Duyğulardan qanadlanan rənglər
Gənc rəssam Məryəm Ələkbərlinin
bu yaxınlarda işıq üzü görmüş
kitab-albomu haqqında düşüncələr
Bu yaxınlarda YUNESKO xətti ilə işıq üzü görmüş, gənc rəssam Məryəm Ələkbərlinin həyat və yaradıcılığını əks etdirən kitab-albomla tanış
oldum. Fransız
dilində nəfis şəkildə nəşr edilmiş
kitab-albomda bu rəssamın mənalı, işıqlı rənglərlə
zəngin sənət yoluna ətraflı nəzər yetirilir.
Kitab-albom məndə böyük maraq oyatdı. Çünki buradakı rəsmlərdən həyat
eşqi aşıb-daşan bir gəncin dünyaya olan nikbin və
həyati baxışları boylanır. Elə
buna görə də həmin kitab-albom haqqında öz fikirlərimi
açıqlamaq qərarına gəldim.
Kitab-albomda gənc rəssamın rəngarəng rəsmləri
yer almışdır. Məryəm mürəkkəbliklərlə
dolu dünyamızı reallıqda olduğundan daha çox
özünün görmək istədiyi kimi çəkir.
Elə buna görədir ki, Məryəmin rəsmlərinə
bir uşaq səmimiyyəti hakimdir. O, tablolarında əlvan
rənglərə üstünlük verməklə sanki
dünyanı daha əlvan, işıqlı görmək istəyir.
Gənc qızın sadə, lakin səmimiyyətlə
dolu sənət fəlsəfəsi bu işıqlı istəyə
köklənmişdir. Bunu duymaq, hiss etmək
insanı riqqətə gətirməklə bərabər, həm
də sevindirir.
Məryəmin palitrası kimi, mövzu dairəsi də
çox zəngindir. Peşəkar dillə desək, bu gənc
rəssam mənzərə, natürmort, portret, tematik və
başqa janrlarda işləyir. Məryəmin
rəng duyumu da çox həssas və genişdir. O, məsum,
uşaqlıq dünyasından ayrılmayan kövrək
duyğularını rənglərlə çox
inandırıcı şəkildə əks etdirir.
Məryəm rənglərin dili ilə
danışmağı xoşlayır. Onun çəkdiyi
rəsmlərin əhvali-ruhiyyəsini, mahiyyətini,
estetikasını məhz rənglər ifadə edir. Bu baxımdan Məryəmin palitrası impressionizm
koloritinə bənzəyir. Gənc rəssamın
əlvan rəngləri K.Mone, E.Mane, K.Pisarro kimi sənətkarların
işıqlı plener üslubunu xatırladır. Parlaq günəş şəfəqləri
altında bir qədər də işıqlanan rənglər
Məryəmin tablolarına impressionizm ab-havası gətirir.
Məryəmin hər bir əsəri sanki insanlara
ünvanlanmış bir çağırışdır. Bu
çağırış qeyri-səmimilikdən qaçmaq,
həyatda və təbiətdə gözəl olanı
görmək çağırışıdır. Doğrudan da onun əsərlərinə baxdıqda,
buradakı sadəliyi, saflığı anladıqda insan sanki
həyatda dəfələrlə gördüyü, lakin fikir
vermədiyi, etina etmədiyi kiçik gözəllikləri
bir daha kəşf edir. Bu kəşf insana
ruhi rahatlıq bəxş edir, onu həyatın gözəlliklərini,
əlvanlığını daha dərindən qiymətləndirməyə
səsləyir.
Haqqında söz açdığım kitab-albom gənc
rəssam Məryəm Ələkbərlinin
yaradıcılığını əks etdirən tutumlu bir
nəşrdir.
Məryəmin bu vaxta qədər 4 albomu
işıq üzü göüb. Bu
albomlar 2010, 2011 və 2012-ci illərdə Bakı, Paris, Moskva,
İstanbul və Ankarada çap olunmuşdur. Bu siyahıya əlavə olunan yeni nəşrdə
gənc rəssamın sənət yolu fərqli mövzular,
yeni rəsmlər əsasında canlanır.
Kitabda görkəmli şəxsiyyətlərin,
tanınmış sənətçilərin Məryəm
haqqındakı fikirləri, onun
yaradıcılığına verdikləri qiymət öz əksini
tapır.
Məryəmin rəngarəng əsərləri həm
respublikamızda, həm də xaricdə dəfələrlə
sərgilənib. 2010-cu ilin sentyabrında onun Bakıda iki sərgisi
keçirilib. Bunlardan biri “Qız qalası”
qalereyasında, digəri isə “Art harden”
salonunda baş tutub. Hər iki sərgi
haqqında mütəxəssislərin, sənət xadimlərinin
müsbət fikirləri səslənib.
Xarici ölkələrdə də Məryəmin dəfələrlə
fərdi sərgiləri təşkil olunub. Yeni nəşrdə
bu barədə məlumatlar öz əksini tapır. 2011-ci ildə gənc azərbaycanlı rəssam
qızın sərgiləri Berlində və Parisdə
keçirilib. Parisdəki sərgi iki
ünvanda - YUNESKO-nun iqamətgahında və “Vivienne art
qalerie” salonunda reallaşdırılıb. Belə mötəbər ünvanlarda sərgilərin
keçirilməsi, şübhəsiz ki, Məryəmin
yaradıcılıq uğurlarının göstəricisidir.
Yeni kitab-albomun ilk səhifələrində bu gənc rəssamın
işlədiyi maraqlı vedutalar - şəhər
görüntüləri öz əksini tapır. Maraqlıdır
ki, Məryəm tablolarında Parisdəki məşhur Eyfel
qülləsini də təsvir etmişdir. Qüllənin digər tikililərdən təcrid
olunmuş halda, ağacların və səmanın fonunda
kontrast rənglərlə təsviri onun simvolik mahiyyətini
xeyli qüvvətləndirir. Yeni alboma Eyfel
qülləsinin rəssam tərəfindən 2011-ci ildə
işlənmiş üç ayrıca rəsmi daxil
edilmişdir. Parisin digər
görüntüləri də koloritli rəng həlli ilə
diqqət çəkir. Bu təsvirlərdə
isti və soyuq tonlar ardıcıllıqla növbələşir.
Paris mövzusu Məryəmin
yaradıcılığında əsas yerlərdən birini
tutur. Buraya təkcə Eyfel qülləsinin təsvirləri
deyil, bir çox digər kompozisiyalar da daxildir. Bu silsilədə “Parisin görünüşü”
kompozisiyası maraq doğurur. Soyuq və
isti rənglərin özünəməxsus sintezindən
yaranmış bu koloritli tabloda şəhərin bir
görüntüsü, yaşıl ağacların əhatəsində
qədim, qülləli bina təsvir olunmuşdur. Tünd-mavi səmanın fonunda bina daha da əzəmətli
görünür. Binanın boz, sarı və
çəhrayı rənglərlə işlənmiş
fasadı, tünd qəhvəyi pəncərələri onun
monumental xarakterini daha da qüvvətləndirir.
Paris seriyasına “Paris göyləri”, “Bastiltya qalası”
kimi zəngin koloritli tablolar da daxildir. “Paris göyləri”
tablosunda şəhər səmasında, evlərin
üstündən uçan təyyarə kompozisiyaya sanki bir
nikbinlik, yüngüllük, asudəlik əhvali-ruhiyyəsi
verir. Bunun əksinə, “Bastiliya qalası” əsərində
göy-yaşıl fonda qırmızı-qara rənglərlə
işlənmiş qədim qala ağır silueti, tutqun görkəmi
ilə zəhmli, hətta qorxunc hisslər oyadır. Bununla belə, gənc rəssamın
işıqlı çalarlarla işlənmiş
tablolarının əksəriyyəti tamaşaçılara
şən əhvali-ruhiyyə bəxş edir.
Məryəm bəzən kontrast çalarları bir
kompozisiyada birləşdirməklə effektli kolorit təzadları
yaradır. Bu maraqlı, bir qədər kəskin xarakterli təzadlar
vaxtilə Niderland rəssamı Frans Halsın çox sevdiyi
ifadə tərzi olan parlaq əlvan rənglərin qara rənglə
növbələşməsini xatırladır.
Məryəmin natürmortları da maraq doğurur. Rəssam daha
çox gülləri təsvir edir. Həm də bu
güllər müxtəlif rənglərə -
qırmızı, sarı, bənövşəyi, ağ rənglərə boyanmışdır.
Məryəmin əlvan palitrasındakı az
qala bütün rənglər bu güllərdə öz əksini
tapır. Burada yenidən impressionizmə xas
Avropa boyakarlığı ənənələri yada
düşür. Ümumiyyətlə,
gül təsvirləri Məryəmin
yaradıcılığında xüsusi çəkiyə və
məna çalarlarına malikdir. Güllərin
rəngi, forması, düzülüşü rəssamın
yaradıcılığının emosional duyğuları
haqqında bitkin təsəvvür yaradır. İnsanlarda xoş əhvali-ruhiyyə yaradan bu
güllər, mən deyərdim ki, onun
yaradıcılığının bədii kodudur. Burada rəssamın
dünyagörüşünün, sənət fəlsəfəsinin
estetik mahiyyəti simvolik vasitələrlə ifadə
olunmuşdur.
Natürmortların
bir qismində müxtəlif ev əşyaları,
çıraqlar, əntiq əşyalar diqqəti cəlb edir
ki, bu da Məryəmin geniş maraq dairəsindən və dərin
müşahidə qabiliyyətindən xəbər verir.
Maraqlıdır ki, gənc rəssamın bəzi
tabloları suprematizm xarakterlidir. Onun
yaratdığı qırmızı, yaşıl, göy,
qarışıq rəngli kompozisiyalarda müxtəlif
ölçülü və rəngli yaxmalar müxtəlif həndəsi
kombinasiyalarda birləşərək harmonik, ekspressiv
görünüş təşkil edir.
Yeni nəşrdə diqqəti cəlb edən əsas bədii janrlardan biri də dəniz mənzərələridir. Dəniz təsvirləri Məryəmin sevə-sevə müraciət etdiyi mövzulardandır. Rəssam qoynunda doğulub boya-başa çatdığı Xəzər dənizi ilə gördüyü digər dənizləri, okeanı sanki eyniləşdirərək maraqlı dəniz görüntüləri yaradır. Bu görüntülərin rəng həlli müxtəlifdir. O, bəzən dənizi yüksək rakursda, fonsuz, perspektivsiz təsvir edərək başdan-başa göy ənginlik yaradır və bu ənginliyə ağ, qırmızı, çəhrayı gəmilər daxil edir. Bir sıra rəsmlərdə rəssam dənizdəki gəmiləri nisbətən iri planda işləyir. Bəzənsə o, dəniz mənzərələrinin daha mürəkkəb, kompozisiya baxımından daha dolğun nümunələrini yaradır və bunun üçün göy-yaşıl rənglərin müxtəlif çalarlarından məharətlə istifadə edir. Belə tabloların ümumi kolorit ahəngini soyuq rəng tonları müəyyənləşdirir. Sanki bu rəsmlərdə K.Monenin məşhur “Təəsürat. Günəşin çıxması” tablosunun təsiri, müəyyən bir əks-sədası, sakit, sürəkli ekspressiyası müşahidə olunur. Bəzən Məryəm dəniz mənzərələrində isti və soyuq rənglərin təzadlı kombinasiyasını da yaradır. Günəşin dəniz üfüqlərindən boylanmasını təsvir edən tablo məhz isti və soyuq rəng yaxmalarının növbəli düzülüşündən yaranmışdır. Burada isti rənglər qırmızı-sarı günəş şüaları, onların qızartdığı səma, dənizdəki əksi, soyuq rənglər isə təlatümlü, narahat dənizin göy sularıdır. Rəssam sanki soyuq, narahat dünyamızın üzərinə nur çiləməklə onun işıqlanan, rahatlıq tapan, arxayınlaşan obrazını alleqorik tərzdə, simvollar vasitələrlə əks etdirmişdir.
Məryəmin işlədiyi bir sıra animalistik fiqurlar məhz onun dənizə olan məhəbbətindən qaynaqlanır. Kitab-albomdakı belə təsvirlərdə çoxlu balıq, səkkizayaqlı dəniz ilbizi, su xərçəngləri və başqa canlılar təsvir olunmuşdur. Onları birləşdirən ümumi cəhət isə rəssamın çox sevdiyi mavi ümmandır.
Məryəm həmçinin müxtəlif təbiət lövhələrinin, ağacların yer aldığı mənzərələr də çəkir. Yeni nəşrdə belə mənzərələrin maraqlı nümunələri yerləşdirilmişdir. Onun göy, qəhvəyi və boz rəng çalarları ilə işlədiyi mənzərə tablosu sakit, romantik əhvali-ruhiyyəsi ilə yadda qalır.
Məryəmin müraciət etdiyi kontrast rəng tonallığı göy və qırmızı rənglər üçün daha xarakterikdir. Gənc rəssam bu iki rəngin qatışıqsız yaxmalarından istifadə etməklə kompozisiya baxımından sadə, lakin zəngin rəng həllinə, kolorit oynaqlığına malik rəsmlər işləyir. Bu cəhət özünü daha çox Məryəmin dəniz mənzərələri və bəzi natürmortlarında göstərir. Lakin kolorit həlli baxımından bu tipli tablolar A.Matissin məşhur “Rəqs” kompozisiyasını xatırladır. Göy və qırmızı rənglərin harmonik düzülüşü bu rəsmlərə həmin tabloda olduğu kimi müəyyən bir ritm, dinamika verir.
Məryəm portret janrına da müraciət etməyi xoşlayır. Onun portret işləri o qədər də çox deyil, lakin bu portretlərə səmimiyyət, coşqun plastika, temperament kimi mühüm keyfiyyətlər xasdır. “Avtoportret”, “Səidin portreti” kimi rəsmlərdə rəssamın obraza münasibəti rənglərdə əks olunmuş səmimi duyğular vasitəsilə öz ifadəsini tapır. Məryəmin portretləri üçün hətta alleqorik ifadə tərzi də xarakterikdir. Onun əsasən göy yaxmalarla işlədiyi “Mərmərə dənizində rəqs” tablosunda dənizin təlatümlü nəfəsi qırmızı geyimli qadın surəti ilə əlaqələndirilmişdir. Əsərə tamaşa edərkən istər-istəməz A.Mayolun qadın surətində təcəssüm etdirdiyi “Aralıq dənizi” heykəl kompozisiyası yada düşür. Gənc rəssam alleqorik formalara müraciət etməklə klassik Avropa incəsənətinin bir çox xüsusiyyətlərini çağdaş dönəmdə, həm də milli sənət müstəvisində və milli koloritdə canlandırmışdır.
Məryəmin əksər əsərlərinə saf, məsum dünyagörüşü xasdır. Onun çəkdiyi rəsmlərdə çoxlu quşlar, heyvanlar var. Həm də bunların bir çoxu dünyanın uzaq-uzaq yerlərində - Afrikada, Hindistanda, əlçatmaz Arktikada yaşayır. Gənc rəssamın yaradıcı təxəyyülü gördüyü və görmədiyi yerləri gəzib dolaşır, müxtəlif canlıların rəsmini yaratmaqda ona kömək edir. Bu təsvirlərdə ən müxtəlif heyvanları görürük. Ümumiyyətlə animalistika janrı Məryəmin çox xoşladığı, tez-tez müraciət etdiyi janrlardandır. Onun rəsmlərində atlar, dəvələr, ayılar, şirlər, timsahlar, fillər, zürafələr, dovşanlar, it, Şimal maralı, pinqvinlər, dələ, eləcə də balıqlar, quşlar, kərtənkələlər, hörümçəklər, kəpənəklər, tısbağalar, ilbizlər təsvir olunmuşdur. Rəssam tutuquşu rəsmləri yaratmağı da çox xoşlayır. Bu, yəqin ki, onun əlvan, parlaq rənglərə meyl etməsindən irəli gəlir. Axı tutuquşuları da çox zaman əlvan, parlaq tükləri ilə seçilir. Məryəm al-əlvan tutuquşularını güllərin əhatəsində təsvir etməklə rəsmlərin rəngarəngliyini daha da artırır.
Məryəmin bir sıra tablolarında milli xarakter, milli adət və ənənələrimizin əks etdirilməsi dəst-xətti güclüdür. Bu tablolarda el bayramları, Novruz görüntüləri təsvir olunmuşdur. Məryəm palitrasındakı əlvan rəngləri bu tablolara daxil etməklə milli koloritimizin rəngarəngliyini daha dolğun şəkildə əks etdirir. Bu rəsmlərdə al-qırmızı lentlə bəzədilmiş bayram səmənisi, onun ətrafındakı narlar, müxtəlif milli atributlarımız əks olunmuşdur. Gənc rəssamın öz dünyagörüşündən doğan bir məsumluqla əks etdirdiyi qırmızı lentli kəllə qənd əsl bayram ovqatı yaradır. Bu maraqlı rəsm “Xonça” adlanır.
Məryəm yaşına görə çox məhsuldar işləyir. Al-əlvan rənglər dünyası onun həyatda özünütəsdiqinin əsas yaradıcı formasıdır. İnanıram ki, gənc azərbaycanlı rəssam Məryəm Ələkbərli gələcəkdə də öz rəngarəng tabloları ilə insanlara sevinc hissi bəxş edəcək.
Timuçin Əfəndiyev
professor
525-ci qəzet.-
2013.- 5 noyabr.- S.4.