"Qarğaəkən qoz
ağacının və qoca qara qarğanın
nağılı"
“Nağıllar” silsiləsindən
Qoca Qara
Qarğa həyatda o qədər yaşamışdı ki, hər
şey onun üçün adiləşmişdi, günəşin
sübh tezdən qızarmağa başlamış
üfüqdən çıxması da, uzaqdan görünən
dağların başındakı qarın günəş
şüaları altındakı par-par parıltısı da,
o dağların döşündəki meşələrin
yaşılı da, uzaqdakı – düzdü, Qoca Qara
Qarğanın qanadlarının sümüyü
ağrıyırdı, amma o qart qanadlar hələ
güclü idi və bu uzaqlıq onun üçün elə
də bir məsafə deyildi – o dəniz sularının
gömgöy göylüyü də – hər şey, bu
dünyada hər şey Qoca Qara Qarğa üçün adiləşmişdi.
120 illik ömründə Qoca Qara Qarğanın
payına düşən həmişəlik bir şey
vardısa, o da tənhalıq idi və həmin tənhalığın
özü də Qoca Qara Qarğa üçün həyatının
tamam adi bir hissəsinə çevrilmişdi. O, bu tənhalığa
öyrəşmişdi və onun bütün romantik xəyalları
artıq səsçatmaz, ünyetməz bir uzaqlıqda
qalmışdı.
Qoca Qara Qarğanın
dostu yox idi, təsadüfi tanışlarla rastlaşanda, sadəcə
qarıldayıb salamlaşırdı, vəssalam, – heç
qanad saxlayıb, hal-əhval da tutmurdu, çünki hansı
qarğanınsa halının və əhvalının necə
olması artıq Qoca Qara Qarğa üçün qətiyyən
maraqlı deyildi.
Hərdən
uca bir ağacın başına, ya uçub şəhərə
gəldiyi vaxtlarda hündür bir binanın damına qonanda,
Qoca Qara Qarğa orda-burda başqa qara qarğalar
görürdü və fikirləşirdi ki, bəlkə bu
qarğalar elə onun nəslindəndir, vaxtı ilə – o
gözəl yaz çağlarında, hər il martın
sonlarından tutmuş, mayın ortalarına qədər – onun
yumurtalarından çıxmış qarğaların törəmələridir?
Ancaq bu cür fikirlərin özündə də Qoca
Qara Qarğa üçün maraqlı, ya kədərli
heç bir şey yox idi, çünki Qoca Qara Qarğa
yaxşı bilirdi ki, həyatın öz qanunları var və
yer üzündəki heç bir varlıq bu qanunlardan kənarda
deyil.
Həyatın bu qanunları mütləq idi və Qoca
Qara Qarğa o mütləqliklə çoxdan
barışmışdı.
lll
Qoca Qara Qarğanın bu qədər çox
yaşamağının sirri nədə idi? – onun
özü də bu işə məəttəl
qalmışdı. Bütün yaxınları,
əzizləri bu dünyadakı həyatlarını
çoxdan başa vurmuşdular, o isə elə hey
yaşayırdı.
Həyat Qara Qarğa üçün tamam maraqsız, hətta
mənasız idi, amma o, hələ də həyatda idi.
Bu dəfə
də caynağına aldığı qozla göydə
fırlanaraq, aşağıda daşlı-qayalı bir yer
axtara-axtara Qoca Qara Qarğa bu barədə fikirləşdi və
gülümsədi, elə bil, o cür gülümsəməyi
ilə Qoca Qara Qarğa özü öz həyatına, əslində,
bütün dünyaya istehza edirdi.
Nəhayət aşağıda daşlıq bir yer
göründü.
Məsələ
burasında idi ki, indi baş verəcək bu hadisə
zamanı yay təzəcə
qurtarmışdı, payız təzəcə girmişdi, qoz
ağaclarının da bəhrələri bir-bir yerə
düşüb qabıqdan çıxırdı və Qoca
Qara Qarğa da ətrafdakı qoz ağaclarının yerini
yaxşı bilirdi, hər il payızın təzəcə gəldiyi
vaxtlarda yalnız bu qoz bəhrələri ilə, elə bil,
Qoca Qara Qarğanın həyatına nəsə yüngül
bir təbəssüm qonurdu. Gənclik çağları, elə
bil, uzun illərin üst-üstə yığdığı
qatların altından güclə çıxaraq, bir duman
içində olsa da, Qoca Qara Qarğanın fikrində
canlanırdı, hansı bir həvəslə, hansı bir səbirsizliklə
o qozların yerə düşüb qabıqdan
çıxmağını gözləməyi yadına
düşürdü, hansı bir sevinc və ləzətlə
təzə qoz ləpələrini yeməyini
xatırlayırdı. O da, əjdadlarından gələn bir
fəhm ilə ağacın dibinə qonurdu, yerə
düşmüş qozlardan birini caynağına alıb,
göyə qalxırdı, daşlıq bir yer tapanda
aşağı baş vuraraq caynağındakı qozu zərblə
daşa çırpırdı, qoz sınırdı, o da yerə
qonub qoz ləpələrini ləzətlə yeyirdi.
İndi o
qoz sevincindən və o ləzzət hissindən heç nə
qalmamışdı və o səbirsizlik də yox olub
getmişdi, çünki Qoca Qara Qarğa bilirdi ki, tələsməyin
mənası yoxdur, il dolanacaq, vaxt gələcək, o zaman da
qoz yetişəcək. Min il bundan əvvəl
də belə olmuşdu, min il bundan sonra da belə olacaqdı
və buna görə də Qoca Qara Qarğanın gündəlik
həyatına qonan o təbəssüm də fikrindəki həmin
duman içində tez də sovrulub gedirdi.
lll
Qoca Qara Qarğa aşağı endi,
caynağındakı qozu həmişəki kimi zərblə
iri qaya parçasına çırpdı və yerə qondu
ki, qozun ləpəsini yesin, ancaq bu dəfə qoz
sınmadı, qaya parçasının üstündən
diyirlənib torpağa düşdü.
Əvvəllər də bəzən belə olurdu, qoz
qalınqabıq çıxırdı və Qoca Qara Qarğa
onu təzədən daşa çırpırdı. Bu dəfə də Qoca Qara
Qarğa torpağın üstünə diyirlənmiş qozu
caynağına aldı, havaya qalxaraq, göydə bir dəfə
fırlanıb, aşağı endi və zərblə həmin
qaya parçasına çırpdı, ancaq elə havadaca
gördü ki, qoz yenə sınmadı, qaya parçasına
dəydi, sonra da torpağın üstünə diyirləndi.
Bu nə idi, 120 yaşın əfəlliyi idi?
Qoca Qara
Qarğa çoxdan idi heç nəyə hirslənmirdi, ancaq
bu dəfə hirs və qərəzlə o qozu
caynağına alıb havaya qalxdı, eləcə bir hirs və
hikkə ilə göydə üç-dörd dəfə
fırlanıb, sürətlə aşağı baş vurdu
və var gücü ilə sağ caynağında tutduğu
qozu qaya parçasına çırpdı.
Qoz qaya
parçasına dəydi, sonra heç nə olmamış
kimi yenə də diyirlənib torpağa düşdü və
bu dəfəki zərbin gücü ilə torpağın
üstündə bir az diyirlənib, iki
yanaşı qaya parçasının arasına girdi.
Qoca Qara
Qarğa iki ayağı üstə hoppana-hoppana o qaya
parçasının ətrafında bir az ora-bura vurnuxdu, qaya
parçalarının arasına girmiş qoza tərəf
baxdı, əvvəlcə istədi dürtülüb o qozu
yenə caynağına alsın, ancaq daha buna həvəs
qalmamışdı, əslində, heç gücü də
qalmamışdı və Qoca Qara Qarğa qanadlarını
geniş açıb, sümükləri ağrıyan sinəsini
irəli verərək gərnəşmək istədi, amma
deyəsən, buna da taqəti qalmamışdı, eləcə
iki ayağı üstə hoppana-hoppana o yerdən
uzaqlaşdı.
lll
Həmin
payız fəsli başa çatdı, qış da gəlib
keçdi və yenə gözəl bir yaz gəldi, torpaq
oyandı, ağaclar çiçəklədi, göydən
baxanda bir tərəfdə torpağın üzü
gül-çiçək sarısıydısa, o biri tərəfdə
qırmızıya keçirdi, qırmızıdan otun, ələfin
yaşılına keçirdi, amma Qoca Qara Qarğa
üçün bütün bunlarda heç bir qeyri-adilik yox idi,
yüz il bundan əvvəl necə idisə, indi də elə
idi və qeyri-adilik olmadığına görə də
göydən görünən o rənglər sevincinin onun
üçün heç bir əhəmiyyəti yox idi.
Ancaq o yaz
günlərinin birində qəribə bir hadisə baş verdi: birdən-birə, tamamilə gözlənilmədən
ötən payız üç dəfə daşa
çırpılb sınmayan o qalınqabıq qoz Qoca Qara
Qarğanın yadına düşdü.
Qoca Qara
Qarğanın 121 illik həyatında minlərlə, bəlkə
də lap on minlərlə əhvalatlar, vaqeələr
olmuşdu ki, bundan da qat-qat atıq dərəcədə yada
düşməyə, xatırlanmağa layiq idi, amma niyə
birdən-birə məhz o qalınqabıq qoz Qoca Qara
Qarğanın yadına düşdü? – bu
da dünyanın qəribə işlərindən biri, bir
sirri-xuda idi.
Qoca Qara Qarğa qanadlarını açıb havaya
qalxdı və sövq-təbiisi onu o qoşa qaya
parçası olan yerə gətirdi.
lll
Qoca Qara Qarğa yerə endi, iki ayağı
üstündə hoppana-hoppana düz o qaya
parçalarının yanına gəldi və iri qara gözlərini
həmin iki qaya parçasının arasına zillədi.
Qaya parçalarının arasındakı nazik torpaq
zolağından yamyaşıl bir pöhrə baş
qaldırmışdı və bu pöhrənin qoz pöhrəsi
olduğunu da Qoca Qara Qarğa elə həmin anda başa
düşdü. Qoca Qara Qarğa orasını da başa
düşdü ki, bu pöhrə həmin qalınqabıq
qozun pöhrəsidir və onun içindən gözlənilməz,
qəfil bir duyğu ötüb keçdi, ən əsası
isə bu idi ki, Qoca Qara Qarğa o duyğunu hiss edən kimi də
tanıdı: uzun-uzun illər bundan əvvəl onun
balaları yumurtalarını deşib, elə o yumurtaların
da içindən ilk dəfə başlarını dikəldib
heyrətlə dünyaya baxanda, cavan Qara Qara Qarğa o cür
duyğu keçirərdi və o zamanlar o duyğu cavan Qoca
Qara Qarğanın bütün varlığını dərin
bir fərəhə, sevincə bürüyərdi.
Qoca Qara
Qarğa çoxdan unutduğu o duyğunu tanıdı,
qanadlarını geniş açıb, bir müddət eləcə
dayandı, elə bil, o duyğunu özündən kənar
buraxmaq istəmirdi, amma onun sümükləri ağrıyan bədəni
o duyğunu özündə çox saxlaya bilmədi və
Qoca Qara Qarğa qanadlarını yığıb, iki
ayağı üstə hoppana-hoppana o pöhrənin ətrafında
dövrə vurdu.
lll
Qarğaəkən Qoz Pöhrəsi də həmin anlar
Qoca Qara Qarğaya baxırdı və bu Pöhrə birinci dəfə
qabağında bu boyda quş görürdü. Ən qəribəsi isə
bu idi ki, dünyaya yenicə göz açmış bu
Pöhrə az qala hər səsdən, hər hərəkətdən
səksənib qorxurdu, amma qarşısında dayanmış
bu böyük və eybəcər quşu görəndə
qorxmadı.
Pöhrə
artıq göydə uçan quşları
görmüşdü, artıq başa
düşmüşdü ki, biri ömrü boyu dünyaya gəldiyi
yerdə dayanır, o biri uçur, başqası gəzir, bir
başqası sürünür, amma ilk dəfə idi ki, belə
böyük bir quş iki ayağı üstə hoppana-hoppana
onun ətrafında dövrə vururdu.
Qoca Qara Qarğa qart səsi ilə qarıldamağa
başladı və Pöhrə başa düşdü ki,
Qoca Qara Qarğa nəsə deyir, ancaq nə deyir? – bunu bilmədi,
çünkü qarğaları dilini bilmirdi.
Pöhrə
özü də Qoca Qara Qarğaya nəsə demək istəyirdi,
ondan nəsə soruşmaq istəyirdi, ancaq heç nə demədi
və təkcə ona görə yox ki, qarğaların dilini
bilmirdi və ümumiyyətlə, hələ heç
danışa bilmirdi, əsas ona görə ki, Pöhrənin
bütün zərif varlığını elə
mehriban, doğma bir həyəcan
bürümüşdü ki, səsini çıxara bilmirdi.
lll
O gözəl
yaz günləri bir-bir keçirdi və Qoca Qara Qarğa harda
olursa olsun, hər gün uçub gəlib Pöhrənin
yanında yerə qonurdu – bu qoşa qayalıq sahə onun
üçün doğma bir yer olmuşdu.
Qoca Qara Qarğa hoppana-hoppana Pöhrənin ətrafını
gəzirdi, hərdən də qaya parçasının
üstünə çöməlib Pöhrəyə baxa-baxa
fikrə gedirdi. Bu dünyada onun günahı çox idi, çox
quşları yuvasız qoymuşdu, çox yumurtalar deşib
yemişdi və vaxtıyla o yumurtalara dəyməsəydi, kim bilir, indi yer üzündə neçə
minlərlə cürbəcür quşlar uçuşurdu:
çöl ördəkləri, göyərçinlər,
turaclar, qırqovullar...
Qoca Qara
Qarğa həyatında ilk dəfə özünü baiskar
hiss edirdi.
Qoca Qara
Qarğa filosof deyildi və 121 illik ömrü boyu heç vəchlə
belə şeylər barədə fikirləşməzdi, amma
bu yaz ki, Pöhrə dünyaya gəldi və bu yerlər Qoca
Qara Qarğanın doğma məskəninə çevrildi, elə
bil, bu fikirlər də o Pöhrə kimi yenicə dünyaya gəldi.
Qəribə
bir vəziyyət əmələ gəlmişdi: günlər
keçdikcə Qoca Qara Qarğa Pöhrədən uzaq
olduğu yerlərdə özünü daha artıq baiskar
hiss etməyə başlamışdı.
Günahlarını o ilk dəfə burada
düşünmüşdü, baiskarlığını o
ilk dəfə burada fikirləşmişdi, amma günlər
keçdikdən sonra ancaq bura uçub gələndə o
öünü nisbətən rahat hiss edirdi, elə bil, burada
Pöhrəyə baxa-baxa günahlarını bir-bir yadına
saldıqca, o günahların yükü də bir-bir onun
ağrıyan canından çıxırdı, elə bil, bu
qoşa qaya parçaları, bu torpaq onun etiraflarını qəbul
edirdi və Qoca Qara Qarğanın da 121 illik ömrünün
günahları onun varlığından ayrılıb bu yerlərə
hopurdu.
lll
Qarğaəkən Qoz Pöhrəsi gözgörəti
böyüyürdü.
Dünyada
minlərlə pöhrənin böyüyüb böyük
ağac olmağını görmüş Qoca Qara Qarğa hər
dəfə uçub Pöhrənin yanına gələndə,
onun boyunun bir az da artığını görürdü və
elə bil, 121 illik ömründə birinci dəfə
görürmüş kimi, bu işə məəttəl
qalırdı.
Elə o
zamanlar da Qoca Qara Qarğa ilk dəfə təəssüf etdi
ki, bu dünyaya insan kimi deyil, qarğa kimi gəlib; ona görə
təəssüf etdi ki, quraqlıq çağlarında,
Pöhrənin yarpaqları susuzluqdan yananda insan kimi onun dibinə
su tökə bilmir; torpaq bərkiyəndə insan kimi onun
dibini belləyib yumşalda bilmir; insan kimi dərman səpələyib,
gövdəsini əhəngləyib onu xəstəliklərdən
qoruya bilmir.
Ancaq
quraqlığa da baxmayaraq, dibinin bellənməməsinə,
xəstəliklərə də baxmayaraq Qarğaəkən
Pöhrə gözgörəti böyüyürdü və
hər dəfə sübh tezdən yuxudan oyanan kimi
yarpaqlarının baxışları ilə Qoca Qara
Qarğanı axtarırdı, get-gedə boy atdıqca daha
uzaqlara baxa bilirdi və elə ki, göydə ona tərəf
uçan Qoca Qara Qarğanı görürdü, onun zərif
gövdəsinə bir arxayınçılıq
çökürdü.
lll
O yaz da
sona çatdı, payız gəldi, ağaclar
yarpaqlarını tökməyə başladı, Qarğaəkən
Pöhrənin də yarpaqları töküldü,
qış girdi və Pöhrə zərif budaqlı nazik bir
çubuq kimi qış yuxusuna getdi.
Qoca Qara
Qarğa payızda da, qışda da harda olursa, olsun,
yazdakı kimi hər gün uçub gəlirdi, iki
ayağı üstə hoppana-hoppana o tərəf-bu tərəfi
gəzirdi, diqqətlə ora-bura baxırdı, tamam arxayın
olurdu ki, buralara dovşan gəlmir, mal-qara qalxmır, hər
şey öz qaydasındadır.
Qış yuxusuna getmiş Pöhrə də Qoca Qara
Qarğanı tez-tez yuxuda görürdü və elə yuxuda
da fikirləşirdi ki, bu yuxudu, yoxsa gerçəkdi?
lll
Beləcə,
bir neçə il keçdi və günlərin
bir günündə Qoca Qara Qarğa Pöhrənin yanına
uçub gələndə ilk dəfə yerə yox, onun
budağına qondu.
O Pöhrə böyüyüb Qarğaəkən Qoz
Ağacı olmuşdu.
Qarğaəkən Qoz Ağacı o tərəflərdə
yeganə ağac idi.
Və
Qarğaəkən Qoz Ağacı öz budağında Qoca
Qara Qarğanın caynaqlarından gələn elə bir hərarət
hiss etdi ki, bu hərarəti heç nə ilə, hətta
günəş şüalarından gələn hərarətlə
belə müqayisə etmək mümkün deyildi.
Qarğaəkən
Qoz Ağacının bütün varlığından bir nida
qopdu, ancaq Qoca Qara Qarğa, aydın məsələdir, bu
nidanı eşitmədi, çünki Qarğaəkən Qoz
Ağacının da səsini etşitmək üçün
gərək ağac olaydın.
lll
Quşlar qoz ağaclarını xoşlamırdılar.
Ancaq bəzən
qara qarğalar bir yerə yığılıb dəstə ilə
uçanda, xüsusən yaz aylarında Qarğaəkən
Qoz Ağacının budaqlarına qonurdu və həmin anlarda
bu tərəfə uçan Qoca Qara Qarğa hələ
göydə ikən onları görürdü və fikrindən
keçirdi ki, görəsən, bu qarğaların
arasında onun törəmələri var?..
Ancaq nə olsun, o qarğaların nə Qoca Qara
Qarğadan, nə də Qarğaəkən Qoz
Ağacının doğmalığından xəbərləri
var idi.
Onlar sadəcə olaraq adi bir qoz ağacının
budaqlarına qonurdular, sonra da uçub gedirdilər.
lll
Bir gün Qarğaəkən Qoz Ağacı həmişəki
kimi sübh tezdən yuxudan oyandı və bütün
gövdəsi, budaqları, yarpaqları ilə dərin bir nəfəs
alıb, ətrafa baxdı.
O yay gecəsi
birdən-birə gözəl bir yağış yağıb,
səhər kəsmişdi və Qarğaəkən Qoz
Ağacının o dərin nəfəsi ilə birlikdə
bütün gövdəsinə, budaqlarına, yarpaqlarına
gözəl də bir səhər təmizliyi doldu, amma o səhər
təmizliyinin içində nəsə bir
nigarançılıq da var idi.
Nə üçün?
Hər şey ki, əvvəlki kimi idi.
Bir azdan Qoca Qara Qarğa da uçub gələcəkdi, Qarğaəkən Qoz Ağacının budaqlarından budaqlarına qonacaqdı, hoppana-hoppana o budaqları həmişəki kimi, 125 illk bir ömür boyu qartıb yoğunlamış dimdiyi ilə xırda qurdlardan, qarışqalardan, cücülərdən təmizləyəcəkdi.
Ancaq o gün Qoca Qara Qarğa uçub gəlmədi.
Qarğaəkən Qoz Ağacı get-gedə artan bir nigarançılıq içində o gecəni yatmadı, Qoca Qara Qarğanın yolunu gözlədi, amma Qoca Qara Qarğa gəlmədi.
Qoca Qara Qarğa sabah da gəlmədi.
Qarğaəkən Qoz Ağacı bir də heç vaxt o Qoca Qara Qarğanı görmədi.
lll
Qara qarğalar yenə də dəstə ilə bu tərəflərdən keçdiyi vaxtlar hərdən Qarğaəkən Qoz Ağacının budaqlarına qonurdular, ancaq onların caynaqlarında heç bir doğmalıq, heç bir hərarət yox idi.
Qarğaəkən Qoz Ağacı gecələr Qoca Qara Qarğanı yuxuda görürdü, hər səhər açılanda isə sübh tezdən yuxudan oyanan kimi göyə baxırdı, göydə uçan quşların arasında sövq-təbii olaraq Qoca Qara Qarğanı axtarırdı və bütün günü də Qoca Qara Qarğanı gözləyirdi.
Qarğaəkən Qoz Ağacı bilirdi ki, bundan sonra Qoca Qara Qarğanı ancaq yuxularında görəcək – bunu başa düşmüşdü, amma bununla heç cürə barışa bilmirdi və Allahın hər verən günü Qoca Qara Qarğanı gözləyirdi.
Heç bir quş Qarğaəkən Qoz Ağacında yuva qurmurdu, cücələrini onun budaqlarında böyütmürdü.
İllər keçirdi, Qarğaəkən Qoz Ağacı o yerlərdə, eləcə, tək ağac idi və həmişəki tənhalığı içində də yaşayırdı.
Qarğaəkən Qoz Ağacının həyatında yalnız bir dəyişiklik var idi: daha o heç kimi gözləmirdi, çünki onun üçün də bu dünyada hər şey adiləşmişdi, günlər bir-birinin eyni idi, həmişəki kimi yaz qurtarırdı, yayın istiləri başlayırdı, sonra yay bitir, payız gəlirdi, sonra isə qış və yenə də yaz.
İllər beləcə keçirdi.
28 may
2011.
Bakı.
ELÇİN
525-ci qəzet.- 2013.- 9 noyabr.- S.18.-19.