə məni tək qoydun, niyə çıxıb
getdin? İndi mən neyniyim?
...” : dedim, dedim.. (gözləri
dolur) ürəyim boşalana qədər, o cansız şəkillə
danışdım. İlham müəllim
çox yaxşı və mərhəmətli
insandır.
Sonra elə oldu ki, Sabir Rüstəmxanlının köməyi ilə xəbər gedib, prezidentimizə çatdı. Bu hadisədən xəbərdar olan kimi, onun köməkliyi sayəsində, bu iş yenidən ciddi araşdırıldı və Orxan azad olundu. Mən bir ağbirçək ana kimi prezidentimizin qarşısında baş əyirəm.
Məhəbbət
HACIYEVA,
Firəngiz
AĞALAR
İdeya müəllifi Tofiq
Abdin
525-ci qəzet.-
2013.- 2 noyabr.- S.20.