Təsəvvüf və postmodernist dekonstruksiya

 

 

"Bir mətnin yazılı sətirləri ilə bu sətirlərin boşluqları arasında heç bir fərq yoxdur" - çağdaş düşünürlərdən Stenli Rosen özünün "Hermenevtika siyasət kimi" əsərində hermenevtika tarixini məhz bu düşüncə ilə nəticələndirir.  Bu düşüncəni doğuran səbəbləri isə belə ümumiləşdirir: "Hermenevtikanın birinci qayəsi Tanrının kəlamını açıqlamaq olmuşdur. Bu qayə sonralar insanın kəlamının açıqlanması müddətinin müəyyənləşdirilməsinə qədər genişləndi. On doqquzuncu əsrdə əvvəl Hegeldən, sonra isə Nitşedən daha təsirli şəkildə öyrəndik ki, Tanrı ölmüşdür. İyirminci əsrdə onların Kojev və Fokault kimi davamçıları bizə insanın öldüyünü xəbər verdilər. Beləliklə, insanın ölməsi post-antropolojik dekonstruksiya boşluğunun qapılarını açırdı. Hermenevtikanın əhatəsi genişlənərkən anlamın iki əsl mənbəyi Tanrı və insan gözdən itdilər, dünyaya və ya kosmosa çəkildilər və biri dil fəlsəfəsi, dil bilgisi fəlsəfəsi (və ya bunların eyni anlamlılarından biri) deyə adlandırdığımız öz boşboğazlıqlarımız ilə buraxdılar. Əgər heçlik gerçəkdirsə, gerçək heçlikdir; bir mətnin yazılı sətirləri ilə bu sətirlərin boşluqları arasında heç bir fərq yoxdur".

Müasir postmodernist düşüncənin apokaliptik xülasəsini sezdirən bu fikirlər - subyektin itməsi, obyektin etibarsızlığı, müxtəlif qurumların bütün teoloji varoluş səbəbləri ilə bərabər sabit və təkrarlana biləcək anlamın çox oluşunu da gətirdi. Əgər bugünkü postmodern əhval-ruhiyyəli dünyada yazıçılar və oxucular doğrudan da vardırlarsa, onlar K.Kortinin dediyi kimi, "arzuların və inamların mərkəzsiz ağrılarından" başqa bir şey deyildirlər.  Bu təqdirdə istər-istəməz belə bir sual meydana gəlir ki, insan heç kimin uzlaşa bilmədiyi obrazların, rəmzlərin yer aldığı əsərləri yazmağa və oxumağa necə davam  edə biləcək?

Bu gün postmodernizmin qarşılaşdığı, bəlkə də doğurduğu bu sual əslində neçə əsrlərdir ki, təsəvvüf tərəfindən başqa bir müstəvidə, bəlkə də daha doğrusu, başqa bir fəzada sorulur. Təsəvvüfün Quran, Kitab, Müshəf və s. isimlərlə sonsuz bir anlam xəzinəsi kimi ələ aldığı ilahi vəhyə şamil edilənlər  postmodernizmdə hər bir mətnə, hər bir mətnin bütöv bir mətnin tərkib hissəsi olduğu sayılaraq, aid edilir. Sufi, insan ağlının sonsuzun dərkində acizliyini qəbul edib, "İlahi vəhyin hökmlərini yaşam prinsipləri kimi fərdi həyat təcrübəsində sınaqdan keçirərək, vəhyin sonsuzluqlarında əriyib fəna olmaq dərəcəsinə gəlib çatmağın, lakin yenə də Kitabın sirrinin açılmadığını, açılmayacağını hətta nə qədər mümkün dərin təfsirlərlə kitaba nüfuz edilsə də, Tanrının hər an doğub-törətdiyi, lakin heç əksilmədiyi, eləcə də Quranın sonsuz şərhlərinin davam etdiyinə baxmayaraq öz sirrindən heç nə vermədiyini, nə qədər açılsa da, yenə də tam qapalı qaldığını iddia edir.

Təsəvvüfdə Quranın sonsuz sayda şərh və anlamlarının olması fikri müqəddəs kitabın yorumlarında, təfsir tarixində geniş yayılmış, bir çox görkəmli sufinin, eləcə də islam filosof və alimlərinin qəbul etdiyi fikirdir.

Tədqiqatçılar bu ənənənin dördüncü xəlifə Əlidən gəldiyini, sonralar da şiəlikdə təvil termini adı ilə Quranın sonsuz sayda batini anlamının ola bilməsi, həmçinin, mətni şərh etməkdən daha çox onun sərbəst buraxılması və oxucunun yüksək yeni anlamların yeni səviyyəsinə gətirilməsi kimi göstərirlər. Əbu -Hamid Qəzali özünün "Kitabül-ədəb-i Havat-i Quran" əsərində məşhur "Əgər istəsəydim, Fatihənin təfsirindən yetmiş dəvə yüklü kitab yazardım" hədisini nümunə göstərərək ilahi vəhyin batini yorumlarını qəbul edir.

Maraqlı bir cəhət burasındadır ki, Quranın batini yorumlanmasının sərhədləri İslam düşünürlərinin təsəvvüfə  münasibəti dərəcəsindən, təsəvvüfü nə dərəcədə qəbul etmələrindən çox asılı olmuşdur. Məsələn, təsəvvüfü qəbul etməyən, onun sərt əleyhdarlarından olan İbn-Teymiyyə Quranın hər hansı bir batini yorumlanmasının da əleyhdarı olmuşdur. Təsəvvüflə ortodoksal islamı barışdırmağa çalışan Qəzali Quranın yalnız bir doğru şərhinin zahiri şərh olduğunu iddia edən ərbabi-zəvahirin (ekzoteristlərin) mövqeyini cahilliyin örtüsü kimi tanımlamışdır. Amma eyni zamanda Qəzalı Quranın sonsuz şərhinin   heç bir vaxt tərəfdarı olmamışdır. Tamamilə təsəvvüf əhli sayılan düşünürlər isə bir çox hallarda Quran mətni üçün sonsuz sayda anlamların olduğunu iddia etmiş, hətta ilk baxışda onların bəzi yorumları Quran məntiqinə, Quran ruhuna yad, hətta bəzən tamamilə zidd bir mövqe kimi alqılanmışdır.   

Postmodernist dekonstruksiyanın əksinə olaraq təsəvvüf yorumları ancaq bir mətn üzərində vurğulanır və bu mətn təsəvvüfə görə bütün mətnləri ehtiva edir: "Bir qismimiz Onu görür və bilmirik sevgi də ancaq Yaradana istiqamətlənə bilir. Lakin Allah Suad, Zeynəb, Hind, Leyla, dünya, pul, məqam kimi aləmdə sevilən bütün şeylərlə bu sevgidən pərdələnmişdir. Amma şairlər varlıqlarda sözlərini tükətmiş, bu gerçəyin fərqində belə olmamışlar. Ariflər isə bir şeir, bir tərif, bir qəzəl duyduqlarında, surətlərin pərdəsinin ardında gizlənəni (Allahı) görmüşlər."

Hər mətnin arxasında Allahı görmək, onu bütün təcəllilərin, təzahürlərin hər bir zaman və məkanda var olan qaynağı kimi görməkdir. Belə olan şəkildə təsəvvüf yalnız Allahın vəhyi olan bir və ya bir neçə Kitab deyil, məzmunundan, məna və qayəsindən asılı olmayaraq yazılan bütün kitabların Tanrının və Tanrıya aid olduğuna inanan bir dünyagörüşünə çevrilirmi? Təsəvvüf tarixində zahirən Tanrını inkar səviyyəsinə qalxışan Bistami, "ənəlhəq" deyən Həllac Mənsur, zalım Fironu açıq şəkildə tərifləyən İbn-Ərabi, "səni bu hüsni camal ilə, kamal ilə görüb, qorxdular həqq deməyə, döndülər insan dedilər" - deyə insanı Həqqdən uca tutan Nəsimi və s. onlarla, yüzlərlə nümunə əslində təsəvvüfün XIX əsrdə Nitşe nihilizminin, postmodernizmin keçən əsrin sonlarından başladığı bir işi - metafizikanın dekonstruksiyasını daha geniş, daha dərin və daha anlamlı şəkildə əsrlər öncə qabaqladığını görməmək mümkün deyil. Fərq sadəcə mövqelərdədir. Bugünə qədər Qərb metafizikası ilə Şərq panteizmi arasında müəyyən müqayisəli paralellər aparılmasına baxmayaraq, hər təfəkkür tarixində mühüm iz buraxacaq tədqiqat işləri yox dərəcəsindədir. Əslində qloballaşmanın yayğınlaşdığı və artıq göründüyü kimi geriyə dönüşü olmayan bir şəkildə hər şeyi əhatə etməyə başladığı müasir dövrdə bu kimi tədqiqatlara çox ciddi ehtiyac vardır. Eləcə də, təsəvvüfdə də Qərb fikir tarixindəki Nitşedən müasir postmodernizmə  qədər uzanan antimetafizik fikir istiqamətinin çox mühüm, əsaslı elementlərinin hələ çox-çox öncədən mövcud olduğunu tam cəsarətlə iddia etmək olar. Hesab edirəm ki, bu yöndə də mühüm tədqiqat işlərinin aparılması olduqca zəruridir.

Postmodernizm dekonstruksiyası ilə təsəvvüf yorumlarının müqayisə edilə biləcəyi xüsusiyyətlərdən biri mətnin hər hansı bir məna sərhədlərindən aşması, eləcə də, çox zaman anlaşılan mənalarına göstərilən etimadsızlıqdır. Mətndən çıxarılan anlam və anlamlar vəziyyətə, oxuyucuya, oxuyucunun anına görə fərqli anlamların sonu gəlməyən bir axını halını alır. İbn-Ərabinin "Fütuhat"ının ikinci cildində oxuyuruq: "Şərhlərin Allah tərəfindən məqsədləndiyini göstərmişdik. Allaha qarşı bir hökm verilə bilməz. Belə ki, Allahın kəlamından tələffüz edilən hər hansı bir ayət - bu istər Quran, istər endirilmiş bir kitab və ya səhifə və ya ilahi xəbər olsun - sözünün daşımış olduğu bütün anlamlarla birlikdə ayətdir.  Başqa bir ifadə ilə söz ayətə əlamətdir və özünü o dildə endirən tərəfindən bu ehtimallar məqsədlənmişdir. Çünki onu endirən bütün ehtimalları bildiyi qədər qullarının ayətə baxışlarının fərqli olduqlarını da bilir. Ayətdən hər kim nə anlarsa, anladığı o şəxs adına bu ayət ilə qəsd edilən anlamdır…

Quran sahilsiz bir ümmandır, çünki Ona aid bir söz, yaradılmışların sözünün əksinə, sözün özünün tələb etdiyi bütün anlamları qəsd etməkdədir".

Qurani-Kərimin altıncı surəsində deyilir: "Kitabda biz heç bir şeyi əskik buraxmadıq". "Heç bir şeyin əskik buraxılmadığı", hər bir şeyi ehtiva edən Quran mətni, təsəvvüfə görə, məna və surətlərin sonsuzluğu, olmuş və olacaq, düşünülən və düşünülə biləcək hər bir şeyi içərən "sahib olduğumuz ən yaxın Tanrı metaforasıdır".

İlahi kitabların məna və məzmununun sonsuza vardığı, hər şeyi əhatə etməsi, verdiyi xəbərlərin hər birinə oxucunun qabiliyyət, səviyyə və əhval-ruhiyyəsinə müvafiq dəyər biçilməsi, bu xəbərlərin müxtəlifliliyinin sərhədsizliyi, yaxud bütün tarix boyu həmin kitabı oxuyanların sayı qədər olması fikri yalnız təsəvvüfə deyil, digər dinlərin də ezoterik istiqamətlərinə xas olan bir fikir olmuşdur. Məsələn, Tövrat vəhy olaraq gəldiyi zaman mövcud olan yəhudilərin sayı altı yüz min nəfər olduğu iddia edilir. Məhz bu baxımdan İsaak Luria - Tövratın altı yüz min üzü vardı - mistik iddiasını irəli sürmüşdür. Yaxud toplam yetmiş yeddi min iki yüz hərfdən ibarət olan Quranın hər hərfinin bir elm olduğu iddiası da dini ezoterik bilginin içərisində yer alan, hətta İbn-Ərabi kimi görkəmli bir mütəsəvvifin də bir düşüncə metodu olaraq qəbul etməsi də bu kimi mistik numerologiyanı, etimologiyanı və s.ni özündə ehtiva edən fikir istiqamətlərinə olan inam əslində ilahi mətnin, yuxarıda qeyd etdiyimiz kimi, olmuş və olacaq, düşünülə bilən və düşünülə bilməyən hər şeyi özündə əhatə etməsinə  olan inamdan doğmuşdur. Bu inama görə Allah hər zaman və hər yerdə mövcuddur. O, mütləqdir və onun üçün zaman və məkan nisbiliyi yoxdur. O, öz yaratdığı insanın gələcəkdə hansı tərzdə Onun kəlamını anlayacağını görməyə qadirdir. Təsəvvüfə görə, Allah Quranın endirildiyi vaxtdan dünyanın sonuna qədər hər bir zamanın gəlib çatdığı elmi biliklər səviyyəsində və insanların inkişafı səviyyəsində ən müxtəlif şəkildə şərh olunma ehtimallarını əvvəlcədən bilmişdir. Hətta ibn-Ərabiyə görə Quranın sonsuz semantik dərinliyi və onun hər bir zamanın və hər bir insanın ağlının səviyyəsində oxunub şərh olunacağı Allah tərəfindən öncədən görülməyə müvafiqləşdirilmişdir.

Bunu bugünkü postmodernist baxış bucağından yanaşdıqda da, dünyanın sonsuz bir mətn kimi düşünülməsi açısından yanaşıldıqda da, Quranın tarix səhnəsində var olduğu gündən bugünə qədər ən müxtəlif şərhlərə məruz qalıb, hər bir ayəsinin, hər bir sözünün, hətta hər bir hərfinin belə bütün zamanlar ərzində, eləcə də oxunduğu hər bir oxucu tərəfindən ən müxtəlif şərhlərə məruz qalmasına baxmayaraq, yenidən sonsuz şəkildə şərh oluna bilmək mümkünlüyünü saxlaması baxımından onu sərhədsiz mətnliliyin bərabəri olmayan bir nümunəsi kimi görmək mümkündür. Postmodenizmin təməl sütunlarından, ən görkəmli nümayəndələrindən biri olan Jak Derridanın dekonstruksiya və bütün dünyanın bir mətn olması kimi ana fikirləri təsəvvüfün əsrlərlə Qurana münasibətinin və Quran üçün dediklərinin bütün başqa kitablara şamil edilməsi fikrini doğurur. Derrida özünün "İşarə, Hadisə, Kontekst" məqaləsində yazır: "Yazmaq - bir növ maşın təsis edən bir işarə istehsalıdır və bu maşın təsiredici istehsalçıdır; gələcəkdəki yox olma bu maşının işləməsini və məhsul verməsini və öz-özünə məhsul verməsini, oxumasını və yenidən yazmasını prinsip etibarilə durdurmayacaqdır".

Müəyyən nöqteyi-nəzərdən postmodernist düşünürün, təsəvvüfün Qurana olan baxışlarını bütün mətnlərə şamil etdiyini iddia etmək olar. Postmodernizm üçün də heç bir mətnin yalnız bir anlamı yoxdur. Hər bir mətn digər mətnlərdəki yaxın anlamlara sahib olur, hətta ifrat dərəcələrdə belə fərqli istiqamətlərdə oxunma və təkrar fərqli anlamlarda yenidən oxunma xüsusiyyətinə malikdir. Hər bir mətnin kontekstləri mətnin mövcud olmasını mümkün etməklə bərabər, mətnə nəzarət edə bilməməsi, mətnin həmişə öz referentindən ayrılmış möhtəməl forma müəyyənliklərini daşıması məcburiyyəti də postmodernist düşüncə üçün səciyyəvidir. Təsəvvüfün Quranda Tanrının öncədən hər şeyi görməsinin və kitabın bütün zamanlar üçün, eləcə də hər bir oxucunun hər oxuduqda durum və səviyyəsinə münasib biçilməsinin əksinə olaraq postmodernist baxışda mətnin necə oxunduğu və rast gəlinə biləcək hallara nəzarət edilib-edilə bilinməsini təhmin etmək mümkün deyildir. Tanrının öncəgörməsindən fərqli olaraq burada yazıçı harada, nə zaman, kimə, anlamının hansı səviyyə və duruma görə açılacağını bilmədən yazır. Təsəvvüf Quranı sonsuz, sərhədsiz, heç bir zaman bitib-tükənməyən anlamlar dəryası olaraq görür. Postmodernizmə görə isə mətn, əksinə, zəngin deyildir, hətta yoxsuldur, mövcud anlamlarını isə intermətnlilik əhatəsində ətrafındakı mətnlərdən alır. Məsələn, Derridaya görə, mətn sahibinin vermək istədiyi, verdiyi "Yaşayan diskursun tantomu, ruhu, simulyakrı cansız deyil, əhəmiyyətsiz deyil; bəsit şəkildə kiçik olanı və hər zaman eyni şeyi işarə edir. Kiçiyin bu işarəsi, çox tutmayan bu diskurs bütün xəyalatlar kimi sərsəri, macəraçıdır. O bu yolda yuvarlanır və yolunu azmış biri kimi.., doğru bildiklərini itirmiş biri kimi, bir günahkar, bir pis toxum, bir avara, bir macəraçı, bir evsiz kimidir. Küçələrdə dolaşır, kim olduğunu, adının nə olduğunu belə bilmir… kökündən sökülmüş, anonim, bir evə və ya ölkəyə aid olmayan, harada isə bu əhəmiyyətsiz işarə hər kəsin istifadəsindədir və həm peşəkar, həm də peşəkar olmayanlar tərəfindən istifadə oluna bilir, onun haqqında heç bir şey bilməyənlər tərəfindən bütün bədxah vəziyyətlərə düçar edilə bilir".

Bu ifadələr postmodernist, dekonstruktiv mətnin anarxist təbiətinin göstəricisidir.  Bu anarxist təbiət kontekstləri, sistemləri dağıdır. Postmodernizmdə mətn birliyi, vəhdəti dağıdan bir təhlükədirsə, təsəvvüfdə mətn birliyi, vəhdəti ifadə edir. Quranın bütün zamanlar ərzində çox fərqli şərhləri, təfsirləri belə onun kontekstlərini bərtərəf edə biləcək, sistemini poza biləcək nəticədə kitabın ifadə etdiyi birliyə, vəhdətə zərər gətirə biləcək zidd təmayüllər yaratmır, əksinə, yenə də vəhdəti gücləndirir, kitabın hər şeyi əhatə etmək fikrini dərinləşdirir, detalları, fraqmentləri, hissələri… "bütünün parçaları olaraq" göstərir. Postmodernizmdə mətn hər oxunuşda dekonstruksiya nəticəsində, "sökülür", sistemsizləşdirilir, digər mövcud mətnlərə qarışıb itir, anlamsızlığa düçar olursa, təsəvvüfdə Quran ibn-Ərabinin təbiri ilə deyilsə, oxunduqdan sonra yenidən doğrulur, canlanır: "bir qismi təhrif edilmiş kitabı doğruldur. Çünki daha öncə doğru ikən alimlərin təvilləri onu təhrif edə bilir. Beləcə, Allahın razı olduğu işləri yerinə yetirmə imkanı verdiyi birisi gəlir və kitabı doğruldur".

Təsəvvüf Quran mətninin şərhinin heç bir zaman başa çatmayacağı ilə bərabər, həm də bu şərhlərin heç birinin Yaradanın Sözü ilə bir əlaqəsinin olmadığını da iddia edir. Nə qədər şərh olunsa da, bu kitab yenə də haqqında heç nə bilməyəcəyimiz bir kitabdır, bir sirdir.

 

 

Afaq Əsədova

525-ci qəzet.- 2013.- 7 noyabr.- S.7.