Dünya, səndən bir şair də keçdi

 

 

Suliddin Qasımlının ölüm xəbərini eşidəndə fikir-xəyal məni uzaq 70-ci illərə apardı. Onu 2000-ci ildən görmürdüm. Təsadüfən həkim bacısı Südabə xanımla görüşdük. Suliddini soruşdum. "Pisdir, çox pisdir", - dedi. Demə, şair dostum çoxdandır xəstə yatırmış.

Ömrün elə vaxt-vədəsi gəlib yetişir ki, xəstəlik, səhhətimizdə yaranan problemlər hərəmizi bir tərəfə atır və bu böyük şəhərdə kimsənin kimsədən xəbəri belə olmur.

İndiki Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsinin tələbələri dərsdən çıxıb, "Baksovet" metrostansiyasının qarşısında toplaşmışdılar. Onda mən hələ tələbə deyildim, amma bu tələbələr sırasında dostlarım, tanıdıqlarım var idi. Kimi evə tələsirdi, kimi kitabxanaya, kimi - qəzet-jurnal redaksiyasına. Mən də onlara heyranlıqla baxır, tezliklə özümü onların sırasında görmək arzusu ilə yaşayırdım. Sarışın, üzü təbəssüm dolu bir oğlan nəzərləri ilə tələbə dostlarını başına yığıb, onları yeni yazdığı bir şeiri dinləməyə çağırırdı. Bu, Suliddin Qasımlı idi. O, özünün təzəcə yazdığı "Kəllər" adlı şeirini oxudu. Təxmini misraları yadımda qalan bu şeiri sonralar onun kitablarında da oxudum:

 

Kəllərdə hünər var, kəllərdə güc var,

Heyranam onların dəyanətinə.

Qatlayıb dizini torpağa qoyar,

Yığar son gücünü düşsə çətinə.

 

İllər keçdi, o, bir şair kimi mənim yaddaşımda həmin cavan təbəssümü ilə, bir də "Kəllər" şeiri ilə qaldı. Suliddin Azərbaycan Ensiklopediyasının əməkdaşı idi, bizim redaksiya da ensiklopediyanın binasında yerləşirdi. Suliddinlə gah dəhlizdə, gah da küçədə görüşürdük. Əksər vaxtlarda isə İçərişəhərin Qoşaqala qapısında rastlaşardıq. Həmişə asta addımlarla yeriyən bu şair çiynində və ürəyində hansı arzuları, hansı ağrı-acını daşıyırdı, bilmək olmurdu. Çünki Suliddinin öz dünyası, öz aləmi var idi. Onun nə şaqraq gülüşünü, nə də bir iti yerişini gördüm. Gülüşündə xəfiflik, yerişində astagəllik var idi.

Hər bir şairə doğma və yaxın mövzular olur. Suliddin Qasımlı üçün bu mövzular Vətən, yurd, kənd, kəsək, dağ, çay, meşə, gözəllik idi. O, təbiətin əsrarəngizliklərini özünəməxsus bir şəkildə vəsf edər, sevincini, həsrətini, qəmini onlarla bölüşərdi. Doğma kəndləri Çaykəndin nəğməkarı idi. Bu kəndin isə nəyi yoxuydu? Onu Suliddinin poeziyasından bilmək olurdu.

Tale şairlik verdiyi insana əbədi bir həsrət də verir. Bu, ya yurd-yuva sevgisi olur, ya nakam bir məhəbbət. Bunlardan biri mütləq olur. Suliddinin şair qismətinə dediklərimdən ikisi düşmüşdü. Biri doğma yurdundan ayrı düşməsi idi, biri də onun nakam sevgisi. Erməni qəsbkarları şairi, onun doğma el-obasını yurddan-yuvadan didərgin saldılar. Vətən onun üçün qürbətə, əlçatmaz bir yerə çevrildi. "Vətən qürbətində qalan anam,hey!", - deyib fəryad qoparırdı. Atasının, anasının, qardaşının, neçə-neçə doğmalarının məzarları qaldı o yerlərdə. Bu, düşmən işi, düşmən hiyləsi idi. Suliddin ürəyində həm də əbədi bir nakam sevgi gəzdirdi. Elə bir sevgi, elə bir məhəbbət ki, onun şair ürəyində əbədi boşluğu qaldı və Suliddin indi onu özü ilə apardı. Kim idi bu zalımın balası?! Yəqin ki, bunu bir Suliddin özü bilirdi, bir də yaxın doğmaları. Bu, mənim üçün onda da, Suliddinin yoxluğundan sonra da bir sirr olaraq qalır. Həmişə mənə elə gəlirdi ki, dərin xəyallara dalan Suliddin bir doğma yerlərlə, bir də həmin o vəfasız gözəllə danışır. O, sevirdi, o, bu sevgi ilə yaşayırdı. Bu nə Məcnun sevgisi idi, nə də Romeo məhəbbəti. Bu, Suliddin sevgisi idi. Bu dünyada ruha, xəyala çevrilib nakam sevgilər sırasında bir sevgi də dolaşırsa, o sevginin adı Suliddin sevgisidi. Suliddini yaşadan və öldürən sevgi.

 

Qəfil gəlir ölümlərin yuxusu,

Dövran sürəm, ya sürməyəm - ya qismət!

Zirvələrdə bir də sinədolusu

Nəfəs dərəm, ya dərməyəm - ya qismət!

 

Suliddin bu şeiri 80-ci illərdə yazmışdı. Şairin ürəyinə 2013-cü ilin 25 iyulunda onu yaxalayacaq ölüm düz otuz il əvvəl bir yuxu kimi gəlmişdi. Fəqət bu yuxunun belə də çin olacağına onun nə özü inanardı, nə də biz. Doğma kəndi onun üçün doğma dərdə çevrildi. Şəkər bulağına yazdığı şeirlər, Şəkər bulağı ilə bağlı xatirələr yaradıcılığından qırmızı bir xətt kimi keçir. O yerləri bircə an da unuda bilmirdi. Anasına yazdığı şeir həm də folklorumuzda rast gəldiyimiz ağı nümunələrinin təsiri bağışlayır:

 

Gedər-gəlməzədi üzü yolların,

Gələn dönə bilmir, gedən qayıtmır.

Arxamca uzanan tabsız qollarım

Uzalı qalıbdı, ta mənə çatmır.

Oğlundan nigaran, qalan, anam hey!

Vətən qürbətində qalan, anam hey!

 

Mən Suliddin Qasımlının yaradıcılığından geniş söhbət açmadım. Şairin taleyi məni daha çox cəlb elədi, daha çox ağrıtdı. 1966-1968-ci illərdə Azərbaycan Xarici Dillər İnstitutunun Alman Dili Fakültəsində oxudu. Oradakı təhsilini yarımçıq saxlayıb, indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil oldu. 1974-cü ildə təhsili başa vuraraq, 1975-ci ildən 1996-cı ilədək "Azərbaycan təbiəti" jurnalında böyük şairimiz Məmməd Arazla çiyin-çiyinə əməkdaşlıq etdi. 1996-cı ildən Azərbaycan Ensiklopediyasında çalışdı. Budur onun ömründən qalan izlər, bir də gözəl poeziyası.

O anı unuda bilmirəm ki, bacısı Südabə həkim "Suliddin yoxdur" sözlərini elə həsrətlə, elə yanğı ilə dedi ki, Suliddin bu yanğının odunu-alovunu yatdığı məzarda belə duysa, eşitsə, oradan baş qaldırardı.

Şair dostumun bir neçə şeirini oxuculara təqdim etməklə, onun ruhuna Tanrıdan dualar diləyirəm və sadəcə dodaqlarımdan bu kəlmələr qopur: dünya, səndən bir şair də keçdi deyirəm. Onu da deyirəm ki, bu qarışıq dünyamızda ölümündən çox gec xəbər tutmağımızı bizə, dostlara bağışla.

 

Çeşməli, çaylı ömrüm

 

Çeşməli, çaylıdı ömrün hər anı,

Orda o neməti tutmuşuq ucuz.

Şəhərdə istidən alışır canım,

İstəyim bulaqlar gözündə bumbuz.

Hər bəzək kolunu meşə sayıram

Bürkülər qısdıqca yanaqlarımı.

Fikrimdə buz sular ovuclayıram,

İsladıb təpiyən dodaqlarımı.

 

Süzülüb alnımdan tər puçur-puçur

Yandırır üzümü-gözümü burda.

Xəyalım zirvədən-zirvəyə uçur,

Bükür asfalt yollar dizimi burda.

 

Sanıram od saçan günəşdən deyil,

Qamaşır gözüm şeh parıltısından.

Könlümdən bir çeşmə axır, axır hey,

Uyuram elə şırıltısından.

 

Sığışa bilmirəm gen küçələrə,

Sıxır bu gün sanki bu şəhər məni.

Fikrimi qoynuna çəkib dağ-dərə -

Öpür çəmənlərdə çiçəklər məni.

 

Hisslərim çiskinə, dumana dönüb,

Dilimin ucunda söz düyün-düyün.

Bir sönməz həsrətə, gümana dönüb

Qopur ürəyimdən bir səda, bir ün:

 

- Eşidin, o meşə sərinliyində

Qayalardan sızıb çağlayan sular.

Mənim duyğularım neçə yol gündə

Qu quşutək sizdə çimər, durular.

 

A vəfalı dağlar, gözləyin məni,

Gələrəm nə qədər canımda can var.

A bülbül bulaqlar, gözləyin məni,

Ruhumda sönməyib hələ yanğılar.

 

İyul, 1983

 

Ya qismət

 

Qəfil gəlir ölümlərin yuxusu,

Dövran sürəm, ya sürməyəm - ya qismət.

Zirvələrdə bir də sinədolusu

Nəfəs dərəm, ya dərməyəm - ya qismət.

 

Can yanğıma əriyəcək hər bahar,

Gümanımın quzeyinə yağan qar.

Həsrətimi çəməninə, talalar,

Bir də sərəm, ya sərməyəm - ya qismət.

 

Güneylərin baxam güllü donuna,

Haçan qalxam gədiklərin boynuna.

Zümrüd meşə, kim nə bilir qoynuna

Bir də girəm, ya girməyəm - ya qismət.

 

Yurd həsrətli göynəyimi nə gizlər,

Bənövşələr hər yazbaşı mənsizlər.

Xumarlanmış gözünüzü, nərgizlər,

Bir də görəm, ya görməyəm - ya qismət.

 

Dağ binəsi, hənirinə, istinə

Tamarzıyam ocağına, tüstünə.

Qollarımı buz bulaqlar üstünə

Bir də gərəm, ya gərməyəm - ya qismət.

 

Nə qədər hey illər ömrü varaqlar,

Könlüm elə o yerləri soraqlar.

Sizi, şehli çiyələklər, moruqlar,

Bir də dərəm, ya dərməyəm - ya qismət.

 

Səndən qəlbə axan çaylar dəlimi,

Sinəmdəki o çayların selimi,

Suliddinəm, dağlar, sizə əlimi

Bir də verəm, ya verməyəm - ya qismət.

 

8 oktyabr, 1980

 

Sənin məhəbbətin çaylaq daşıdır

 

Yoluma baxırsan təzədən peşman,

Sən mənim nəyimə gərəksən indi?

Atılıb ayaqlar altında qalan,

Solub öləzimiş çiçəksən indi.

 

Neçə izlər düşüb üstə tapdanıb,

Tozlu yollar kimi bozaran sevgin.

Neçə üzə açıq qalıb, qapanıb,

Xəcalətdən çətin qızaran sevgin.

 

Əsl sevgi onda məndən yan olub,

Gözümü tutan kor duman da peşman.

Ağlım görən harda sərgərdan olub,

Məni yanıldan o güman da peşman.

 

Geriyə boylanma, çətin aldanam,

Soyuq bir şüşədir gözün də sənin.

Onda nə yanmışdım, indi nə yanam,

Xəyanət toru var üzündə sənin.

 

Bu yolda mənliyin çox büdrəyibdi,

Çox olub qolundan qolunu asan.

Çox da başın daşdan-daşa dəyibdi,

Hələ qəlp sevgilər xumarındasan.

 

Bu saxta qəmin də ölüb gedəcək,

Varlığın çirkaba tutulub daha.

Nə fərqi, ya hönkür, ya qəhqəhə çək,

Sənin göz yaşın da bulanıb daha.

 

Kor olmuş fəhminin gözündə günah,

Getdin şöhrətlərin ucuzluğuna.

Onda ayıldın ki, olmusan ürcah

Qıcanmış dişlərin quduzluğuna.

 

Ağlasan, göz yaşın timsah yaşıdır,

Yansan, yox qəlbinin nəyi yanacaq?

Sənin məhəbbətin çaylaq daşıdır,

Sürtüldükcə elə pardaqlanacaq.

2006

 

Taleh Həmid

525-ci qəzet.- 2013.- 8 noyabr.- S.8.