"Nizami və zərdüştilik"
İstedadlı şair və jurnalist kimi
tanıdığımız İbrahim Quliyevin "Nizami və
zərdüştilik" kitabı yenicə çapdan
çıxıb. Kitab dahi Azərbaycan şairi Nizami Gəncəvinin
870 illik yubiley tədbirləri ilə bağlı elmi
şuranın qərarı ilə nəşr edilmişdir.
Bu qiymətli əsər müəllifin AMEA
Şərqşünaslıq İnstitutunda İran
filologiyası şöbəsində çalışarkən
apardığı onillik araşdırmaların nəticəsidir.
Məlumdur ki, zərdüştilik
dinşünas, filoloq və dilşünasların öyrəndiyi
çox geniş və qədim bir elmi mövzudur.
İbrahim Quliyev bu mövzunu filologiya elmləri doktoru,
professor, AMEA-nın Şərqşünaslıq İnstitunun
direktoru Gövhər Baxşəliyevanın elmi rəhbərliyi
ilə işləmiş, nəhayət, sözügedən bu
əsər monoqrafiya kimi "Elm və Təhsil" nəşriyyatında
nəfis şəkildə çapdan
çıxmışdır. Kitab elmi məzmunu,
ciddi analizləri və dəqiq nəticələri ilə
diqqəti cəlb edir. Alim dünyanın ən
qədim dinlərindən olan zərdüştiliyin Nizami Gəncəvinin
dini - fəlsəfi baxışlarına, poetik məfkurəsinə
təsirini, bədii obrazlarının formalaşmasında
rolunu, əsərlərinin ideya istiqamətində yerini dərindən
araşdırmışdır. Azərbaycanlıların
Novruz mərasimlərində izləri qalmış atəşpərəstliyin
əlamətləri, dünya alimlərinin dediyinə görə,
sonrakı səmavi dinlər olan yəhudi dininə, xristian və
islama güclü təsir etmişdir ( Meri
Boys) . Eyni zamanda Şərqdə dini-fəlsəfi
düşüncənin formalaşmasında zərdüştiliyin
böyük rolu olmuşdur. Təsadüfi
deyil ki, III əsrdə Mani özünün dinini məhz zərdüştilik,
musəvilik, xristianlıq və bütpərəstlik dini
üzərində qurmuşdur. Həmin din indi bəhayilər
tərəfindən bir təriqət kimi yaşadılır. Eləcə də zərdüştilik indiyədək
Şirazda gəbrilərin və Hindistanda parsların əsas
inancıdır və "Avesta" onların müqəddəs
kitabıdır.
İbrahim Quliyev öz monoqrafiyasında bütün bu
qaynaqları lazımınca incələyir və Nizami Gəncəvinin
zərdüştiliklə bağlı fəlsəfi fikirlərini
dərindən təhlil edərək, müqayisəli metodla zərdüştiliyin
digər dinlərə və Şərq poeziyasına təsirini
araşdırır. Onu da qeyd etmək lazımdır ki,
Nizaminin zərdüştiliklə bağlı fikirlərinin
elmi şərhi məsələsi vaxtilə Qafar Kəndli, B.
Şəfizadə tərəfindən az-çox işlənmiş
və bu mövzunun ədəbiyyatşünaslıq
qarşısında bir problem kimi hələ də
qaldığı bildirilmişdir. ("Nizami -859",
Bakı, 1992) Çox yaxşı haldır ki, həmin
problemin həllinə istedadlı şərqşünas alim
İbrahim Quliyev girişmişdir.
Ümumiyyətlə, əsərin elmi əhəmiyyətindən
daha geniş danışmaq olar. Müəllif
kitabın birinci fəslində Nizaminin dini görüşlərindən
və ona nə üçün "Şeyx" ləqəbi
verilməsindən ətraflı bəhs edir. Həqiqətən
də islam dünyasında
"Şeyx" ləqəbi o adamlara verilirdi ki, onlar sufi təriqətlərindən
birinin başçısı olur və ya dini icmaya rəhbərlik
edirdi. Onun mürşidi olur və müridlər
yetişdirirdi. O, bir lider kimi, Quran ayələrinə təfsirlər,
şərhlər yazır, islam məntiqini
və fəlsəfəsini təlim edirdı. Nizami
Gəncəvinin həyat və fəaliyyətində göstərilən
şərtləri təsdiq edən konkret tarixi sübutlar
olmadığını önə çəkən müəllif
mənbələrə istinad edərək bu ləqəbin həm
də elm, mərifət, mədəniyyət, ədəbiyyat
sahəsində yüksək məharət göstərən
şəxsiyyətlərə verildiyini bildirir. Məsələn, Şah İsmayıl Xətainin
dövründə "Şeyx" ləqəbini şah
özü verirdi və həmin ləqəb irsi olaraq nəslin
başqa üzvlərinə də keçirdi. İbrahim Quliyev monoqrafiyanın birinci fəslində
bu məsələ üzərində geniş dayanır və
bu ləqəbin Nizamiyə verilməsinin şairin sufizmi ilə
nə dərəcədə bağlı olub-olmamasını
aydınlaşdırır.
Doğrudur, Nizamiyə bu ləqəbin irsən keçməsini
də iddia etmək olar; çünki şairin əmisi Abbasilər
xilafətinin tanınmış sərkərdələrindən
biri olmuşdur. Amma əsərlərində həyatındakı
əlamətdar hadisələri qeyd edən Nizami nə lirik
şeirlərində, nə də iri həcmli epik əsərlərində
bu məsələyə işarə etməmişdir. Yalnız Eloğlu Soytürkün Tehranda nəşr
etdirdiyi "Nizami Gəncəvinin türkcə
divanı"ndakı bəzi şeirlərdə şair sənətdəki
xidmətlərinə görə bu ləqəbə layiq
olduğunu bildirir. Lakin həmin divanın
Nizamiyə məxsus olub-olmamasının özü hələ
ədəbiyyatşünaslıq elmində mübahisə
predmeti olaraq qalmaqdadır. Həmin şeirlərdən
birində deyilir:
Yüzinə
əhli-nəzər cənnəti-əla dedilər,
Çənənə pərtövi-ənvari-təcəlla
dedilər.
Zahidin
yüzünə baxmadığını eşitcək,
Pərtövi-şəmsi nədir, dideyi- əmma dedilər.
Gördülər
məni məhəllində məlamət əhli,
Ey nə bol imiş yönü, əhli-məhəlla
dedilər.
Dayələr
mehrü məlahətdə yüzünə baxcaq,
Xəlqi-aləm, hamı bu tiflə tüfeyla dedilər.
Əhli-məəni
görcək surətin ayinəsini,
Həqq
bilənlər, nola bu surətə məna
dedilər.
Xəlq
artıq yana cənnətdə, cəhənnəmdə
əgər,
Sənə filcümlə müşabe olu hura dedilər.
Ey Nizami,
görcək nəzmini ərbabi-nəzər,
Yaraşar sənə mürid olmağa, Şeyxa dedilər.
(Nizami Gəncəvi,
Türkcə divanı. tərtib. Eloğlu Soytürk, Tehran,
1381, səh. 116)
Şairin
adıçəkilən "Divanı"na
istinad edənlər onun gənclik çağlarında daha
çox sufi məzmunlu şeirlər yazdığını və
Sənai Qəznəvi sufizmi ilə xüsusən yaxın
olduğunu vurğulayırlar. Nizaminin ilk epik əsəri olan
"Sirlər xəzinəsi"nin də
məhz Sənai Qəznəvinin "Hədiqətül-həqaiyiq"
məsnəvisinin təsiri ilə yaıldığını
və lirik şeirlərindəki sufiyanə fikirlərin bu əsərdə
inkişaf etdirildiyini qeyd edirlər. Amma
İbrahim Quliyev bu deyilənləri birmənalı şəkildə
qeyd etmir, polemikaya girərək ortaya fərqli mövqe
qoymuşdur. O, Nizaminin bütün təriqətlərdən
daha yüksəkdə dayanmasını,
ümumbəşəri din və fəlsəfələrin ən
humanist dəyərlərini özündə ehtiva edən bir
dahi mütəfəkkir olmasını elmi dəlillərlə
sübut edir.
Yeri gəlmişkən
qeyd edək ki, Tehranda nəşr edilən "Türkcə
divan"dan çıxış edənlərin bir qismi
Nizamidə sufizm notları yanaşı, onun daha çox
şiə məzhəbinin bir nümayəndəsi
olmasını qeyd edir və fikirlərinin təsdiqi
üçün məhz adıçəkilən divandan
şiə məzhəbinin müqəddəslərinə həsr
olunmuş mərsiyələri nümunə gətirirlər. İbrahim Quliyev şairin epik əsərlərinin təhlilinə
əsasən Nizaminin hər iki məzhəbə eyni dərəcədə
ehtiramla yanaşdığını göstərir, mərsiyələrin
isə dil və üslub baxımından sonrakı dövrlərdə
yazılmasına işarə edir.
Sevdim yenə
bir mahı ki, dövran gözəlidir,
Sevdayi-qəmi-eşqi
könüldə əzəlidir,
Bustani-canan gülşəninin tazə gülüdir.
Məhbubum,
əfəndim kim, onun ismi Əlidir.
(Nizami Gəncəvi,
Türkcə divanı.
tərtib.
Eloğlu Soytürk, Tehran, 1381, səh. 116)
Alim
yazır ki, bu tipli nümunələr zaman-zaman Nizami adına təqdim olunsa da, onların hələlik
heç biri nüfuzlu elmi ictimaiyyət tərəfindən təsdiqlənməyib.
Nizami dövrünün sosial-siyasi mənzərəsinə
və şairin dünyagörüşünə təsir edən
o zamankı dini-fəlsəfi baxışlar sisteminə ötəri
nəzər saldıqdan sonra İbrahim Quliyev şairin
yaradıcılığında qədim zərdüştiliyin
izlərini axtarır. Ümumiyyətlə, Nizami Gəncəvinin
əsərlərində zərdüştilikdən qalma
müdrikliyin və onların dərin qatlarında isə bu
dinə rəğbətin dərin izlərini
görürük. Məlum məsələdir
ki, hikmətli fikirlər söyləmək ənənəsi
atəşpərəstlikdə geniş
yayılmışdır. Od, atəş
sözündən göründüyü kimi Günəş
bu dinin əsas simvolu idi. Şair şeirlərindən birində
deyir:
Gəlməz,
yüzi şövqilə, Nizami, gözə zülfi,
Hər
güşədə kim, pərtövi-şəms
ola, şəb olmaz.
Yəni
harda ki, Günəş şüası olar, orada qaranlıq ola bilməz. Ümumiyyətlə,
Nizaminin söz dünyasına baş vurduqca fikirlər dərinləşir
və onun ucu-bucağı görünmür. İbrahim müəllim də dahi Nizaminin söz
dünyasına baş vurub, onun dünyasında olan zərdüştiliyə
aid bütün dərin fəlsəfi fikirləri üzə
çıxarmış və konseptual şəkildə
kitabının ikinci və üçüncü fəslində
vermişdir.
Müəllif
kitabı dərin elmi mülahizələrlə
yazmışdır və işlədiyi mövzunun
aktuallığını həm də bu
günümüzün kontekstində şərh etmişdir:
"Nizami "Xəmsə"si bu gün... xeyir və şər
qismində təqdim edilən Şərq-Qərb
qarşıdurmasının aradan qaldırılmasında da
açar ola bilər. Nizami də
Zərdüşt kimi bəşəriyyətin xoşbəxtliyinin
humanist triadadan-xeyirxah düşüncə, xeyirxah söz və
xeyirxah əməldən keçdiyini göstərməklə
şər üzərində qələbənin
mümkünlüyünü təsdiqləyir". Müəllifin bu sözləri həm Nizami
dühasının möhtəşəmliyini, həm Zərdüşt
həqiqətinin daimiliyini, həm də bu
günümüzün reallığını özündə
əks etdirir. Onu da xüsusi qeyd etmək
lazımdır ki, müəllifin dili elə kamil, o qədər
elmidir ki, kitabı oxuyanlar ondan məna baxımından
zövq aldığı kimi, fikirlərin rəvanlığından
və ahəngindən də zövq alır. Müasir elmi ictimaiyyət arasında belə elmi təfəkkürə
və poetik dilə malik ikinci alimimizə rast gəlmirik.
Olsun ki, İbrahim müəllimin bişmiş
elmi təfəkkürü uzun illərki naşirliyi,
redaktorluğu ilə, bəlkə də istedadlı
şairliyi ilə bağlıdır.
Mən ona elmi axtarışlarında uğurlar diləyirəm
və ümid edirəm ki, elmi kitabları ilə ədəbiyyatşünaslığımızı
daha da zənginləşdirəcək və şərqşünaslığımıza
aid problem mövzuların açılmasında böyük
işlər görəcəkdir.
Sənan İBRAHİMOV
Filologiya elmləri doktoru, professor
525-ci qəzet.-
2013.- 13 noyabr.- S.8.