Firidun bəy Köçərlinin
150 illiyilə bağlı elmi sessiya keçirilib
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində
görkəmli ədəbiyyatşünas
alim, tanınmış
maarifpərvər, ictimai
xadim, publisist-yazıçı,
tənqidçi və
tərcüməçi Firidun
bəy Köçərlinin
anadan olmasının
150 illiyinə həsr
edilmiş elmi sessiya keçirilib.
Muzeydən verilən məlumata
görə, sessiyada muzeyin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü,
filologiya elmləri doktoru, professor Rafael Hüseynov "Firidun bəy Köçərlinin
həyatı, irsi və mübarizələri"
mövzusunda məruzə
ilə çıxış
edib: "Firidun bəy Köçərli
çoxcəhətli zəngin
fəaliyyəti ilə
Azərbaycan ədəbiyyatının
tarixinə və ictimai-mədəni fikrin təşəkkülünə mühüm töhfələr
verib. Ölkəmizdə təhsil sisteminin
milli əsaslar üzərində qurulması
prosesində onun maarifçi ziyalı kimi gördüyü işlər böyük əhəmiyyətə malikdir.
Azərbaycanın ilk elmi
ədəbiyyat tarixinin
mükəmməl yaradıcısı
olan Firidun bəy Köçərlinin
millət, Vətən
qarşısındakı misilsiz
xidmətlərini nəzərə
alan Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev
2013-cü ildə "Firidun
bəy Köçərlinin
150 illik yubileyi" haqqında Sərəncam imzalayıb. Onun "Söz heykəli"
kitabında F.Köçərliyə
həsr edilmiş ayrıca oçerk vardır. Moskvada nəşr ediləcək
Azərbaycan klassikləri
haqqında kitabda da F.Köçərli haqqında yazı yer alacaqdır. Eyni zamanda, muzeydə F.Köçərlinin zəngin
arxivi vardır. Həmin arxiv materialları əsasında muzeydə kataloq hazırlanır, yaxın zamanlarda çap ediləcəkdir.
Azərbaycan ədəbiyyatı tarixini sistemli bir halda öyrənmək,
yaratmaq ideyası məhz Firidun bəy Köçərli
tərəfindən həyata
keçirilib. Çoxəsrlik
Azərbaycan ədəbi
irsini toplayıb, elmi prinsip və
ardıcıllıqla öyrənərək
öz tədqiqatının
nəticələrini "Azərbaycan
ədəbiyyatı" əsərində
qələmə alması
Firidun bəy Köçərlinin bu sahədə ən böyük xidməti sayılır. Bu əsəri
yazmaqla Firidun bəy müasir Azərbaycan ədəbiyyat
tarixçiliyi elminin əsasını qoymuş
və beləliklə
də gələcək
tədqiqatçılar üçün
geniş bir yol açıb".
R.Hüseynov vurğulayıb ki,
Firidun bəy Köçərli Azərbaycan
ədəbiyyatşünaslığı
tarixində ilk dəfə
olaraq ədib və şairlərimizin böyük əksəriyyətini
əhatə edən ədəbiyyat tarixini yazıb. Bu əsərdə
yüzdən artıq
ədibin irsi və onlardan böyük bir qisminin bioqrafiyası verilib, yaradıcılıqları
haqqında müəllif
fikri söylənilib.
Muzeyin direktoru F.Köçərlinin
"Balalara hədiyyə"
dərsliyini 2014-cü ildə
yeni təqdimatda, uşaqlar üçün
daha uyğun bir tərtibatda və illüstrasiyalarla çap etdirəcəyini
vurğulayıb. Tədbirdə, həmçinin F.Köçərlinin
həyat və yaradıcılığını əks elətdirən fotolardan ibarət sərgi də təqdim olunub.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2013.- 13 noyabr.- S.7.