Köhnə Tanışlar: Söz fədailərindən biri
Elman Cəfərli
SƏHİFƏNİN
QONAĞI TƏRCÜMƏÇİ-JURNALİST Fəridə Sadıqovanın
YAZISI
ONLAR
NƏ DEDİLƏR : Teymur
Xaspoladov
Qızıl Qələm və H.B.Zərdabi
mükafatları laureatı
ONDA
BİR CAZİBƏ QÜVVƏSİ VARDI
Elman ilə isti münasibətlərimizin nə
vaxtdan başlandığını
dəqiq xatırlaya bilmirəm. Bəlkə də buna səbəb hər ikimizin mətbuat sahəsində işləməyimiz
olmuşdur.
Mən arabir AzərTAc-a
gedər, peşə yoldaşlarımla-tərcüməçilərlə
görüşərdim. Belə görüşlərin birində
Elmanı da tərcüməçilərin arasında gördüm.
Tərcüməçi peşəsinə olan məhəbbətimiz
ilk andan bizi yaxınlaşdırdı. Daim inkişafda olan, gündəlik mütaliə
tələb edən, insanı yeni bilik qazanmağa və yeni məlumat
mənbələri tapmağa
sövq edən tərcüməçilik peşəsi
aramızda yaranan körpünü gündən-günə
möhkəmləndirdi. Tərcümə məsələlərinə
dair hər bir yeniliyə böyük maraq göstərdiyini elə
ilk tanışlığımızdan
hiss etmişdim. Elə
o vaxtdan, nisbətən
qısa ömrünün
sonunadək aramızda,
özümüz də
hiss etmədən, təmənnasız
bir dostluq yarandı. Bir məsələni qeyd edim ki,
Elmanda nəsə bir cazibə qüvvəsi vardı.
Hamı onunla söhbət etməyə
can atardı.
Elman müəllimi həmişə
gülərüz, şən
görmüşəm. Hazırcavab, zarafatcıl idi. Bir dəfə peşə dostumuz Akif Qəhrəmanlının
yubeleyi keçirilirdi.
O vaxt Akif müəllim Prezident Aparatında, Elman müəllim
AzərTAc-da, mən Azərsutikinti ASC-də işləyirdik. Təntənəli
mərasimin keçirildiyi o vaxtkı Abşeron mehmanxanasının qarşısında
Elmanla rastlaşdım.
Mərasimin başlanmasına
bir az
qalmışdı. Soruşdum ki,
niyə içəriyə
keçmirsən? Elman əlüstü cavab verdi: Dəvətnaməni
götürməyi unutmuşam,
odur ki, içəri buraxmırlar-deyə
cavab verəndə mən hətta əvvəlcə buna inanmışdım. Sonra Elman müəllimin
məxsusi gülüşü
bunun zarafat olduğunu bildirdi.
Özüm istəmədən haqqında
keçmiş zamanda danışmaq zorunda qaldığım Elman Cəfərli
müxtəlif kütləvi
informasiya vasitələrindən,
AzərTAc direktorunun müavini vəzifəsinədək
yüksəlmişdi. İş günü
ərzində bəlkə
də heç yarım saat öz kreslosunda oturmazdı. Böyük
kabinetində üstündə
kompyuter olan ayrıca iş stolu vardı. Bütün günü kompyuterin arxasından qalxmazdı.
Ən cətin və məsuliyyət tələb
edən materialları
məhz Elman müəllim
tərcümə edərdi.
Gənc tərcüməçilər tez-tez
ona müraciət edər, ondan məsləhət istəyərdilər.
Elman müəllim bir anlıq işindən ayrılar, gənc tərcüməçilərin
çətinlik çəkdikləri
sözün, yaxud söz birləşməsinin,
mürəkkəb bir
cümlənin düzgün
tərcüməsini bir
müəllim kimi onlara ətraflı izah edərdi.
Elman xeyir-şər məclislərindən
qalmazdı. İştirak etdiyi məclislərdə
ona mütləq söz verərdilər.
O da özünəməxsus
bacarıqla bu işin öhdəsindən
gələrdi.
Qəfil əcəl aman versəydi, indi Elman Cəfərlinin 68 yaşı
olacaqdı. Elman müəllim
hələ çox iş görəcəkdi.
Nə edəsən? Tale yazısının qarşısında
insan övladı həmişə acizdir. Allah sənə
rəhmət eləsin,
Elman! Sən
dostlarının xatirində
həmişə yaşayacaqsan!
Bu gün haqqında söhbət açmaq istədiyim adam tanınmış məşhurlardan,
görkəmli şəxsiyyətlərdən
deyil, gəncliyini, ömrünü, bütün
bacarığını tərcüməçilik
sənətinə həsr
etmiş çox təvazökar, sadə bir insandır: Elman Cəfərli. Yəqin ki, bu ad oxucularımızın
çoxuna tanış
deyil, amma Azərbaycan Dövlət İnformasiya Agentliyində
ağır yükün
altına girən, zaman məfhumunu, iş rejimini düşünmədən fədakarlıqla
çalışan tərcüməçi-redaktorlarımız
onu yaxşı tanıyırlar. Çünki
illər uzunu gərgin, operativ iş şəraitində
bu yükü birgə daşımışlar.
Elman yaşca məndən
böyük olsa da Azərinforma (indiki AzərTAc-a) məndən bir-iki il sonra gəlmişdi.
İlk günlərdən ciddiliyi,
yaraşığı və
çevikliyi ilə hamının diqqətini cəlb etdiyi kimi qısa bir zamanda seçdiyi
sənətin bilicisi,
fədaisi olduğunu nümayiş etdirməklə
də hörmət qazana bildi. Deyə bilərsiz ki, informasiya xarakterli sənədlərin tərcüməsində
nə bilici, nə xüsusi bacarıq? Axı bu, bədii
tərcümə deyil.
Mən deyərdim ki, bəzən gün ərzində 5-6 nəfərin tərcümə etdiyi 150-200 səhifəlik rəsmi dövlət sənədlərinin
məsuliyyəti daha çoxdur. Çünki Azərbaycan dilində yazılan tək-tük informasiyalar istisna olmaqla sovet dövründə rəsmi məlumatların demək
olar ki, hamısı rus dilindən Azərbaycan dilinə tərcümə
olunurdu və dövlət əhəmiyyətli tədbirlər,
mərasimlər haqqında
rəsmi qəzetlərdə
dərc edilən yazılar, qurultay, plenum materialları, məruzə
və çıxışlar bu agentlikdə tərcümə olunurdu. Hər sənədin nəinki cümləsinə, hər
kəlməsinə, nöqtəsinə,
vergülünə də
söz vardı.
Hər bir söz dəqiq
tərcümə edilməli,
yerində işlədilməli
və təkrara yol verilməməliydi.
O zaman agentlikdə çalışan İsaxan
Ömərov, Azər
Ələsgərov, Akif
Qəhrəmanov kimi peşəkarlardan sonra informatik sənədlərin
tərcüməsində yeni
söz demək çox çətin idi. Lakin bunu da qeyd edim ki,
tərcüməçilərin hamısı Azərbaycan dilinin zəngin ehtiyatlarından maksimum bəhrələnməyə çalışsa
da, hərənin öz üslubu vardı. Tərcümə olunmuş materiala
baxanda dərhal onu kimin tərcümə
etdiyini bilirdik.
Elman Cəfərli tərcümələrində
dilimizin unudulmuş, çoxlarının heç
eşitmədiyi, ancaq mətndə tam yerinə düşən elə sözlərini seçib tapırdı ki, bəzən ona zarafatla deyirdik: Bunu deyəsən ancaq Marneulidə işlədirlər.
Hər şənbə agentlikdə tərcüməçi-redaktorların letuçka deyilən çaparaq yığıncaqları keçirilirdi. Həftə ərzində rastlaşdığımız mübahisəli sözlərin, terminlərin tərcüməsini razılaşdırırdıq. Bəzən belə yığıncaqlara Terminologiya Komitəsindən, Ensiklopediyadan, respublikanın aparıcı mətbuat orqanlarından qonaqlar dəvət olunurdu. Qısamüddətli letuçkaların saatlarla davam edən toplanışlara çevrildiyi vaxtlar tez-tez olurdu. Uğurlu tapıntılar da qeyd edilirdi, yol verilmiş səhvlər də. Yadımdadır, belə yığıncaqların birində Elman Cəfərlinin tərcümə etdiyi materialda gözdən qaçırdığı rəqəm səhvi ona nə qədər pis təsir etmişdi. Yığıncaqdan çıxanda ona ürək-dirək verənlərə dərindən köks ötürərək demişdi: İşə bir bax, o gün ailəliklə bir konsertə getmişdik. Hələ içəri girməmiş divardakı afişada 5-6 səhv tutub dilimizin qol-qanadını sındıranları qınamışdım. Necə olub ki, bu rəqəm gözümdən qaçıb?
Bəli, bu sənətin təbiəti budur. Canlı ensiklopediya adlandırdığımız tərcüməçi Cəlil Xəlilov demişkən, adicə istirahət edəndə, küçədə gedərkən də beynimiz tərcümə ilə məşğuldur, rus dilində gördüyümüz hər lövhəni, hər plakatı, hər yazını tərcümə edirik.
Elmanın da, mənim də tərcüməçi kimi yetişib püxtələşməyimizdə, bu sənətin sirlərinə yiyələnməyimizdə bu sahədə ustadlarımız sayılan Cəlil Xəlilovun, İbrahim Novruzovun, İsaxan Ömərovun, Ənvər Quliyevin, Sahib Yusifovun xidmətləri çox olsa da, hər dəfə çətinliyə düşəndə çox tez-tez müraciət etdiyimiz Azər Ələsgərovun və Akif Qəhrəmanovun bizə göstərdikləri köməyi, əllərində necə təcili, vacib rəsmi sənədlər olsa da bizə verdikləri ətraflı izahatları heç vaxt unutmamışıq desəm, məncə, Elmanın da ruhu şad olar.
Tərcüməçilərin demək olar ki, hamısına xas olan xüsusiyyətlər Elmanda da vardı: sakit, az danışan, sadə və təvazökar. Amma zarafatlarından da qalan deyildi. Qızğın diktə etdiyi yerdə məqamına düşən elə əhvalatlar söyləyir, zarafatlar edirdi ki, yanındakılar gülməkdən uğunub gedirdi, dərhal da Boks! deyib işə davam edirdi. Deyirdi ki, yorulanda bu da lazımdır ki, kefimiz qalxsın, daha sürətlə, daha həvəslə və ruh yüksəkliyi ilə işləyək. Həmkarları, makinaçılar (operatorlar) ilə ünsiyyətdə o qədər adi, işlək dildə danışırdı ki, yazılarında işlətdiyi o terminlərin, ifadələrin, zəngin leksikonun sahibinin məhz onun olduğuna şübhə edirsən.
Bilirsiz, çoxları tərcüməni adi, asan bir iş hesab edir. Nədi ki, başqa dildə olan sözləri lüğətlərin köməyi ilə öz dilimizə çevirirsən də. Burda nə var ki? Elə deyil, dilimiz o qədər yad dillərin təsiri altında olub ki, indiki dövrdə hələ sadəcə öz ana dilimizdə təmiz, düzgün danışmağı bacarmağın özü qəhrəmanlıqdır. Onda qalmış ki, başqa müəllifin hazırladığı, bəzən qüsurlu, natamam, qeyri-dəqiq ifadələrlə, rəqəmlərlə dolu olan mətnləri işləmək. Bəzən belə mətnlərdəki faktları dəqiqləşdirməyə materialın tərcüməsinə sərf olunduğundan çox əmək və vaxt gedirdi. Bəzən ən operativ kiçik materialda belə hansısa bir kəlmə, rəqəm üçün məsləhətləşmələr aparmaq, mübahisələr etmək lazım gəlirdi.
Elman daim tələsirdi, işləyəndə də, danışanda da, hətta çörək yeyəndə də. Ürəyi həmişə harasa tələsirdi. Bu, təbiətindənmi irəli gəlirdi, işinin xarakterindənmi, deyə bilmərəm. Sanki ömrünün qısa olacağı ürəyinə dammışdı. İstər oturaq, istərsə də fiziki iş sahələrində çalışan adamlar asudə vaxtlarında adətən istirahət edir, açıq havada dincəlməyə, gəzməyə çalışır, qohum-tanış evinə qonaq gedirlər. İllər boyu müşahidə edib görmüşəm ki,bir yerdə işlədiyimiz tərcüməçilərin hamısı belə zövqlərdən məhrum olublar. Əlavə yaradıcılığa da vaxt olmayıb. Həmkarlarımın azı üçü layiqliyi istirahət kimi təqdim etdiyimiz pensiyaya çıxmadan, elə işlədiyi müddətdə, dünyasını dəyişib.Amansız ölüm Elmanı da tez yaxaladı.
Rahat uyu, qardaş, iş yerin AzərTAc-da savadı, dil mədəniyyəti, hafizəsi, dünyagörüşü, əməyi və vicdanı ilə sənin canın qədər sevdiyin ana dilininin keşiyində duran fədailər var. Agentliyin rəhbərliyi ciyərparan Nigar Cəfərliyə xaricdə çox məsul bir işi həvalə edib. Hər gün ondan aldığımız operativ xəbərlər səni bir an da olsun unutmağa imkan verməz.
Tofiq ABDİN
525-ci qəzet.-
2013.- 9 noyabr.- S.23.