Fəxrəddin
Meydanlı: "Tanrı verir taleyi"...
Qabaqlar elə bilirdim ki, ədəbi aləmdə
Meydanlı kimi tanınmış Fəxrəddin müəllim
təxəllüsünü ötən əsrin səksəninci
illərinin sonlarında ictimai-siyasi həyatın qaynar mərkəzinə,
nifrət və məhəbbətin ortaq dünyasına
çevrilmiş ünvandan - Bakının məşhur
Azadlıq meydanından götürüb. Ancaq sonralar
öyrəndim ki, meydanlılar bu meydanın heç izi-tozu
olmayanda meydanda at oynadıblar. Onlara
ulularından yadigar qalmış Meydanlı Ucar rayonundakı
Boyat kəndinin Təzədöyənlər,
Aynalılar-Qaytaranlılar, Zamanlılar kimi tarixi dəngələrindən
- məhəllələrindəndir ki, onun da
tanınmış nümayəndələrindən biri öz
könül dünyasını ömür ağacının
iki budağı arasında qurmuş Fəxrəddin
Meydanlıdır.
Bu budaqların biri poeziya budağıdır, o biri də
iqtisadiyyat budağı.
Poeziyanı ona görə önə çəkirəm
ki, Fəxrəddin müəllimin şairliyi
iqtisadçılığından xeyli qabaq - hələ məktəbliykən
gənc ədəbiyyat müəlliməsinə sevgi ilə
başlanıb və bir də ayılıb ki, bu ilk platonik məhəbbət
dodaqlarında çəmən çiçəkləritək
ətirli misralara çevrilir.
İllər
keçəcək və o, həmin misraları yenidən
xatırlamağa çalışıb deyəcəkdi:
"Müəlliməmiz çox istedadlı pedaqoq idi. Ədəbiyyatı
bizə elə sevdirirdi ki! Əslində mənim
ona sevgim də ədəbiyyata, şeirə sevgi idi".
Az sonra
onun poetik sözə sevgisinin üst qatını qədim yurd
yerlərimizə, Boyat tarixinə dərin maraq və
vurğunluq hissi bəzəyib. Fəxrəddin
müəllim doğma kəndindən danışanda elə
bilirsən ki, hazırca diplomlu diyarşünasdır. Kəndin
yolunu-yolağasını,
bağlarını-bostanlarını, toponimlərdə əbədiləşmiş
Teymurdüşən, Həsən ocağı, Əbləsənbatan
kimi dəngələrini elə təsvir edir ki, sanki bu aran kəndində
yayda göydən od yağmır, kolların-kolpanların
dibində ilanlar mələmir, həyətlərdə
ağcaqanad, hünü, mığmığa gözə
dürtülmür...
Bir insan və şair kimi Fəxrəddin
Meydanlının təbiəti və
yaradıcılığının bu xüsusiyyəti onun qələm
dostlarının da nəzərindən qaçmayıb. Onlardan biri -
"Vətən" deyəndə xəyalları nura boyanan,
könlünə-ruhuna təravət çilənən
qocaman yazıçı-publisist Nahid Hacızadə Fəxrəddin
müəllimi şair etmiş incə mətləblərə
toxunaraq yazır ki, "O, barlı-bərəkəti,
sazlı-sözlü üfüqləri bir-birinə gəl-gəl
deyən Şirvan torpağında dünyaya göz
açıb. Beşiyinə ana laylası
ilə birgə şöhrətli Aşıq Şakir,
Aşıq Pənah sazının, sorağı eldən-elə
yayılan ustad Həsrət Hüseynovun qara zurnasının səsi
axıb.
Uşaqlıq
illərindən kitablara könül verib, nağılları,
dastanları sevib... İllər bir-birini əvəz
etdikcə həssas qəlbi söz üstünə köklənib,
hisslərini, arzusunu şeirə çevirib".
Ürəyimdə
yerin var,
Xalıda naxış kimi.
Gözüm
yol çəkər, axar,
Həsrətli baxış kimi.
Nə
payız, qış, yay, bahar,
Əsər xəzri, gilavar.
Misralarım
damcılar,
Çiskinli
yağış kimi...
Fəxrəddin Meydanlının insanların qəlbinə
və ruhuna yağan misraları, bu misraların əmələ
gətirdiyi şeir yağışı könüllərdə
yeni duyğular cücərdir, gözəl arzular-diləklər
göyərdir. Filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusifli
yazır: "Fəxrəddin Meydanlınıın şeirlərini
götürdüm, neçə gün bu şeirlərlə
üz-üzə qaldım, bu şeirlərlə dostluq etdim,
bu şeirlərdə çırpınan bir ürəyin
odunu, yanğısını, gözəllik duyğusunu hiss
etdim".
Söz sənətinin nüfuzlu bilicisinin Meydanlı
şeirlərindən aldığı bu təəssürat
diqqəti yenidən belə bir həqiqətə cəlb edir
ki, insana ünvanlanan, ona hörmət və məhəbbətlə
süslənən, onun arzularına işıq tutan poeziya həmişə
oxunacaq və seviləcək. Çünki insan
bütün dövrlərdə, hətta özünün ən
bəxtəvər çağlarında da sevgiyə və
xeyirxahlığa, nəcibliyə və nikbinliyə ehtiyac
duyur.
Fəxrəddin
Meydanlının poeziyası barəsində onun qələm
dostlarının, mədəniyyət və incəsənətimizin
tanınmış nümayəndələrinin, o cümlədən
fəlsəfə elmləri doktoru, professor İzzət
Rüstəmovun, yazıçı-publisist Məmməd
Orucun, bəstəkar Ruhəngiz Qasımovanın, şairlərdən
Oqtay Rzanın, Qəşəm Nəcəfzadənin, Əli Vəkilin
və digərlərinin rəyləri də bu fikrin leytmotivi
kimi səslənir. Prezident təqaüdçüsü,
şair İlyas Tapdığın dili ilə desək, Fəxrəddin
Meydanlının "yığcam və mənalı sevgi və
həyati şeirləri, bitkin fikirli cütlükləri,
dördlükləri, bayatıları, dini mövzuda şeirləri,
deyişmə, qoşma və gəraylıları orijinal deyim
tərzinə, bədii tapıntısına görə diqqəti
çəkir, insanın qəlbində nikbin ovqat
yaradır".
Yaz
çağı günəşin zərrəsi kimi
Hopaydım ruhuna, isindirəydim.
Sənin
həyatını, könül mülkünü
Baharın özütək bəzəndirəydim.
İnsanı,
onun iç dünyasını baharlı-bəhərli
görmək istəyən F.Meydanlının şeirlərinin
dili sadə və rəvandır, bu şeirlərdə ifadə
edilən fikirlər isə mücərrəd ibarələr
düyünü deyil. Necə deyərlər, ərişi
əriş, arğacı arğac yerindədir. Zənnimcə,
bu, Fəxrəddin müəllimin ixtisası ilə də
bağlı ola bilər. İqtisadçı
kimi o, konkret rəqəmlərlə işləyir. Rəqəm
isə kimin nə və necə düşündüyündən
asılı olmayaraq, dəyişmir, dönə-dönə təkrar
edilsə və toplananların yerini dəyişsə də
"cəmi:" sözünün qarşısında
aydın və dəqiq oxunan "portretini" olduğu kimi
saxlayır. F.Meydanlının bədii təfəkkürünün
məhsullarında müşahidə edilən bu dəqiqlik,
görünür, onun təsvir və bənzətmələrinin,
bədii ümumiləşdirmələri və obrazlı
deyimlərinin sərhədlərini də müəyyənləşdirir.
Şaqraq
gülüş qəlbimə Təpər verir, can verir. Eşqə düşmüş könlümə
Tükənməz ilham verir. Bütün sevənlərin
gözlərindən oxunan sevincin, dilindən qopan nidanın
aydın və dəqiq çəkilmiş "şəkli"...
Buradaca bir haşiyə çıxmaq istəyirəm. Keçmiş sovet dönəmində
Azərbaycan Yazıçılar İttifaqının üzvləri
olan qələm sahibləri özlərinin, ailələrinin
maddi ehtiyacını, güzəranmı nəşr olunan bədii
əsərləri üçün aldıqları qonorarla,
yaxud da ədəbi-bədii qəzet və jurnallarda, nəşriyyatlarda,
mədəniyyət və incəsənət təşkilatlarında
çalışmaqla təmin edirdilər.
Fəxrəddin Meydanlı isə həmişə
istehsalat adamı olub. Əmək fəaliyyətinə elə Boyat kəndinin
özündəcə kolxozçu kimi başlayıb, təhsilini
Dadaş Bünyadzadə adına Azərbaycan
Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan
Dövlət İqtisad Universiteti) qiyabiçi tələbəsi
kimi davam etdirərkən keçmiş Azərbaycan SSR Yerli Sənaye
Nazirliyinin müəssisələrində bir sıra fəhlə
peşələrinə yiyələnib. Ordu
sıralarında xidmət edib və yenidən Yerli Sənaye
Nazirliyinə qayıdıb. İqtisadçı
mühəndis kimi böyük təcrübə toplayıb.
Sonra ölkənin Maliyyə Nazirliyində
çalışıb, Dövlət Sosial Müdafiə
Fondunun əmək pensiyaları şöbəsinə rəhbərlik
edib. Yüksək ixtisaslı və
nüfuzlu iqtisadçı kimi yetişib, həmişə də
insanlara gərək olmağa çalışıb.
Üzlərini belə görmədiyi adamların - pensiya
hüququ pozulmuşların müraciətlərini diqqətlə
araşdırıb, onların pensiyalarının yenidən
hesablanmasına və bu zaman vətəndaşların
halal-hümmət pensiyasına göz dikən məmurların
cəzalandırılmasına nail olub. Hətta
bir əmrlə on iki məmurun "kitabım" birdən
bağlatdırıb və sübut edib ki, pensiya işi ilə
əlləri və ürəkləri təmiz mütəxəssislər
məşğul olmalıdırlar.
Altıncı ildir ki, o, Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin İqtisadiyyat və
Uçot İdarəsində məsul vəzifədə
çalışır, ailəsinin güzəranını
yenə də iqtisadçı olaraq təmin edir və əvvəlkitək
bədii yaradıcılığını da davam etdirir.
Azərbaycan yazıçılar, jurnalistlər və
aşıqlar birliklərinin üzvü Fəxrəddin
Meydanlı "Sevdalı könüllər", "Azərbaycan
torpağı - gözəlliklər diyarı", "Sevənlər
qocalmır" şeirlər kitablarının, qəzet və
jurnallarda dərc edilmiş onlarla publisistik yazının
müəllifidir.
Lirika və publisistika F.Meydanlı ilhamının
bir-birinə tən gələn və bir-birini tamamlayan
qoşa qanadıdır. Onun lirikasının baş qəhrəmanı
doğma Vətənimiz Azərbaycandırsa,
publisistikasının baş qəhrəmanları da bu Vətənin
şöhrətli övladlarıdır. F.Meydanlı
publisistik yazılarında məşhur sənət
adamlarını - maestro Niyazini, Xan Şuşinskini, Firəngiz
Əlizadəni, Emin Sabitoğlunu, Aşıq Şakiri,
Zülfiyyə Eldarqızını, söz sənətinin və
ədəbi-bədii fikrin görkəmli nümayəndələrini
- Qəzənfər Paşayevi, Tofiq Bayramı, Zəlimxan
Yaqubu, Ağacavad Əlizadəni, İlyas Tapdığı,
Paşa Qəlbinuru, Yasif Nəsirlini, nüfuzlu
iqtisadçı-alim Süleyman Qasımovu və
başqalarını özünün tanıdığı və
duyduğu şəkildə təqdim edib və onların hər
biri barəsində yeni söz, yeni fikir söyləməyə
nail olub.
Bir dəfə
Fəxrəddin müəllimdən soruşdum ki, hansı
çətindir: yazmaq, yoxsa yazmamaq?
Cavab verdi ki, məncə dünyada ən çətin
iş yazmamaqdır. Yaza biləsən və yazmaq istəyəsən,
amma nəyə görəsə yazmayasan, - bax, bu əsl
işgəncədir, adamın dincliyini əlindən alıb,
onu cin atına mindirən işdir.
Güldüm.
- Daha
bunun nəyi iş oldu?! De ki, yazmamaq - vaxt itirməkdir,
vaxtın qədrini bilməməkdir...
Sözümü
kəsdi:
- Nahaq
gülürsən, - dedi, - h
ər sükutun içində qulaqları deşən bir haray, yaxud könül oxşayan bir pıçıltı varsa, yazmamağın, fəaliyyətsizliyin də "içində" cəhənnəm əzabı var. İlham pərisini buxovlamaq olmaz. O pərinin çiynimə qonduğunu duyan kimi oturub şeirlərimi, esselərimi, portret oçerklərimi yazıram. Yaşımın elə vaxtıdır ki, böyük Səməd Vurğunun "Uzadaq ömrünü hər bir anın da" misrasını unuda bilmirəm. Poeziya və publisistika - mənim həyat tərzimdir, düşüncələrimin bədii ifadəsidir. Əvvəllər bəzən yazı masasının arxasında əyləşib, qələmi götürəndə, bir sual mənə rahatlıq vermirdi, elə bil kimsə deyirdi ki, niyə yazırsan? O vaxt hətta bir uşaq sadəlövhlüyü ilə yazmışdım:
Bir payız səhəri pəncərəmdəki açan tək çiçəkdən yazım-yazmayım?! Talada, yamacda, çəmənlikdəki Otdan, biçənəkdən yazım-yazmayım?! Bir müddət keçdi, şeirlərim bəstəkarların diqqətini cəlb etdi, mahnılar bəstələndi. O mahnıları Yalçın Rzazadə, Mələkxanım Əyyubova, Gülüstan Əliyeva, Gülyaz Məmmədova, Nüşabə Ələsgərli, Nazənin, Mənzurə Musayeva, Şəmsiyyə Əliqızı kimi müğənnilər ifa etdilər. Gördüm ki, camaat da zümzümə edir həmin mahnıları, misralarımı dilinə gətirir. Deməli, şeirlərimin ruhu, mənim düşüncələrim, duyğularım başqaları üçün də doğmadır ki, ürəklərdə əks-sədaya çevrilir! Bu, məni narahat edən sualın cavabı idi... Fəxrəddin Meydanlının şeirlərinin birində belə misralar var:
Kəfkirimiz qazanda,
Aşın vaxtı azanda,
Tanrı
verir taleyi,
Yazan da O, pozan da.
Tanrı Fəxrəddin müəllimə gözəl
tale verib. Ona şair və publisist taleyi, üstəlik bir
iqtisadçı taleyi verib. Düşünmək, sevinmək,
hərdən alışıb yanmaq, dağ çaylan kimi
kükrəyib coşmaq, bəzən də limanda mürgü
döyən və "gözləri" mayak
işığından qamaşan sular kimi yaşamaq taleyi
verib.
Tanrı
kimə nə verdiyini və kimin nəyə layiq olduğunu
yaxşı bilir...
Ələkbər
ABASOV - ŞƏHRİLİ,
Əməkdar jurnalist
525-ci qəzet.-
2013.- 8 noyabr.- S.7.