Mənsuriyyə

 

 

 

Ustad xanəndə Yaqub Məmmədovu xatırlayarkən... 

 

922-ci il...Bağdad. Şərqin ən izdihamlı şəhəri. Meydanda dar ağacı qurulub. “Allaha asi olduğuna və allahlıq iddiasına düşdüyünə görə” bir sufi mütəfəkkiri edam edirlər. Həllac Hüseyn ibn Mənsur adlı bu şəxs iddia edir ki: “Mən haqqam” (“ənəl- həqq”) . Deyir ki, kim öz nəfsini islah etsə, həzzin və şəhfətin məhrumiyyətlərinə dözüb yüksək məqama, alimlik mərtəbəsinə çatsa, əsl insani keyfiyyətlərə yiyələnər, ilahinin ruhu onda təcəssüm edər. Bu vaxt o, Allah səviyyəsinə yetişər. Çünki bütün yaranmışlar yaradana qovuşmalı, bütün törəmələr öz kökünə qayıtmalıdır. İnsandan Allaha gedən yol, sufi təliminə görə Şəriət, Təriqət, Mərifət və Həqiqət kimi dörd mərhələdən keçir.Bax, bütün bu fikirlərinə görə Həllac Mənsuru edam etdilər və o edam bütün Şərq tarixində ən dəhşətli, ən faciəli bir səhnə kimi xatırlandı. Çox-çox illər, əsrlər keçəcək, Həllac Mənsurun bu dönməzliyi fəlsəfə və poeziya tarixinin şanlı və həm də qanlı bir səhifəsi kimi yaşanılacaq. O dəhşətli edamdan sonralar Nəimilər, Nəsimilər pərvəriş tapacaq, Mənsur adı tarixdə ən əzabkeş dahilər cərgəsinə qatılacaq.

 

Ey könül, Mənsur “Ənəl-həq” söylədi,

Həqq idi, həqqi dedi, həq söylədi,

Mərifət sirrini mütləq söylədi..

 

(Nəsimi)

 

Belə bir ehtimal var ki, “Çahargah” muğamının zirvəsi-”Mənsuriyyə” (həm də ayrıca bir zərb muğamdır) elə Həllac Mənsurun o dəhşətli edamıyla  )onun dönməzliyi, dililə deyə bilmədiyi harayı ilə) bağlıdır. O edam həm də öz ölümüylə nadanlar, qəlbən korlar mühiti üzərində qələbə çalan böyük bir inam sahibinin çağırış harayı idi. Buna görə də “Mənsuriyyə”ni həm də qələbə və təntənə kimi də səciyyələndirmək olar.

Bu fikir nə dərəcədə doğrudur, deyə bilmərəm. Amma “Mənsuriyyə” adı gələndə  və bu zərb muğam ifa olunanda ani olaraq gözəl muğam ustadımız, Xalq artisti (mən ona mərhum demək istəmirəm, ölən onun cismidir, ruhu və sənəti yaşayır) Yaqub Məmmədovu xatırlayıram.Çünki Həllac Mənsur harayını – “Mənsuriyyə”ni  Yaqubun yaşadığı dövrdə onun kimi oxuyan olmayıb, indi də yoxdu...

 

lll

 

Yaqub Məmmədov Azərbaycan klassik muğam sənətinin sonuncu korifeylərindən idi. Klassik muğam sənəti deyəndə mən əsrlər boyu nəsildən-nəsilə keçən və tutiya kimi qorunan MUHAM YOLUNU, ÜSLUBUNU nəzərdə tuturam.

Deyirlər ki, Hacı Hüsü “Orta Mahur” oxuyanda bütün Qarabağ əhlini heyrətdə qoyarmış.

Bütün muğamları böyük məharətlə ifa edən Xanəndə Səttarın oxumağı bütün Azərbaycanda, Qafqazda və İranda məşhur idi. Görkəmli rus sənətkarları onun səsini eşitmək üçün Tiflisə gələrmişlər. Rus şairi Y.Polonski ona “Səttar” adlı şeir də həsr etmişdi.

 

Səttar! Səttar! Nə yaman

qəhərlidir ah-vayın,

O boğuq fəryadında göy kişnər,

bulud ağlar.

 

Kamanın iniltisi, qavalın qəm harayı

 

Sinəmə dağlar çəkər,

qəlbimdə yuva bağlar.

 

Böyük sənətkar Cabbar Qaryağdıoğlunun dediyinə görə, “Mahur” muğamını Məşədi İsi kimi də oxuyan olmayıb.

Şamaxılı Mirzə Məhəmmədhəsən Nəvanın səsi fələklərə meydan oxuyarmış. Onun “Şüştər”i, “Humayun”u illər boyu dinləyicilərin yaddaşından silinməyib.

Cabbar Qaryağdıoğlu isə Azərbaycan muğam sənətində yeni bir mərhələnin əsasını qoydu. Bütün muğamları böyük məharətlə oxuyan Cabbarın qoca yaşlarında “Mənsuriyyə”ni fövqəladə bir istedadla ifa etməsi muğam sənətində bir möcüzə idi. “Cabbar Qaryağdıoğlu “Mənsuriyyə”ni oxuyarkən, xanəndələrin təbirincə desək, elə gözəl yollar, elə üsullar tapıb seçərmiş ki, tar çalanlar çaşıb özlərini itirərmişlər” (F.Şuşinski).

Deyirlər ki, Keçəçi oğlu Məhəmməd kimi “Şüştər” muğamını oxuyan tapılmazmış.

Deyirlər ki, Şəkili Ələsgər “Şur”un ən gözəl oxuyanı olub. Deyirlər ki, Məşədi Məmməd Fərzəliyev “Şur”un “Sarəng” hissəsinə keçərkən dinləyiciləri valeh edərmiş.

Bir Zabul Qasım olub, deyirlər ki, o, “Zabul” oxuyanda bütün xanəndələr, hətta Cabbar Qaryağdıoğlu belə qavalı yerə qoyub ona qulaq asarmış.

Bəs Segah İslam? Böyük şairimiz Səməd Vurğun demişdi: “İslam “Yetim Segah”ı elə oxuyur ki, bütün məclisi ələ alır”.

Bəs Zülfü Adıgözəlov? Deyirlər ki, onun “Rast”ı müasirlərini heyran qoymuşdu.

Bir böyük ustad da var ki, o da muğam sənətində bir möcüzə kimi peyda oldu, ömrünün sonuna qədər onun muğam möcüzələrinin heyranı oldu bu xalq. Bütün muğamların əvəzsiz ifaçısıydı O-SEYİD ŞUŞİNSKİ.

Nəhayət, XAN ŞUŞİNSKİ. “Rast”fn, “Segahın”, “Şahnaz”ın,”Orta Mahur”un, “Qarabağ şikəstəsi”nin misilsiz ifaçısı. İndi böyük şöhrət sahibi olan bir çox muğam ustalarının ustadı.

Mən bu bilgiləri, ustad sənətkarlar haqqında bu məlumatları mərhum musiqişünas F.Şuşinskinin “Azərbaycan xalq musiqiçiləri” kitabından əxz etmişəm.

 

    lll

 

F.Şuşinskinin kitabında ən sonuncu oçerk Xan Şuşinskiyə həsr olunub və orada təbii ki, Yaqub Məmmədov haqqında heç nə yoxdur.

Halbuki, o kitabda ən sonuncu elə Yaqub olmalıydı. Çünki Yaqub Məmmədov həm o korifeylər nəslinin sonuncu nümayəndəsidir, həm də o nəslin ən yaşarı ənənələrini inkişaf etdirən, yeni çalarlarla zənginləşdirən bir ifaçıdır. Yaqub sənəti barədə az sonra söz açacayıq, indi isə onun sənət yolu barədə.

Müharibənin son illəriydi. Amma insanların qəlbinə vurulan yaralar təzəcə qaysaq bağlayırdı. Yaqub Məmmədovun 13-14 yaşı vardı və bu ağcabədili balası 2-3 il olardı ki, oxumağa başlamışdı. İstər Ağcabədidə, istərsə də qonşu rayonlarda, toy şənliklərində Yaqubu da oxudurdular.

Bir gün Xan Şuşinski ilə Şövkət Ələkbərova Ağcabədiyə konsertə gəlmişdilər. Şövkət xanım eşitmişdi ki, bu ətrafda Yaqub adlı bir oxuyan var, cavandır, axtarıb tapdı onu, dedi gedək Xanın yanına. “Ay Xan, dur ayağa, yanına bir cavan oğlan gətirmişəm, qulaq as, gör necə oxuyur?”. Xan əmi üçün bir “Segah” oxuyur Yaqub, onun səsi hər ikisinin xoşuna gəlir. Şövkət xanım deyir ki, nə təhər olursa-olsun, gərək Bakıya gələsən. İllər keçir, yalnız Qarabağda deyil, ətraf rayonlarda da şöhrətlənəndən sonra Yaqub Məmmədov Bakıya gəlir. O, filarmoniyanın solisti olur, təkcə Bakıda-filarmoniyada deyil, respublikanın bütün rayonlarında konsertlər verir, Bakıda-muğamat bilicilərinin məkanı olan Nardaranda isə toylarda ən çox oxuyan xanəndələrdən biri olur.

Yaqub Məmmədovdan söz açanda musiqişünaslar, muğam tədqiqatçıları onu Xan Şuşinskinin şagirdi hesab edirlər. Bunu Yaqub Məmmədovla görüşümdə ustadın özü də etiraf etdi. Dedi ki, Xan əmidən, onun oxumalarından çox şey öyrənmişəm.Əlbəttə, Xanın şagirdi kimi ad çıxarmaq hər bir muğam ifaçısı üçün şərəf sayılmalıdır. Yaqub nəql edirdi ki, Xan əmi ilə çox məclislərdə olub, həmişə çalışırmış ki, elə oxusun Xan əmi bəyənsin.  Bir dəfə Mərkəzi Komitənin böyük bir müşavirəsindən sonra (əllinci illərin axırlarıydı) konsert oldu. Axıra Xan əmiylə Yaqub qalır. Əvvəlcə Yaqub çıxır səhnəyə, bir “Segah-Zabul” oxuyur. “Müxalif”də zil pərdələrdə çox gəzişir, onu möhkəm alqışlayırlar.İfasını başa çatdırır və səhnə arxasına keçəndə görür ki, Xan əmi trubka çəkir. Xanın qardaşı, tarzən Allahyar ondan soruşur ki, ay Xan, nə oxuyacaqsan? Deyir: “Şur”. Allahyar: “Ay Xan, nə “Şur”, indi dadey-dadey yeri deyil, Yaqub çıxdı dağıtdı oranı”. Xan əmi dedi: “Yaxşı, onda “Şahnaz” oxuyaram. Bəli, Xan əmi çıxdı çəhnəyə, “Şahnaz”ı necə bərdaşt elədisə, səsini necə zilə qaldırıb oynatdısa, Yaqub görür ki, bu adam Həzrəti-Dauddur. Belə də səs olar?         “Ustad-şagird” məsələsinə bir qədər başqa aspektdən də yanaşmaq lazımdır. “Şagird” bəzən o mənada başa düşülür ki, bunun özünəməxsusluğu yox imiş, ustadı hansı yolla gedibsə, bu da o yolu tutub. Halbuki, belə deyil. Yaqub Məmmədov təkcə Xan Şuşinskidən deyil, onunla bir dövrdə yaşayan bütün ustadlardan öyrənib.Mütəllim Mütəllimov onun gördüyü ilk ustad xanəndə idi ki, Ağcabədidə klub müdiri işləyirdi. Yaqub deyirdi ki, o oxuyanda səsindən doymaq mümkün deyildi. Uşaq ikən Zülfü Adıgözəlovun da plastinkalarını çox dinləyib. Zülfünü bütün Bakı əhli sevirdi, muğam kəndi Nardaranda ona böyük hörmət bəsləyirdilər. Hətta o zaman Nardaranda təzə doğulan oğlan uşaqlarına Zülfünün adını qoyurdular. Seyid Şuşinski-AĞA isə Yaqub Məmmədov üçün ustadlar ustadı idi. Bütün oxuyanlar ondan öyrənirdilər necə muğam oxumağı. Yaquba da çox köməyi dəyib.

Deməli, Yaqub böyük xanəndə olana qədər çox ustadlardan öyrənib və əlbəttə, əsl sənətin yolu da elə burdan başlayır ki, sən hamıdan öyrənirsən, hətta müəyyən müddət kiminsə təsiri altına da düşürsən, amma get-gedə sənətdə öz yolun olur.

 

lll

 

Yaqub Məmmədov gözəl, bənzərsiz muğam ustası, xalq mahnılarının misilsiz ifaçısıydı. “Şuşanın dağları”, “Qarabağ şikəstəsi”, “Gül açdı”...neçə belə xalq mahnısı onun ifasında öz zirvəsini tapdı. “Rast”, “Segah-Zabul”, “Mirzə Hüseyn segahı”, “Şur”, “Bayatı Şiraz”, “Çahargah” muğamları isə onun ifasında klassik səviyyəyə çatmışdı. İstərdim ki, ağlım kəsəndən vurğunu olduğum bu sənətkarın özünəməxsus keyfiyyətlərini qısaca da olsa şərh edim (hərçənd ki, mən musiqişünas deyiləm).

1. Yaqub Məmmədovun bənzərsiz səsi vardı. Bu səs ölənə qədər korlanmadı, heç bir xarici təsirə məruz qalmadı. Zili zil, bəmi bəm yerində. Bir az nisgilli, bir az qəmli, bir az da insana nikbinlik aşılayan bir səs. Oxuyanda da bilirdin ki, bu, qarabağlı səsidir. Onun səsini təqlid edənlər də oldu, “Bala Yaqub” dedilər belələrinə, amma onlar Yaqub ola bilmədilər. Yaqub kimi xanəndələr təkrarolunmazdılar.

2. Onun səsi təmiz, heç bir qatışığı olmayan Azərbaycan-Qarabağ səsi idi. Dünən də, bu gün də muğam oxuyanda İran-fars boğazları vuran olur, bunu bacarırlarsa, nəyi pisdir ki? Amma Yaqub bunu bacarsaydı da, yolunu dəyişməzdi. Onun muğam oxumalarında repertuar o qədər də zəngin deyildi,-bəziləri belə deyirlər. Bəlkə də razılaşmaq olar. Amma Yaqub Füzulinin bir qəzəlini (ən çox sevdiyi qəzəl “Pənbeyi-daği-cünun içrə nihandır bədənim” mətləli qəzəl idi), bütün muğamlarda səsləndirə bilirdi və tamam başqa dad, başqa ahəng yaranardı və onun belə təşəbbüsləri az olmayıb. Məsələ qəzəlin azında-çoxunda deyil, onu necə çatdırmaqdadır. Həmişə muğamda qəzəl oxuyurlar və qoşma, heca vəznli bir şeir qəzələ nisbətən muğama o qədər də girmir, amma Yaqub Məmmədov hansı muğamdasa Molla Pənah Vaqifin “Sevgilim, ləblərin yaquta bənzər” misrası ilə başlayan qoşmasını oxuyur və o qoşmanı oxuduğu muğamın əyninə geydirir.

3.Yaqub Məmmədov muğamları klassik səpgidə, dədə-baba, ustadlar yaradan qaydada oxuyan bir sənətkar idi. Heç kim ona bu mənada bir irad tuta bilməzdi. Onun radioda lentə alınmış bir neçə muğamı durur, hər biri iyirmi ya uzaqbaşı otuz dəqiqə üçün nəzərdə tutulub. Amma Yaqub Nardaran toylarında bir muğamı saat yarıma oxuyurmuş.

O, həm də Azərbaycan muğamlarının bir-birilə təmasda, ünsiyyətdə olduğunu görən ilk sənətçilərdən idi. Birinci dəfə olaraq “Çahargah”da, özü də ona böyük şöhrət qazandıran “Mənsuriyyə”də “Segah” boğazı vurdu. Bunu eşidəndən sonra bir neçə adam dedi ki, heç “Mənsuriyyə!də də “Segah” olar?  Yaqub o adamlara deyir ki, gedin Ağanın-Seyid Şuşminskinin yanına, görün olar ya olmaz? Həmişə Filarmoniyadakı bağda oturub qəlyan çəkən Seyid Şuşinskinin yanına gedirlər, soruşurlar ki, ay ustad Yaqub “Mənsuriyyə”də “Segah” boğazı vurur, siz buna necə baxırsınız? Ağa hirslənib deyir ki: “Bu nə sözdür,kim deyir “Çahargah”da “Segah” nəfəsi vurmaq olmaz? “Segah” elə muğamdır ki, bütün muğamların içinə girir. Səsin var oxu, sonra yenə qayıt həmin muğama”.

4. Yaqub Məmmədov yaradıcı xanəndə idi.

Mən onun bütün muğamlarını dinləmişəm. Tələbə ikən Filarmoniyadakı konsertlərdə, sonra lent yazılarında, sonra da ekranda. Xanəndələrin əksəriyyəti “Bayatı-Şiraz” oxuyur. Əksəriyyəti də muğama Füzulinin bu mətləli qəzəliylə başlayırdılar:

 

 

Mənə badi-səba ol sərvi-gülruxdan

xəbər verməz,

Açılmaz qönçeyi-bəxtim,

ümidim nəxli bar verməz.

 

 

Amma Yaqub “Bayatı-Şiraz”a Füzulinin başqa bir qəzəliylə başlayır:

 

     

 

Ey geyib gülgün dəmadəm

əzmi-cövlan eyləyən,

Hər tərəf cövlan edib döndükcə

yüz qan eyləyən.

 

 

 

Ey məni məhrum edib

bəzmi-vüsalından müdam,

Qeyri-xani iltifati üzrə mehman eyləyən.

 

 

 

Ey dəmadəm rəşk tiğilə

mənim qanım töküb,

Mey içib əğyar ilə seyri-gülüstan eyləyən.

 

 

 

Yaqub “Bayatı-Şiraz”ın kulminasiyon nöqtəsinə-”Bayatı İsfahan”a çatanda zil və məlahətli səsi ilə adamı yaxıb-yandırır.

Bəs “Mirzə Hüseyn segahı”? Ona dəfələrlə qulaq asmışam, doymamışam və inanmıram ki, kimsə “Mirzə Hüseyn segahı” Yaqub kimi oxuya.

Bəs “Rast” necə? Yaqub bu muğamı oxuyanda elə bil döyüşə girirdi, düşmən üzərinə hücum çəkirdi, “Bərdaşt”dan, “Mayə”dən, “Üşşaq”dan, “Hüseyni”dən, “Vilayəti”dən, “Şikəsteyi-fars”dan, “Xocəstə”dən, “Əraq”dan, “Xavəran”dan, “Pəncgah”dan, “Rak”dan keçə-keçə qələbəyə doğru addımlayır. “Rast” Qəmin və Üsyanın birliyidir. Bəxtiyar Vahabzadə demişkən:

 

 

Bir aqilin hikmətli nəsihətləridir Rast,

Tarix danışan köhnə rəvayətləridir Rast.

 

 

 

Ey Bəxtiyar, ah atəşi söz rənginə girməz,

Həm dərdi qürub çağı və

həm dan yeridir Rast.

 

 

 

Bəs “Mənsuriyyə”? Yaqub Məmmədovla birinci və axırıncı dəfə (1997-ci ilin gözəl may günlərinin birində) görüşümüzdə ona belə bir sual verdim: “Yaqub müəllim, mən dəfələrlə Filarmoniyadakı konsertlərinizdə olmuşam. Çox zaman “Çahargah” oxumusunuz, amma o konsertlərdəki “Mənsuriyyə” hara, lentə aldırdığınız “Mənsuriyyə” hara? Bəlkə bunun bir sirri var?”

Onda Yaqub Məmmədov qəlyanını tüstülədərək belə dedi: “Vallah, niyəsini deyə bilmərəm.  O gün (səhv eləmirəmsə, 64-cü ilin may ayı idi) kefim ala buluddaydı. Habil Əliyev zəng elədi, dedi ki, gəl studiyaya, mənim haqqımda veriliş hazırlayırlar, sən də bir şey oxuyarsan. Studiyada dedilər ki, elə bir şey oxu 4-5 dəqiqədən artıq olmasın. Qərara aldıq ki, “Mənsuriyyə” oxuyum. Vallah, heç bilmirəm mənə necə ilahi bir qüvvə gəldi, Habil də elə çaldı ki, kefimin yuxarı vaxtı elə oxudum. Sonra bunu pozmadılar, eləcə qaldı”

F.Şuşinskinin kitabından Seyid Şuşinskinin “Mənsuriyyə” barədə dediklərini burda xatırlamaq istəyirəm” “Çahargah” çox ağır muğamdır, həm də oxuyan üçün ciddi imtahandır. “Çahargah”ı səsi geniş diapazona malik olmayan xanəndə oxuya bilməz. “Çahargah”ın bəzəyi, nə təhər deyərlər, qaymağı “Mənsuriyyə”dir. Buna görə də böyük konsertlərdə və məclislərdə “Çahargah”ı mayədən başlasan, dinləyicini tez yora bilərsən.  Məclisi ələ almaq üçün xanəndə gərək “Mənsuriyyə”dən başlasın. “Mənsuriyyə”siz “Çahargah” günəşsiz torpağa bənzər”.

Yaqub Məmmədovun “Mənsuriyyə”si Azərbaycan muğam sənətinin möhtəşəm qələbələrindən biridir.

5. Və nəhayət, Yaqub Məmmədovun bir sənətkar kimi özünəməxsusluğunu səciyyələndirən bir cəhəti də qeyd etməyi vacib bilirəm. Yaqub Məmmədov öz dövründə Azərbaycan Toyunun muğam toyu kimi formalaşmasında böyük rol oynadı. O illərdə (xüsusilə, keçən əsrin 50-80-ci illərində) Azərbaycan toyu Muğam və Aşıq toyları kimi formalaşırdı, hələ 50-60 adamın birdən ortalığa düşüb oynaması, ağız deyəni qulaq eşitməməyi, “Bakılı balasıyam”, “A telli, telli oğlan”, “Telefonda demək olmur”, “Can-cana”, “Kəmər belimi kəsdi” və s. belə bəsit mahnıların toy repertuarında üstün olması, səsi olmayanların toy padşahlarına çevrilmələri dövrü başlanmamışdı. Muğamlı toylar əhli ariflərin, söz xiridarlarının yığışdığı məclis idi. Nardaranda qayda belə idi ki, gecə saat 10-a yaxın xanəndə toyxanaya girir, o vaxtacan oynamaq, rəqs, filan olur. Məclisin öz ağsaqqalı olur, elə ki, xanəndə gəldi, o, üzünü camaata tutub xanəndə nə oxuyacağını elan edir. Nardaranda gözəl muğam bilicisi Səməd kişi olub, o öləndən sonra oğlu Hidayət idi mubam sərrafı. Səməd kişi bir toyda Yaqubdan xahiş edir ki, “Bayatı-Şiraz” oxusun. Yaqub düz saat yarım “Bayatı-Şiraz” oxuyur. Hamını valeh edir. Oxuyub qurtarandan sonra Səməd kişi nə desə yaxşıdır: “Ay camaat, daha bəsdir, bir “marş” dağılışma havası çaldıraq, bu “Bayatı-Şiraz” qalsın qulağımızda. Daha bizə kifayətdi, gedib rahat yataq”. Halbuki, Yaqub hələ 2-3 saat da oxumalıydı. Bircə muğam nardaranlılara bəs elədi.

Şükür Allaha ki, indi az da olsa, muğama, muğam oxuyanlara hörmət elə Nardaranda, bir sıra Bakı kəndlərində qalıb.

Qısaca da olsa, Yaqub Məmmədov sənətinin özünəməxsusluğundan söz açdım. Amma indi peşimanam ki, gərək o böyük sənətkarla tez-tez görüşəydim. Xatırlayıram ki, o, cavanlara (özündən cavan sənətçilərə, indi onların çoxunun yaşı əllini, altmışı keçib) böyük ümid bəsləyirdi. Ömründə paxıllıq nə olduğunu bilməyən Yaqub Məmmədov o söhbətimizdə  Alim Qasımovun, Ağaxan Abdullayevin, Vahid Abdullayevin, Səfa Qəhrəmanovun istedadlı olduğunu söylədi, onlara uğurlar arzuladı. Süleyman Abdullayevi, Sabir Mirzəyevi isə o ki var təriflədi.  Xarici ölkələrə səfərlərindən söz açdı, İranda konsertlər verməyini xüsusi vurğuladı.  Dedi ki, İranda olanda bilirdim ora da muğam ölkəsidir və ona görə mən Nizamidən, Füzulidən fəlsəfi qəzəllər oxudum. Çox xoşlarına gəldi və bir molla dedi ki, o Yaqub elə bizim adamdı, İran onun üçün açıqdı, nə vaxt istəyir gəlsin.

Yaqub Məmmədov “Xalq artisti” fəxri adını alanda yaşı altmışı keçmişdi. Amma onacan xalqın ürəyində idi bu böyük sənətkar...

 

Vaqif YUSİFLİ

525-ci qəzet.- 2013.- 9 noyabr.- S.16-ardı 29.