“Ermənistanın saxta “soyqrımı”
ittihamlarını heç vaxt qəbul etməyəcəyik”
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqunun APA TV-yə müsahibəsi
Noyabrda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti toplantısı keçiriləcək
- Azərbaycan və Türkiyə arasında münasibətlərin son vəziyyətini necə qiymətləndirirsiniz?
- Türkiyə və Azərbaycan əlaqələri həqiqətən mükəmməl səviyyədədir. Bunun bir neçə ölçülərini nəzərdən keçirməkdə fayda var. Hər şeydən öncə təbii ki, sizin də bildiyiniz kimi, qardaşlıq bağlarımızdan qaynaqlanan, ortaq tariximizdən, ortaq mədəniyyətimizdən, eyni musiqiləri dinləməmizdən, eyni dastanlara, əfsanələrə inanmamızdan, eyni xalq şairlərinin sözləri ilə duyğulanmağımızdan qaynaqlanan çox böyük bir ortaqlığımız, qardaşlıq bağlarımız var. Bu qardaşlıq bağlarından başqa da hər iki ölkədə dövlət başçılarının ortaya qoyduqları çox qüvvətli bir iradə var. Beləliklə, həm xalqdan qaynaqlanın belə bir güclü zəmin, həm də bunu həyata keçirəcək şəkildə güclü bir siyasi iradə var ikən daha yaxşı nəticələr əldə etməliyik. Bir tərəfdən mən siyasi əlaqələrimizin, bütün sahələrdə əlaqələrimizin mükəmməl olduğunu dediyim halda, bir tərəfdən də vurğulamalıyam ki, daha çox şey edə bilməliyik. Hədəfimizdə hər zaman ən yaxşıları tutmalıyıq. Azərbaycana baxıram, həqiqətən bölgədə parlayan bir ulduzdur. Hər gün böyük yenilikləri ortaya qoyan bir ölkədir. İqtisadiyyatını diversifikasiya etmək axtarışında olan bir ölkədir. Qlobal səviyyədə olan böhrana rəğmən irəliləyə bilən, inkişaf edən, həyəcan yaradan bir ölkədir. Türkiyə də eyni şəkildə qlobal səviyyədə olan problemlərə baxmayaraq çox qüvvətli, müsbət performans göstərən bir ölkədir. Türkiyə səfiri olaraq mənim vəzifəm də siyasi liderlərimizin iradəsi əsasında bu potensialı ortaya çıxarmaq və irəliləməsini təmin etməkdir. Mən heç bir zaman özümü hər şey mükəmməldir və rahatlaya bilərik deyəcək bir vəziyyətdə hiss etmirəm. Azərbaycan və Türkiyənin qoyduğu böyük hədəflərə çatmaları üçün daha çox iş görməli olduğumuzu düşünürəm və belə bir imkan da mövcuddur.
- TAP və TANAP layihələri ilə bağlı nə deyə bilərsiniz?
- Türkiyə və Azərbaycan sizin haqlı olaraq "Əsrin müqaviləsi" adlandırdığınız Azəri-Çıraq Günəşli ilə bağlı anlaşmanı imzaladıqdan sonra BTC-ni həyata keçirməklə həqiqətən 2 ölkənin yerləşdiyi coğrafiyanı və əllərindəki potensialı sabitliyə, sülhə və enerji təhlükəsizliyinə töhfə verəcək şəkildə nə dərəcədə müsbət şəkildə istifadə edə biləcəklərini ortaya qoydular. Bakı-Tiflis-Ərzurum təbii qaz xətti də eyni şəkildə çox böyük bir layihədir. İnşallah, yaxın vaxtlarda Bakı-Tiflis-Qars layihəsini həyata keçirəcəyik. Nəqliyyat sahəsində son dərəcə önəmli bir layihədir, bundan başqa sizin bəhs etdiyiniz TANAP layihəsi həyata keçiriləcək. TANAP layihəsi sayəsində bir qədər bundan əvvəl Bakıda həyəcanverici bir şəkildə imzalanan "Şahdəniz” qaz satış müqaviləsi sayəsində Azərbaycanın təbii qazı Gürcüstan və Türkiyə üzərindən Avropaya çatdırılacaq. Təbii resursun Avropaya çatdırılması baxımından bilirsiniz ki,, NABUCCO layihəsi də irəli sürülmüşdü. Daha sonra "Nabucco West" və TAP arasında seçim müzakirə olundu, TAP seçildi. Düşünürəm ki, Azərbaycandan çıxan təbii qaz TANAP üzərindən və TAP üzərindən Avropaya çatdırıldığında Türkiyə də daxil olmaqla bütün bu ölkələrin təbi qazla təmin olunması istiqamətində çox gözəl nəticə əldə olunacaq.
Düşüncə olaraq və coğrafi baxımdan bu layihənin mərkəzində Türkiyə və Azərbaycanın, o cümlədən Gürcüstanın dəstəyi olmasına çox önəm verirəm. Hazırda ən önəmlisi TANAP-ın inşasının yekunlaşdırılmasıdır. Ondan sonra isə TAP-ın inşasıdır. Bu, çox böyük bir layihədir. Uzunmüddətli bir layihədir. Lakin siyasi iradə tamdır və ticari olaraq həyata keçirilə bilən bir layihədir. Hesab edirəm ki, bir neçə il əvvəl xəyal kimi görünən (o vaxtlar BTC haqqında da belə düşünülürdü) bu böyük layihənin qarşıdan duran dövrlərdə həyata keçirildiyini hamımız görəcəyik. Təbii ki, Azərbaycan və Türkiyə arasında bəhs etdiyim layihə gündəmi ən çox əhatə edən layihələrdən biridir. Digər üzərində çalışdığımız və sürətlə irəlilədiyimiz proyekt Ərzuruma kimi gələn təbii qaz xəttinin Naxçıvana qədər uzadılmasıdır. Azərbaycan və Türkiyə enerji təhlükəsizliyini birlikdə necə təmin etmək məsələsini dəyərləndirirlər. Hazırda konkret əlavə nə isə yoxdur. Ancaq TANAP o qədər böyük bir layihədir ki, hazırda bütün diqqətlər onun üzərinə yönəlib. Amma əminəm, TANAP layihəsinin həyata keçirilməsi ilə birlikdə onu açacağı əlavə potensiallar gündəmə gələcək. Xəzərdən keçməklə qaz resurslarının TANAP vasitəsi ilə Avropaya çatdırılması çox önəmli bir fikirdir. Bölgədə başqa çox vacib enerji, təbii qaz qaynaqları var. Bunların da TANAP vasitəsi ilə Avropaya çatdırılması müzakirə oluna bilər. SOCAR artıq dünyada özünə yer tutmuş bir enerji şirkətidir. Yunanıstanda mövcudluğunu qısa zamanda inkişaf edirmiş bir şirkətdir. Hesab edirəm ki, Türkiyə və Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinə töhfə verə biləcək vəziyyətə gələcəklər.
- Bakı-Tiflis-Qars dəmiryol xəttinin açılışı nə zamana planlaşdırılır?
- Bakı-Tiflis-Qars layihəsi tarixi İpək Yolunun modern formada canlandıracaq, sadəcə Qərb-Şərq istiqamətində deyil, eyni zamanda Şimal-Qərb istiqamətində əlavə xətlər və ya mövcud xətləri bərpa edəcək. Bütün bu xətlər üzərində logistik mərkəzlərin qurulacağını təsəvvür etdikdə əminliklə demək olar ki, bu layihə həqiqətən dünya iqtisadiyyatının - bunu şişirdərək demirəm- bu dönəmdə xüsusilə ehtiyac duyduğu bir layihədir. Bəzi gecikmələr oldu, haqlısınız. Ancaq bu qədər böyük layihələrdə kiçik ölçülü gecikmələr ola bilir. Həmin gecikmələrdən sonra bir sıra spekulyasiyalar da gündəmə gəldi. Bu layihə sön dərəcə önəmlidir. Azərbaycan, Türkiyə, Gürcüstanın iradəsi tamdır. Orta Asiya ölkələri ilə danışıqlar aparılır. Xəzərdən yük daşımalarının artırılması üçün Azərbaycanın gördüyü mühüm işlər var. Türkmənistan, Qazaxıstan, Özbəkistan və orta Asiyada digər qardaş ölkələrin və Çinin bu məsələ ilə maraqlandığını bilirik. Ticarı baxımdan da səmərəli olduğu ortaya çıxacaq. Bəhs etdiyim bu geniş marşrutda Bakı-Tiflis-Qarsın uzunmüddətli strateji və müsbət nəticələr verəcəyi fikrindəyəm. Layihənin 2014-cü ildə işləməyə başlayacağına ümid edirik. Əvvəl sınama səfərləri, daha sonra da tam istifadəyə keçəcək. Lakin bu, böyük bir layihədir.
- Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası nə zamana nəzərdə tutulub?
- Yüksək Səviyyəli Əməkdaşlıq Şurası hər il keçirilən tədbirdir. Azərbaycan tərəfdən prezident İlham Əliyev, Türkiyə tərəfdən isə baş nazirin həmsədrliyi ilə keçirilir. Hər iki tərəfdən də müzakirə ediləcək mövzulara görə, əlaqədar nazirlər, qurumların ali rəsmi şəxsləri qatılacaq. Ötən il bu toplantı baş nazirin iştirakı ilə Qəbələdə keçirilmişdi. Bu dəfə də Türkiyədə keçiriləcək. Noyabrın ilk yarısında Ankarada keçiriləcək bu toplantıda ötən il Qəbələdə verilən qərarların icra vəziyyəti müzakirə olunacaq. Bundan başqa yeni sahələrdə həm Türkiyənin, həm də Azərbaycanın son dövrlərdə sərgilədikləri iqtisadi yüksəlişə baxmaqla nələr edə biləyimizi müzakirə edəcəyik. Xüsusilə ticarətin daha da artırılması üçün nələr edə biləciyimiz müzakirə olunacaq. Türkiyə və Azərbaycanda çox böyük potensial var. Bu potensialı daha da ortaya çıxarmaq üçün həm Türkiyə, həm də Azərbaycandan olan iş adamlarımızın hər iki ölkədə işləmə şəraitinin asanlaşdırılması, işləmə icazələrinin alınması və malların sərbəst dövriyyəsi, sərmayə, kapital qoyuluşunun daha çox təşviq edilməsi sahələrində nələr etmək mümkündürsə, onları müzakirə edəcəyik.
- Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlıq hansı səviyyədədir?
- İllərlə həm təlim keçilməsi baxımından, həm NATO standartları baxımından Azərbaycanın özünün müəyyən etdiyi hədəflərinə çatmasına kömək etmək üçün biz hər zaman Azərbaycana köməklik göstərməyə çalışdıq. Bu iradəmiz tamdır və bu iş birliyimiz davam edir. Hazırda Türkiyədəki hərbi məktəblərdə təhsil almaq imkanları mövcuddur. Ən son avqust ayında burada ortaq təlimlər gerçəkləşdirdik. Türkiyə Silahlı Qüvvələrindən də təlimlərə qatılanlar oldu. Türkiyə illərdir NATO üzvü olaraq Silahlı Qüvvələrini bu standartlarla inkişaf etdirmiş bir ölkədir. Biz o təcrübəmizi yenə də Azərbaycanın marağı və tələbi olduğu təqdirdə sizinlə paylaşırıq və buna davam edəcəyik.
Hərbi əməkdaşlığın ən əsas sahələrindən biri də müdafiə sənayesindəki iş birliyidir. Türkiyə bu gün özünün pilotsuz təyyarəsini istehsal edən, öz helikopterini istehsal edən, öz tankını, gəmilərini istehsal edən və öz təyyarəsini istehsal etməyi planlaşdıran çox ciddi müdafiə sənayesi potensialına sahib ölkədir. Peyk texnologiyası baxımından yenə Azərbaycanın son vaxtlar atdığı addımlara bənzər daha əvvəl atdığımız addımlar var. Biz bunu müdafiə baxımından da çox önəmli hesab edirik. Hərbi sahədə hələ ortaq layihələrimiz yoxdur. Qarşılıqlı olaraq görülən işlər var. Lakin müəyyən bir layihə çərçivəsində ortaq kapital qoyuluşu yoxdur. Fikrimcə, bu, üzərində dura biləcəyimiz və çalışa biləcəyimiz bir sahədir.
- Son illərdə Azərbaycanın Türkiyə iqtisadiyyatına qoyduğu kapitalın həcmi artıb...
- Azərbaycanın "Petkim”də, "Star Rafinery”də, elektrik stansiyası kimi layihədə kapital qoyuluşu var. Daha sonra TANAP layihəsi gəlir, önəmli yatırımlardan birini o təşkil edir. Bunlara zaman içərisində gerçəkləşəcək sərmayə qoyuluşlarıdır. Söhbət Azərbaycandan Türkiyə iqtisadiyyatına qoyulacaq 17-18 milyard dollarlıq sərmayə portfelindən gedir. Bu çox önəmli bir rəqəmdir. Həm də bizi sevindirir, çünki Azərbaycan iqtisadiyyatının gəldiyi səviyyəni ortaya qoyur. Daşınmaz əmlakla bağlı Azərbaycandan Türkiyəyə artan maraq var. Bu baxımdan həm fərdi şəkildə, həm də dövlət səviyyəsində bu sahədə də önəmli kapital qoyuluşlarının olacağını təxmin edirəm.
- Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi uzanır, Türkiyə münaqişənin tez bir zamanda həlli ilə bağlı hansı təklifləri irəli sürə bilər?
-
ATƏT-in Minsk Qrupunun formatı şübhəsiz ki, çox
önəmlidir. Bununla bağlı bizim hər
hansı sıxıntımız yoxdur. Həmsədrlərin
roluna önəm verir və bu prosesi dəstəkləyirik.
Proseslə bağlı bizim tək fikrimiz və
üzərində durduğumuz məsələ, odur ki, bu
işin məqsədi bu problemi həll etməkdir. İşğal vəziyyətini sona
çatdırmaq və bölgədə normallaşmağa
doğru bir prosesi təmin etmək məqsədi ilə
qurulub. Bizim narahatlığımız həm Minsk
Qrupunun, həm də beynəlxalq təşkilatların
"onsuz da çox ciddi toqquşmalar yoxdur ,
bu, dondurulmuş bir münaqişədir, beləliklə də
üzərində çox da durmağımızı tələb
etməyən təcili bir məsələ deyil" kimi
yanlış fikirlərə qapılmasıdır. Biz bunu istəmirik. Hər
şeydən öncə Azərbaycanın ərazisinin 20 faiz
torpaqlarının işğal altında olması qəbul
edilməsi mümkün olmayan bir şeydir. Bu vəziyyəti
elə günü sabah dəyişdirilməlidir.
Allaha şükür, qanlı toqquşmaların
olmaması şübhəsiz bizi sevindirir. Ancaq bu problemin olmadığı mənasına gəlmir.
1 milyondan çox qaçqın və məcburi
köçkünün durumunu unutmaq olmaz. Dünya diqqətini buna yönəltməlidir.
Azərbaycanın işğal altında
olduğunu xatırlamalıdır. Doğrudur,
Azərbaycan beynəlxalq aləmdə elə bir profil
yaradıb ki, yüksələn, inkişaf edən, vacib enerji
resurslarının olduğu, iddialı, gələcəyi
parlaq bir ölkədir. Düşünürəm
ki, Azərbaycanın 20 faiz ərazisinin işğal altında
olması həqiqəti bəzən unudulur və Ermənistan
da bunu kifayət qədər uğurlu şəkildə,
yanlış formada dünyaya çatdırır. Azərbaycanın işğal edən ölkə
olduğu da unudulur. Minsk Qrupu bu həqiqəti
də diqqətə almalıdır. Sülh
prosesi çərçivəsində işğalın
dayandırılması istiqamətində dinamizmi
başlatmalıdır. Bu dinamizm başlandıqda
bölgədə tam normallaşmaya gedən prosesin
başlaması inşallah mümkün ola
bilər.
Bakı-Tiflis-Qars kimi bir layihə yalnız Türkiyə və Azərbaycana xeyir gətirəcək layihələr deyil. Bir az əvvəl də dediyim ki, bunlar ümumilikdə bölgədə, hətta qlobal şəkildə müsbət əlavə dəyər yaradacaq layihələrdir. İş birliyi qurulduğu təqdirdə, iqtisadi potensial həyata keçirildiyi təqdirdə sadəcə Türkiyə və Azərbaycan deyil, bölgədəki ölkələrin yaralana biləcəyi, xalqların yararlana biləcəyi bir baxış bucağı var. Sülhsevər bir görünüş var. Azərbaycan və Türkiyə bunun memarlığını edirlər. Ümid edirəm ki, həm beynəlxalq aləmdə bunun önəmi qiymətləndirilər. Beləliklə işğalı davan etdirən, bu görünüşə zidd gedən, hazırkı vəziyyəti yaradan Ermənistan tərəfi də sağlam düşüncəyə dəvət edilər və Ermənistan idarəçiliyi, xalqı onu bütün bu inkişafdan təcrid edən, beləliklə də bunlardan istifadə etməsinə mane olan işğal vəziyyətini aradan qaldıraraq bu bölgədəki inkişafdan Ermənistan xalqının yaralana biləcəyi bir zəmin yaradar. Dağlıq Qarabağ məsələsində cənab prezidentin dediyi kimi, Azərbaycan ən güclü şəkildə muxtariyyət vermək şərti ilə, təbii ki ərazi bütövlüyü çərçivəsində məsələnin sülh yolu ilə həlli axtarışındadır. Ümid edirəm, bu çağırışlar dinlənilər. Türkiyə və Azərbaycanın bölgədə irəli sürdükləri bu təşəbbüslərlə yaratdıqları görünüşün nə qədər vacib olduğunu anlatmaqla beynəlxalq aləmin, Ermənistan hakimiyyətinin doğru yola yönəlməsini təmin etməyə çalışır. Təbii ki, burada bunu edərkən Azərbaycanın Ankaradakı səfirliyi ilə, rəsmi qurumları ilə sıx şəkildə çalışırıq.
- 2015-ci ildə qondarma "erməni soyqırımı”nım 100 illiyi ərəfəsində Türkiyə-Ermənistan münasibətlərinin bərpası istiqamətində addımlar atılacağına dair iddialar var...
- İlk öncə onu deyim ki, Ermənistanın
iddiaları həqiqəti əks etdirmir. İddia olunanlar
tarixi həqiqətlər deyil. Bundan başqa Ermənistanın
bu iddialarla ortaya qoyur və bizim bu təzyiqdən yaxa qurtarmaq
üçün Ermənistanla əlaqələr qurmaq istəməyimiz
düşüncəsi də düzgün deyil. Bu məsələləri
ayrı-ayrı dəyərləndirmək lazımdır. Biz
sülhsevər bir ölkəyik, qonşularımızla
problemlərimizi də müzakirə yolu ilə həll etmək
tərəfdarıyıq. Türkiyə xarici siyasətin idarə
edilməsində fərqli bir paradiqma ilə
çıxış edir. Bizə pislik etdiyini bildiyimiz ölkələr
də daxil olmaqla sülhsevər şəraitdə onları
bu səhvlərindən daşındırmaq üçün
müzakirəyə üstünlük verdik. Bundan da vacib nəticələr
əldə etdik. Ad çəkmirəm, amma bu, asan bir proses deyil. Biz Ermənistanla onların ürəyində yara
olduğu iddia etdikləri mövzunu müzakirə etməyə
hazırıq, amma tarixin saxtalaşdırılmasının qəbul
etməyə razı deyilik. Türkiyənin
üzərinə və bütün türk
dünyasının üzərinə soyqırımı kimi
qeyri-ciddi, qəbul edilməyəcək ağır bir
ittihamın sürülməsini qəbul etməyəcəyik.
Amma Ermənistana deyirik ki, biz o dövrdə
yaşanan hadisələri obyektiv bir şəkildə, tarixi sənədlər
əsasında müzakirə etməyə hazırıq.
Amma siz erməni diasporunun güclü olduğu
yerlədə bir sıra qərarlar çıxartmaqla
Türkiyəyə və türk tarixinə ləkə
yaxmağa çalışsanız, heç nə
alınmayacaq. Əvvəla Ermənistan bu
iddialarla bir nəticə əldə etməyəcəyini
yaxşı başa düşməlidir. Bu,
Ermənistanda milli kimliyin ana ünsürünə
çevrilmiş bir mövzudur. Onun irəli
sürdüyü iddialar baxımından Türkiyənin bir
narahatlığı yoxdur. Bu iddiaları
doğru hesab etmirik. 2015-i ilə gəldikdə isə,
bu il həm də Çanaqqala
döyüşünün 100-cü ildönümüdür.
Böyük iztirabların
yaşandığı Çanaqqala
döyüşünü Avstraliya, Yeni Zelandiya ilə
Türkiyə arasında dostluq körpüsünə
çevirdik. Bəhs etdiyim paradiqma dəyişikliyi
budur. Türkiyə o dövrdə Avstraliyadan, Yeni
Zelandiyadan insanların bu torpaqlara niyə gəldiyinin
hesabını çəkməkdən çox, ulu öndər
Atatürkün o zaman söylədiyi kimi, o döyüşlərdə
həyatını itirmiş avstraliyalı, yeni zelandiyalı əsgərləri
bizim torpaqlarımızda rahat yatacaqları şəkildə qəbul
etmək qabiliyyətini göstərdik. 2015-ci ilə
üstünlük verəcəyimiz mövzular bunlar olacaq.
Ermənistanın iddiaları 2015-ci ildə pik
nöqtəyə çatsa belə zirvəyə
çıxsa belə, ümid edirəm ki, bölgə
üçün bəhs etdiyim çox daha müsbət nəticələr
yaşanacaq. Faciə tək tərəfin
yaşadığı bir faciə deyil, hər kəsin
yaşadığı bir faciədir. Xocalıdakı
hadisələrə əgər siz bir şey hiss etmirsinizsə,
onların olduğunu qəbul etmirsinizsə, tarixi
saxtalaşdıraraq özünüzün iddia etdiyiniz həqiqətlərlə
bağlı anlayış gözləməyə
haqqınız yoxdur.
-
Türkiyə və Ermənistan arasında diplomatik münasibətlərin
qurulmamasının səbəblərindən biri
Dağlıq Qarabağ münaqişəsidir.
- Türkiyə bu məsələdə kifayət qədər konkret mövqe nümayiş etdirdi. Və çox dürüst hərəkət etdi. Ankara SSRİ dağıldıqdan sonra Ermənistanın müstəqilliyini tanıdı. Bu Türkiyənin atdığı çox vacib bir addımdır. O dövrlərdə Ermənistanı təcrid etmək düşüncəsində olmadıq. Lakin diplomatik əlaqələr də qurmadıq. Çünki Ermənistan Konstitusiyasında, siyasətçilərinin açıqlamalarında və ondan sonra da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın torpaqlarının işğal edilməsindən qaynaqlanan çox ciddi problemlər var. Bizim bu məsələdə davranışımız çox aydındır. Dağlıq Qarabağ məsələsinin həll olunmasına, işğal vəziyyətinin sona çatdırılmasına yönəlik bir dinamikliyin başlamasına ehtiyacı var. Yalnız bundan sonra bölgədə normallaşmaya doğru gedən proses müzakirə edilə bilər. Bu, çox açıq bir həqiqətdir. Biz bunu həm beynəlxalq aləmdə, həm də burada azərbaycanlı qardaşlarımızla təmaslarımızda deyirik. Burada zaman-zaman narahatlıqlar ortaya çıxır. Görəsən, Türkiyə siyasətini dəyişər? Mən bu narahatlığı son dərəcə yersiz hesab edirəm. Ən ali şəkildə həm əməli siyasətimizdə, həm də açıqlamalar səviyyəsində ortaya qoyduq ki, bölgədə normallaşmağa doğru gedən proses işğalın aradan qaldırılması ilə başlana bilər.
- İki ölkə arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlar nə yerdədir?
- Bu yaxınlarda yerli mətbuatda Azərbaycanın Türkiyədəki səfirinin açıqlamalarını oxudum, səfir gələn il viza rejiminin aradan qaldırıla biləcəyini demişdi. Bu xəbəri məmnuniyyətlə qarşıladım. Çünki Türkiyə və Azərbaycan arasında bəhs etdiyim bu dinamikliyin və potensialın hərəkətə gətirilməsi insanların, sərmayənin, malların sərbəst hərəkət etməsi ilə mümkün olacaq. Bu prosesi asanlaşdırılacaq hər bir addımı böyük məmnunluqla qarşılayıram. Ötən il Ali Əməkdaşlıq Şurasının toplantısından sonra cənab prezident mərhələli şəkildə bir sıra addımlarım atılmasının müzakirə edildiyini demişdi. Azərbaycan tərəfinin bu mövzu ilə bağlı hansı çalışmalar apardığını təfərrüatı ilə bilmirəm. Sadəcə müəyyən bir çalışmaların aparıldığını bilirəm.
- Türkiyə, İran, Azərbaycan xarici işlər nazirlərinin görüşü bir ildən çoxdur uzanır...
- Təbii ki, bu toplantının keçirilməməsi, zaman-zaman da planlaşdırılmasına rəğmən baş tutmaması bəzi suallar doğurur. Bunu normal qarşılayıram. Lakin bölgədə gedən proseslərə baxın. Təkcə Suriya məsələsin xatırlatmaq kifayətdir. Həm bizim xarici işlər nazirimizin, həm Elmar Məmmədyarovun, həm də İran xarici işlər nazirinin nə qədər böyük məşğuliyyət içində olduqlarını xatırlamaq lazımdır. Azərbaycanda, İranda seşkilər keçirildi, yeni hökumətlər quruldu. Bu səbəblərdən son bir il ərzində həmin görüşü keçirə bilmədik. Görüş Ərzurumda baş tutmalı idi, son anda təxirə salındı, çünki bizim xarici işlər nazirimiz Nyu-Yorka getməli oldu. Amma gələcəkdə bu görüşün keçiriləcəyini düşünürəm, hər üç tərəfdə bununla bağlı lazımi siyasi iradə var. Biz bu görüşə çox önəm veririk. Çünki bölgə ölkələri sırasında ən yaxın əməkdaşlığımız Azərbaycanladır. Amma düşünürəm ki, Gürcüstanla, İranla olduğu kimi üçüncü ölkələrlə də bu əməkdaşlığı qurmaq vacibdir. Azərbaycanın buna önəm verdiyi bilirəm, önümüzdəki vaxtlarda bu proses davam edəcək.
525-ci qəzet.-2013.- 2 noyabr.- S.6.