Əsrarəngiz din və mənəviyyat
abidəsi - Zərdüşt təlimi "Avesta"
Bütün Zərdüşti
kahinləri, athravanlar, maqlar, məbudlar əyinlərindəki
sedranın (doqquz hissədən ibarət olan köynək)
üstündəki yetmiş iki ipdən hazırlanmış
qurşaq bağlayardılar. Bu
qurşağa ariya dilində kuşti deyilərdi. İndiki zamanda belə bu talış dilində
kuşti, kışti, farsca isə kəməre bostən
adlanır. Sedraya indiki talış dilində
şəy, farsca pirahən deyilir. Zərdüşt
təliminin mərkəzində, şübhəsiz xeyirxah
doğru fikrə, ağıla, səsə, sözə, hərəkətə,
əmələ malik olan insan dururdu. Humata,
huhta, hvareşta. Bu "Avesta" da belə
ardıcıllıqla verilir. Huma - um (rus dilində)
ağıl, dumat (rus d.) düşünmək, ta - doğru,
fars dilində dorast, talış dilində dorost, müasir Azərbaycan
dilində dürüst, bir sözlə, doğru ağıl,
ağlı doğru, huhta - səsi, sözü doğru,
doğru səs, doğru söz, hvareşta, hvareş - hərəkət,
(talış dilində) hərəkəti, əməli
doğru, doğru hərəkət, doğru əməl kimi
başa düşülməlidir. Bu üç
sözün kökündə həm də tanrı adı
olan Hu vardır.
Arian Vaejah "Avesta"da ariya ərazisi kimi təqdim
olunur. Arian -
Ariya, Voejah, talış, gilək dilində oradakı yer, ərazi
kimi başa düşülür. İndi belə
bu Ariya ərazisi, Ariya ölkəsi kimi anlaşılır.
Voejah, vəyjoh, joh talış dilində oradakı yer, ja, jai giləkcə yer, ərazi deməkdir. Hlmut Humbax və digər tədqiqatçılara
görə Vaejoh sürətli hərəkət, Meri Boysa
görə isə Arian Voejoh sonradan mətnə əlavə
olunub. Tədqiqatçılar ümumiyyətlə
Voejoh sözünün mənasını
anlamadıqlarını etiraf etmişlər. Cerardo Noli,
Maykl Vitsel Vaejahı Hindistanda, Braqinskiy Amudərya, Sırdərya
arası və Pamir, Hindquşda, Dyakanov daha geniş ərazidə
Orta Asiya və Şərqi İranda olduğunu yazırlar.
Ancaq Ariyan Voejah Midiya daxil olmaqla bütün İran, Azərbaycan,
Xəzər dənizi sahilləri, Orta Asiyanın cənub ərazilərini,
hətta şimali Mesopotamiya və Suriyanın şimal hissələrini,
Əfqanıstanı, Pakistanı, Hindistanı əhatə
edirdi. Çünki Hind vedalarında
Hindistanın ariya torpağı olduğu açıq -
aydın bildirilir. "Avesta" da vacib, gərəkli
məqamlardan biri də Zərdüştə tanrı tərəfindən
müəyyən mətləblərin sözlə ifadə
edilərək Hvarnoda verilməsidir ki, buna da vəh-vi daena
deyilir. Vəh - vot - deyilən (talış dilində),
vi - vində - görünən (talış dilində), vəh
- vızov - çağırış (rus dilində), vi - vid,
vidna - görüntü, görünən (rus dilində),
daena - dadən (fars), dodən (talış), doyuşiy (rus)
dillərində verilən mənasını verir. Əslində Vəh-vi daena - Aydıngörmə ilə
deyilərək verilən və yaxud Vəh-vi daena Məzdayasna
- Vəhylə verilən Məzda dini kimi təqdim etmək
daha doğrudur. Bu vəhy əlbəttə,
peyğəmbərin ruh halı dəyişərkən,
aydın görənlər kimi gələcəyi görərkən
tanrı ilə rabitə vaxtı ona verilirdi. Bu vəhy vaxtı müəyyən görmələr
olurdu, bu da çox əhəmiyyətli idi. Ahura Məzda Zərdüştə çox
uzunmüddətli axtarışlarından, əzab və
işgəncələrə qarşı səbir,
dözüm, mətanət və digər iradi keyfiyyətlər
göstərdikdən sonra açıldı. Uzun illər
boyu Zərdüşt öz iç dünyasını dəyişdi.
Tanrı haqqındakı fikir və
düşüncələrində yeni, inqilabi bir era
açdı. Mənbələrə
görə peyğəmbər onu düşündürən
suallara cavab almaq üçün tanrıdan müəyyən
mətləbləri soruşur və tanrı da bütün
cavabları verir. Hətta iddia edilir ki, bu
vaxt o, tanrını gözləri ilə görürdü və
tanrı işıq topası kimi parlayırdı. Bu görüşlər yeni dinin, Məzda dininin təməlinin
qoyulmasında, onun təşəkkül tapmasında
mühüm rol oynayırdı. "Avesta"da bu
görüşlərə "hanjemona" deyilir. Hansı ki
talış dilində han - yuxu, jemon -
yaşayış, yaşamaq, yəni yuxu həyatı kimi
xarakterizə olunur. Bundan belə nəticəyə gəlmək
olar ki, peyğəmbər Allahı heç də adi həyatda
yox "hanjemonada", yəni yuxuda, yuxu həyatında
görərdi: Həqiqətən, bu günə qədər
heç bir peyğəmbər Allahın üzünü
görməmişdir. Zərdüştdən
sonra bir çox peyğəmbərlərə vəhy gəlmiş
və sonuncu müəzzəm peyğəmbərlər Məhəmməd
(əlhs)-ma Quran vəhylə nazil olmuşdu.
Haoma Zərdüşt təlimində qadağan edilməyən,
əksinə lazım hesab edilən, bitki və südün
qarışığından hazırlanan içki
növüdür ki, zəka və yaradıcı gücü
daha da artırmaq üçün istifadə edilirdi. Haoma indi xama,
xoma kimi dilimizdə işlədilir. "Avesta"da
Qatlar - dini nəğmələr, Yasna - oxumaq, haiti
nəğmə bəndləri olduğu üçün, əslində
haoma, - ha-oma kimi (talış dilində), nəğmədən
əmələ gələn içki mənasındadır. "Avesta"da bir çox dağ adları var ki, bəzilərini
tərcümə etmək hələlik mümkün
görünmür, bəzilərinin tərcümələri
isə səhvdir. Ümumiyyətlə Zəmyaştda
bir çox dağ adları sadalanır ki, bunların
başında Xara Bərəzəyti gəlir. Xara - Hara (rus dilində Qara) dağ deməkdir, Bərəzəyti
isə uca mənasında işlənmişdir.
Talış dilində indi də ucaya bərz, bərzə, fars dilində isə bolənd deyilir. Yəni
talış dilində Bərzə Hara, fars
dilində isə Bolənd Hora. Burada Bərəzə Səvanqı,
yaxud Bərəzə Səvanı - uca Səvan (talış
dilində sə - baş, van - qarlı) Uca Savalana aid etmək
olar. Çünki Səblan - sə - baş, blan - uca, sə -
baş, va - qar, lan - yuva, Savalan kimi dilimizdə işlənir və
başı qar yuvası anlamını verir. Upairisaena
da dağ adıdır ki, əfsanəvi Simurq quşu kimi tərcümə
olunmuşdur. Simurq fars dilində otuz
quş deməkdir. Ancaq Upairi talış dilində
pərə, uçan, Saena isə Qızıl quş, yəni
uçan Qızılquş dağları deməkdir. Kim bilir, bəlkə bu dağlar qartal yuvası
olduğu üçün belə adlanırdı. Diqqət cəlb edən digər bir dağın
adı Vaiti Qaesadır. Adı düz tərcümə
olunmasa da va külək və qar
(talış dilində), Qaesa - inək başlı
(talış dilində), yəni küləkli, qarlı inəkbaşlı,
öküzbaşlı dağlar kimi təqdim
olunmalıdır Usida. Usidarna dağları haqqında məlumatda
deyilir ki, bu dağlar İranın şərqində Sistan
vilayətindədir ki, indi Kuhe Qoca adı ilə tanınır
və guya ki, onun ətəyində
Xamun, "Avesta"da Kasaoy, sonralar Kansava kimi məşhur olan
, həm də Zərdüştün bütün ailəsini
mühafizə edən göl vardır. Əslində
Zərdüşt dövrünə aid bütün hadisələrin
İran şərqinə, Əfqanıstana
köçürülməsi kökündən
yalnışdır. Əslində
Uşida, Uşidarna (talış dilində) Yinbaton deməkdir.
Bizə elə gəlir ki, Kansava gölü bir
simvol kimi uca dağ başında qərar tutmalı idi ki,
insanlar onun müqəddəsliyinə inansınlar.
Savalan dağının ən uca zirvəsində 4800 metr
hündürlükdə bir göl var. Kan-sa-va, Kan-sə-vo, yəni
başı qar məkanındakı göl. Və yaxud bu
göl Kaspi - Xəzər dənizi ola bilər.
Çünki Zərdüşt göstərir
ki, müqəddəs Hvarno əslində Vorukəş dənizin
əhatəsindədir ki, orada Tanrıdan vəhy alır.
Vo - külək, yel ru - çay, kəş
- qol (talış dilində) deməkdir. Yəni
küləkli, çoxlu qolları olan dərya, dəniz mənasını
verir. Fars dilində küləyə bad,
çaya rud, qola şaxə deyirlər. Vorukəş
tərcümələrdə çoxlu körfəzləri
olan dəniz kimi verilmişdir. Zərdaza -
Sarıbaşlı, Ərəzura - Ərzurum, Zəngəzur,
Ərzişo - Ərəz - Araz, Vişava - Şirvan, Asnavant -
Dəmirçi - Dəmirağac kimi adlar Qafqaz ərazisindədir.
Əsas mətndə Qaokerna (ağac adı),Vəhrkana, Verkona
(ərazi, ölkə) kimi verilən, indi isə Hirkanya, Hirkan
adlanan, Xəzər dənizinin Talış dağlarından
başlayaraq, cənub sahilləri boyunca Gilan, Mazandaran,
Gülüstanı əhatə edən böyük bir ərazi
Zərdüşt dininin əmələ gəlməsi və
möhkəmləndirilməsində mühüm rol
oynamışdır. Zərdüşt on il
mağarada yaşayarkən hər gün sübh
çağı günəşin Vorukəş - Hirkan, Kaspi
- Xəzər dənizindən doğmasına tamaşa edər
və deyərdi: - Ey böyük işıq, sən kimə gərək
olardın biz olmasaydıq. F.Nitseyə görə
Zərdüşt peyğəmbər məqamına
çatmadan öncə Ələon dağında mağarada
uzun müddət yaşamış, hər gün günəşin
doğuluşuna bu dağdan tamaşa edərdi. Bu bir təsadüfmü, bilmirəm. Ancaq indinin özündə belə Talış
dağlarının ən uca zirvəsinə
Kömürgöy (Qəmərkuh), zirvənin ətrafındakı
yaylağa isə Əlo yaylağı deyirlər. Bu yaylaq dəniz səviyyəsindən 2400 - 2450 metr
yüksəklikdədir. Burada möhtəşəm
Oğlan və Qız qalaları olmaqla geniş bir mağara da
qərar tutur. Məncə, Vəhrkana, Verkana dumanlı məkan,
şimal ölkəsi deməkdir. "Avesta"da
tez-tez adı çəkilən Xukariya ariya
torpağının ən yüksək zirvəsi kimi
xatırlanır. Həm də Xukariya təmizliyin
və müqəddəsliyin timsalıdır. Torpağa fars dilində xak, talış dilində xok
deyilir. Ariya torpaqları arasında Mouru Pouru kimi
geniş ərazilərdə də arilər
yaşamışlar. Ana, ataya mazandaran
dilində mar, per, talış dilində mo, pə deyilir.
Əslində Mouru, Pouru Ana, Ata ölkəsi kimi
tərcümə olunur. Ən çox
müqayisə doğuran səbəblərdən biri də tədqiqatçıların
"Avesta"da göstərilən bütün
çayların Şərqi İran, Orta Asiya və
Əfqanıstanda olmasını təsdiq etməsidir. Pəhləvi dilində sonradan təkrarən
yığılıb hazırlanan "Avesta"da Adurbadaqanda
- Azərbaycanda olan bir çox dağ, çay, göl
adları verilmişdir. Bunlar, məsələn, Savah -
Savalan, Siyakomand - Siyahkuh, yəni Qaradağ, Astaradakı Siyoku,
Hoşdodsar - Həstatsər - Qaradağda zirvə, Aqarz -
Əhər, Spedrud - Qızılüzən, Kour - Kür, Arazi
- Araz, Tue dağlarından axan Kaspi çayı, Tue
dağlarında Suvar gölü və başqalarıdır.
(Ardı
var)
Xanlar HƏMİD
525-ci qəzet.-
2013.- 8 noyabr.- S.6.