Məbədə aparan yolun bələdçisi

 

 

 

Müxtəlif elmlərə, müxtəlif təlimlərə bələd  olduqca insan, xüsusilə elm adamı belə bir həqiqətə gəlib çıxır ki,  bütün elmlərin, bütün təlimlərin əsasında fəlsəfi düşüncə, bir az da dəqiq desək, fəlsəfənin özü dayanır. Mahiyyətində “müdrikliyə sevgi” anlamını daşıyan fəlsəfəyə, onun elmi dərinliyinə baş vurmaq üçün bizdən sovet məktəbində ayrıca götürülmüş “fəlsəfənin” öyrədilməsi metodologiyasından uzaqlaşıb problemə elmlərin vəhdəti kontekstində yanaşmaq tələb olunur. Amma deyəsən bunun üçün insanın, bir az da dəqiq desək, fəlsəfəyə – “müdrikliyə sevgisi” olan kəsin təkcə elmlərə talibliyi bəs eləmir. Filosofun taleyində “müdrikliyə sevgi”nin “Tanrı vergisi” deyilən bir payı da olmalıdır. “Tanrı vergisi” deyilən bu pay elmlərə talib olan insanı filosof səviyyəsinə yüksəldir. Bu yüksəlişdə qeyd etdiyimiz komponentlərin heç birindən yan keçmək olmur. Onlardan birinə yiyələnmədiyi halda elm adamının tanış olduğumuz bəsit dərsliklərdəki başqalarının təlimlərini izah etməkdən savayı heç nəyə gücü çatmır. Komponentlərin ikisinin də möhkəm birləşdiyi elm adamı başqalarının təlimlərini konstatasiyadan uzaq olub, bu təlimlərin fövqünə qalxır və öz təlimini ortaya qoyur. Bu anda “müdrikliyə sevgi” öz işini görür və filosof – alim ictimai şüurun formasını, varlığın və təfəkkürün ümumi prinsiplərini, insanın dünyaya münasibətini ifadə edən fəlsəfənin – təbiətin, cəmiyyətin, təfəkkürün ən ümumi qanunauyğunluqlarını təqdim edən böyük FƏLSƏFƏNİN daşıyıcısı olur. “Fəlsəfə dünyaya ümumiləşmiş baxışlar sistemini, insanın dünyadakı yerini araşdırır; fəlsəfə insanın dünyaya idraki, dəyəri, sosial-siyasi, əxlaqi və estetik münasibətini tədqiq edir”. Fəlsəfənin mahiyyətinə dair klassik və müasir təhlillərin, demək olar ki, hamısında rast gəldiyim bu elmi formulaları bir kitabı diqqətlə oxuyandan sonra xatırlamalı oldum. Bu, elmi yaradıcılığına xeyli bələd olduğum, müasir Azərbaycanın böyük filosofu Səlahəddin Xəlilovun əsərlərini, yaradıcılıq dünyasını özündə əks etdirən biblioqrafiyasıdır. “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından nəşr olunmuş bu biblioqrafiya Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə ərsəyə gəlmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Səlahəddin Xəlilovun polifonik yaradıcılıq dünyasına az-çox bələd olan, yaxud, bu yaradıcılığın hardan başlayıb hara istiqamətləndiyini, bu böyük filosofun dünya fəlsəfi düşüncəsinə gətirdiyi təlimlərini öyrənmək istəyən hər kəs Akademiyanın bu təşəbbüsünü ürəkdən alqışlayır.

Əlbəttə, son vaxtlar dəbdə olan biblioqrafiyamaniyalılıq kitab sisteminin ümumi tipoloji ansamblında biblioqrafiyanı xeyli dərəcədə adiləşdirmişdir. Əslində isə, biblioqrafiyaya ictimai ehtiyac olmalıdır. Digər tərəfdən, biblioqrafiyaya yaradıcı şəxsiyyətin haqqı olmalıdır. Bu haqq isə alim ömrünün, alim yaradıcılığının elmə gətirdiyi çoxsaylı faydalı əsərlərlə, təlim və konsepsiyalarla, səmərəli elmi məhsuldarlıqla qazanılır. S.Xəlilovun 22 çap vərəqi həcmində biblioqrafiyasının nəşrinə qərar verən Azərbaycan Milli Elmlər Akademiyası məhz bu iki faktoru – filosofun yaradıcılığına ictimai marağı və alimin buna haqqı olduğunu nəzərə almışdır. Əlbəttə, əslində, elmi yaradıcılığa elmi ictimaiyyətin daha çox marağı olur. Biz bu kontekstdə S.Xəlilov yaradıcılığına “ictimai maraq” sözlərinin qarşısına “elmi” epitetini bilərəkdən qoşmuruq. Çünki S.Xəlilov yaradıcılığı o qədər geniş diapazonlu və o qədər rəngarəngdir ki, bu yaradıcılıq təkcə “elmi ictimaiyyətin” deyil, bütövlükdə ictimai marağın obyektidir. Təsadüfi deyil ki, filosofun əsərlərinə rəy yazmış 110-dan çox məqalə müəllifləri sırasında Azərbaycanın və dünyanın bir çox humanitar, fundamental elm nümayəndələrinin imzaları var. Bu sırada müasir təlimləri ilə beynəlxalq elm sahəsində milli elmimizi təmsil edən akademiklər R.Mehdiyev, F.Maqsudov, K.Talıbzadə, A.Mehdiyev, M.Kərimov, B.Budaqov, B.Nəbiyev, A.Nadirov, F.Qasımzadə, T.Bünyadov, N.Cəfərov, moskvalı alimlər – S.Belozertsev, A.Çumakov və digər onlarca xarici elm adamlarının adlarını çəkmək olar. Səriştəli oxucu onlarca müəllifdən adı çəkilən cəmi bir neçəsinin timsalında S.Xəlilovun əsərlərinə xüsusi qiymət verən alimlərin çox müxtəlif elm sahələrinə mənsub olduğunu görməkdədir.

Kitabda izlədiyimiz bir neçə statistik fakta diqqət çəkmək istərdik. Alimin biblioqrafiyasından məlum olur ki, bu böyük filosofun indiyə qədər 48 kitabı, 800-ə yaxın elmi, publisistik məqaləsi dərc olunub. Bu kitablar və məqalələr dünyanın bir çox ölkələrində və bir çox dillərində – o cümlədən Azərbaycan, rus, ingilis, türk və digər dillərdə işıq üzü görmüşdür. Bu kitabların və məqalələrin məhsuldarlığı məni onların bütövlükdə  səhifəsini  və çap vərəqini  hesablamağa sövq etdi. Mənim təxmini hesablamalarıma görə (bu təxminilərin hamısı müəllifin “ziyanınadır”) S.Xəlilovun biblioqrafiyasına daxil edilən əsərlərin (kitabları və məqalələri birlikdə) ümumi həcmi 1000 (min) çap vərəqindən çoxdur. Nabələd oxucu üçün deyim ki, mətbəə standartlarına  görə bir çap vərəqi 16 səhifədir. Deməli, əgər səhifə ilə hesablasaq, S.Xəlilovun indiyə qədərki əsərlərinin ümumi həcmi 16 min səhifədən çox olacaq. Bu statistikaya diqqətlə nəzər salsaq professor S.Xəlilovun məhsuldarlıq koofisiyenti barədə xeyli təsəvvür yaranır.

Onu da qeyd edim ki, mənim bu hesablamama filosofun müştərək əsərləri, tərtib etdiyi kitablar, bədii yaradıcılığının materialları daxil edilməmişdir.

Özündə alimin yaradıcılığını əks etdirən biblioqrafiyada daha bir çox informasiya yer almışdır. Biblioqrafiyadan görünür ki, alimin əsərlərinə, yaradıcılığına müxtəlif ölkələrdə və çox müxtəlif dillərdə 230-a yaxın rəy dərc edilmişdir. Bu statistik faktların özü alimin yaradıcılığına ictimai marağın təkcə ölkəmizdə deyil, dünya elm arenasında mövcudluğundan xəbər verir.

S.Xəlilovun kitabda göstərilən elmi fəaliyyət coğrafiyası istər əks etdirdiyi sahələrlə, istərsə də təmsil olunduğu konfransların, elmi yığıncaqların, simpoziumların keçirildiyi ölkələr mənasında çox genişdir. Bu böyük filosof indiyədək  Azərbaycan elmini 70-dən çox xarici ölkədə təmsil etmişdir. Alimin çox geniş coğrafiyalı fəaliyyətindən gətirdiyimiz bu misallar Azərbaycan  Prezidentinin 21 fevral 2012-ci ildə imzaladığı sərəncamda aşağıdakı kimi ümumiləşdirilmişdir: “Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirakına görə  Səlahəddin Sədrəddin oğlu Xəlilov “Şöhrət” ordeni ilə təltif edilsin”. Bu ədalətli ümumiləşdirmə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarında da öz əksini tapmışdır. Bu qərarda S.Xəlilovun elmi fəaliyyətinin çoxsahəli parametrləri, əsərləri, Azərbaycanı təmsil etdiyi beynəlxalq elmi təşkilatlar, müasir elmşünaslığa verdiyi töhfələr və s. barədə maraqla qarşılanan məlumatlar yer alıb.

Səlahəddin Xəlilovun yaradıcılıq dünyasının statistik göstəricisi olan bu biblioqrafiyanın qiymətli cəhətlərindən biri də görkəmli elm və ictimai xadimlərin bir neçəsinin bu böyük filosofun yaradıcılığı barədə məqalələrinin kitabda yer almasıdır. Akademik Arif Mehdiyevin “Fizikadan fəlsəfəyə gedən yol” adlı giriş məqaləsində S.Xəlilov “görkəmli alim, filosof, ziyalı olmaqla yanaşı, həm də təcrübəli təhsil qurucusu və elm təşkilatçısı” kimi təqdim olunur. Məqalə müəllifi göstərir ki, S.Xəlilovun “yaradıcılığı çox geniş və hərtərəflidir, obrazlı şəkildə desək, elmi – fəlsəfi fikrin fizika qütbündən lirika qütbünədək bütün spektri əhatə edir”. Bu cümlədəki “elmi-fəlsəfi fikrin fizika qütbündən lirika qütbünədək” sözləri filosofun geniş diapazonlu yaradıcılığını dəqiq əks etdirir. Bizcə, burada obrazlılıqdan daha çox fikrin dəqiq ifadəsi vardır. Zira təhsil bazası məhz fizikadan başlayan S.Xəlilov fəlsəfi mahiyyət kəsb edən poeziya nümunələrinədək böyük bir yaradıcılıq yolu keçmişdir. Bu məqamda akademik Arif Mehdiyevin məqaləsindən daha bir misal yerinə düşür: “S.Xəlilov müasir elmin, təbiətşünaslığın fəlsəfi problemlərinin incəliklərinə necə nüfuz edirsə, ədəbi-bədii fikrin də fəlsəfi baxış bucağında Biruninin, Nyutonun, Enşteynin elmə gətirdiyi yeniliklər epistemoloji kontekstə necə keçirsə, Nizaminin, Şekspirin, Cavidin, Vurğunun poeziyası da dünya fəlsəfi fikrinin prizmasından eləcə keçirilərək müasir estetikanın və ontoloji – metafizik problematikanın kontekstinə daxil edilir. Bir tərəfdən elmin, digər tərəfdən ədəbiyyatın, sənətin tədqiqi fəlsəfi təfəkkür səviyyəsində birləşir   S.Xəlilov elm fəlsəfəsindən, mədəniyyət, mənəviyyat və ya ədəbiyyat fəlsəfəsindən bəhs etməklə yanaşı, həm də metafəlsəfi problemlərə müraciət edir və nəzəri fəlsəfədən əməli fəlsəfəyə, həyat fəlsəfəsinə, hikmət və müdriklik məqamının tədqiqinə keçir...”. A.Mehdiyevin bu dəqiq qənaəti bir daha onu sübut edir ki, S.Xəlilov yaradıcılığı elmlərin vəhdətindən və Tanrı vergisindən doğan fenomenal bir fakt kimi qiymətləndirilə bilər.

S.Xəlilov haqqında yazıların əksəriyyətində bu alimin Azərbaycan elmşünaslığına gətirdiyi yeniliklər birmənalı şəkildə yüksək qiymətləndirilir. Akademik Ramiz Mehdiyev S.Xəlilovun hələ 2011-ci ildə nəşr etdirdiyi “Elm haqqında elm” kitabına yazdığı “Ön söz”də göstərirdi ki, alimin həmin kitabı “təkcə Azərbaycanda deyil, bütövlükdə İslam Şərqində bu problemi hərtərəfli əhatə edən ilk elmşünaslıq əsəridir”. Elə haqqında bəhs etdiyimiz biblioqrafiyaya daxil edilmiş məqaləsində də hörmətli akademik Ramiz Mehdiyev S.Xəlilovun elmşünaslıqla bağlı konsepsiyalarını ümumiləşdirir və onu elmşünas alim kimi xarakterizə edir.

Fəaliyyətinə Azərbaycan ictimaiyyətinin çox böyük dəyər verdiyi doktor Cavad Heyət də onu “dəyərli bir elm təşkilatçısı” kimi qiymətləndirir. Amerikanın görkəmli filosofu, professor Anna – Tereza Timiniçkanın qənaətinə  görə  “Professor Xəlilov Bertran Rasselə bənzər nadir  filosoflardandır və  fəaliyyət göstərdiyi  tədqiqat sahəsində malik olduğu dərin bilikləri zəmanəsinin aktual problemləri, mədəni iqlimindən doğan geniş maraq dairəsinə tətbiq etməyi ustalıqla bacarır. Fəlsəfənin bəşəriyyəti maarifləndirə biləcəyinə və onu doğru yola yönəldəcəyinə böyük inam onun düşüncə tərzinin əsasını təşkil edir”. S.Xəlilovun təkcə fəlsəfi publisistikasını izləmək kifayətdir ki, böyük ABŞ filosofunun qənaətinin nə qədər doğru olduğunu hiss edəsən. Bu fəlsəfi publisistika həqiqətən “geniş maraq dairəsinə tətbiq olunur” və insanın maariflənməsi missiyasına, insanı doğru yola yönəltmə məqsədinə xidmət edir. Alim-filosofun çoxşaxəli publisistikası insanın dünyaya baxışından tutmuş musiqi, ədəbiyyat, teatr, televiziya, müasir media problemlərinə qədər sayagəlməz sahələri əhatə edir. Azərbaycanın görkəmli şəxsiyyətlərinin – məsələn, ümummilli liderimiz Heydər Əliyevin dünyagörüşü filosofun bəşəri ideyalara münasibətinin ifadəsinə bir açar, bir kod rolu oynayır. Hələ 2001-ci ildə çap etdirdiyi “Lider. Dövlət. Cəmiyyət” kimi fundamental əsərində elmi-fəlsəfi  publisistikanın populyarlıq, aydınlıq  gücünə  söykənərək Heydər Əliyev  fenomeni  ətrafında  liderin, dövlətin    cəmiyyətin vəhdətindən doğan mahiyyəti təhlil etmiş, bununla bağlı özünün fəlsəfə təlimini yaratmışdır. Azərbaycan dövlət quruculuğu prosesinin başladığı qızğın bir dövrdə çap olunan bu kitab tarix və şəxsiyyət, vətəndaş cəmiyyəti, elm, təhsil və mədəniyyət, milli dil, mənəviyyat, dövlətçilik, müstəqillik fenomeni və s. kimi ciddi məsələlərə konseptual yanaşmaları ilə nəinki elmi ictimaiyyət üçün, nəinki geniş oxucu üçün, hətta H.Əliyevin 90 illik yubileyi ilə bağlı inşa müsabiqəsində iştirak edən və ilk üçlükdə qalib yeri tutan  IX sinif şagirdinin də bəhrələnmə  mənbəyi  olmuşdur. Təsadüfi deyil ki, professor Əli Həsənov bu  kitaba  yazdığı “Ön söz”də göstərir: “Heydər Əliyev irsi təkcə bu gün üçün yox,  həm də gələcək üçün lazımdır. Müasir Azərbaycan dövlətçiliyimizin təməl daşını qoymuş və möhkəm özülünü yaratmış bu böyük şəxsiyyətin ideya dünyası onun davamçılarının yoluna gələcəkdə də işıq salmalıdır. Ona görə də Azərbaycanda əliyevşünaslığın yaradılmasına böyük ehtiyac vardır... Oxuculara təqdim olunan bu monoqrafiya Heydər  Əliyevin nəzəri irsi əsasında belə bir təlimin yaradılması istiqamətində atılan mühüm addımdır”. Mən də ayrıca qeyd etmək istərdim ki, bu monoqrafiya məhz özünün publisistik üslubu ilə də geniş şöhrət tapmışdır. Görkəmli rus filosofu, Rusiya Ekologiya Akademiyasının həqiqi üzvü A.N.Çumakov yazır: “...S.Xəlilovun əsərlərinin bir qisminə müraciət etmək kifayətdir ki, onlarda təbii – elmi bazanın, dünyaya fəlsəfi münasibətin və zəngin həyat təcrübəsinin bir araya gəldiyinin, bir vəhdət kəsb etdiyinin şahidi olasan”. Akademik A.Çumakovun bu müşahidəsi S.Xəlilovun dünyaya fəlsəfi münasibətini əks etdirən əsərlərinə onun yaxından bələd olmasından doğur.

Biblioqrafiyaya diqqətlə nəzər yetirdikdə belə bir qənaətə gəlmək mümkündür ki, S.Xəlilovun elmlə bağlı yaradıcılıq məhsuldarlığını dövrlərə ayırmaq olmur. Bu alim lap elə gənc vaxtlarından həm məhsuldar olmuş, həm də bu məhsuldarlıqda öz təlimlərini, öz konsepsiyalarını ortaya qoya bilmişdir. Məhz buna görədir ki, S.Xəlilov fəlsəfə aləmində çox tez görünmüş və xarici mütəxəssislər tərəfindən vaxtında qiymətini almışdır. Akademik Fuad Qasımzadə bu barədə vaxtı ilə yazdığı məqalələrinin birində belə bir həqiqəti xüsusi vurğulayırdı ki, “prof. S.Xəlilovun elmi-fəlsəfi tədqiqatları Azərbaycanda hələ kifayət qədər qiymətləndirilməsə də, Rusiya, Türkiyə və Qərb alimləri onun fəlsəfi yaradıcılığına fəlsəfədə bir yenilik kimi qiymət verirlər”.

Əlbəttə, biblioqrafiyanın statistikasından da göründüyü kimi, S.Xəlilovun elmi-fəlsəfi tədqiqatları ətrafında Azərbaycan alimləri çox ciddi fikirlər söyləmiş, onun əsərləri bir sıra akademiklərin və ictimai rəydə görünən digər elm xadimlərinin məqalələrində təhlilə cəlb edilmişdir. Lakin burada söhbət S.Xəlilov kimi alimlərin əsərlərinin və hətta şəxsiyyətlərinin geniş ictimaiyyətdə populyarlaşmasına ehtiyac oldugundan gedir. Belə bir faktla bağlı ehtiyacın ödənilməməsinin bir günahı da medianın üzərində qalır. Elmdə öz təlimləri, öz konsepsiyaları olan və bu təlimin, bu konsepsiyaların müxtəlif xarici mənbələrdə qiymətləndirilməsi faktı S.Xəlilovun təkcə elmi dairələrdə deyil, həm də geniş ictimai mühitdə qiymətləndirilməsinə haqq verir.

 Əgər müasir fəlsəfi düşüncənin aparıcı nəzəriyyəçilərindən biri olan akademik Ramiz Mehdiyev məqalələrində S.Xəlilovun “ictimai və humanitar elmlərə dərindən bələd olması və təbii-elmi düşüncə ilə humanitar düşüncəni ortaq məxrəcə gətirmək cəhdlərini” yüksək qiymətləndirirsə, əgər ədəbiyyatşünas akademik Bəkir Nəbiyev S.Xəlilovun “milli ədəbi-bədii fikir tariximizdə  fəlsəfi ideyaların önə çəkilməsi istiqamətində indiyədək apardığı tədqiqatların əhəmiyyətindən bəhs” edirsə, əgər iqtisad elmimizin tanınmış alimlərindən olan akademik Asəf Nadirov onun “iqtisadiyyatın fəlsəfəsi, qloballaşma şəraitində iqtisadiyyatın yeni statusu haqqında araşdırmalarını iqtisad elmi üçün mühüm metodoloji əhəmiyyətə malik olduğunu” xüsusi vurğulayırsa, əgər coğrafiyaşünas  akademik Budaq Budaqov onun “yaradıcılığını izlədikcə dünyaya, elmə, fəlsəfəyə tamamilə yeni bir baxışın şahidi olduğunu, ... dünyaya fəlsəfi yanaşmanın bir çox sahələrində nəinki Azərbaycanda, habelə beynəlxəlq fəlsəfi dairələrdə önəmli mövqe tutan orijinal təfəkkür sahibi” olduğunu qürurla qeyd edirsə, əgər Türkiyənin fəlsəfə dünyasında çox populyar olan və dünyanın görkəmli alimlərini, onların elmi yaradıcılığını təbliğ edən “Özne” dərgisi özünün bütöv bir nömrəsini, həm də “özəl sayı”nı (2012) bu Azərbaycan aliminin həyat və yaradıcılığına həsr edirsə, əgər bu alim dünyanın ABŞ, İngiltərə, İtaliya, Türkiyə, Yunanıstan, Rusiya... kimi azman ölkələrinin fəlsəfə qurumlarında, təşkilat, konfrans və simpoziumlarında Azərbaycanı on dəfələrlə təmsil edirsə... onda belə bir alimin çoxspektrli sahələrə təsirindən, çoxcəhətli elmi təlimlərindən bol-bol danışmağa haqqımız vardır. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə nəşr olunan “Səlahəddin Xəlilov” biblioqrafiyası filosof-alimin bu çoxspektrli və çoxcəhətli yaradıcılığını izləmək üçün mühüm bir vasitə rolunu oynayır. Biblioqrafiya bir yol göstəricisi, bir bələdçidir. Bu etibarlı bələdçinin göstərdiyi yol mütləq məbədə aparır. Məbəd müqəddəs bir məkandır. Məbədə yol almaqsa hər kəsin özünün daxili dünyasına bağlıdır. Müqəddəs məkana can atmaqsa hər kəsə yeni bir dünya bəxş edir.

 

Cahangir MƏMMƏDLİ

525-ci qəzet.- 2013.- 2 noyabr.- S.14.