Sevgi və qadın
haqqında teatral ballada
ƏLİ
ƏMİRLİNİN “SEVƏN QADIN” ƏSƏRİ VƏ
ONUN AKADEMİK MİLLİ DRAM TEATRINDAKI TAMAŞASI İLƏ
BAĞLI TƏƏSSÜRATLAR
Süjetin
inkişafından öncəkilər: Əvvəllər evli
olan, oğlu və əri ilə sakit həyat sürən
tanınmış aktrisa Elmina, otuz yaşını arxada
qoyaraq “məzmunsuz və bekara insanlardan” sonra Qalib adlı bir
biznesmenin həyatına daxil olur. Bu tanışlıqdan sonra
gənc yaşda “xalq artisti” olan məşhur aktrisanın
sponsora ehtiyacı qalmır, o gündən teatrda söz sahibi
olur; istədiyi rolu ala bilir, hətta bəzi rejissorlar rol
ücün ona dil də tökürlər...
Elminanın
adına sevgilisi banklarda hesab
açdırır, orda, burda, dəniz qırağında ona
evlər alır, hətta əvvəlki ərindən olan
oğlunu Londonun məşhur məktəblərinin birinə
yerləşdirir. Onu əsir edən bir kişinin
qarşısında davam gətirə biləcək qadın
olmaq üçün öz ruhunu Faust kimi sevgilisinə satan bu gözəl aktrisanın xoşbəxtliyi
tiryək payını almış narkoman xoşbəxtliyinə
bənzəyir. Belə bir kişinin həyatına daxil
olmasını “tanrının töhfəsi” kimi qəbul edən
bu “allahın ərköyün bəndəsi”, yaman gözdən
çox, hər şeyi ona bolluca verən yaradanından qorxur;
sevgilisini itirməkdən ehtiyat edir. Bu üzdən
daimi təşviş içindədir; əsəb gərginliyi
keçirir. Daxili təlatümünü səngitmək
üçün ona həyan ola biləcək
doğmaları ilə ünsiyyət belə onu yorur, bezdirir.
Hətta qəribçilikdə yaşayan oğlunun
varlığı da ananı az
maraqlandırır.
Hadisəni
izah edən hissə (giriş): Elminanın həyatının
birdən-birə dəyişməsinə səbəb nəydi?
Oğulları Fəridin qızdırmalı olmasından
dolayı ərinin onu ötürməyə gələ bilməyəcəyini
öncədən gözə alan gənc
aktrisa, tamaşadan sonra teatr binasından cıxaraq
üzüaşağı düşərkən, yolu kecmək
ücün yaşıl işığın yanmasını
gözləyən bir maşının önündə
dayandığını hiss edir. Sürücünün idarə
etdiyi maşının qabaq şüşəsini yumşaqca
aşağı sürüşdürərək mehriban səslə
“əyləşin” təklifinə, eyni zamanda əmrə
oxşayan xahişinə sözsüz əməl edərək
özünü yumşaq oturacağa salan və həmin anda
başqa, ona tanış olmayan bir mühitə
düşdüyünü dərk edən Elmina, məhz o zaman
anlayır ki, artıq ordan geriyə – Fəridin atasına yol
yoxdur.
V.Hüqo bütün mühüm hadisələrin səhnədə
cərəyan etməsinə önəm verməyi, E.Skrib isə
tam tərsinə, iştirakçıların məlumatlarından
bacarıqla yararlanmağı tövsiyə edir. “Sevən qadın”
tamaşasında quruluşçu rejissor B.Osmanov, daha çox
ikinci fikrə üstünlük verir: Əsərdə ilk
tanışlıq səhnəsi ixtisara salınır; əsas
diqqət Qaliblə tanışlıqdan sonra Elminanın ruhi
halının təsvirinə yönəlir. Ruhunun
diriliyini Qalibdə görən Elmina, mələkdən
gözəl iblis kimi qəlbinə hakim kəsilən
sevgilisinin hər gəlişini qorxuyla, həyəcanla
gözləyir, həzz və iztirab arasında mənliyini,
şəxsiyyətini itirərək, aşiq olduğu
insanın əlavəsinə cevrilir.
Tamaşada ilk epizod.
Elminanın incə zövqlə bəzədilən evi məhəbbət
yuvasını xatırladır: Otağın bir küncündə
kiçik masanın üstü iki nəfərlik
şam yeməyi üçün bəzədilib. Lirik musiqinin sədaları altında Elmina (Sənubər
İsgəndərli) ziyafət geyimində, əlində şərab
səhnəyə daxil olur. İnsan kimi
yaşamağı, həyatdan zövq almağı bacaran bu
gözəl aktrisa, çalınan hər telefon zənginə
bir başqa özəlliklə reaksiya verir: “Həmişə
diksindirir məni telefon zəngi. Cavab verməyəcəm... O
heç vaxt mənə zəng eləmirsə, başqa zənglər
mənim nəyimə lazımdır?”
Əslində
onun telefon zənginə münasibəti birmənalıdır;
hər zəng xoş və bir az da həyəcanlı
duyğular oyadır içində. Ondan “intervü” almaq istəyən
müxbirin səsini sevgilisinin səsinə bənzədib bir az da həyəcanlanır: “Rəhmətlik nənəm
deyərdi ki, kişinin səsi çox şey deyir qanan
arvada”. Qaliblə hər görüşü bax beləcə,
həyəcanla, intizarla gözləyir Elmina: “Birdən gəlmədi,
birdən... Yox, mən dəliyəm, xoşbəxtlikdən
dəli olmuşam”.
Cəsarəti
sevər QADIN: Cəsarətli kişiləri
ideallaşdırar; ona sitayiş edər. Onu məzmunla dolduran
qadına maraq göstərər KİŞİ: Dəyər
verər, yiyə çıxar; sahiblənər. Elminanı qadınlar arasında seçilmişlərdən
sayır QALİB. Ruhunun diriliyini Qalibdə
görür ELMINA. Tanışlığın ilk
anındaca sevgi burulğanına düşən, sevgilisi ilə
birgə olduğu günlərin, həftələrin,
ayların sayını itirən, fikrində dünən-sabah
bir-birinə qarışan Elminanın Qalibə olan
duyğuları onu televiziya efirindən bezdirir, teatr səhnəsindən
iyrəndirir, mətbuatdan uzaq salır.
İlk tanışlıqdan həmin sonra, on
günlüyə sevgilisi ilə ayrılaraq bu dünyadan,
düşünmədən həyatın mənası
haqqında, ümumiyyətlə hansı dünyada
olduqlarının fərqinə varmadan özgə, ona məlum
olmayan başqa bir həyatın qanunları ilə
yaşayır Elmina. Və gəldiyi son qənaət bu olur ki,
doğrudan da insan xoşbəxt olanda həyatın mənası
haqqında düşünmür, buna heç vaxtı olmur.
Gərgin
situasiyalar: Qalib bir az da gec gəlsə
huşunu itirəcək, dəli olacaq Elmina. Telefon da onun qəsdinə
durub elə bil bu gün: “Aluu! Ah... tutaq ki tanıdım, sonra?
Bura baxın... Mən sizinlə danışmaq
istəmirəm. Heç bir ildən sonra
da!” Dəstəyi aparata çırpır; ondan
müsahibə almaq istəyən müxbirin üzünə
qapını çırpırmış kimi: “Səfeh!”
Qapı zəngi. Bir başqa həyəcan: “Odur! Bu saat! Gəldim!”
Sevincə açılan qapı... Sillə kimi üzünə
çırpılan səs: “Səni mən
doğmamışam də?!” Məyusluq ifadəsi, gözlərində
öləziyən ümid qığılcımları,
tükənən səbr: “Nə oldu buna? Harda
qaldı? Bu nə zülümdü?”.
Qızının durumuna üzülən ana: “O necə ərdir
ki, o səninlə yataq istəyəndən istəyənə
gəlir bura!.. Ərinin
günü təyyarələrdə kecir, gələndə
otelə düşür. O səni aşnası hesab eləyir,
arvadı yox. Kəbin-zad da boş şeydi, elə-belə,
xalaxətrin qalmasın deyə...Uşaq istəmir, evdə
qalmır, hara gedib-gəlir, sənə demir, cəhd də eləmir.
Gör bir iş nə yerdədir ki, sənin ona zəng eləməyə,
telefon açmağa ixtiyarın yoxdur”.
Dörd dəfə
ərdə olan, qızının hesabına gəzib-tozan və
beş il eyni sözləri, eyni mətni
tutuquşu kimi təkrar edən ekstravaqant görkəmli Mina
xanım (Laləzar Mustafayeva) qızının nəzərində
bircə rolu olan aktrisa kimidir; heç improvizəsi də
yoxdu: “Kişiyə etibar yoxdu, qızım, atma
özünü ayaqlar altına, başım çox çəkib”.
Elmina üçün indi bu sözlərin heç bir dəyəri
yoxdur: “Bu da mənim taleyimdi, amma mən xoşbəxtəm,
onu sevirəm, yox, sevirəm yox, ölürəm. İndi isə
get, ürəyini də buz kimi saxla, qızın xoşbəxtdi”.
Elmina
yanan şama bənzəyir, lakin aralarında bircə fərq
var; o sönmür,
gecə-gündüz yandırır onu Qalibin məhəbbəti.
Ruhunu itirmiş boş, mənasız bədən
kimi dolaşan Elminaya hərdən elə gəlir ki, qapı
arxasında dəhşətli, qorxulu bir nəsə
dayanıb, gözlənilməz xəbər kimi onun qəsdinə
durub. Fürsət düşən kimi
içinə hakim kəsilmiş məhəbbət
işığını ovcunun ortasıyla basıb
söndürəcəkdir.
Elminanın nəzərində Qalib xoşbəxtdir,
çünki heç nədən qorxmur, qadın
qarşısında çaşmır. Bəlkə də
onu sevməyinin ilkin səbəbi elə budur. Xoşbəxtlik üçün sevgi kifayət
edirmi? Qalib görə “hə ilə yox
arasında, məhəbbətlə nifrət arasında bir
addım nədir, heç bir qarış da məsafə
yoxdur”. Elminanın radikalizmi, daimi gərginlikdə
olması, hədd-hüdud bilməyən məhəbbəti
ayrılmaq üçün bəhanə olur Qalibə.
Qalib obrazı əsərin saylı epizodlarında yer
alsa da, rejissor onu tamaşaçılarla cəmi bir dəfə
görüşdürür. Məqsəd: Elminanı diqqətdə
saxlamaqla, tamaşaçıları böyük intizar və
səbirsizliklə Qalibin (Füzuli Hüseynov) gəlişinə
hazırlamaq.
Yaxın
bir həftə içində sevgilisinin sürətlə dəyişdiyinin
fərqində olan Elmina, özünü uçurumun
qarşısında hiss edir. Ona elə gəlir
ki, bu saat yıxılacaq və onu bu uçuruma Qalibin
özü itələyəcək. Göz yaşları
olmadan, qara-qışqırıqsız gözəl
ayrılmaq üçün Qalib hər şeyi öncədən
düşünüb: Fəridin təhsil haqqını
axıracan ödəyib, maddi cəhətdən Elminanın
hesabına kifayət qədər pul yatırıb: “Hərtərəfli
təmin olunmuş qadınsan, özün də hələ
cavansan, gözəlsən, yaşa mənsiz”.
Eşidəndə, anlayanda və onu da başa
düşəndə ki, indiyə qədər aralarındakı
sevgi-məhəbbət yox, münasibət imiş, artıq
ayrılıq təbilinin çalındığını
hiss edir Elmina; sarsılır. Sevgilisinin “sevdik, evləndik,
ayrıldıq” təklifinin bir başqa mümkün
variantı haqqında düşünür: “Sevdik, evləndik,
öldük ”. Bu Elminanın
son vəsiyyəti olacaqdı; onun qəbir daşına bu
sözlər yazılacaqdı. Ən əziz
adamı üçün də yarayacaqdı o sözlər.
Lakin məhəbbət xərçəng xəstəliyi
kimi Elminanın bədənində elə şaxələnib
ki, onu sözlə, amansız bir bəyanatla, hətta
bıçaqla da kəsib götürmək mümkün
deyil. Qalibin “mən səni sevmirəm” və “heç kəs
heç kəsi itirə bilməz, çünki heç kəs
heç kəsə məxsus deyil” etiraflarından sonra, bu
ayrılığı faciəyə çevirməmək qərarına
gəlir gözəl aktrisa: “Bircə qurşunla əzablarıma,
dəhşətli ağrılardan parçalanan ürəyimin
döyüntüsünə son qoya bilərdim, amma bu da
mümkün deyil... (Tapança əlindən
düşür) İlahi, mən necə gözəl ölə
bilərdim...”
F.Hüseynovun təqdimatında Qalib laqeyd görünsə
də, sözlü adama bənzəyir. Ürəyindəkiləri
söyləmək üçün ilk fürsətdən
yararlanmağa cəhd göstərir. Elmina
Qalibin təxminən nə söyləyəcəyini bilir və
ona görə də bunu görməzlikdən gələrək
daxili təlatümünü səngitməyə
çalışır; halından məmnun
görünür. Qalibin isə gözləməyə
hövsələsi çatmır. Bir
anlığa son qərarını söyləyib Elminanı tərk
etməyi düşünür. Nəhayət məqam
yetişir, hökm oxunur – ayrılıq hökmü: “Sabah
uzunmüddətli səfərə çıxıram. Görüşməyəcəyik. Mənimlə rastlaşmağa çalışma,
telefonlarımı da dəyişəcəm. Unut məni, axtarma”. Əsəbdən tarıma
çəkilən üz, düyünlənərək
yuxarı dartılan yumruqlar... Və son dəfə sevgiyə
açılan qollar... Elminanın qolları arasında
çarəsizdi Qalib...
Sənubər İsgəndərlinin
sənətkarlıq xüsusiyyətləri Elmina
obrazının tələblərinə tam cavab verir. Lirik-psixoloji obrazlar ustası, Elminanın Qalibə
sevgisini özünəməxsus zəriflik və həssaslıqla
tamaşaçılara təqdim edir. Sənubərin
gözəl, cazibədar və səmimi Elminası, beş il qul ağaya alışan kimi
alışır Qalibə, sonra isə
başlı-başına buraxılır. Qalibsiz azadlıq
yoxdur Elminaya! Bu məhbəsdən
qurtulacağına ümid edir gənc aktrisa. Hələ
də gözləyir; sevgilisinin bir daha
qayıtmayacağını bilə-bilə: “...Adam hər
ağrıya alışır. Bir az vaxt lazımdır, bir az
vaxt...”
“Sevən qadın”da Füzuli
Hüseynov iki obraz ifa edir: Qalib və Müxbir. Müxbirlə
müqayisədə Qalibi F.Hüseynovun ən uğurlu
obrazlarından saymaq olar. Aktyorun ifasında Qalib canlı və
inandırıcı boyalarla təsvir olunur. Adama elə gəlir
ki, bu obrazı Füzulidən başqa heç kim
bu şəkildə dolğun və mükəmməl təsvir
edə bilməz.
Mühasib oğlu, gənc bankir Qalib həyatın mənasını
ona anladacaq birinə ehtiyac duyur. Həyata bir başqa
yöndən yanaşan ağıllı və ruhlu Elmina bu
ehtiyacı ödəyəcəkdi, əgər onun sərhəd
bilməyən sevgisi və bu sevgidən doğan itaətkarlığı
olmasaydı. Bir yanda öz sevgisinə
düşkün Elmina, o biri yanda daxili
azadlığını hər şeydən üstün tutan
Qalib. Tamaşanın əsas konflikti də
məhz burdan qaynaqlanır.
Allahı
Qalibin simasında sevmişdi: O getməsəydi, ölsəydi,
bəlkə də bu qədər əzab çəkməzdi
Elmina. Növbəti səhnədə fərqli
biçimdə görünür gənc aktrisa. Sənubər xanımın bədbəxt doğulmuşlar
üçün təsəlli yeri olmaq istəməyən
Elminası saçı qarışıq, makiyajsız, səliqəsiz,
əzik-üzük xalatlı, ayağındakı şəpidləri
sürüyərək asta, biganə addımlarla səhnəyə
daxil olur. Kimsəni görmək həvəsində
olmayan, xəyanətdən sınmış,
atılmış, ayaq altda tapdanmış, ürəyi
ölmüş, ruhu azmış bu gözəl aktrisa, Qalibdən
sonra özünü mənasız, məzmunsuz boş bir
şey hesab edir; “...söndürülmüş şam kimiyəm,
his basmış, ərimiş, əyilmiş kifir bir
şam”...
“Dərd qadını
nəcibləşdirir, ona yeni məzmun gətirir”. Bunu Qalibdən xeyli gənc görünən, boynunda
fotoaparat, çiynində çanta asta, oğrun addımlarla
səhnəyə daxil olaraq Elminadan icazəsiz onun rəsmini
çəkən müxbir söyləyir gənc aktrisaya.
Önündə diz çökərək ondan imdad diləyən
bu sağlam, kifayət qədər yaraşıqlı kişinin qaranlıq
perspektivindən doğan sabaha ümidsizlik duyğusu, bir az əvvəl
özünü əlacı olmayan çıxılmaz vəziyyətdə
hiss edən Elminanı dirçəldir: “Dərd qadını
nəcibləşdirirsə, kişiyə heç
yaraşmır, onu düşkün göstərir, yazıq,
zavallı görkəm kişini alçaldır”. Elmina anlaya bilmir, adi məişət problemləri
içərisində çabalayan müxbir
ağıllıdır, özünü axmaq göstərmək
istəyir, yoxsa əksinə, axmaqdı, ağıllı
görünmək iddiasındadır. Hər
nə olursa belə o, Qalibi heç vaxt bu “libas”da görməyi
arzulamazdı.
Tamaşanın ikinci bölümündə yer alan müxbir, səs və görünüş etibarı ilə müəyyən mənada Qalibə bənzəsə də, onun tam fərqli şəklidir. Cilddən-cildə girən, hiyləgər və mahir təlxək obrazı, lirik obrazlar ifaçısı Füzuli Hüseynov üçün o qədər də xarakterik deyil. Yalnız geyimi və makiyajı ilə deyil, eyni zamanda zəngin xarakter özəlliyi ilə seçilən müxbir, Qalibin təsirindən qurtula bilməyən aktyorun ifasında quru, sönük və cansız alınır. Bəlkə də bu səbəbdəndir ki, tamaşaçı ilk anda “kobud, ədəbsiz, cığal və nəhayət xuliqan” müxbiri Qalibin qəsdən dəyişdirilmiş şəkli olaraq qəbul edir. Evinə soxulub kamfortu, rahatlığı canında hiss etdikdən sonra bu “arvada həsrət yetim” anlayır ki, şəhərin mərkəzində yeddi otaqlı mənzili, kifayət qədər pulu, hər qapını aça biləcək populyarlığı, şöhrəti olan Elmina kimi bir aktrisanın ürəyini ələ almaq o qədər də asan olmayacaq. Bunu insanların mənliyini, mənəviyyatını satıb, arını-namusunu yeyib niyə pul dalınca qaçdıqlarını öz məntiqinin gücüylə dərk etdiyi zaman anlayır. Müxbirə elə gəlir ki, Elmina Qalibi heç vaxt sevməyib və onun gözünü qapadan, ruhunu satın alan, şəxsiyyətini məhv edən Qalibin var-dövlətidir. “Başqasının pullarından havalanmış qudurğan qadın”ı bu təhlükəli və qorxulu yuxudan Qalibin gedişi xilas edib. Elmina buxovdan xilas olub, azadlığa çıxıb. Çaşqınlıq dövrü artıq arxada qalıb; o, özünə qayıdır.
“Mərhəmətdən məhəbbətə yol görünür”. Müxbir Elminanın mərhəmətinə sığınır və gec-tez ona məhəbbət bəsləyəcəyinə ümid edir. Elminaya görə Qalib belə məhəbbəti qəbul etməzdi. Erkəkliyini övladla, uşaqla sübut eləməyə ehtiyac duymayan, həyatına qalib kimi gələn, onu məğlub eləyib qalib kimi gedən Qalibi, müxbirlə müqayisədə əsl kişi kimi xarakterizə edir Elmina: “Zahirən sən ona çox oxşayırsan, ona görə səni qovmadım, yoxsa sən mənim hamamımda çimib, onun köynəyini geyə bilməzdin. Amma sən danışdın, ağladın, o bənzərlik də itdi. İndi onun köynəyini geysən də onu heç xatırlatmırsan.”
Tamaşanın son bölümündə əvvəlki yaraşığı, həyat eşqi özünə qayıtsa da, çox əsəbi görünür gənc aktrisa. Hövsələsiz halda əlindəki qəzeti tez-tez büküb-açır, müxbirin arxacına deyinir: “Alçaq, rəzil, həyasız... (Hər sözü dedikcə qəzeti harasa çırpır) Haram olsun sənə...” Elminanı haldan çıxaran səbəb, cibində gizlətdiyi diktofonla tanınmış aktrisanın şəxsi həyatını “Aktrisanın etirafı” adlı məqalə ilə qəzet səhifəsinə çıxaran müxbirin, “alçaq, rəzil priyom”la onu ram etmək cəhdi ilə bağlıdır. Məqalədə tanınmış aktrisanın narkoman kimi təqdim edilməsi, eyni zamanda müxbirə aşiq olması xəbərinin ayrıca yer alması da Elminanı haldan çıxaran əsas məqamlardandı: “Mən sənin qabağında ağlamışam, haram olsun sənə o şərab, anamın bişirdiyi Şamaxı qutabı! Mən səni hamama salıb çimizdirdim, demə səsinə vurulmuşam sənin, xoşum gəlib səndən? (Vurur) Sən bunu nədən bildin?” Əgər Elminanı bu mənfur yazı ilə əvvəlcədən məlumatlandırmış olsaydı, anasının səhhəti, bacısının təhsili üçün müəyyən güzəştlər əldə edə bilərdi müxbir; heç yalana, hiyləyə da ehtiyac qalmazdı. Elmina müxbiri heç cür anlaya bilmir; o doğrudan axmaqdı, yoxsa özünü axmaqlığa vurur. Sürprizlərlə dolu müxbir üçünsə bu adi bir jurnalist davranışıdır və burda qeyri-adi heç nə yoxdur: “Mən hiss eləyirəm, görürəm ki, batıram, çapalayıram, xilas olmaq istəyirəm, nədənsə yapışıb üzə çıxmağa çalışıram, təəssüf ki, əlimə yalan, kələk, hiylə gəlir”. Elmina anlayır ki, müxbir ağılllı olduğu qədər də sarsaqdır, lakin onun tərbiyəsini dəyişməkdə acizdir, çünki bu sahədə təcrübəsi yoxdur. Bir oğlu var, onu da ingilislər tərbiyə edir.
Müxbir az vaxt içində elə sürətlə dəyişir, cilddən-cildə girir ki, Elmina çaşıb qalır. Onu yenidən qeybət, istehza, kinayə yerinə çevirən, hər an və hər şeyə, hər cür rəzilliyə, miskinliyə bəraət qazandıran bu “əclaf, alçaq, yaltaq, acgöz, qarınqulu, şərəfsiz insan”ın onun həyatına gözlənilməz gəlişini cəza kimi deyil, allahın öz naşükür bəndəsinə istehzası kimi qəbul edir. Hər kəslə öz dilində danışmağı bacaran bu “rəzil” müxbir anlaya bilmir ki, “insanın dərdi, faciəsi, draması bütün aləmə faş olandan sonra bir azadlıq hissi gəlir. Hec nədən qorxmursan, çəkinmirsən, heç utanmırsan da, arsızlaşırsan”.
Müxbirin nəzərində yenidən yandırılmış şama bənzəyir Elmina. Amma müxbir unudur ki, o şamı yalnız odlu məhəbbətlə sevən qüdrətli kişi yandıra bilər. Elminanı anlamaq üçün qüdrətli kişi olmaq yetərli deyil. Elminanı bilmək üçün həm də onun kimi qadın olmaq lazımdır, sevən qadın! Rejissor, müəllif fikrindən yola çıxaraq tamaşada altını çizərək məhz bu fikri vurğulamaq istəmişdi!
“...Hər şey göründüyü kimi sadə olsaydı...” Unudub açıq qoyduğu mobil telefonuna gələn zəng Elminanın iztirablarına son qoya bilərdi, amma o sakitdi; buz kimi. Həyəcan, intizar, qorxu, sevinc, heç kədər də yoxdu; doymuş maye kimidi. Müxbir isə təlaş və təşviş içindədir; Qalibin dönüşü onun Elminaya olan ümidini bitirə bilər. Odur ki, Qaliblə “duel”ə belə “hazırdır”. Həyatından könüllü gedən və həyatına zorla soxulmaq istəyən iki insanın arasında boy göstərən Elmina bu halına istehza ilə yanaşır: “Gəlhagəlimdir, burda sən məhəbbətin şiddətindən hönkürtü çalırsan, o da orda məni heç cür unuda bilmir, guya mən demişdim unut məni”.
Odur ki, qapı zənginə diksinib həyəcanlanan müxbirin halına acıyır, ilk başda qapını aşmaqda israrlı görünsə də sonradan tərəddüd edir, geriyə dönür və narahatlıq keçirən müxbirə susmaq işarəsi verərək onunla üzbəüz oturur... Araya sükut çökür. Mobil telefonuna gələn zəngi bir daha duymamaq üçün onu söndürməyə məcbur olur. Bir tək aramsız çalınan qapı zəngi eşidilir. Eyni vaxtda səhnə işığı öləziyir və getdikcə güclənir, sonda isə tədricən azalır və sönür....
Və gəlinən son qənaət: “Qadın su kimidir, axıb-axıb hardasa itməlidir, lap elə çaylar dənizə qovuşub itən kimi...”
Məleykə Alıqızı-Məmmədova
Sənətşünaslıq üzrə
fəlsəfə doktoru, dosent
525-ci qəzet.-
2013.- 9 noyabr.- S.19.