Mən aşiqəm üzünə...- YÜZ GÖZƏL SEVGİ ŞEİRİ

 

PƏRVİNin təqdimatında

 

 

 

Sevginin tarixi insanlığın yarandığı dövrdən başlanır, məncə. Adəm  sadəcə nəfsinə uymamışdı, qadına qulluq etmişdi, nəvaziş göstərmişdi. yəqin elə o vaxtdan da aşiqləri cəzalandırmaq ənənəsi qoyulub. Bu mənada eşqi insanın ən qədim hissi hesab eləmək olar. Çiy ət yediyi, od-ocağın olduğunu bilmədiyi, yekə-yekə meşələr yananda vəhşi heyvanlara qoşulub qaçdığı, yağış yağanda mağaradan başını çıxarmadığı, şimşəkdən təlaşlanıb gizləndiyi zamanlardan sevir insan. Yəqin təzə-təzə bu sadəcə instinkt idi, getdikcə böyüdü, yetişdi, şirinləşdi, gözəlləşdi... yaşamağın mənasına, rənginə, dadına çevrildi. daha qırıq, rabitəsiz sözlər, səslər yetmədi, bəs eləmədi ona... Adəm övladı özündən danışmaq, içindən xəbər vermək istədi. Əslində, incəsənətin yaranması, müxtəlif sənətlərin meydana gəlməsi burdan başlanır, bəlkə. İnsanın öz duyğularını üzə çıxarmaq, ifadə eləmək ehtiyacından. Axı, ürəyindən üzüyuxarı qalxıb boğazını qəhərləndirən, nəfəsini kəsən o hissi sözə, musiqiyə, sənətə  çevirməkdən gözəl ola bilər?! Məhz insanı, onun dünyasını, duyğularını təsvir edən sənət daha isti, daha doğma gəlir adama. Zamanla sadəcə, ifadə tərzi, yaradıcılıq metodları dəyişilib. İnsan, onun hissləri isə  həminkidi. Sevgi, ağrı, əzab, qorxu, sevinc, təlaş s... Elə ona görə bəzən əsrlər öncə yazılan folklor nümunəsi ilə müasir zamanda qələmə alınmış romanın mövzusu, qayəsi eyni gəlir adama.

Şifahi xalq yaradıcılığımızın bir qolu sayılan bayatılarda da eyni mənzərəni müşahidə etmək olar. Bayatıların çox böyük mətləbləri, mənaları yığcam şəkildə çatdırması xeyli maraqlıdı. Dörd misralıq şeir parçasına bəzən böyük bir hekayə, yaxud poema mövzusu sığışa bilir. Bu mənada bayatılarımız hazırda dünyada xeyli dəbə minmiş hətta başqa millətlərin müraciət etdiyi yapon hoqqularından heç geri qalmır. məncə, bu janrda olan əsərlər şifahi ədəbiyyat (əlbəttə, sonralar bir çox aşıqlar, şairlər bu janra müraciət ediblər müəllifli bayatılar da az deyil) nümunəsi kimi həm başqa məqamlarımillətin xarakterini, münasibətlərə baxışını, adət-ənənələri, müəyyən dərəcədə tarixi əks etdirməsi baxımından maraqlıdı. Eyni zamanda, asan yadda qalması, dillər əzbəri olması, sonralar, hətta müasir dövrdə şairlərin bunlardan bəhrələnməsi nəticəsində bayatılar aktuallığını itirməyib. istər gündəlik həyatda, istərsə müxtəlif əsərlərdə bunlara müraciət olunması, sitatlar gətirilməsi heç təsadüfi deyil. Məncə, insan hissinin, münasibətlərinin elə tərəfi yoxdu ki, bayatılarda əks olunmasın. mənə görə, bu şeirlərin əsas üstünlüyü təkcə hansısa mücərrəd duyğuları deyil, həm real hadisələri, münasibətləri, konflikti, incikliyi, sevinci, dərdi, ayrılığı s. ifadə etməsidi.

Eşq mövzusunda olan bayatılar da həqiqi düşüncələri, arzuları, sevginin  ən fərqli çalarlarını, ünsiyyətin qeyri-adi tərəflərini təsvir eləməsi baxımından bəzən hətta təəccüb doğurur. Yaranma tarixi məlum olmayan, yüz illərin sınağından keçə-keçə ağızdan-ağıza düşən, beləcə günümüzə gəlib çatmış şeir nümunələri o qədər müasir, o qədər təzədi ki... Amma ən əsası burdakı xəfif münasibətləri, həssas yanaşmaları, kövrək duyğuları oxuduqca səmimiliyə heyrət edir, riqqətlənirsən... Əlbəttə, məhəbbət dastanları, rəvayətlər, əfsanələr öz yerində, amma məhz burdakı qaçaraq fikirlərdə, tələsik təsvirlərdə nələr yoxdu?!

Qadın gözəlliyinin, sevgiliyə heyranlığın ən zərif, şirin təsvirləri:

 

  

 

Yar gəldi bu diyara,

Könlümə etdi çara,

Gözəl bir qız sevmişəm,

Ay camallı, göz qara.

 

 

 

Əzizim gül üşüdü,

Şeh düşdü, gül üşüdü.

Güldün, ağlım apardın,

Bu necə gülüşüdü?!

 

 

 

Dan yeri söküləndə,

Zülf üzə töküləndə,

Şeh düşmüş gülə bənzər,

üzdən öpüləndə.

 

 

 

Qısa, bir qədər dumanlı fikirlərdə qadının təkcə zahiri deyil, daxili görünür. Gülüşüylə ağlı başdan alan Ay üzlü qadını bundan gözəl necə vəsf etmək, əzizləmək olar ki?!

Adətən, klassik ədəbiyyatda dərində qalmış, gizli hisslərdən daha çox zahiri təsvirlərə yer verilir. Lakin bayatılar real münasibətləri, bəzən hətta problemləri mövzuya çevirməsi baxımından seçilir. Ona görə bu şeir nümunələrini yaradan xalqın səmimiliyi nəzərə çarpır. Sevən adamın qısqanmaması mümkünsüzdü yəqin. məhz bu hissin, qısqanclığın müxtəlif bayatılarda ən fərqli ifadəsini görmək olar:

 

 

 

Əzizim baxtıyarım,

Baxtımın taxtı yarım.

Üzündə göz izi var,

Sənə kim baxdı yarım?!

 

 

 

Əzizinəm yad əli,

Ya divanə, ya dəli.

Məhşərim o gün qopar,

Yara dəysə yad əli.

 

 

 

Gözüm, göz görə səni,

Kabab, köz görə səni.

İstəməm öz gözümnən,

Ayrı göz görə səni.

Su gəlir pər gələnə,

Zülfün bas tərgələnə.

Üzün bir ay parçası,

Göstərmə hər gələnə.

 

 

 

Mən aşiq xan gözünə,

Su tək axan gözünə.

sürmədi çəkibsən

Evlər yıxan gözünə?!

 

 

 

Görün qısqanclıq incə, necə yumşaq etiraf edilir: “Üzündə göz izi var, sənə kim baxdı yarım?”, “İstəməm öz gözümdən ayrı göz görə səni...”, “Üzün bir ay parçası, göstərmə hər yetənə...” – misralardakı zəriflik ürəyin ən incə tellərinə toxunur. bu sözlərdən sonra qadının evlər yıxan gözünü gizlədəcəyinə, üzünü hər yetənə göstərməyəcəyinə şübhə qalmır. Axı, belə xahişlərdən, belə şirin yalvarışlardan kim inciyər?!

Lakin sevgi təkcə gözəl, romantik, həzin hiss deyil ki... Burda inciklik var, vəfasızlıq da, əzab da: 

 

 

 

Əzizim dəydi yara,

Su gəldi dəydi yara.

Lal olsun mənim dilim,

dedim dəydi yara?

 

Xal görmədim xalınca,

Xalından kam alınca.

Bilsəydim bivəfasan,

Göz qoymazdım dalınca.

 

Dəsmalın ağdı məndə,

Güllüdü, ağdı məndə.

Yar, sənin biryoxsözün

Düyündü, dağdı məndə.

 

Saydım ulduz yüz dənə,

Bir təsbehdi, yüz dənə.

O günündən qorxuram,

İnciyəsən, üz dönə.

 

Mən aşiq neylim sənə,

Qonubdu meylim sənə.

Mən dönsəm, üzüm dönsün,

Sən dönsən neylim sənə?

 

Bu nümunələrdə sevgilisiylə qaba danışdığına görə özünə qarğış edən, bivəfa yara bel bağladığına görə peşman olan, “yoxsözünü ürəyinə salan  aşiqin ağrıları, iztirabları müxtəlif yollarla çatdırılır. Və həmin şeirlərdə əsas diqqətçəkən məsələ bu hisslərin sanki dünən, ya bu gün yaşanmasıdı. O qədər aydın, o qədər təzə-tərdi ki, duyğular, müasir insan asanlıqla özünü, sevgilisi ilə dünənki telefon söhbətini, ötən gecə yuxusunu qaçıran məsələnin səbəbini burda tapa bilər.

Yazımın əvvəlində aşiqlərin sevgiyə görə cəzalandırılma tarixçəsindən danışmışdım. Məncə, zamanla cəza növləri və üsulları bir qədər də qəlizləşib, sərtləşib:

 

Əzizim qalmaqala,

Dinc başın salma qala.

Biz gizlin sevişmişik,

Kim saldı qalmaqala?

 

Mən aşiqəm üzünə,

Heyranam qaş-gözünə.

Sən məndən əl üzməzdin,

Baxdın özgə sözünə.

Dam üstədi damımız,

Qoşadı eyvanımız.

Sən ordan bax, mən burdan,

Kor olsun düşmanımız.

 

Arazı ayırdılar,

Su ilə doyurdular.

Mən səndən ayrılmazdım,

Zülm  ilə ayırdılar.

 

Mühitin, ətrafın sevgiylə düşmən olduğunu kim bilmir ki?! Amma ən qəribəsi budu ki, bu sahədə də heç nə dəyişilməyib. Müasirlik, Avropa filan hamısı effektsizdi bu sahədə. Elə bu bayatılarda göstərildiyi kimi, “gizlin sevmək”, “qalmaqala düşmək”, “özgə sözünə baxmaq”, “zülm ilə ayrılmaq” indinin özündə də aktualdı. O vaxtkı təki qoşa eyvanlara paxıllıqla baxanlar var (bəlkə indi daha çoxdu), min il öncə olduğu kimi, eşqi qorumaqdan ötrü hər kəsdən mübhəm saxlamağa çalışır sevgililər... Amma nə edəsən, hər kəsin gücü çatmır bütün bunlaradüşmanlara, yazıqlara, paxıllara tab gətirməyə... Zülm ilə də olsa, ayıra bilirlər. Və onda başlanır əsl iztirab, qarşılıqlı ittihamlar:  

 

Dağ başın duman almaz,

Yar yarı dərdə salmaz.

Yar mənə bir dərd verib,

Yüz il keçə sağalmaz.

 

Əzizim oda yandı,

Mən gəldim, o dayandı.

Yar mənə bir od vurdu,

Mən yandım, o da yandı.

 

Tapmısan güldə məni,

Görürsən ildə məni.

Dedin səni sevirəm,

Sevirsən dildə məni.

 

 Doğrudan da, insana bir anlıq elə gəlir ki, sevirsənsə, sadəcə dildə yox, qəlbən aşiqsənsə, bütün ayıranlar, yaxud buna çalışanlar mənasızlaşır. Amma... Bəs ölüm?! Onu ki heç saya bilməzsən?! Ona ki çarə yoxdu?! O zaman yalnız dua etmək, əlacı yaradandan istəmək qalır:

 

Dağ başında qar qala,

Duman keçə, tar qala.

Bir arzum var ürəkdə,

Mən ölsəm , yar qala.

 

Köynəyim buta-buta,

Kim yapışa, kim tuta.

İkimiz birdən ölək,

Qoyulaq bir tabuta.

 

Sevdiyinin yoxluğuna tab gətirmək mümkünsüzdü, məncə. Ölsən, ondan yaxşıdı. Bu mənada yuxarıdakı “mən ölsəm də, yar qala...” misrası daha dərin mətləbləri ifadə eləyir.

Ölüm qaçılmazdısa, ayrılıqdan qurtulmağın yeganə yolu birgə ölməkdi demək! Yəqin sevginin də ən xoşbəxt sonluğu budu. Həyatınla eşqinin eyni vaxtda sona çatması!

İnsan duyğularının, düşüncələrinin bütün bu dərin fəlsəfi məqamlarının dördcə misrayla deyilməsi, təsviri sadəcə, möcüzədi. Nə qədər ki, insanonun hissləri var, bu möcüzə öz təsirini itirməyəcək!

 

 

PƏRVİN

525-ci qəzet.- 2013.- 9 noyabr.- S.21.