Şeytanın yoldan
azdırdığı tələbə oğlanın və
ana toyuğun nağılı
“Nağıllar” silsiləsindən
O vaxt ki,
Ana Toyuq dimdikləyib yumurtasını deşmişdi və
yaş-bulaşıq başını yumurtadan
çıxarıb ilk dəfə dünyaya
baxmışdı, onda gözəl bir yaz günü idi və
günəşin şüaları birdən-birə isti bir
işıltıyla o cıqqılı cücənin hələ
toru açılmamış balaca gözlərini
qamaşdırmışdı.
Xeyli sonralar – böyüyüb Ana Toyuq olandan sonra da,
yay-qış, fərqi yox idi, hərdən o isti
işıltı birdən-birə onun gözlərini eləcə
qamaşdırırdı, ancaq Ana Toyuq bilmirdi ki, bu nə isti
işıltıdı belə? – çünki
Ana Toyuq həyata ilk dəfə baxdığı o vaxtı,
aydın məsələdir ki, xatırlamırdı.
O vaxt ki,
Ana Toyuq balaca cücə idi və özü kimi təzəcə
yumurtadan çıxmış bacı-qardaşları ilə
bərabər anasının dalınca qaça-qaça
böyüyürdü, o vaxtlar indi uzaq bir keçmişdə
qalmışdı.
lll
Ana Toyuq
arxın qırağında yerə çöküb, gözlərini
suda üzən Ördəyə Oxşayan Balasına dikərək,
fikirləşirdi ki, həyatının ən gözəl
çağları da elə cücə olduğu o vaxtlar idi və
təkcə ona görə yox ki, o vaxtlar dünyanın
işlərini vecinə almayan, indiki kimi hərdən ürəyindən
qara qanlar axmayan, qayğısız və gözəl bir
varlıq idi – bu, öz yerində; ancaq o vaxtlar, elə bil,
gül-çiçək, kol-kos, otlar, ağaclar da başqa
idi, o uzaq dağların başındakı qar da günəşin
şüaları altında başqa bir parıltıyla
parıldayırdı, buludlar gəlib, göy tutulanda,
yağış yağanda da başqa cür olurdu, gün
qızdıranda da.
Başqa cür – yəni necə? necə
başqa cür? – Ana Toyuq son vaxtlar bu barədə
nə qədər fikirləşirdisə də, həmin “necə?”nin
nədən ibarət olduğunu heç cürə tapa
bilmirdi.
Ördəyə
Oxşayan Balanın isə, əlbəttə, Ana Toyuğun
bu fikirlərindən xəbəri
yox idi və su sevinci içində arxa baş vururdu, sonra
yaş başını yuxarı qaldırıb, sürətlə
o tərəf-bu tərəfə bulaya-bulaya su
damcılarını ətrafa çiləyirdi, qürurla
anasına – arxın qırağında yerə
çöküb gözlərini ona zilləmiş Ana
Toyuğa baxırdı.
Ördəyə
Oxşayan Bala Ana Toyuğun gözlərinin dərininə
çökmüş kədəri görmürdü – bunu
sonralar görəcəkdi – ancaq həmin anlarda Ördəyə
Oxşayan Balanın da ürəyindən bir qüssə
kölgəsi keçirdi, çünki həmin su sevinci
anlarında Ördəyə Oxşayan Balanın bütün
varlığından bir səs qalxırdı ki,
anasını çağırsın: “-Gəl, gəl, sən
də suda üz!..”, ancaq o səs elə həmin an da geri
çəkilib batırdı – Ördəyə Oxşayan Bala
bilirdi ki, anası arxa atılmayacaq və üzməyəcək.
lll
O vaxt ki,
Ana Toyuq böyüdü, gözəl bir beçə oldu, elə
o vaxt da özündən bir-neçə gün böyük
bir çolpanın hər gün ona dikilmiş sevdalı nəzərlərini
hiss etdi, sonra günlər keçdi, o gözəl beçə
yaraşıqlı bir fərə oldu, o çolpa da ilk dəfə
banladı, gənc və yaraşıqlı bir xoruz oldu – onlar
bir-birlərini sevdilər və nümunəvi bir ailə
qurdular.
Ana
Toyuğun tez-tez yadına düşən gözəl xatirələrdən
biri o idi ki, hələ istilər düşməmiş, yaz
sonlarının axşam çağlarında, gün
yavaş-yavaş batır, onlar da – Ana Toyuq və həyat
yoldaşı Gənc Xoruz – həyətdəki qoca alma
ağacının alt budaqlarından birinə qonub, bir-birlərinə
qısılaraq, günəşin qürubuna tamaşa edirlər
və qıpqırmızı üfüq boyu o qürub
başa çatana qədər həyat yoldaşı Gənc
Xoruz lap yavaşdan qaqqıldaya-qaqqıldaya Ana Toyuğun
qulağına dünyanın ən gözəl sözlərini
pıçıldayır...
Həmin axşamlar hərdən dəniz tərəfdən
sərin bir meh də əsirdi və onda onlar bir-birlərinə
daha sıx qısılırdılar, bir-birinin ürəyinin
döyüntüsünü daha aydın hiss edirdilər. O anlarda Gənc Xoruz
AnaToyuğun qulağına daha heç nə
pıçıldamırdı, çünki həmin anlar
onların o gözəl həyatlarında elə məqamlar
idi ki, hətta lap incə bir pıçıltı da o məqamların
sevdasına xələl gətirə bilərdi.
Sonra Ana
Toyuq yumurtlamağa başladı, sonra da bunu ilk dəfə Gənc
Xoruz hiss etdi ki, Ana Toyuğun tüklərinin rəngi dəyişir,
tündləşməyə başlayır və doğrudan
da, çox keçmədi ki, Ana Toyuq qırt
düşdü.
lll
Ana Toyuq
gözünü açıb bu həyətdə
böyümüşdü və təkcə o yox, xasiyyətlərindən
asılı olmayaraq, hindəki bütün toyuqlar həyət
sahibəsindən çox razı idilər: mülayim, mehriban
insan idi, başqa həyət sahibələri kimi
söyüşgən, deyingən, qarğış eləyən
deyildi, özü də çox əliaçıq,
qayğıkeş idi.
Ana
Toyuğun qırt düşdüyünü görən kimi,
həmin o həyət sahibəsi evdən səbət
götürüb dibinə keçə sərdi, hində
10-12 iri, sağlam yumurta seçib, Ana Toyuğun yumurtaları
ilə bərabər, səbətin içinə
yığdı və səbəti aparıb həyətin
yuxarı başında böyük və gözəl bir ərik
ağacının altına qoydu.
Və bundan sonra Ana Toyuq yumurtaları altına
yığıb, bütün gününü o gözəl ərik
ağacının kölgəsində, o səbətin
içində keçirirdi və o günlər bütün
dünya, hətta sevimli həyat yoldaşı Gənc Xoruz da
Ana Toyuğun yadından çıxmışdı.
Həmin o vaxtlar Ana Toyuq üçün altındakı
yumurtaların gündən-günə artan hərarətindən,
o hərarətin doğmalığından başqa dünyada
heç nə yox idi.
Ana Toyuq hərdən – gündə bir dəfə – səbətdən
sıçrayıb həyətə çıxırdı,
yumurtalardan nigaran-nigaran tələm-tələsik nəsə
yeyirdi, tələm-tələsik də su içib, təzədən
səbətə qaçırdı.
Və həmin
hadisə də elə o zaman baş verdi.
O hadisədən
Ana Toyuğun xəbəri olmadı.
Və heç zaman da xəbəri olmayacaqdı.
lll
Həyət
sahibəsinin oğlu Bakıda universitetin Biologiya Faültəsinin
əlaçı tələbəsi idi və yay tətilində
həmişəki kimi, kəndə, öz evlərinə gəlmişdi,
ancaq heç burda da dincəlmirdi, gecə-gündüz
Bakıdan gətirdiyi elmi kitabları oxuyurdu, hərdən də
şüşəbəndin pəncərəsindən ərik
ağacının altındakı səbətdə qırt
yatan toyuğa baxırdı.
Həmin
axşam bu Tələbə Oğlanı ya genetikaya maraq yoldan
elədi, ya da Şeytan onu azdırdı – çox güman ki,
elə, belə də oldu, çünki həqiqətən
Şeytan əməli idi – Ana Toyuq növbəti dəfə səbətdən
həyətə çıxanda, Tələbə Oğlan cəld
səbətə yaxınlaşıb, keçənin
üstündəki yumurtaların arasına hardansa alıb gətirdiyi
bir ördək yumurtası qoydu.
lll
Ana Toyuq tələsik
bir-iki qurtum su içib, bir-iki dən dənləyib, yenidən
səbətə qayıtdı, qanadlarını geniş
açıb, yumurtaların üstündə yerini rahatlamaq
istədi, amma o andaca altında nəsə bir yadlıq hiss
etdi, ona elə gəldi ki, yumurtaların istisində də nəsə
bir natamamlıq var və təcrübəsiz Ana Toyuq bunun səbəbini
heç cürə başa düşə bilmədi.
Ana Toyuq çox nigaran bir gecə keçirtdi, səhər
isə, qəribədir, o yadlıq hissiyyatı
yavaş-yavaş itib getdi, çünki artıq
altındakı yumurtaların hamısından eyni doğma
istilik gəlməyə başlamışdı.
Bir
neçə gündən sonra isə Ana Toyuq altındakı
o yumurtalarda ürək döyüntüləri hiss etməyə
başladı və bu hiss Ana Toyuğun içinə elə
bir ruh yüksəkliyi doldurdu ki, elə bil, o anlarda içindəki
o fərəh Ana Toyuğu qaldırıb o böyük və
gözəl ərik ağacının başına
çıxarırdı.
lll
Gənc
Xoruz da həyətdəki başqa toyuqlar kimi Ana Toyuğu
yalnız səbətdən çıxanda görürdü
və yaxın zamanlarda ata olacağından duyduğu
qürurla, məhəbbət dolu gözləri ilə uzaqdan
uzağa Ana Toyuğa baxırdı, başını dik tutub,
eləcə bir qürurla da həyətdə, kəndin
küçələrində gəzirdi. Yaşlı
xoruzlar təbəssümlə Gənc Xoruza baxıb, bir-birinə
göz vururdular, haçansa özlərinin də ilk dəfə
ata olduqları günləri yadlarına salırdılar.
Ancaq bir dəfə
Gənc Xoruz özünü saxlaya bilmədi, Ana Toyuq səbətdən
çıxan kimi, iti addımlarla yaxınlaşıb səbətin
qırağına qondu ki, yumurtalara – gələcək cücələrinə
baxsın və Gənc Xoruz elə o anda da heyrət içində
donub qaldı: o doğma yumurtaların arasında bir dənə
böyük və eybəcər yumurta var idi.
Gənc
Xoruzun ürəyi uçuna-uçuna döyünməyə
başladı: bu nə idi belə? bu
yumurta nə üçün böyüyüb bu cür eybəcər
olmuşdu?
Son zamanlar həmişə Gənc Xoruzla bərabər
olan o qürur və sevinc pis bir nigarançılığa
bulaşdı və dünyanın bəd işlərindən,
Şeytan əməllərindən hələ xəbərsiz
olan Gənc Xoruz səbətdən uzaqlaşdı və bir də
o səbətə yaxın durmadı.
Cücələrin çıxmağını gözlədiyi
o günlərdə Gənc Xoruzun ürəyindəki o
nigarançılıq əməlli-başlı bir iztiraba
çevrildi.
lll
Vaxt
yetişdi və Ana Toyuğun həyatının ən
unudulmaz və əziz çağları başladı:
cücələr bir-bir dimdikləyib yumurtalarının
qabığını deşərək, dünyaya göz
açdılar, nazik qılçalarının üstündə
yellənə-yellənə güclə ayaq üstə
durdular və bütün həyəti civilti səsi bürüdü,
elə həmin çağlardan etibarən də o toyuq Ana
Toyuq oldu.
Cücələr
bütün yumurtaları deşib çıxdılar, təkcə
o böyük yumurtadakı cücə hələ
yumurtasını deşib çıxmırdı.
Ana Toyuq o
yumurtadakı balasının ürək döyüntülərini
nəinki hiss edirdi, o döyüntüləri, hətta
balasının səsini də eşidirdi, amma bu bala niyə
yumurtanı deşib çıxmağa tələsmirdi?
Və Ana Toyuq o balanın səsində də təhtəlşüur
olaraq bir yadlıq duyurdu, amma yumurtadan hələ
çıxmamış o balanın ürəyinin
döyüntüsündə elə bir doğmalıq var idi
ki, o ani təhtəlşüur yadlıq duyğusu yox olub
gedirdi.
Bir dəfə
Ana Toyuq istədi ki, hələ yumurtadan
çıxmamış balasına kömək eləsin,
özü yumurtanı dimdikləsin, amma sövq-təbiisi onu
qoymadı və Ana Toyuq haray-həşirlə civildəyə-civildəyə
yemək istəyən cücələrini arxasına salıb
tələsik həyətdə gəzdirirdi, onları tələsik
yedizdirirdi, tələsik də təzədən ərik
ağacının altına qaçırdı, səbətə
girib o tək yumurtanın üstündə otururdu.
Və nəhayət,
3-4 gündən sonra Ana Toyuq altındakı yumurtadakı
cücənin dimdik vurmağını hiss etdi və bir
müddətdən sonra Ördəyə Oxşayan Bala
dünyaya gəldi.
lll
Təkcə bu həyətdə yox, kənddə
yaşayan toyuqlar Ana Toyuğu “Ördəyə Oxşayan
Balanın Anası” deyə çağırırdılar,
ancaq Ana Toyuq bundan incimirdi, çünki onun balası
doğrudan da ördəyə oxşayırdı.
Bəlkə Yaradan səhv salmışdı? O zaman nə
üçün Yer Üzündəki bu qədər
toyuğun içində Yaradanın səhvi Ana Toyuğun bəxtinə
düşmüşdü?
Ana Toyuq inanclı toyuq idi, Yaradanın qüdrətinə
şəkk-şübhəsi yox idi, Yaradan səhv edə bilməzdi
və hərgah hansısa bir səhv olmuşdusa və Yaradan
bu səhvi Ana Toyuğun boynuna qoymuşdusa, deməli bu – onun
taleyi idi.
Ördəyə Oxşayan Bala həqiqətən
ördəyə oxşayırdı, ancaq o ördəyin
balası deyildi, onun – Ana Toyuğun balası idi.
lll
Cücələr
bir-bir dünyaya gəldikcə, yaşlı xoruzlar Gənc
Xoruzu təbrik edirdi, ancaq o zaman ki, Ördəyə Oxşayan
Bala peyda oldu, bütün toyuqlar, o cümlədən
yaşlı xoruzlar, onlarla birlikdə elə başqa gənc
xoruzlar da gizlədə bilmədikləri bir istehza ilə Gənc
Xoruza baxırdılar.
Gənc Xoruz nə edə bilərdi? Düzdü,
bu istehzalı baxışlar dünyanın bəd işlərindən,
xəyanətlərdən xəbər verirdi, ancaq Gənc
Xoruz təkcə elə istehzalı baxışlara görə
o xoruzları duelə çağıra bilməzdi ki?
Gənc Xoruz o eybəcər cücəyə nifrət edirdi
və o eybəcər cücəni görəndən sonra, bir
də heç vaxt Ana Toyuğa yaxınlaşmadı,
çünki bu eybəcər cücə onun Ana Toyuğa məhəbbətini
birdən-birə tamam alt-üst etmişdi.
Düzdür, Ana Toyuq çox eşitmişdi ki,
xoruzların vəfası olmur, amma Gənc Xoruzdan belə bir vəfasızlıq
gözləmirdi, amma nə etmək olardı? – həyat
idi və Ana Toyuq da yavaş-yavaş həyatı daha dərindən
tanımağa başlamışdı.
lll
Ördəyə
Oxşayan Bala da qonşuluqdakı toyuqların rişxənd
dolu nəzərləri altında o biri cücələr kimi
Ana Toyuğun ardınca həyət-bacanı gəzirdi,
cücələr nəsə dənləyəndə Ördəyə
Oxşayan Bala ot yeyirdi, yerə düşmüş meyvələri
dimdikləyib, xırdaca tikələrlə udurdu və bu
işə təkcə cücələr yox, elə Ana Toyuğun özü
də məəttəl qalırdı.
Ana Toyuq
bilirdi ki, kənddəki toyuqların əsas qeybət
mövzusu onlar idi – o və onun Ördəyə Oxşayan
Balası – amma bu qeybətin, bu dedi-qodunun da Gənc Xoruzun vəfasızlığı
kimi daha Ana Toyuq üçün heç bir əhəmiyyəti
yox idi.
Ana
Toyuğa, əlbəttə, bütün cücələri əziz
idi, amma heç özü də bilmirdi ki, niyə, nə
üçün – bəlkə Ördəyə Oxşayan Bala
adi cücə deyildi, ona görə? bəlkə
kənddəki bütün toyuqların ona rişxəndlə
baxdığını gördüyünə görə? bəlkə də Ana Toyuq bilirdi ki, girəvə
düşəndə kənddəki cücələr, elə
öz cücələri də, Ördəyə Oxşayan
Balanı ələ salırlar, ona görə? – cücələrinin içində Ördəyə
Oxşayan Bala, elə bil, ona, yəni Ana Toyuğa ən
yaxını, ən doğması və ən əzizi idi.
Ördəyə
Oxşayan Bala get-gedə böyüyürdü və başa
düşürdü ki, o, başqa cücələr kimi
deyil, orasını da artıq hiss edirdi ki, onun başqa cücələr
kimi olmamağı, onun eybəcərliyi anasının – yəni
Ana Toyuğun ürəyinin ən kövrək yeridir, ona
görə də, cücələr onu ələ salanda, ona
güləndə, bir kənara çəkilib
ağlayırdı və ancaq ağlayıb qurtarandan sonra Ana
Toyuğun yanına qaçıb, heç nə deməyərək,
anasına sığınırdı.
Ancaq Ördəyə Oxşayan Bala heç nə deməsə
də, ona sığınan kimi, Ana Toyuq Ördəyə
Oxşayan Balanın ürəyindəki iztirabı hiss edirdi.
lll
Tələbə
Oğlan Bakıdan gətirdiyi elmi kitabları oxuya-oxuya hərdən
o böyük ərik ağacının altındakı səbətdə
qırt yatan Ana Toyuğa baxırdı və o vaxt ki, cücələr
– Ördəyə Oxşayan Bala da onlarla bərabər –
dünyaya gəldi, Tələbə Oğlan onlara baxa-baxa
gülümsəyib, bir daha başa düşdü ki,
dünyada genetikadan böyük elm yoxdur.
Və Tələbə
Oğlan tam qərar verdi ki, bütün
ömrünü genetika elminin inkişafına həsr edəcək.
lll
O kəndin
kənarında bir arx var idi.
Bir dəfə
Ana Toyuq cücələri ilə, o cümlədən də,
təbii ki, Ördəyə Oxşayan Bala ilə bərabər,
kəndə gəzməyə çıxmışdı və
onlar gəlib kəndin kənarındakı həmin arxın
qırağına çatanda, birdən-birə çox
gözlənilməz bir hadisə baş verdi: Ördəyə
Oxşayan Balaya, elə bil, qeybdən bir əmr gəldi, qəflətən
döşünü irəli verib, kiçik qanadlarını
şappıldada-şappıldada yüz illərin həsrətlisi
kimi özünü həmin arxa atdı və görünməmiş
bir sevinclə qanadlarını
şappıldada-şappıldada suda üzməyə
başladı.
Cücələr Ördəyə Oxşayan Balanın
bu qəfil hərəkətindən hürküb, qorxu
içində Ana Toyuğa qısıldılar.
Ana Toyuq
özü də əvvəlcə çaşdı, başa
düşmədi ki, bu nə əhvalatdı belə, sonra
da qorxdu ki, Ördəyə
Oxşayan Bala arxda batacaq, çünki Ördəyə
Oxşayan Bala ördək deyildi, onun balası idi, ancaq Ördəyə
Oxşayan Balanın suda necə sevindiyini görəndə, bu
işə mat qaldı və səbəbini heç vəchlə
başa düşmədiyi bir kədər Ana Toyuğun ürəyini
bürüdü.
Ana Toyuq onda hələ bilmirdi ki, bu əbədi bir kədərdir
və onun taleyinə yazılıb.
Ana Toyuq bunu sonralar başa düşdü.
Ördəyə
Oxşayan Bala isə o anlara qədər hiss etmədiyi bir
sevinc içində qanadlarını
şappıldada-şappıldada təəccüb edirdi ki, nə
üçün o biri cücələr də arxa
atılmırlar?
Ördəyə
Oxşayan Bala boynunu uzadıb, bacı-qardaşlarını səsləyirdi:
– Gəlin
də!.. Niyə gəlmirsiz?..
lll
O cücələr
də, Ördəyə Oxşayan Bala da gözgörəti
böyüyürdülər, ancaq cücələr nə qədər
böyüsələr də Ördəyə Oxşayan Bala o
cücələrin ən
böyüyündən də üç dəfə
böyük idi və Ördəyə Oxşayan Bala belə
böyüklüyündən, yöndəmsizliyindən
utanırdı, gəlib Ana Toyuğa qısılırdı,
elə bil ki, Ana Toyuğa qısılanda heç bir
toyuq-cücə onu görməyəcəkdi.
Belə anlarda
Ördəyə Oxşayan Bala səsini də
çıxarıb bir söz demirdi, çünki dil
açandan bəri onun qaqqıldaya-qaqqıldaya
danışığında elə bir aksent var idi ki, cücələr
qanadlarını qarınlarına sıxıb
Ördəyə Oxşayan Balanın belə bir tələffüz
tərzinə gülməkdən az qalırdılar qəşş
eləsinlər.
Ördəyə Oxşayan Balanın bu aqibəti Ana
Toyuğun ürəyində böyük bir dərdə
çevrilmişdi, ancaq o nə edə bilərdi?
Ana Toyuq heç olmasa dərdini dilə gətirib,
hansı bir toyuqlasa danışa da bilmirdi, çünki buna
ehtiyac yox idi, hər şey göz qabağında idi.
lll
Cücələr
böyüdü, Ana Toyuqdan ayrılıb, hərəsi
özünə bir ailə qurdu, özlərinin cücələri
dünyaya gəldi və dünyaya yeni göz açan o
cücələr də böyüdü...
Ördəyə
Oxşayan Bala da böyüdü və həyatının
iztirablar içində keçməsinə baxmayaraq,
sağlam, Ana Toyuqdan da böyük, canlı-cüssəli
oldu, ancaq yenə də cücə vaxtlarındakı kimi Ana
Toyuğun arxasına düşüb, onunla gəzirdi,
çünki bu dünyada onun Ana Toyuqdan başqa heç kimi
yox idi; anası hər gün onu kəndin kənarındakı
o arxa aparırdı, gecələr də hində
anasının böyrünə qısılıb
yatırdı.
Onlar – ana və bala – beləcə,
yaşayırdılar.
lll
Kənddə heç bir xoruz Ana Toyuğa – o eybəcər
balanın anasına yaxın düşmürdü və zaman
keçdikcə, Ana Toyuq da qartıb, elə bil,
balacalaşırdı.
Keçmişlər
yavaş-yavaş Ana Toyuğun yaddaşının lap dibinə
çökürdü, hətta Gənc Xoruzla sevişdikləri
günlər də indi onun, demək olar ki, heç yadına
düşmürdü və Ana Toyuqda elə bir təəssürat
var idi ki, elə bil, onlar – o və Ördəyə Oxşayan
Bala – həyata gözlərini açandan bir yerdə
olmuşdular.
Təkcə o kənddə yox, bütün dünyada onlardan – Ana Toyuqdan və Ördəyə Oxşayan Baladan başqa heç nə yox idi.
lll
Ana Toyuq yenə də o arxın kənarında yerə çöküb, gözlərini suya baş vura-vura üzən, hərdən iri qanadlarını şappıldadan, başını sudan çıxarıb silkələyən Ördəyə Oxşayan Balaya baxırdı.
Ördəyə Oxşayan Balanın suya baş vurmasında da, qanadlarını şappıldatmasında, yaş başını silkələyib, suyu ətrafa çiləməsində də daha heç bir sevinc yox idi, çünki zaman hər şeyi adiləşdirmiş, həmişəki etmişdi: suda üzməyi də, Ana Toyuğun Ördəyə Oxşayan Balaya zillənmiş gözlərindəki kədəri də.
lll
Haçansa kənddə, hansısa bir qırt toyuğun altına ördək yumurtası qoymağı o Tələbə Oğlanın, əlbəttə, çoxdan yadından çıxmışdı.
Tələbə Oğlan artıq universiteti Fərqlənmə Diplomu ilə bitirmişdi və Akademiyada elmi tədqiqatlarla məşqul idi.
Onun dünyanın nüfuzlu elmi jurnallarında çap etdirdiyi genetika problemlərinə həsr olunmuş məqalələri, məşhur universitetlərin, o cümlədən, Kembric və Oksford universitetlərinin keçirdiyi elmi konfranslarda, simpoziumlarda söylədiyi məruzələr mütəxəssislər tərəfindən yüksək qiymətləndirilirdi.
Vaxtı ilə Tələbə Oğlana dərs demiş qoca professorlar qürurla ona baxaraq, şübhə etmirdilər ki, yetişdirdikləri bu çox istedadlı və zəhmətkeş gənc gələcəyin böyük alimi olacaq, bəlkə də lap Nobel mükafatı alacaq.
15 may
2011. Zuğulba.
ELÇİN
525-ci qəzet.- 2013.-
2 noyabr.- S.18-19.