Kaş səni son dəfə görə biləydim

 

 

 

Kaş səni son dəfə görə biləydim

(Anam Ülkər xanımın əziz xatirəsinə)

 

Getdin, gedişinlə dəyişdi həyat,

Elə bil başıma uçdu kainat.

İndi qəlbimdəki tək arzu, murad -

Kaş səni son dəfə görə biləydim.

 

Ağlım başqa deyir, ürəyim ayrı,

Neynirəm mən sənsiz qalan diyarı -

Dərdinlə oğlunun yandı ciyəri,

Kaş səni son dəfə görə biləydim.

 

Ağladım, göz yaşım oldu bir ümman,

Çökdü üstümüzə zil qara duman.

Ayrılıq ağrısı olurmuş yaman,

Kaş səni son dəfə görə biləydim.

 

Ölüm yaman yerdə haqladı səni,

Soldu evimizin gülü, çəməni.

Heç bəy libasında görmədin məni,

Kaş səni son dəfə görə biləydim.

 

İndi ucaltmışıq bir məzar daşı,

Görəndə dayanmır gözümün yaşı-

Yağır leysan kimi həsrət yağışı,

Kaş səni son dəfə görə biləydim.

 

Sən qurdun qəlblərdə böyük səltənət,

Yerin behişt olsun, məkanın cənnət.

Bir zərrə təsəlli olardı əlbət -

Kaş səni son dəfə görə biləydim.

 

Ceyhun HİDAYƏTLİ

525-ci qəzet.- 2013.- 6 noyabr.- S.8.