Əsrarəngiz din və
mənəviyyat abidəsi - Zərdüşt təlimi "Avesta"
Əsrlər boyu bir çox dünya aliminin diqqət mərkəzində
dayanan,
davamlı
tədqiqat obyekti olan Zərdüşt təlimi "Avesta",
aradan uzun zaman ötsə
də, hələ də öz aktuallığını, sirrini qoruyub saxlamaqdadır. İlk dəfə
ariya dilində yaranan "Avesta", əlbəttə, Midiyada təşəkkül tapmışdı.
Yeni dini baxışlarına görə təqib olunan,
sonralar vətənini
tərk etməli olan Zərdüşt peyğəmbər Şimali
Xorasana hicrət etmiş - köçmüşdü.
"Avesta" vəhy ilə gələn bir kitab idi ki,
Müdrik Tanrıdan zaman-zaman Zərdüştə
verilmişdi. "Avesta"nın dili ariya dilidir ki,
bizim eramızdan əvvəl VI əsrin ortalarında fars dilinin İran və Şərq mühitində hakim dilə
çevrilməsi nəticəsində
sıxışdırılmağa başlandı. Xüsusən
II Kirin və I Daranın
dövründə "Avesta"
fars dilinə
tərcümə edildi
və bütün İran Şərqində,
Midiyada, Əfqanıstanda,
Orta Asiyada hakim dinə çevrildi. Eramızdan əvvəl IV
əsrin sonlarına yaxın Makedoniyalı İsgəndər İranı
işğal edərkən
"Avesta"nı yandırtdı və yalnız onun kiçik bir hissəsini yunan dilinə tərcümə
etdirdi. Lakin sonralar Parfiya hökmdarı I Voloqez eramızın birinci əsrində "Avesta"nın mətnlərini
yenidən bərpa etmişdir.
Sasanilər eramızın III əsrin
başlanğıcında "Avesta" mətnlərinin
yenidən toplanmasına
alimləri səfərbər
etmiş və kitabın yeni son variantını hazırlamışlar. Əlbəttə,
təşəkkül tapdığı
dövrdən sonra üç dəfə dəyişikliyə məruz
qalmış bu kitab imperiyanın dili olan fars dilində meydana çıxdı. Ancaq "Avesta" və ariya dilini
parçalanmış, çilik-çilik
edilmiş bir güzgüyə bənzətsək
bu gün belə məsuliyyətlə
deyə bilərik ki, bu güzgünün
kiçik parçaları
talış, gilək,
mazandaran, kürd, tat dillərində qalmışdır.
Ahura, hu - səs, ra - tanrı, yol. Tanrı Musaya
huh - deyə xitab etdi. Musa da Tanrıya Yahvoh,Yehvoh,
Yahva, Yahovah, - deyə müraciət etdi. Zərdüşt Tanrını Ahura,
- deyə çağırdı.
Zərdüştdə və Musada
hu daha çox
tanrılaşdı və
mütləq tanrı
adını aldı.
Çünki onlar tanrı
səsini hu, huh kimi eşitmiş, onu ilk olaraq səs kimi, yəni qeybdən gələn səs kimi anladılar. Tanrı deyərkən Zərdüşt
də, Musa da görünməyən, maddi
olmayan, lakin hu, huh kimi eşidilən
bir səsin arxasında möhtəşəm,
əzəmətli, hər
şeyə qadir, uca, qüdrətli bir varlığı dərk etdi. Yəni Zərdüşt də,
Musa da Allahı səs kimi qəbul
etdi.
Eramızdan iki min il
öncə Mesapotomiyada
və indiki İranın cənub-qərbində
yerləşən Xuzestan
(Huzestan) və Suzestan əyalətlərinin
mərkəzi şəhəri
olan Suz şəhərinin baş
allahı Humpan və onun oğlu
Hutran olmuşdur.
Məzda,
Mazda. Mə-zda, Ma-zda, Ma-znda.
Ma-maya, yaradıcı
maya və yaxud yaradıcı nüvə, başlanğıc,
Zda, Znda - bilən, Məzda, Mozda yaradan, hər şeyi bilən, bilik mayası, yaradıcı biliyə başlanğıc verən
mənbə deməkdir.
Hind sanskrit dilində Ahura yox, Asura deyilir
ki, sur, zur, su, zu
fars, tacik, talış, gilək dillərində güc deməkdir. Ümumiyyətlə
qədim Ariya (Avestada airya) dilində, yəni ilk mənbədən qalan müəyyən sözləri,
əsasən əşya
bildirən söz və söz birləşmələrini izah
etmək üçün
hökmən fars, rus, talış, tacik, gilək, mazandaran, kürd, tat dillərini bilmək və yaxud bu
dillərin oxşar və fərqli cəhətlərini bilmək
lazımdır. Mənə
elə gəlir ki, Zərdüşt bir peyğəmbər kimi zühur edərkən bütün
İran Şərqində,
Əfqanıstanda, Hindistanda,
Orta Asiyada hətta Suriya və Fələstində
bir ariya dili bütün dialekt və ləhcələri ilə
mövcud idi. Fars və Midiya
dilləri belə tam formalaşmamışdı. Ona görə də Zərdüştün yaşadığı
dövrün bəzi zərdüştşünaslar tərəfindən eramızdan
əvvəl XI - XII əsrlərə
aid edilməsi daha realdır.
VII əsrin ortalarından başlayaraq uzunmüddətli
müharibə və müharibələrdən sonra,
islam dini İranda, Azərbaycanda, Əfqanıstanda və digər ölkələrdə
bərqərar olandan sonra belə Zərdüşt dinin tanrısı olan Ahura, Huta, Huda, Xuda (fars, gilək
dillərində), Xıdo
(talış dilində)
kimi Tanrı adları unudulmamışdır.
Bu gün belə
İranda, Azərbaycanda
Allaha Xuda deyə müraciət edilir. Anhra Man, Ənhra Man - Sər ruh, Satana deyə
tərcümə olunur.
Əlbəttə, Satana, - Sə-tan
qədim Midiya və indiki talış dilində qırmızı libas, qırmızı geyim, qırmızı geyinən
deməkdir. Fars və gilək dilində olsaydı sorx libas kimi
işlənərdi. Satana ifadəsi
rus və digər dillərdə indi də işlənir.
Məsələn, şeytan, diavol,
iblis kimi. Hr - duman, Ənhra böyük miqyaslı duman, daha doğrusu,
işığa qarşı
duran duman, Man - duman mənbəyi, duman yaradan başlanğıc
kimi anlaşılmalıdır.
Duman,
du-man sözünün özü
belə, du - yalan (talış dili), Man mənbə deməkdir.
Beləliklə, Anhra
Man, Ənhra Man həm
qaranlığım, həm
də yalanın mənbəyi idi.
Zurvan Zərdüşt təlimində yaratma gücü, qüdrəti olan Ahura Məzda. Ənhra Manı yaradan əbədi zaman anlamında başa düşülür. Zurvan Tanrı olan Ahura Məzdanı və şər ruh olan Ənhra Manı yaratmışdır. Bu iki başlanğıcın mənbəyi, şübhəsiz, Zurvandır. Zurvan sözü qədim Midiya və indiki talış dilində zur, zu, sur, su, zor - güc, qüdrət, van, von sahib, güc sahibi, qüdrət sahibi deməkdir. "Avesta"da sur sözü güc mənasında işlənmişdir. Hətta bir çox dini kitablarda və Quranda işlənən İsrafilin suru, zurna, zuy tutmaq, zorxana ifadələri bu qəbilədəndir. Bu gün belə Lerik rayonunda çox qədim dövrlərlə səsləşən Züən, Zuvand çökəkliyi yerləşir. Fars dilində zur, güc anlamında işlənsə də zürdar güc sahibi kimi işlənir. Fərmandar, hökmdar, səhrdar kimi.
Əslində nə Ahura Məzda, nə Ənhra Man, nə də Zurvan adları fars dilində deyildir. Bu adlar qədim Midiya xalqına məxsusdur ki, paytaxtı Yekbatan (Həmədan) olmaqla dövlətinin sərhədləri, Azərbaycan daxil olmaqla, İran Farsının bir hissəsini, Xəzər dənizi sahilləri, Gilan, Mazandaran, Qorqan - Hirkaniya, Rey və Xorasanı əhatə edirdi.
"Avesta", "Əvesta". Ümumiyyətlə ariya dilində olsa da tədqiqatçılar onu öyrənmək üçün ən çox fars dilli mənbələrə müraciət etməli olmuşlar. Lakin bu üsul kökündən doğru deyil. Çünki "Avesta" qədim Midiya dilinin şimal və şimal-şərq dialektlərində yazılmışdır. Talış, gilək, kürd, mazandaran dillərini bilmədən ondakı mətləbləri anlamaq, doğru təhlil etmək qeyri - mümkündür.
Üç min il öncə yazılmış, bu gün də orijinaldakı mənasını itirməyən söz və söz birləşmələri buna şahiddir. Bu gün də Ahura Məzda, Ənhra Man, Zurvan, Zərahustra, Avesta kimi bir çox adlar fars dilində tam anlaşılmadığı üçün yanlış, səhv izah edilir. "Avesta" pəzənddə pəhləvi, sözü "pstk" kimi (abastay, apastok) xatırlanır. Yəni orta fars dilində belədi. Lakin indiki "Avesta" mətnlərində bu sözə rast gəlmək mümkün deyil. Lakin qədim İran prototipində "Upostaka" - əsas, özül kimi səslənmişdir. Talış, kürd, gilək, fars, mazandaran dillərində "Əvesta", müasir dünya dillərində daha çox "Avesta" kimi səciyyələnən Əvesta sözünün daxilində hansı məna gizlənmişdir. Farslar daha çox onu əsas, özül kimi tərcümə etmişlər. Lakin "Əv-esta"da, əv - o, esta - var olan doğru kimi izah edilməlidir. Yəni "Əvesta" - O var olan doğru (talış dilində) və yaxud o, var olan doğruluqdur. "Avesta"nı əsas, özül kimi izah edənlər orta fars dilində olan "Abostay", "Apostak", "Upostok"a əsaslanır. Həm də bastə sözü fars və talış dillərində bağlanmış (kitab) deməkdir. Bu ad fars dilində olsaydı "Əvesta" yox "Uesta" olardı. O, u işarə əvəzliyi yerində işlənir. Yəni ki ,o, var olan doğruluqdur. Mahatma Qandiyə belə bir sual vermişlər: Allah sənin üçün kimdir? O belə cavab vermişdir: Allah doğrudadır. Doğruluq Allahdır.
Doğrudur, Zərdüşt doğularkən gülə-gülə doğuldu və o an iki min Ənhra Man tərəfdarı olan mələk və divlər məhv oldu. Zərdüşt bir vaxt göydən yerə böyük bir atəş topasının düşdüyünü görmüşdü. Buna görə "Avesta" sözünün izahında Ave, Avə, sutə variantları da istisna olunmur. Ave, avə - bulud, stə, sutə yanan, yanmış bulud, göylərdən enən od, atəş mənasını bildirir. Lakin birinci variantı daha doğru bilirik.
Zərahustra, Zara hu-st-ra Zərdüştün "Avesta"da ariya dilində olan adıdır. Əlbəttə, ariya, həm də Midiya dilinin bütün əhatə etdiyi ərazilərdə Zərə - parlaq, hu - səs, söz, tanrı, st - hest, həst, est, esm, var, var olan, ra, ro yol, yolçu anlamını verirdi. Yəni parlaq Tanrının var olan yolu, yolçusu, - parlaq Tanrı yolçusu kimi qəbul edilməlidir. Spitam Zərdüştün nəsil şəcərəsində mühüm adlardan biridir. Spi - ağ, tam, tan - əyin (talış d.) ağ əyinli, ağ libaslı, ağ geyimli olan deməkdir. Məlumdur Zərdüşt və sonrakı min illər boyu maqlar üstündən qurşaq bağlamaqla uzun ətəkli ağ paltar geyərdilər. Fars, gilək dillərində ağ - sefid, mazandaran dilində isə espedir. Zərdüştizmin simvolları arasında kuşti (qurşaq) və sedra (ağ köynək) xüsusi yer tutur.
(Ardı var)
Xanlar HƏMİD
525-ci qəzet.-
2013.- 7 noyabr.- S.6.