Dərdi dizinin üstə
böyüdən şair...
Dərd
həmişə ağır
olub... istər batmanla gəlsin, istərsə də misqalla... Deməli dərdin ölçüsü
yoxdur, dərd dərddir. Amma dərdin tamı
var... Şair Bəhmən Vətənoğlu
bir beytində deyirdi:
“Əzizim, dərdə tamı,
Dərd
verər dərdə tamı”.
Deməli
dərdə tamı
dərd verir. Bəs dərdin çarəsizi, ölənə
qədər tamı
zəhər dadanı
hansıdır?
Bu çarəsiz dərd Vətən dərdi, torpaq həsrəti, yurd göynərtisiymiş...
Sən demə çarəsiz qalanda dərd özü də ağlayarmış.
Doğulduğu torpağa qayıtmaq
arzusu ilə əriyib gedən “Dağlarda məğrur qalan daş”lara
həsəd aparan şair Sücaət deyirdi:
“Görmüşük ki, dərd ağladar adamı,
Dərdə bax ki, mənim
dərdim ağlayır”.
Ağlayan dərdi dizinin üstündə böyüdüb,
çiyninə çıxardan
şair də varmış. Bu gənc
şair Ələmdar
Cabbarlıdır. Bəs şair
dərdi niyə bu qədər əzizləyir? Çünki o dərd şairin içində Kəlbəcər
həsrətiylə doğulub.
Onu özüylə Kəlbəcərə
qaytarıb o dağa, bu daşa çırpıb,
sıldırımlardan üzüaşağı
buraxıb, məhv edib dağıtmaq istəyir. Ona görə də deyir:
- Bağrımı köz üstə qoydum,
Ömrümü söz üstə qoydum.
Dərd
verdin - göz üstə qoydum,
Niyə
çıxartdın çiynimə?..
Və yaxud da:
- Qəmindən libas biçmisən
Mənim bu yalın əynimə.
Güclü deyimdi. İnsan üşüyəndə
bürük axtarır...
Amma şairin libası qəmdən biçilib.
O, bu libası itirilən torpaqlara qayıdana qədər əynindən çıxartmaq
istəmir.
Ələmdar Cabbarlının “Yaşasan,
çoxdu bu ömür...” kitabını
vərəqlədikcə Vətən
dərdinin min rəngi,
min çaları oxucunun
gözündə bərq
vurur. Fikirləşirsən ki, doğurdan
da dünya ağlı-qaralıymış. Taley bəd gətirəndə, Vətən
parçalananda, ağa
gədə olanda, dərd bəyə, xana dönürmüş,
dünya qaranlıq görünürmüş:
- Saxlatman qapıda, yol verin, gəlsin
Mənə həsrət-həsrət baxan
dərdimi.
Yesir taleyimdən üstün tuturam,
O ağa dərdimi, o xan dərdimi.
Sən də unut məni,
ay boyu bəstə,
Bu dünya mənimlə
durubdu qəsdə.
Özüm böyütmüşəm dizimin üstə -
Sonradan çiynimə çıxan
dərdimi...
Gənc şair sözün üstünə pəhləvan
kimi yeriyir, qartal kimi şığıyıb
caynağına alır
sözü. O, çeynənmiş,
tamı qaçmış, daddan düşmüş fikir təkrarlamır, öz sözünü deyir. Sözü ovlayır, qızılquş
leş dalınca qaçmayıb, bülbül
ovladığı kimi
ovlayır, öz şikarını tapır.
Ələmdar Cabbarlı şeirlərinə
sözün bülbülünü
qonaq eləyir və misralarına qaranquş qanadı taxır:
- Yaranandan azad deyil,
Çəkiləsi əzab deyil.
Sürünməsən - az-zad deyil,
Yaşasan - çoxdu bu ömür.
Şair ömrün dəyərliliyini
yaşanan günlərin,
illərin çoxluğu
ilə ölçmür. Görülən işlər, əməllər
hər bir insanın həyatda qoyduğu iz, vətəninə, xalqına
sadiqlik onun ömür ölçüsüdür.
Ömrü sürünməklə yox, şərəflə yaşaya-yaşaya başa
vurmaq lazımdır.
Torpaqlarımızın azadlığı uğrunda cavan ömrünü fəda vermiş milli qəhrəmanlarımız, gənc
alimlərimiz, mədəniyyət
və incəsənət
xadimlərimiz və şairin özü kimi gənc yazarlarımız ləyaqətli
ömür yaşayanların
nümunəsidir.
Ələmdar Cabbarlı gənc olsa da, o, nurani
bir el ağsaqqalı kimi hamını imana, dinə səsləyir. İnsan inamı ilə imanını itirməməlidir,
nicat yolu ancaq əməlisalehlikdədir:
- Nicat gəzmə başqa yöndə,
Qurtuluş imanda, dində.
Və yaxud:
- Çoxu şeytan felindədi,
İmanı da dilindədi.
Deyir dünya əlimdədi- ...
Amma...
Özü Allahın əlində.
Dünyanı ovcunun içində sıxmağı düşünən
insan, əlbət ki, bədbəxdir. Kiməsə
yamaq olub, ucuz hörmət, miras varidat yığmaq
üçün gözü
onun-bunun əlində
olan insanlara gülür şair:
- Kimsəyə baş əyməz könlüm,
Bir könülə
dəyməz könlüm.
Bəndəyə göz dikməz
könlüm -
Gözü Allahın əlində!
Ələmdar Cabbarlı yönünü,
səmtini bilən gəncdir. O, səmtini elmə, yönünü yaradana, arxasını elinə və oxucularına söykəyir:
- Şər əməli mən tutmaram,
Dolanaram gen - tutmaram.
Bəndəsinə yön tutmaram,
Yönüm Allaha sarıdı.
Şair qorxunun özünü qorxaqlıq bilir. O adam qorxur ki, onun xofu
var. Həmişə oğru
qorxaq olar, çünki onun əməli bəd, niyyəti haram, idimi pis, gözü
ac olur. İnsan həmişə fikirləşməlidir ki,
onun üstündə
Tanrı sınağı
var.
- Yaxşını tanıyar
Tanrı,
Axtarar-arayar Tanrı.
Sevdiyini
sınayar Tanrı,
Sınağı olan qorxmasın.
Gənc şair sadə qələmi ilə sözə həm qəhrəman çuxası,
həm mələk donu geyindirir, həm qılınc kəsərliyi verir, həm də sevgi-məhəbbət dolu
məlhəm yumşaqlığı
gətirir.
Şeir əlində içərisi
sərinlik şərbəti
ilə dolu kuzəyə bənzəyir. Ürəyinin
odunu söndürmək
üçün başına
çəkib son damlasına
qədər içib
“oxqay” deyirsən:
- Könlüm Kəlbəcərə
köçüb yuxuda,
Özünə yurd-yuva seçib yuxuda.
Dağların suyundan içib
yuxuda,
Səhər dururam ki, dişim
göynəyir.
Ələmdar Cabbarlının yaradıcılığında
özünəməxsus, xəfif
gülümsəyən yumor
qarışıqlı şeirlər
və satira da var. O, bu şeirləri
ilə müasir gəncləri hər şirin dilə, bayağı hisslərə,
ötəri əyləncələrə,
süni boyalara aldanmamağa, ayıq olmağa çağırır,
saf məhəbbətə
bağlanın deyir:
- Üzdü işvə məni, üzdü naz məni,
Bu yollarda az
gözlətdir, az məni.
Dedi, kənddən gəlib, anlamaz məni
Dərə uşağıdı, düz
uşağıdı.
Bitib yollarında qala bilərdim,
Yarı öz günümə sala bilərdim.
Mən ondan intiqam ala bilərdim -
Dəymədim xətrinə - qız
uşağıdı...
Ələmdarın şeirlərində çox
həyalı və dəliqanlı məhəbbət
var.
“Dünən ölmüşəm
sənsiz,
Sabah üçüm olacaq”
Bəziləri bu ifadəni boğazdan yuxarı, söz xətrinə deyir. Amma Ələmdar bunu
Füzulinin Məcnunu
kimi, şair kimi deyir.
Şair müasir dövrdə dünyanı qana çalxayan, onun-bunun torpağında, sərvətində
gözü olan şər qüvvələrlə
balaca boyu və qələmi ilə mübarizə aparır. Dünya dövlətlərini qan tökməməyə, ədaləti
bərpa etməyə,
hər kəsə şirin olan - (balaca bir bülbülə
qaratikan kolluğu şirin Vətən olduğu kimi) vətəndə azad yaşamağa kömək
etməyə çağırır:
- Bizi odlayanı, oda salan yox,
Şərin ürəyinə qada salan yox.
Vətən davasını yada
salan yox,
Sərvət paylaşmağın davası
düşüb.
Dünyanın cənnətinə dəyişmədiyi
vətəni olan Kəlbəcər üçün
burnunun ucu göynədiyini deyir:
- Ürəklərdə dərdin-qəmin
hörgüsü,
Gözümüzdə boş vədlərin mürgüsü.
Yaman sıxıb məni Bakı bürküsü
-
Könlümə Kəlbəcər havası
düşüb.
Ələmdar Cabbarlının poeziya qələmi kimi, nəsr qələmi də güclüdür. Onun “Aptekçi”, “Test”, “Ağsaqqal”
və “Portret” hekayələrində köhnəliklə
yenilik müqayisəli
şəkildə üz-üzə
dayanır. Hekayələrin
məzmununda insanların
düzgünlüyə, mübarizliyə
can atması, məddahlıqdan,
riyakarlıqdan, yaltaqlıqdan
uzaq olması əsas yer tutur.
Müəllifin hekayələrindəki obrazlar özünəməxsus
cizgilərlə verilib.
Obraz elə çəkilib, rənglənib, təsvir edilib ki, oxucu
əsəri oxuduqca obrazın şəkli canlı insana çevrilir. Hətta rəssamlığı
bacara bilməyən oxucu belə o obrazın şəklini çəkib onunla canlı danışır.
Bu, gənc ədibin
özünəməxsusluğudur.
Xalqımızın qədim bir misalı
var: “Görünən
dağa nə bələdçi?” Həm
də belə bir deyim var:
“Qollu-budaqlı ağaca
yaxınlaşmasan, kölgəsini
biləmməzsən”. Ələmdar Cabbarlının həm poeziya, həm də nəsr yaradıcılığı göz
qabağındadır. Onun haqqında müsbət fikir söyləyən yaradıcı
adamların sayı yüzlərlədir... Gəlin
istedadlı bu gəncin qollu-budaqlı yaradıcılığına daha
da yaxın duraq... Kölgəsi bizi sərinlətsin.
Mən gənc
şairə daha böyük yaradıcılıq
uğurları, qələminə
güc və özünə döşündən
süd əmdiyi Dəlidağ dəyanəti
arzulayıram.
Vəliyəddin İSMAYILOV
Yazıçı-publisist
525-ci qəzet.- 2013.- 5 noyabr.- S.7.