Gülsarıya əlvida demirəm...
Qəribə
təsadüfdü: dünya şöhrətli
yazıçı Çingiz Aytmatovun ölüm xəbərini
televizordan eşidəndə onun “Əlvida Gülsarı”
ktitabı masamın üstündəydi. Aytmatovun
yaradıcılığına dönə-dönə
müraciət edirəm. Onun bir-birindən
maraqlı, dərin mənalı-məzmunlu əsərlərində
mən xəyalən İsık-kul gölünün sahillərini
dolaşmışam, Tyan-Şan dağlarının
yaşıl yamaclarına qalxmışam, hətta oralarda at da
oynatmışam. Bəlkə də ona
görə bu yerlərə ilk dəfə yolum düşəndə
elə bilirdim bu, mənim qədim qırğız
torpağı, qırğız eliylə ilk tanışlığım,
ilk görüşüm deyil, nə vaxtsa bu diyarda olmuşam.
Pricevalsk şəhərinə getmək
üçün Rıbaçidə başqa avtobusa minməliydim. Vaxtım vardı, odur ki,
bir az xiyabanları dolaşdım, bazar
meydanını gəzdim. Bazar meydanında
qaynaşan, yan-yörəmdən ötən adamların
arasında gözüm kimisə axtarırdı. Deyəsən,
bunu dükanın qabağında oturub demisini tüstülədən
seyrək saqqallı ahıl kişi
sezmişdi.
– Kimisə
axtarırsan, oğul? – qayğıkeşcəsinə
soruşdu.
Qeyri-ixtiyari “hə”
deyib cavab verdim.
– Kimi? – kişi maraqlandı. – Adını desən, əlbət
tanıyaram. Bu elatda tanımadığım adam
az-az olar.
Kişinin sözlərindən ürəkləndim. Dedim Tanabayı, Dyuşeni,
Daniyarı, Cəmiləni, Yedigeyi axtarıram.
Qoca fikrə
getdi, bəlkə də sadaladığım bu adlardan ona tanış gələn vardı. Bəlkə Tanabay elə onun özüdü? Dirəyə yedəklədiyi, əldən
düşmüş qoca kəhər at da Gülsarıydı
yoxsa?
Yoldan keçən məktəbli oğlan mənim
sözlərimə gülümsədi. Bilmirəm niyə?
Əlbət, çəkdiyim adlardan bilmişdi ki, ucqar bir qəsəbənin
bazar meydanında Çingiz Aytmatovun qəhrəmanlarını,
ədəbi personajlarını soraqlayıram...
Tyan-Şan dağlarının ətəyindəki
çoban yurdlarına gəlib çatmaq üçün
yük maşınında saatlarla yol qət eləməli
oldum. Yolun uzaqlığı, birahatlığı məni
yorsa da, belə bir uzun səfərə
çıxmağıma peşman deyildim. Gördüyüm
mənzərəyə heyran olmuşdum: dağların
döşünü yaşıl meşəliklər
sarmışdı, uca zirvələr ağ
çalmalıydı, qoyun-quzu sürüləri
yalların-yamacların sinəsinə səpələnmişdi.
Tyan-Şanda qonaq qaldığım çoban
alaçığı da mənə yad deyildi, korun-korun yanan
odun sobasının istisinə hələ uşaq vaxtı
qızınmışam, bu istini-hərarəti mən
Aytmatovun əsərlərində duymuşam. Dağlarda ömür-gün yoldaşı ilə əl-ələ,
çiyin-çiyinə verib çalışan, çöl
həyatının çətinliklərini,
qayğılarını onunla mərd-mərdanə
bölüşən gözəl-göyçək cavan gəlin
– Venera nədənsə mənə Aytmatovun Cəmiləsini
xatırladırdı, mübariz ruhlu, qətiyyətli Cəmiləni.
Venera – qədim Roma əsatirlərində
gözəllik ilahəsinin adıdır. Eramızdan
çox-çox əsrlər qabaq insanlar ümmansız, sirli
ənginliklərə can atmış, kainatın müəmmalarını
öyrənmək istəyində olmuşlar, ulduzlara, planetlərə
əsatirlərdəki tanrıların, ilahələrin
adlarını vermişlər. Venera da səma
cisminə yerdən verilmiş addır. Sonradan
isə insanlar bu adı səmadan endirib, istəkli
övladlarını bu adla çağırıblar. Venera adı ucqar aulda
doğulub-böyümüş göyçək
qırğız qızına çox
yarışırdı, amma nədənsə, özümdən
asılı olmayaraq hərdən az
qalırdı onu Cəmilə deyib çağırım.
Əlbət, bundan inciməzdi...
Təsadüf
elə gətirdi ki, üç il sonra,
1985-ci ildə Beynəlxalq Moskva Kinofestivalında Çingiz
Aytmatovla görüşdüm. Qırğızıstan səfərimdən,
söz saldım, Rıbaçidə qoca qırğızla
söhbətimi, dağlardakı gənc çoban ailəsində
qonaq olduğumu, qırğız alaçığında gecələdiyimi
danışdım... Dedi maraqlı müşahidəniz var,
yazıçı üçün bu, vacib şərtdir. Yazıçılıq müşahidə qabiliyyətindən
başlayır. Əsl yazıçı həyatı
ədəbiyyata gətirməyi bacarmalıdır.
Elə bədii əsər var ki, onu oxuyanda sanki kinoya
baxırsan, hər şey gözlərinin qarşısında
canlanır, sanki oxucu deyilsən, tamaşaçısan və
hadisələri ekranda olduğu təki görürsən. Bu cür əsərlərin
ekran həyatı adətən uğurlu alınır. Bu fikri tam mənasında dünya şöhrətli
yazıçı Çingiz Aytmatov
yaradıcılığına da şamil etmək olar. Məhz buna görə də ədibin əsərlərinə
ikinci həyat – ekran həyatı vermək məsələsi
daim kino sənətkarlarının diqqət mərkəzində
olub. Onun yaradıcılığına
müxtəlif illərdə, müxtəlif rejissorlar
müraciət etmiş, yazıçının əsərlərinə
maraqlı ekran həyatı bəxş eləmişlər.
Andrey Konçalovski, Gennadi Bazarov, Bolat Şamşiyev, Sergey
Urusevski, İrina Polovskaya və digər rejissorlar Aytmatovun əsərlərini
ekranlaşdırmışlar.
Çingiz
Aytmatov Moskva kinofestivalına qonaq sifətilə
qatılmışdı, onu tez-tez tanınmış
kinorejissorların, prodüsserlərin, aktyorların
arasında görmək olurdu və bu görüşlərdə,
danışıqlarda söhbət yazıçının əsərlərinin
ekran həyatından gedirdi. Onun əsərlərinə
müraciət etmək istəyən əcnəbi rejissorlar da
çox idi. O günləri, o görüşləri
xatırladıqca düşünürəm ki, Sovet
quruluşunun yersiz və mənasız məhdudiyyətləri
olmasaydı, Çingiz Aytmatovun əsərləri daha
çox ölkələrdə çəkilər,
özünün ekran həllini tapar, ekran həyatını
yaşayardı. Yaradıcılıq söhbətlərinin, əməkdaşlıq
əlaqələri barədə aparılan bəzi
danışıqların bilavasitə şahidi olduğumdan
bunu deyə bilərəm ki, o vaxtlar ölkədə sənətin
siyasətləşdirilməsi, hər şeydə bir əmma
axtarılması, sərt senzura qaydalarının
mövcudluğu, sənət adamları qarşısında
süni sədlər, problemlər yaradılması təklif
olunan layihələri əksərən nəticəsiz qoyurdu.
Dünya şöhrətli yazıçı
olmasına baxmayaraq bu cür məhdudiyyətlər, süni sədlər,
problemlər Aytmatov üçün də mövcud idi. Onun həyat və yaradıcılığı
kinoyla sıx bağlı olub. O,
Qırğızıstan Kinematoqrafiya İttifaqı idarə
heyətinin ilk sədri olub və ölkədə kino sənətinin
təşəkkülündə, yeni kinonun yaranmasında, gənc
kinematoqrafçıların yetişməsində də
çox işlər görüb. Aytmatovun ədəbi
yaradıcılığı ilə kino yaradıcıllığı
arasında bir paralellik olduğu göz qabağındadır və
yazıçı kino sənətinə həmişə
yüksək qiymət verib, yaradıcılığında bu
sahəyə də geniş yer ayırıb. O deyirdi ki,
kino ədəbiyyat, teatr, musiqi sənəti ənənələrindən
bəhrələnərək təşəkkül
tapmışdır, kino bədii ədəbiyyata müraciət
etməklə onu daha geniş auditoriyaya çatdıra bilir və
bu baxımdan sənətin heç bir növü kinoda olan
imkanlar qədər böyük gücə malik deyil..
Aytmatovun
qəhrəmanları ikili həyat yaşayır: biz Cəmilənin,
Tanabayın, Dyuşənin, Yedigeyin və neçə-neçə
ədəbi personajların həm də ekran obrazları bizə
yaxşı tanışdır. Çingiz
Aytmatovun yaradıcılığındakı bu paralellik
haqqında danışaraq deyirdi nəsrin
üstünlüyü ondadır ki, sərbəstliyi var, hadisələri
istədiyi səmtə yönəldə bilir, maraqlı dialoqlar
qurur, sözlə istədiyi mənzərəni yarada bilir.
Ssenaridə isə bu sərbəstlik yoxdur, istər-istəməz
müəyyən çərçivədən kənara
çıxa bilmirsən. Ssenari naminə əsərdən
atılan hissələrə isə heyfslənməmək
olmur...
Moskva
kinofestivalında Çingiz Aytmatovla söhbətlərdə,
onunla aparılan müsahibələrdə “Gün var əsrə bərabər”
əsərinin adı daha çox hallanırdı. Heç yadımdan çıxmaz, o vaxtlar ədibin
“Gün var, əsrə bərabər” romanı böyük
maraq oyatmış, səs-səda salmışdı. Əsər yalnız Sovet İttifaqında deyil,
dünyanın bir çox ölkələrində də
böyük tirajlarla çap edilmişdi. Dünya oxucusu
Çingiz Aytmatov yaradıcılığının yeni bir
yanı-yönüylə tanış olmaq
imkanı qazanmışdı. Əsər
yazıçının yaradıcılığında
doğrudan da yeni bir mərhələnin
başlanğıcı kimi qiymətləndirilirdi. Təbii ki, bu hadisə kinematoqrafçıların
də diqqətindən kənarda qala bilməzdi.
Bu əsərə
maraq göstərən, onu ekranlaşdırmaq istəyində
olanlar arasında türk kino sənətkarları da vardı.
Türkiyə tərəfindən bu barədə
danışıqlar aparan prodüsser Sabah Duru və onun həyat
yoldaşı, tanınmış aktyor və rejissor Yılmaz
Duru, Türkmənistan Kinostudiyası tərəfindən isə
rejissor Xocaqulu Narliyev idi. Sonradan müştərək
filmə Liviya kinematoqrafçılarının da cəlb
edilməsi söhbəti yarandı. Çingiz
Aytmatovun yaradıcılığına müraciət edilməsi
təsadüfü deyildi. Xocaqulu Narliyev təcrübəli,
istedadlı kinorejissor kimi bu əsərin ekran həyatının
uğurlu alınacağına inanırdı və deyim ki,
türk kinematoqrafçıları da bu fikirdə idilər.
Yılmaz Duru da Sabah xanım da Çingiz
Aytmatov yaradıcılığına yüksək qiymət
verirdilər.
Əlbəttə, aparılan söhbətlər sonradan
öz bəhrəsini versə də, çəkiliş
problemsiz keçmirdi, film gecikirdi. Sabah Duruyla sonrakı
görüşlərimdə öyrəndim ki, filmin ləngiməsi
daha çox maliyyə problemləriylə
bağlıymış. Bütün bu
çətinliklərə baxmayaraq filmin çəkilişi
uğurla başa çatdı, 1988-ci ildə “Manqurd”
adıyla ekranlara çıxdı.
Onu da deyim ki, “Gün var əsrə bərabər” əsərinə
müxtəlif rejissorlar müraciət edib.
Əsərin əsas qəhrəmanı dəmiryolçu
Yedigey saf əxlaqlı, aydın düşüncəli, təmizqəlbli
sadə bir insandır və yazıçının
özünün də dediyi kimi dünya məhz belə
insanların hesabına yaşayır. Yedigey
dövrünün sıxıntılarını
yaşamış, yalnız öz bacarığı, zəhmətsevərilliyi
sayəsində ayaqda qalmağı bacarmışdı. Bu obraz Sabitcan kimi özünü düşünən,
hər yerdə yaxasını qırağa çəkməyə
çalışan meşşana qarşı qoyulub. Müəllif bu iki obrazı
qarşı-qarşıya qoymaqla həqiqi meyarların, insani
keyfiyyətlərin ucalığını üzə
çıxarmağa çalışır və buna nail
olur. Yedigeyin orta savadı belə yoxdur, onun danışığı
da, davranışı da adidir, amma onun sadə, adi
danışığında belə qədim dastanlardan,
şifahi xalq yaradıcılığından gələn, bəhrələnən
hikmət var. Keçdiyi həyat yolu isə ondan ötrü əsl
məktəb olub. Onun adi
danışığında belə xalqdan qaynaqlanan dərin fəlsəfi
fikir var. Bir əyalət stansiyasından ayaq götürən
və ilk baxışdan bir qədər bəsit görünən
hadisələrin təsvirilə başlayan əsər, getdikcə
insanı öz cazibə qüvvəsinin təsirinə
salır. Yazıçı ilk
baxışdan adi görünən bu hadisələri tədricən
inkişaf etdirib qloballaşdırır, dünyəvi məsələlərlə
bağlayır və bununla da bəşəri problemləri
qabarıq olaraq ortaya çıxarır, insanları
düşünməyə çağırır. Aytmatov yaradıcılığının
böyüklüyü, fəlsəfəsi həm də
bundadır. Yazıçını narahat edən problemlərin:
silahlanma, müharibə ocaqlarının alovlanması,
zorakılıq, işğalçılıq siyasəti kimi təhlükələrin
bəşəriyyət üçün qorxulu olduğunu,
insanlığı məhvə sürüklədiyini həm
xalq nağıllarından bəhrələnməklə, həm
də fantastik bir üsuldan istifadə etməklə göstərməyə
çalışır. Yer üzündəki həyatın,
insanlığın necə dəhşətlərlə
qarşılaşa biləcəyi insanın kosmik raketlər
göndərdiyi başqa planetdən daha aydın
görünür.
Demək olar ki, Çingiz Aytmatovun əksər əsərləri
ekranlaşdırılıb və filmlərin bəzilərinin
ssenari müəllifi də yazıçının
özüdür. Onun “Cəmilə”, “Ağ gəmi”, “Dəniz kənarıyla
qaçan alabaş”, “İlk müəllim”, “Ana tarla”,
“Qırmızı yaylıqlı qovağım mənim” və
digər əsərləri həm də uğurlu ekran həyatı
yaşayır, bu gün də maraqla baxılır.
Türk kinematoqrafçılarının Aytmatovun
yaradıcılığına müraciət etdikləri ilk əsər
“Qırmızı yaylıqlı qovağım mənim” olub. Film “Səlvi
boylum, al yazmalım” adıyla 1977-ci ildə ekranlara
çıxıb. Filmin rejissoru mərhum sənətkar
Atif Yılmazdır. Atif Yılmaz 100-dən
çox filmə imzasını qoymuş bir sənətkardır.
O, Türkiyədə daha çox qadın problemlərini,
qadınların acılı-şirinli həyatını,
onların qayğılarını ekranlara gətirən
rejissor kimi də tanınırdı. Film Türkiyədə rəğbətlə
qarşılandı və deyim ki, indinin özündə də
maraqla baxılır. Türk televiziyaları dəfələrlə
bu filmi nümayiş etdirib. Baş rollarda
Türkan Şoray və Kadır İnanır çəkilib.
Dövrünün ən populyar sənətkarları
sayılan bu iki aktyorun oyunu filmin uğurlu alınmasına az təsir göstərməyib. Təcrübəli
rejissor Atif Yılmaz aktyor seçimində yanıla bilməzdi.
Türkan Şorayla görüşəndə söhbətimizdə
bu filmə də toxunduq, daha doğrusu, söhbəti bu
mövzuya mən yönəltdim, müsahibimin fikrini öyrənmək
istədim.
Türkan Şoray Aytmatov yaradıcılığından
danışaraq dedi, əsər bizə o qədər yaxın
və doğmadı ki, elə bil hadisələr Türkiyə
həyatından götürülüb. Rejissor Atif Yılmaz məni
baş rola dəvət edəndə çox sevindim, ssenarini
oxuyan kimi də razılığımı verdim...
Onu da deyim “Qırmızı yaylıqlı
qovağım mənim” filmi Sovet prokatında da müvəffəqiyyətlə
nümayiş etdirilmiş, maraqla
qarşılanmışdır. Doğrudur, bu ekran əsəri
maraqlı alınsa da, türk kinosuna xas olan müəyyən
nöqsanlardan xali deyildi.
1988-ci ildə İstanbulda rejissor Atif Yılmazla görüşdüm. Təbii ki, “Qırmızı yaylıqlı qovağım mənim” filmi də söhbətdən kənarda qala bilməzdi. “Yılmaz bəy, Aytmatovun əsərinə müraciət edəndə filmin uğurlu alınacağına inanırdınızmı?” – soruşdum. Dedi Türkiyədə bədii əsərləri ekranlaşdırmaq o qədər də asan deyil. Ağır, sanballı mövzuları ekrana gətirmək küllü miqdarda vəsait tələb edir, bu isə Yaşılçam rejissorlarından ötrü əlçatmazdır. Qaldı ki, Aytmatovun yaradıcılığına müraciət etməyimə, bunun bir neçə səbəbi var. Əvvəla, Çingiz Aytmatov Türkiyədə çox tanınan, oxunan, sevilən yazıçılardandır. Onun yazdıqları türk oxucusuna çox yaxındır, doğmadır. Türk xalqlarının adət-ənənələri, məişəti Anadolu məişətindən çox da fərqlənmir. Digər tərəfdən əsərin romantikliyi də məni cəzb eləyirdi. Əslində, əsərdəki hadisələr ümumilikdə türk xalqları üçün xarakterikdi, maraqçəkəndi. Bu baxımdan, mövzunu uyğun gördüm. Təbii ki, əsərin ekranlaşdırılması çox da vəsait tələb eləmirdi. Bu da vacib şərt idi.
Maraqlıdır ki, Türkiyədə “Qırmızı yaylıqlı qovağım mənim” əsərinə 34 il sonra yenidən müraciət edilib. Ölkənin ATV kanalı əsərin motivləri əsasında çəkilmiş yeni çoxseriyalı filmi nümayiş etdirdi. Əslində, türk kinematoqrafçılarının bu əsərə qayıdışı mövzuya yeni baxışdır, özü də bir qədər fərqli baxışdır. Nəzərə almaq lazımdır ki, müasir tamaşaçının tələbləri də fərqlidir. Qeyd edim ki, yeni film də maraqla qarşılanmış, tamaşaçı rəğbətini qazanmışdır. Sevindirici haldır ki, türk kinematoqrafçıları son illərdəki maraqlı seriallarıyla, filmlərilə seçilməkdədirlər. “Al yazmalım” seriyalı da bu sahədə atılan daha bir uğurlu addımdır.
Çingiz Aytmatov yalnız yazıçı kimi deyil, həm də bir ssenarist kimi öz imzasını həmişə uca tutmuş, kinoya öz dəyərli töhfələrini vermişdir. Onun yaradıcılığı bu gün də kinematoqrafçıların diqqətindən kənarda qalmır. Kim bilir, bəlkə indinin özündə də Aytmatovun hansısa əsərinin ssenarisi yazılmaqda, hansısa çəkiliş pavilyonunda onun daha bir filmi üçün hazırlıq işləri görülməkdədir.
Çingiz Aytmatov milli ruhlu yazıçıydı. Bununla yanaşı, onun hər əsəri dünya ədəbiyyatı, dünya kinosu üçün bir hadisəydi. O, yalnız öz ölkəsinin, öz xalqının deyil, bütün ölkələrin, bütün xalqların yazıçısıydı, bəşəri bir sənətkar idi. O, zəmanəsinin klassikiydi və qələmə aldığı əsərlər dünyəvi mövzulara toxunurdu. Yazıçı həyati hadisələri bütün gerçəkliyi ilə, acılı-şirinli, ağlı-qaralı, yaxşılı-pisli ədəbiyyata ustalıqla gətirirdi. Çingiz Aytmatovun qəhrəmanları həyatda qarşılaşdığımız, tanıdığımız, tanımadığımız insanların real prototipləridirlər, onlar irqindən, milliyyətindən asılı olmayaraq hər bir oxucuya yaxındır, doğmadır, bədii ədəbiyyatın gücü-qüdrəti həm də bundadır. Ədəbi personajlarını, qəhrəmanlarını oxucuya sevdirə bilmək yazıçıdan ötrü ümdə və vacib amildir: oxucu əsərdəki qəhrəmanların yaşadığı hissləri yaşamalıdır, psixoloji baxımdan özünü onun yerində görməlidir. Aytmatovun Cəmiləsini, Daniyarını, Dyüşenini, Tanabayını, Yedigeyini kim sevməyib, bu məğrur insanların keçirdiyi hiss və həyəcanı kim yaşamayıb?
Aytmatovun əsərləri insanları düşündürür, onları sabaha inamla baxmağa səsləyir. Onun qəhrəmanları zamanın dolaylarından keçərək ən çətin vəziyyətdə belə sınmırlar, həyatın sınağından hünərlə, alnıaçıq çıxırlar..
Azərbaycanda da Aytmatovun yaradıcılığına həmişə yüksək qiymət verilib. Yazıçının demək olar əksər əsərləri dilimizə tərcümə edilib, bu gün də tərcümə edilməkdədir. Çingiz Aytmatov Azərbaycanı çox sevirdi. Ölkəmizə son səfəri zamanı demişdir: “Bakıda keçirdiyim günlər məndə təsəvvür yaradır ki, biz bir-birimizi qarşılıqlı surətdə anlamalı və qorumalıyıq. Biz bir-birimizin sevincinə və kədərinə, dərdlərinə şərik olmağı bacarmalıyıq. Həyat təcrübəsi belə yaranır... Bizi tale qarşılaşdırıb. Hamımıza ömür payı, yaşamaq haqqı verilib və ən başlıcası isə odur ki, biz bir-birimizə gərəyik...”
Aytmatov sənəti məktəbdir – böyük yaradıcılıq məktəbi. Bu məktəb-dən neçə-neçə nəsillər keçib, neçə-neçə nəsillər bəhrələnib. Onunla şəxsi tanışlığım həm oxucu, həm də yazıçı kimi mənə çox şey verib. İti, duru baxışı vardı. Həyata beləcə – aydın, dupduruca baxmağı bacarırdı. Onun qəhrəmanları da kitablardan, ekranlardan beləcə boylanır, dupduru baxışlarla bizə baxırlar. İstəyirəm deyim: “Tanabay, Daniyar, Cəmilə, Yedigey, ağlayın, Çingiz Aytmatov dünyasını dəyişib!” Nə illah eləsəm də, dinə bilmirəm, dilim dönmür, səsim çıxmır. Qaraxəbər olmaq istəmirəm. Desəm də, inanmazlar yazıçının ölümünə, necə ki, mən özüm inanmıram.
Çingiz Aytmatovun əsərlərini bu gün də maraqla, sevə-sevə oxuyuram. Hərdən onun qəhrəmanları ilə görüşməyəndə, onların səsini eşitməyəndə darıxıram. Mən onları yalnız ədəbi personaj kimi yox, həyatda görüb tanıdığım insanlar kimi yaxın və doğma bilirəm. Bir də elə bilirəm ki, mənim də Gülsarı adlı atım var və cilov gəmirən bu şahbaz atın yalmanına yatıb çapıram, bütün Qırğız elini–obasını dolaşıram. Bu vəfalı heyvan mənim gözümdə qocalmır, əfəlləyib əldən düşmür və günlərin birində gözlərini yumub yiyəsini yarı yolda qoymur. Odur ki, Gülsarıya əlvida demirəm...
Oktyabr 2013
Kamil Əfsəroğlu
525-ci qəzet.-
2013.- 2 noyabr.- S.24-25