"Diqqət, mikrofon!"
Zərxanım Əhmədlinin yenicə
nəşr olunmuş
"Diqqət, mikrofon!"
adlı kitabında müəllifin Azərbaycan
Radio və Televiziyasının
bir sıra korifey sənətkarları
haqqında hazırladığı
və "Ədəbiyyat
qəzeti"ndə çap
olunmuş silsilə portret yazıları, həmçinin radio-televiziya
jurnalistikası, efir mədəniyyəti, radio-televiziyanın
dil xüsusiyyətləri
və bu sahədəki bir sıra milli-mənəvi dəyərlər barədə
hazırladığı məqalələri
toplanmışdır.
"Efir bir dünyadır" deyən
müəllifin özü
də uzun illər bu dünyanın
ən cəfakeş sakinlərindən biri olub. Onun fikrincə, bu
dünyanın öz dili, öz sirləri,
öz qanunları, öz sakinləri var. Bu dünyanın sakinləri
yalnız özləri
üçün yaşamırlar.
Bəzən özləri min dərd
içində olsalar da, kimsəyə bildirməzlər, bəzən
bir görməzin gözü, bir dilsizin danışan dili olarlar bu
dünyanın sakinləri.
Haqqında söhbət açdığı
insanların bir çoxusu ilə uzun illər ünsiyyətdə olan Z.Əhmədli onlardan qayğı, diqqət görüb və tövsiyələrini dinləyib. Ona görə
də çiynində
haqqı olan hər bir insanı
dəyərləndirməyi özünün mənəvi
borcu hesab edir. Onların hər birisinin
sənət yolunu bir məktəb hesab edir. "Efir bir dünyadır",
"Diqqət, mikrofon!",
"Kökə bağlılıq",
"Efir mədəniyyəti",
"Danışır Bakı",
"Ənvər Əlibəyli",
"Bakı vaxtilə
saat", "Sabutay Quliyev", "Ofeliya Sənani", "Ekranda gördüm səni",
"Poeziya dərsləri",
"Gün keçdi",
"Nə yaxşı
ki, siz varsınız",
"Gün Səhər
ilə başlayır",
"Bu dünyanı nağıl
bilək", "Əcəli
də təbəssümlə
qarşıladı", "Yadındamı" yazılarının
hər biri kövrək notlarla qələmə alınmışdır.
Azərbaycan Radiosunda fəaliyyətə
başladığı illərlə
bağlı xatirələrini
"Kökə bağlılıq"
yazısında müəllif
belə xatırlayır:
"Mən radioya təzə gələndə
həftəlik verilişlərin
müzakirəsini çox
maraqla dinləyirdim. Çünki məruzəçilər peşəkar radio jurnalistləri
idi. O insanların
çıxışları sözün əsl mənasında Radio dərsləri
idi".
Azərbaycan Radiosunu sözün həqiqi mənasında böyük məktəb hesab edən Z.Əhmədli "Danışır Bakı" məqaləsində bu məktəbin yaradıcılarından biri - ədəbi ictimaiyyətin daha çox şair, tərcüməçi Teymur Elçin kimi, Azərbaycan Radio-Televiziya əməkdaşlarının isə Teymur müəllim kimi tanıdığı, o vaxtkı Azərbaycan Tele-Radio Verilişləri Komitəsinin sədri vəzifəsində çalışmış Teymur Əliyev haqqında böyük məhəbbətlə söz açır: "Cəmisi 7 il sədr vəzifəsində çalışıb, amma Azərbaycanın efir dünyasında əbədiyaşar bir ömür qazanıb. Mən onu görməmişəm, amma 70-ci illərdə o məkana ayaq basdığım andan adını eşitmişəm. Onunla birgə çalışan yaşlı nəslin nümayəndələri öz xatirələri ilə onun obrazını elə yaradıblar ki, o, sanki mənim gözlərim qarşısında da canlanır. Tanınmış diktor Züleyxa Hacıyeva deyir ki, bugünkü radio-televiziya məktəbi onun yadigarıdır".
Z.Əhmədli kitabın sonunda bir daha Teymur Əliyev fenomenini xatırlayaraq qeyd edir ki, onu tanıyanlar Teymur Elçin haqqında elə məhəbbətlə söhbət açdılar ki, mən də onların həmin söhbətlərini mətnləşdirib təqdim etməyə qərar verdim.
"Diqqət, mikrofon!" kitabında diqqəti çəkən cəhətlərdən ən birincisi insana, insanlığa, sözə, milli dəyərlərə verilən yüksək qiymətdir. Bu da müəllifin öz vətəninə, xalqına, öz peşəsinə olan sonsuz məhəbbətinin təcəssümüdür.
Qələm və məslək dostumuz Zərxanım Əhmədlini Radio Günü münasibətilə təbrik edir, yeni kitablarının işıq üzü görməsini arzulayıram.
Maral POLADOVA
525-ci qəzet.- 2013.- 6 noyabr.- S.2.