Hikmət Əbdülhəlimovun sözünün və özünün dünyası

 

 

 

Əzizim Hikmət!

Sizinlə tanışlığımızdan 42 il keçir və bunun 10 ilini demək olar ki, gündəlik təmasda olmuşuq. Belə bir müddətdə ünsiyyətimizin qorunub saxlanmasından məmnunam. Etiraf edim ki, haqqınızdakı təəssüratlarım ildən-ilə artıb, bitkinləşib və nəhayət bütöv bir şəxsiyyət obrazınız qəlbimdə qərar tutub.

Kitabınız ömür yolunuza çox müfəssəl işıq salır. Xüsusilə uşaqlıq və gəncliyinizin dəhşətli labirintləri mənimki ilə demək olar ki, üst-üstə düşdüyündən məni ovsununa aldı. Yetimliyin dəhşətli ağrı-acılarını yada salıb bir daha yaşadım və sarsıldım. Bunu da götür-qoy etdim ki, mənim uşaqlığım daha ağır keçib. Siz valideynlərinizi itirdikdən sonra baba-nənə nəvazişinə qovuşmusunuz, mən bundan da məhrum idim. “Fəzilət işığında” kitabımda kəndimizdə metr yarımlıq qarı kürüyüb 11 yaşımda atama qəbir qazmağımı yəqin ki, oxumusunuz.

Bütün bunlarla yanaşı bu əzablarımızı xatırlayarkən böyük Napoleonun bir sözü yada düşür. Ondan soruşurlar ki, cahanşümal uğurlarınızın başlıca səbəblərini nədə görürsünüz? Cavab verir ki, uşaqlığımda və gəncliyimdə keçirdiyim əzablarda.

Yəqin ki, buna şübhə etmirik ki, insan uşaqlığından formalaşır və əgər zamanın ağır rüzgarından özünü qoruyub saxlaya bilirsə (bunda taleyin dəstəyini də yaddan çıxarmaq olmaz) onun həyatda (cəmiyyətdə) layiqli yer tutacağı danılmaz olur.

Bu da bizə məlumdur ki, insan yarandığı gündən xeyir və şər qüvvələri də onun başının üstünü kəsir. Ulu peyğəmbərlərimizdən olan Zərdüştün xeyir və şər allahlarının – Hörmüz və Əhrimanın varlığını təsdıq etməsi də elə bundan irəli gəlmirmi?!

Ömür yolunuzun salnaməsinə yekun vurarkən dediyiniz “xeyirxahlıq, səxavət, təmənnasız yaxşılıqlarla yanaşı xəyanət, satqınlıq, nankorluq, paxıllıq, qısqanclıq kimi insan şəxsiyyətini müəyyənləşdirən keyfiyyətlər də məhz bu xeyir və şər qüvvələrin törətdiyi fəsadlardır.

Böyük ürək ağrısı ilə qələmə aldığınız  Papuş əhvalatı” ayrılıqda bitgin bir əsər üçün ibrətamiz bir süjetdir. O dövrün usuli – idarəsinin və onu idarə edən adamların qeyri-insani davranışlarının tarixi ifşasıdır.

Təsvir etdiyiniz əhvalatın təzadlarına fikir verirəm. Qəpik-quruş dəyərində olub Təmraza satmaq üçün verdiyiniz uşaq papuşlarına çinayət işi qaldırılır, hər şeyi öz üzərinizə götürən sizi dövlət məmurları səmimiyyətlə qəbul edir, lakin guya qanunun aliliyini qoruyaraq Təmraza altı ay cəza verirlər.

Bu yerdə hələ çox gənc raykom katibi olduğum dövrün bir əhvalatı yadıma düşür. Zaqatalada işlədiyim zaman mənə xəbər verirlər ki, gənc bir satıcı qızı barədə 6 qəpik aldatma üstündə cinayət işi qaldırıblar və müstəntiq hər gün onu yanına çağırıb “dindirir”.

Mən növbəti belə dindirmənin vaxtını öyrənib qəflətən həmin müstəntiqin otağına getdim. Gənc qızla üzbəüz oturmuşdular. Müstəntiqi vurmaqdan çətinliklə özümü saxladım. Qızı bayıra çıxarıb müstəntiqə çox ağır sözlər deyəndən sonra raykoma gəlib büro iclası çağırdım (bu qurumun da fövqəladə qüdrəti yadınızdadır), ağır cəza verərək onu rayondan qovduq. Onu müdafiə etmək istəyən rəhbərinə də ciddi xəbərdarlıq etdik.İndi gəl bunun qanuni tərəfinə baxaq. Əslində həmin 6 qəpik aldatma üçün məsuliyyət nəzərdə tutulurdu. Və bundan istifadə edən qanun keşikçisinin də əlinə fürsət düşmüşdü. Bəs bu fürsəti verən nə idi? Yaşadığımız dövrün və üsuli-idarənin eybəcər ziddiyyətləri. Bunu da əlavə edim ki, qızın özünü də eləcə buraxmadıq. İşdən çıxarılaraq fındıq zavoduna fəhlə göndərildi. Bunu papuş və Təmraz əhvalatı ilə əlaqədar yada saldım.

Kitabdakı bütün yazıları nəzərdən keçirdim. Lakin uşaqlıq və gənclik manifestiniz mənə elə təsir etdi ki, digər hadisələr və yazılar kölgədə qaldı.

Yaşadığınız uşaqlıq və gənclik illəriniz bizim qürurumuzdur. Ona görə ki, bu illəriniz “daşdan su çıxarmaq” qədər müşkül olsa da biz bunu bacarmışıq. Daha doğrusu bu həyat daşdan su çıxarmaq dərəcəsində bizi sıxıb suyumuzu çıxarsa da biz buna dözdük və nəhayət “sapand daşına qoyub bizi sonrakı mübarizələrlə dolu bir həyata atdı. Biz sizinlə bu mübarizədən də qalibiyyətlə çıxdıq və bu gün sizin dediyiniz kimi “olduğumuz kimi görünməyimizin” də səbəbi elə bunlardır, o günlərimizə və ölüm-dirim mübarizəsində göstərdiyimiz mətanətə borcluyuq.

Bunu da yaddan çıxara bilmərik ki, sizinlə ömrün elə bir zirvəsinə gəlib çatmışıq ki, bu yerdə ulu Peyğəmbərimizin bir hədisi-şərifi yada düşür: “İnsanların ən xeyirlisi ömrü uzun, əməli gözəl adamlardır”.

Yazılarınızı oxuyub öz həyat tarixçəmi də həmin Peyğəmbər kəlamı ilə vərəvurd edib istər-istəməz bir nəticəyə gəlirəm: “Ömür yolumda rast gəldiyim yüzlərlə xəbis təbiətli, əməlləri bədxahlıqla yoğrulmuş adamların heç də çox yaşaya bilmədiklərinin şahidiyəm. Tək-tək çox yaşayanlara təsadüf ediriksə də bunlar da dünya demoqraflarının təsdiq etdiklərinə görə genetik faktorun nəticəsidir”.      

Kitabınızdakı yazıların hamısı həyatın reallıqlarına söykənib analitik təfəkkürün süzgəcindən süzülüb gələn nəticələrdir. Yazdıqlarınız da, onlara verilən rəylər də hamısı təqdirəlyiqdir. Lakin mən bir faktora, daha çox ulu Yaradanın sirli-sehirli möcüzəsi olan insan faktoruna, onun daxili aləminə işıq sala bilmək məqamına köklənib demək istərdim ki, siz buna nail ola bilibsiniz. Böyük müdriklərdən iqtibas edib verdiyiniz kəlamlar da buna xidmət edir.

Mən də elə sizin yazdıqlarınız və seçdiyiniz müdrik kəlamlar əsasında aşağıdakı fikrə xüsusi dəstək verirəm: “Hər kəsin daxilində yalnız onun özünə hakim kəsilmiş kiçik bir Allah var. Bu onun vicdanıdır. Vicdanı qarşısında hesabat vermək heç də hamıya nəsib olmur, çünki bu müqəddəs məqamı heç də hamı birmənalı dərk və qəbul edə bilmir. Yunus Əmrə də “ürəyinin divarından asılmış şəkillər” sırasından “Bir mən vardır, məndə məndən içəri “deyərkən yəqin ki, vicdanı nəzərdə tutur”.

Çox təqdirəlayiq bir nəticədir. Yazılarınızda seçdiyiniz bu kəlam da çox bəşəri olub insan möcüzəsinin fövqündə dayanır: “Ən böyük qələbə insanın öz üzərindəki qələbəsidir”.

Elə bilirəm ki, bu gün sizin də, mənim də cəmiyyətdəki ən böyük şansımız elə bu kəlamla bağlıdır.

 

Dilə və yazınıza gətirdiyiniz bir məqama da diqqəti xüsusi cəlb etmək istəyirəm. “Qorxu” adlanan anlayışa diqqəti cəlb edirsiniz və bunu özünüzə bağışlaya bilmirsiniz ki, onun fəsadlarından yaranan boşluğu heç cür aradan qaldıra bilməmişsiniz.

Mütəfəkkir şairimiz Bəxtiyar Vahabzadənin “Qorxu” şeiri yada düşür. Ondan bir parçanı iqtibas edirəm:

 

Qorxu, qorxu!

Bir qurd olub yeyir

bizi içimizdən,

Nə gözləyir Vətən bizdən?

İradə yox, kişilik yox,

Biz qorxuruq, biz susuruq,

Fikir ölür, can sustalır,

Ürək donub ruh boğulur!

 

Göründüyü kimi şair onu insan şəxsiyyətini alçaldan çox dəhşətli bir bəla hesab edir. Bu üzdən insan vicdanını da unudur, mənliyini də itirir. 

Əsrin böyük bəlası olan şəkər, xərçəng kimi mərəzlərə də düçar olur. Qorxu adlanan bu müdhiş bəladan xilas olmağın yolu isə cəsarət, qətiyyət kimi keyfiyyətlərdən keçir. Qorxu haqqında böyük Lev Tolstoyun dediyi aşağıdakı sözlər də çox ibrətamizdir: “Qorxaq dost düşməndən də qorxuludur. Çünki düşməndən ehtiyat etdiyin halda, dosta bel bağlayırsan”.

Və siz də xatirələriniz boyu yeri gəldikcə konkret misallarla göstərdiyiniz cəsarət və qətiyyətdən bəhs etməklə ömür yolunuza işıq salırsınız. Sizi bir şəxsiyyət kimi ömrün bu zirvəsinə gətirib çıxaran məhz bunlardır. Gördüyünüz işlər sırasında, kitabdakı rəylərdə də öz ifadəsini tapdığı kimi şifahi xalq ədəbiyyatını toplayıb yaşatmaq, Şəki folklor antologiyasının akademik nəşrlərinə çəkdiyiniz zəhmət tarixi nailiyyətinizdir və özünüzə çox dəyərli bir abidə qoymuşsunuz. Belə qeyri-adi bir vəzifəni qarşıya qoyub onu uğurla başa çatdırmağınız vətəndaşlıq baxımından böyük fədakarlığınıza dəlalət edir.

Yazılarınızın ən dəyərli cəhətlərindən biri yaxşı adamların ruhuna işıq salmağınızdır. Belə adamların xatirəsini əbədiləşdirmək əvəzsiz bir insani borcdur, dəyərdir. Məsələn, onlardan birini mən də yada salıram. Sizin professor Məmmədsadıq müəllimdən söz açıb onun fövqəladə istedadından bəhs etməyiniz və yaxud xatırladığınız İbrahim Səfərovu yada salmaqla bu parlaq şəxsiyyətin, gözəl alimin ruhuna işıq salmağınız böyük alqışa layiqdir. Onların hər ikisi mənim də yaddaşımda çox pak, fenomen bir şəxsiyyət kimi yaşayır.

Ömür-gün yoldaşınız Hüsniyyə xanım haqqında yazdıqlarınız da sizin şəxsiyyət bütövlüyünüzə dəlalət edir. Həm də sizi qınaya biləcək nadanlara işarə etməyiniz də çox yerindədir. Belələri haqqında böyük Məhəmməd Hadinin bir misrasını yada salıram:

“Bədbəxt yaşayar torpağın üstündəki nadan”.

Yaddaşınıza hakim kəsilən və çox gözəl bir novella üçün süjet olan Afər adlı qızla bağlı epizod da çox maraqlıdır. Bəs bu qızın sonrakı həyat tarixçəsini niyə izləməmisiniz?

Xatirələriniz başdan-başa insan faktorunun bitib-tükənməz rəngarəngliklərindən söhbət açdığına görə alqışa layiqdir.

Sizə yeni-yeni yaradıcılıq uğurları arzusu ilə.

 

 

Sadıq Murtuzayev

525-ci qəzet.- 2013.- 2 noyabr.- S.22.