Parisdə Nizami Gəncəvinin
həyat və yaradıcılığına aid
sərgi açılıb
Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin
dəstəyi ilə Parisdəki Məktublar və Əlyazmalar Muzeyində dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr
olunan sərgi təşkil edilib. Fransadakı səfirliyimizdən
verilən məlumata görə, muzeyin təsisçisi və prezidenti Jerar Leritiye görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən sərginin onun rəhbərlik etdiyi muzeydə təşkil olunmasından böyük
məmnunluq hissi keçirdiyini ifadə edib. Muzeyin səlahiyyətli nümayəndəsi
Paskal Fülaşe Nizami Gəncəvi kimi dahi şairin
Fransada az tanınmasından təəssüf
hissi keçirdiyini bildirib, şairin 20 mindən artıq şeirinin toplandığı
"Divan"ının Şərq
ölkələrində yaxşı
tanındığını xatırladıb, əsərlərində
sosial problemlərdən
söhbət açıldığını,
məhəbbət və
gözəlliyin tərənnüm
edildiyini vurğulayıb.
Şairin
beş poemasının
toplandığı "Xəmsə"nin
dünya ədəbiyyatında
"Beş xəzinə"
adı altında tanındığını, Nizami
Gəncəvi tərəfindən
yaradılan ədəbi
məktəbin hind, fars,
türk, özbək,
əfqan və digər türkdilli xalqların ədəbiyyatına
ciddi təsir etdiyini diqqətə çatdıran P.Fülaşe
dahi söz ustasının əlyazmalarının
dünyanın nüfuzlu
muzey və kitabxanalarında, o cümlədən
İstanbul, Tehran, Qahirə,
Sankt-Peterburq, London, Paris və
Berlinin kitabxana və muzeylərində qorunub saxlanıldığını
bildirib.
Paskal Fülaşe
muzeydə təşkil
olunan sərginin
humanist filosof və şair Nizami Gəncəvinin Fransada tanınmasında, habelə
Şərq və Qərb mədəniyyətlərinin
yaxınlaşmasında mühüm
rol oynayacağına əminliyini qeyd edib. Azərbaycanın Fransadakı
səfiri Elçin Əmirbəyov çıxışında
Şərq intibahının,
bəşəriyyətin parlaq
simalarından biri olan Azərbaycanın dahi filosofu və
böyük şairi Nizami Gəncəvinin ədəbi sahədə misilsiz irs qoyduğunu,
səkkiz əsr bundan əvvəl yaşamasına baxmayaraq onun ideyalarının bu günlər belə öz aktuallığını itirmədiyini
diqqətə çatdırıb.
Şairin vaxtilə əsərlərində əks
etdirdiyi azadlıq, bərabərlik və qardaşlıq, habelə dünyəvilik, qadınlar
və kişilər arasında bərabərlik
ideyalarının hətta
uzun əsrlər keçməsinə baxmayaraq,
müasir dövrün
mühüm hadisələrinin
əsasını təşkil
etdiyini vurğulayan səfir Nizami Gəncəvinin xatirəsinin
və irsinin bu gün ölkəmizdə
yüksək qiymətləndirildiyini,
doğulduğu doğma
şəhəri Gəncədə
mavzoleyinin yaradıldığını,
Bakıda şairin adını daşıyan
muzeyin fəaliyyət
göstərdiyini, onun
həyatından və
yaradıcılığından bəhs edən " Nizami " filminin çəkildiyini, N.Gəncəvinin
anadan olmasının
870 illiyinin təntənəli
şəkildə qeyd
edilməsi ilə bağlı 2011-ci ildə
Prezident İlham Əliyev tərəfindən
Sərəncam imzalandığını,
əsərlərinin müxtəlif
dillərdə tərcümə
edilməsində Azərbaycanın
birinci xanımı,
UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri
Mehriban Əliyevanın
rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xüsusi rolunu diqqətə çatdırıb.
E.Əmirbəyov şairin anadan olmasının 850 illiyi münasibətilə UNESCO tərəfindən 1991-ci ilin "Nizami Gəncəvi ili" elan olunduğunu, 2012-ci ildə Romada şairə büst qoyulduğunu bildirmiş və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə görkəmli söz ustadının 870 illiyi ilə əlaqədar Fransada keçiriləcək silsilə tədbirlər haqda məlumat verib. Sonda səfir şairin vətəni Gəncənin qədim və müasir həyatından bəhs edən fotolarla bərabər sərgidə nümayiş etdirilən xalçaların, bəzək əşyalarının, geyimlərin Nizami Gəncəvi vaxtında hakimiyyətdə olan Atabəylər və Şirvanşahlar dövrünü əks etdirdiyini bildirib. Mərasimdə senator Pyer Bordie Azərbaycana iki dəfə səfər etdiyini, birinci səfəri zamanı yalnız Bakıda olduğunu, ikinci dəfə isə Bakı ilə yanaşı, ölkənin ikinci böyük şəhəri Gəncədə də olduğunu xatırladıb, Gəncənin tarixiliyinin və qədimliyinin onda böyük təəssürat yaratdığını, Nizami Gəncəvinin mavzoleyinə baş çəkdiyini deyib. Senator Azərbaycanda olduğu müddətdə hamının Nizami Gəncəvidən danışdığını, ölkəsində şair və filosof, həm də milli qəhrəman kimi xatırlandığını qeyd etmiş, hətta Gəncədə keçirilən şərab festivalında belə böyük ideallar tərənnümçüsünün həyat və yaradıcılığından söhbət getdiyinin şahidi olduğunu vurğulayıb.
Fransa Şərq Dilləri və Sivilizasiyaları İnstitutunun müəllimi Aygün Eyyubova Nizami Gəncəvinin dünya ədəbiyyatı tarixini zənginləşdirən yaradıcılığının əsas məziyyətlərindən bəhs edərkən şairin poemalarında şəxsiyyətə hörmətin, xeyirin şər üzərində qələbəsinin, saf hisslərin və təmiz məhəbbətin əks olunduğunu, əsərlərinin əsas mövzusunun Şərq aləmindəki rəvayət və hadisələrdən alındığını bildirib. Sərgidə şairin anadan olduğu Gəncə şəhərinin qədim və müasir görünüşlərinin, müxtəlif yerlərdə qoyulan büst və heykəllərinin, mavzoleyinin, adını daşıyan elm və mədəniyyət ocaqlarının əks olunduğu fotolar, əsərlərindən ibarət illüstrasiyaların təsvir edildiyi xalçalar, şairin yaşadığı dövrə məxsus geyimlər, dulusçuluq və misgərlik nümunələri nümayiş etdirilib. Qonaqlara Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən kitablar və broşürlər paylanıb.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2013.- 14 noyabr.- S.7.